понедельник, 7 декабря 2015 г.

Jurnalist araşdırması janr kimi

Günel Orucəliyeva
"Jurnalistika" ETL, elmi işçi


Jurnalistlər dünyanı dəyişməyə can atmamalıdırlar. Dünyanı dəyişmək istəyirsinizsə, ana olun, müəllim, ya da siyasətçi olun, çünki jurnalistin işi araşdırmaq, açıqlamaq, dünyanı göstərməkdir.

Maykl Q.Qartner




Jurnalistika daim inkişafda olan ictimai-siyasi fəaliyyət sahəsidir və bu sferada çalışan jurnalist kadrların peşə hazırlığı onların nəzəri və təcrübi kamilliyi əsas məsələdir. Hazırda müasir jurnalistikamız, jurnalistlərimiz jurnalistika sahəsində bir sıra köhnə metod və formalardan imtina etmiş, milli mətbuatımızın qarşısında qoyulan yeni vəzifələrə uyğun olaraq fəaliyyət göstərirlər. Jurnalistikamızın müasir dövrdə ən önəmli və eyni zamanda ən mübahisəli məsələlərindən biri janr problemidir. “Janr” fransız sözü olub, “genre”- növ deməkdir. Janr bizə çatdırılan bu və ya digər informasiya formasıdır. Jurnalistikanın ədəbiyyatdan fərqli olaraq, öz janrları var və bu janrların hər birinin əsası real faktlar, hadisələr, insanlardır. Hər bir janrın öz üslubu, öz quruluşu, qanunları, öz məqsədləri vardır. Eyni bir hadisə, fakt, mövzu bütün jurnalistika janrlarının predmeti ola bilər. Jurnalistika janrları haqqında dərs vəsaitinin müəllifi olan Famil Mehdi janrlar haqqında belə yazır: “Janr fikrin, ideyanın, real hadisə və faktların, konkret məqsəd və vəzifə, predmet, dil-üslub, həcm, zaman və məkan özünəməxsusluğu üsulu ilə tarixən formalaşmış kompozisiya və məzmun vəhdətində ifadə olunması formasıdır” [1, s.12]. Bu fikrə etiraz etmək mümkün deyil.


Janrlar sistemi müəyyən bir problemi müxtəlif rakurslardan işıqlandırmaqda müəllifin ən önəmli yardımçı vasitələrindən biridir və o müəllifə özünüifadə üçün xüsusi imkan yaradır. “Janr müəyyən bir qəlibdir, yaradıcı jurnalistin öz mövzusunu bu qəliblərin hansında gerçəkləşdirəcəyi bu mövzudan və müəllifin mövzuya yanaşma tərzindən asılıdır” [2, s.203]. Bir çox janrlar istifadə olunur, deyək ki, polemika məqsədi üçün: məqalə, pamflet, replika, açıq məktub... bu janrların hər birinin öz polemik funksiyası var. 

Müasir dövr mediasında jurnalist araşdırması kimi böyük maraq kəsb edən yeni janr növü də artıq öz sözünü söyləməyə başlayıb. “Jurnalist təhqiqatı onun müəllifindən bəzən yaradıcı keyfiyyətdən daha çox cəsarət, təşəbbüs, iradə, mətinlik, vətəndaşlıq, ədalət tələb edir. Ona görə ki, bu janrın predmeti, obyekti heç də adi situasiya, adi hadisələr deyil, cəmiyyəti narahat edən, hətta bəzən dövlət orqanlarının üzə çıxarmaqda çətinlik çəkdiyi faktların aşkarlanması ilə əlaqədardır”. [2, s.236]. Əslində jurnalistika özü peşə olaraq araşdırma fəaliyyətidir. Hadisələri təfərrüatıyla öyrənə bilmə, faktları ortaya çıxarma və buna bənzər məqsədlərlə araşdırma praktikası jurnalistika fəaliyyətinin əsasını təşkil edir. Bu baxımdan hər jurnalistin araşdırmaçı jurnalist olduğunu söyləmək mümkündür.

