S. X. Mirzəyev



Mirzəyev Samir Xalid oğlu 03.10.1982-ci ildə İsmayıllı rayonunda anadan olub. 1989-cu ildə Bakı şəhəri Xətai rayonu 63 saylı orta məktəbə qəbul olunub və 1999-cu ildə həmin məktəbi bitirib.

1999-cu ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin əyani şöbəsinə daxil olub, 2003-cü ildə həmin fakültənin bakalavr pilləsini bitirib. 2003-2005-ci illərdə BDU-nun jurnalistika fakültəsində magistratura pilləsi üzrə təhsilini davam etdirib. 2005-ci ildə magistratura pilləsini mətbuat tarixi ixtisaslaşması üzrə fərqlənmə diplomu ilə bitirib.

2005-2006-cı illərdə Naxçıvan MR “N” saylı hərbi hissədə həqiqi hərbi xidmətdə olub. Həqiqi hərbi xidmətdən sonra bir müddət “Azərbaycan” qəzetində müqavilə əsasında müxbir kimi çalışıb. BDU jurnalistika fakültəsinin mətbuat tarixi və ideoloji iş metodları kafedrasının dissertantıdır. “Azərbaycan mətbuatı və milli istiqlal məfkurəsinin formalaşması məsələləri (1914 – may 1918)” möv­zu­sun­da namizədlik işi üzərində çalışır. 2011-ci il tarixindən BDU jurnalistika fakültəsi “Jurnalistika” elmi-tədqiqat laboratoriyasında elmi işçidir. 

Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komis­siya­sı­nın qeydiyyatından keçmiş müxtəlif elmi jurnallarda 10 elmi məqaləsi çap olunub. 2011-ci ildə nəşr olunmuş prof. Nəsir İmanquliyev, 2014-cü ildə isə prof. Şirməmməd Hüseynovun biblioqrafiyalarının həmtərtibçisidir. Bundan əlavə bir sıra kitabların, o cümlədən M.Ə.Rəsulzadənin əsərlərinin III, IV və V cildlərinin, M.Ə.Rəsulzadə Bakı və Azərbaycan tarixinə dair əsərlər (1918-1919-cu illər), M.Ə.Rəsulzadə ensiklopediyası, İstiqlal, M.Ə.Rəsulzadə Biblioqrafiyası kitabla­rı­nın transliterasiya redaktorudur. Həmçinin Azərbaycan Respublikası Prezidentinin M.Ə.Rəsulzadənin 130 illik yubileyi münasibətilə imzaladığı sərəncama əsasən nəşr olunmuş 5 cildliyinin 3, 4 və 5-ci cildlərinin də transliterasiya üzrə redaktoru olub.

Ailəlidir, iki övladı var.

Комментариев нет:

Отправить комментарий