Jurnalist araşdırması önəmli yenilikləri ehtiva etməsi və cəmiyyət üçün böyük əhəmiyyətə malik olması ilə digər janrlardan fərqlənir. Araşdırma bir çox informasiya mənbələrinə əsaslanır ki, onların sırasında insanlar, sənədlər, arxiv materialları, şəxsi müşahidənin adlarını çəkmək olar. Bir çox hallarda araşdırma sonrasında elə faktlar üzə çıxır ki, rəsmi dairələr üçün bu arzuolunmaz nəticələrə gətirib çıxara bilir. Amma bəzən materialın tərkibində elə informasiyalar yer alır ki, o bilavasitə hakimiyyət nümayəndələrindən alınır. Onu da qeyd etmək lazımdır ki, araşdırmaçı jurnalistin araşdırması ilə jurnalistika fəaliyyəti içərisindəki ümumi araşdırma arasında da fərq var. Bir məmurun xarici ölkəyə səfəri haqqında ekspertlərlə görüşmək və onların rəyini üz-üzə və ya telefon vasitəsilə öyrənmək jurnalistin apardığı və aparmaq məcburiyyətində olduğu araşdırmalarındandır. Hər jurnalist araşdırması yorucu və əziyyətli bir işdir. Istər jurnalist araşdırmasında, istərsə də məlumat toplama prosesinin hər hansı mərhələsində jurnalistləri bu yorucu və əziyyətli iş gözləyir. Ümumiyyətlə, araşdırmaçı jurnalist qaranlıq mövzularla maraqlanan, üstünə pərdə çəkilmiş faktları ortaya çıxarma mübarizəsi verən jurnalistdir. Araşdırması nəticəsində gizli tutulan faktları əldə etmək üçün bəzən gizli işləmək məcburiyyətində də qala bilir.

Dünya təcrübəsində jurnalist araşdırmasının cəmiyyət üçün çox mühüm əhəmiyyət kəsb edən bir sıra önəmli faktları ortaya çıxarması nümunələri mövcuddur. Məsələn, Heri Uebb 1996-cı ildə Kaliforniyada nəşr olunan “San Jose Mercury News” qəzetinin səhifələrində polis ilə Nikaraqua kokain narkobaronları arasında əlaqəni araşdırıb ortaya önəmli dəlillər qoymşdu. Bəzən aylarla aparılan bir araşdırmadan sonra araşdırmaçı-jurnalistlər peşə karyeralarının ən əhəmiyyətli məlumatını əldə edə bilirlər. ABŞ-da prezident Niksonu istefa verməyə məcbur edən “Voterqeyt skandalı” da uzun sürən jurnalist araşdırması nəticəsində ortaya çıxmışdı. “Vaşinqton Post” qəzeti Voterqeyt skandalını 19 iyun 1972-ci ildə ortaya çıxarmışdı. Qəzetin iki müxbiri – Bob Vudvard və Karl Bernsteyn, ABŞ prezidenti və respublikaçı Riçard Niksonun 1972-ci il seçkilərində Demokrat Partiyadan namizədliyini elan etmiş rəqibi Corc Makqovernin seçki kampaniyasını apardığı Voterqeyt binasındakı telefonları gizlicə dinlətdiyini öyrənmiş və bunu qəzet oxucularıyla bölüşmüşdülər. Seçki nəticəsində Nikson ikinci dəfə prezident seçilsə də sakandal ölkə gündəmindən heç düşməmiş və iki il sonra prezident kürsüsündən endiriləcəyini başa düşən Nikson 8 avqust 1974-cü ildə istefa etmək məcburiyyətində qalmışdı. Onu da qeyd etmək yerinə düşərdi ki, dünya təcrübəsində araşdırmaçı jurnalistikada yeni bir cığır açan hadisənin məhz Voterqeyt skandalı olduğu irəli sürülür.

Jurnalist araşdırması konkret günahkarı göstərməmək şərtilə, ən müxəlif problemlərlə bağlı cəmiyyəti məlumatlandıra bilər, məsələn, hər hansı bir müəssisənin vətəndaşlara lazımi xidmətləri göstərməyib öz funksiyalarını yerinə yetirməməsini. Bir çox hallarda jurnalist materialı əsl araşdırma hesab olunur. Bu tip material müəllifin təşəbbüsü, ideya və ciddi səyləri olmadan yazıla bilməz. Araşdırmanın aparılması üçün aşağıdakı keyfiyyətlər tələb olunur:

1. Etibarlı informasiya mənbələri (arxiv materialları, vergi sənədləri, telefon hesabları və s.)

2. Müxtəlif sənədlər və onları analiz etmə bacarığı

3. Hüquq-mühafizə orqanları ilə əməkdaşlıq

4. Xəbərçilərdən istifadə etmə (ödənişli və ya könüllü)

5. Gizli işləyə bilmək (sovet təcrübəsində “Журналист меняет профессию”)

6. Səbr və ağılla müsahibə aparmaq qabiliyyəti 

7. Sosial məsuliyyət hissi və yüksək mənəviyyat

Jurnalist araşdırmaısını həyata keçirən reportyorda bacarıq, təcrübə, səriştə kimi vacib keyfiyyətlər olmalıdır. Həmin tədqiqatçı işi sona çatdırmaqda inadkar olmalı, müxtəlif maneələr qarşısında məyus olmamalıdır. Önəmli sənədləri axtarıb tapa bilmə və onları qoruyub saxlamaq bacarığı, əhəmiyyətli bilgilərin məlum olduğu informasiya mənbələrinin etimadını qazana bilmək araşdırma aparan jurnalistin diqqət yetirməli olduğu nüanslardır. Bunun üçün xüsusi vərdişlər tələb olunmasa da, lakin işin xeyirinə təsir edə biləcək bir çox xüsusiyyətlər mövcuddur. 

1. Sərbəst məlumat əldə edə bilmək üçün qanunları bilmək. 

Hazırda dünyanın inkişaf etmiş bir çox ölkələrində məlumat azadlığı haqqında müəyyən qanunlar mövcuddur və jurnalistlər onların sayəsində geniş miqyasda informasiya əldə edə bilir. Çox az sayda sadə vətəndaşların bu qanunların varlığından xəbəri var, bəziləri isə bu barədə heç maraqlanmır da. ABŞ-da 1966-cı ildə (1971-ci ildəki əlavələri ilə birlikdə) qəbul edilmiş mətbuat azadlığı haqqında qanun bu ölkədə fəaliyyət göstərən jurnalistlər qarşısında geniş imkanlar açır. Nəticədə araşdırmaçı jurnalist bir çox vacib sənədləri asanlıqla əldə edə bilir. Azərbaycanda da məlmat azdlığını təmin edən müəyyən qanun, hüquqi sənəd və aktlar mövcuddur. Bu sırada KİV haqqında Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikası Konstitutiyasının adını çəkmək olar.

2. Soraq kitabçası ilə işləyə bilmə bacarığı.

Çox qapalı ölkələr istisna olmaqla bütün cəmiyyətlərin əksəriyyətində jurnalistlərin düşündüyündən daha asan yolla informasiya əldə edə bilmək üçün vasitələr mövcuddur. Onun əhəmiyyətli hissəsini çox sadə olaraq gündəlik həyatda tez-tez istifadə etdiyimiz soraq materialları vasitəsilə əldə etmək olar. Bu sıraya rəsmi nəşrlərin siyahısı, qanunvericlik və ictimai orqanların hesabatları, dövlət tərəfindən maliyyələşdirilən idarə və təşkilatların soraq kitabçalarını daxil etmək mümükündür. Istənilən rportyor, əsasən də araşdırma aparmağı qarşısına məqsəd qoyan jurnalist sadəcə olaraq soraq kitabçasının hansı informasiyanı ehtiva etdiyini təxmini olsa da müəyyən edə bilməlidir.

3. Əlaqələr.

Bütün jurnalistlərə xüsusən də araşdırma aparan reportyorlara cəmiyyətin müxtəlif təbəqələri ilə əlaqələrin mövcud olmasının vacibliyini izah etməyə ehtiyac yoxdur. Burada sadəcə olaraq informasiya ötürə bilən və ya onu harada axtarmağı göstərən deyil, konkret insanlarla əlaqələr nəzərdə tutulur. Bu sıraya hüquqşünaslar, rəsmi şəxslər, qeyri hökümət təşkilatları, dövlət idarə və təşkilatlarının əməkdaşları bir sözlə, rəsmi sənədlərdən informasiya əldə edə bilmək üçün yol göstərən hər kəsi daxil etmək mümkündür.

4. Diqqətli olmaq.

Mediaya sızdırılmış hər hansı bir məlumat jurnalist araşdırmasını həyata keçirmək üçün səbəb ola bilər. Bu durumun arxasında həqiqəti aşkara çıxarma istəyi, onu cəmiyyətə çatdırma marağı durur. Belə bir vəziyyətlə üz-üzə qalan jurnalist ciddi araşdırmalar aparmalı, informasiya mənbəyinin növbəti məlumatı nə zaman ötürəcəyini gözləməməlidir.

5. Kompyuter bilgiləri.

Müasir dövrdə məlumatların kompyuter yaddaşında saxlamaq vərdişi geniş vüsət alıb. Avropa və Amerika Birləşmiş Ştatlarında bu ənənə sayəsində jurnalist araşdırmalarının sayı xeyli artıb. Məsələn, “Providence Journal” (Rod Aylend, ABŞ) qəzetinin jurnalistləri məktəb avtobusu sürücüləri və sadə vətəndaşların yol hərəkəti qaydalarını pozması ilə bağlı kompyuter məlumatlarını müqayisə edərək çox maraqlı faktlar ortaya qoyublar. “Atlanta Journal-Constitution” məcmuəsi isə Corciya ştatında bank məhkəmələri sferasında baş vermiş nöqsanları aşkara çıxaran jurnalist araşdırmaları ilə xüsusi əhəmiyyət kəsb edir. 

6. Aparılmış müsahibə və qeydləri mütləq qeyd etmək. 

Əgər araşdırmanı jurnalist təkbaşına aparırsa, o uzun müddət davam edəcəksə və lazım olan vaxt qeydlərə təkrar baxmaq və nəzərdən hansısa faktın qaçmadığına əmin olmaq üçün bu şərt mühüm əhəmiyyət kəsb edir. 

7. İnadkar olmaq. 

Hər hansı bir araşdırma haqqında məlumatı oxusaq orada jurnalistin hansı inad və səylə işlədiyinin şahidi olarıq. Hətta, “Voterqeyt skandalı”nı araşdıran jurnalistlər Bob Vudvard və Karl Bernsteyn günlərlə rəsmi sənədlər üzərində işləmiş və məlumat əldə edə bilmək üçün istirahət günləri telefon zəngləri aparmış, hüquq kontoraları qarşısında növbə gözləmişlər.

8. “Köhnə mənbələr”ə qayıtmaq

Əgər araşdırma sona çatmayıbsa jurnalist üçün “köhnə mənbə” deyə bir anlayış olmamalıdır. Çox maraqlı bir faktdır ki, Bob Vudvard və Karl Bernsteyn Uoterqeyt skandalı”nı araşdıranda özləri üçün informasiya mənbələrinin telefon nömrələrinin siyahısını tutmuşdular. Bu siyahının sayı hətta, bir neçə yüz nömrəyə qədər artmışdı. Onlar bu mənbələrlə araşdırma yekunlaşana qədər həftədə ən azı iki dəfə əlaqə saxlayırmışlar.

9. Rəhbərliyin etimadı.

Qəzetin xəbərlər bölməsinin redaktoru və ya baş redaktor araşdırmanı lazımi səviyyədə aparmaq üçün jurnalistə maksimum şərait və imkanlar yaratmalıdır. Və nəzərə almalıdır ki, araşdırma uzun müddət davam edə bilər və hətta, heç nə ilə tamamlanar. Araşdırma materialını yalnız ona uzun vaxt sərf olunub deyə nəşr etmək yanlış qərar olardı. 

Araşdırma aparan jurnalistlər müxtəlif baryer və maneələrlə qarşılaşırlar, hətta işin gedişi prosesində onları ölümlə hədələmə, şantaj halları da müşahidə olunur. Əsasən də totalitar rejimdən demoktatik dövlət quruculuğuna keçən ölkələrdə həqiqəti axtarıb tapmağa çalışan jurnalistlər bu kimi problemlərlə daha çox rastlaşırlar. Müasir dövrdə Rusiya Federasiyası jurnalistlər üçün ən təhlükəli ölkələrdən biri sayılır. “Основным принципам защиты гласности” məcmuəsinə əsaslansaq təkcə 1997-ci ildə Rusiyada 14 jurnalist öz peşə fəaliyyətinə görə sui-qəsdə məruz qalıb. 1998-ci ildə “Советская Калмыкия сегодня” (“Sovet Kalmıkiyası bu gün”) qəzetinin baş redaktoru Larisa Yudinanı ölü halda tapmışdılar. Və yaxud “Московский комсомолец” (“Moskva komsomolu”) qəzetinin hərbi sistemdə rüşvətxorluğu araşdıran jurnalisti Dimitriy Xolodov sui-qəsd nəticəsində öldürülmüşdü. Bütün deyilənləri nəzərə alaraq, araşdırmaçı jurnalistlər onlara informasiya çatdıran, şübhəli motivləri olan hər insanın sözünə etibar etməməli, səbr və təmkinlə problemin kökünə enməyə çalışmalıdırlar.



İstifadə olunmuş ədəbiyyat:

1. Mehdiyev F., Mətbuat janrları, B., 1995. 

2. Məmmədli C., Müasir jurnalistika, B., 2003. 

3. Тертычный А.А., Жанры периодической печати. М., 2002.

4. Ученва В.В., Метод и жанр: диалектика взаимодействия. М., 1982.

5. Шибаева Л., Жанры в теории и практике журналистики. M., 2007.

6. Virien F.H. La mediokratic. Paris. 1990.

7. Marill J. The Elite Press. N.Y. 1968.



Резюме 

Автор в статье рассматривает проблемы жанров в национальной медиа сруктуре, его образование и исторического развитие. Также, выделяет особенности развитие современной журналистки, затрагивает жанровые вопрсы и элементы журналистского расследования.



Summary 

In the article author looks through genre problems in the structure of national media, development of it’s arising and history. Also, problems of development features of the modern journalism, genre and elements of journalist investigation are marked.



Açar sözlər: janr, jurnalistika, KİV, jurnalist araşdırması, informasiya.

Ключевые слова: жанр, журналистка, СМИ, журналистское расследования.

Key words: genre, journalism, press, investigative journalism.



Комментариев нет:

Отправить комментарий