понедельник, 29 февраля 2016 г.

Reklam və Azərbaycan region mediasında onun yeri

Günay Səmədqızı (Məmmədova)
BDU, “Jurnalistika” elmi-tədqiqat laboratoriyası, elmi işçi

Kütləvi informasiya vasitələrinin ən vacib ünsürlərindən biri reklamdır. Hər hansı bir müəssisənin öz məhsullarıni daha çox satmaq məqsədilə ilk atacaqları addım məhsulun reklamıdır. Həmin məhsulların reklamını işləyib hazırlamaq üçün isə reklam agentliklərinə müraciət edilir. Reklam agentliklərində hazırlanan reklamların çox hissəsinin yayımı kütləvi informasiya vasitələrinin payına düşür. Auditoriyanın diqqətini daha çox cəlb etmək məqsədilə həmin məhsulun reklamını vizual baxımdan daha gözəl işləyib hazırlamaq lazımdır. Reklamın dizaynını elə tərtib olunmalıdır ki, bu reklam insanlara daha yaxşı məlumat versin və insanlar həmin məhsulu daha çox almağa başlasın. Hər hansı bir reklamın istənilən nəticə əldə etməsi üçün öz alıcısına tanıtmaq üçün qəzetdə yoxsa radioda və ya telekanalda yerləşdirilməsi məsələsi gündəmə gəlir. Deməli reklam işinin mahiyyəti hər hansı bir məhsulun reklamının daha yaxşı hazırlanması və onun satışının artmasında medianın rolundan ibarətdir. Reklam məhsul istehsal edən şirkətlər arasında qiymət rəqabətindən sonra bir rəqabət faktorudur. 

İki əsrlik tarixə malik olan reklam ilk əvvəl ABŞ-da yaranmış daha sonra bütün kapitalizmə yeni qədəm qoymuş ölkələrdə plakat şəklində insan həyatına daxil olmuşdur. Plakatların reklam vasitəsi kimi tətbiqi çox çeşidliliyi mətbəələrin və şrift mədəniyyətinin yüksəlməsinə, reklam qrafikasının təkmilləşməsinə gətirib çıxarırdı. Belə bir şəraitdə də ölkəmizdə reklam bazarının ilkin forması formalaşmağa başlamışdır.
Ölkəmiz müstəqillik əldə etdikdən sonra 1995-ci ildə qəbul etdiyi Azərbaycan Respublikasının Konstitusiyasına görə ölkənin əsas istiqamətlərindən biri kimi bazar iqtisadiyyatına uyğunlaşması göstərilir. Bu da reklam bazarının azərbaycan modelini qurmağa imkan verdi. Ölkəmiz inkişaf etdikcə sivil qaydalara uyğun istehsalçı – istehlakçı münasibətlərinin qurulmasına və onların mediada təcəssümü kütləvi informasiya vasitələrinin də inkişafına şərait yaratdı. Əvvəllər şəhər, rayon və magistrallarında özünə yer tutan reklam vasitələri zaman ötdükcə medianın ayrılmaz hissəsi olmağa başladı. Kütləvi informasiya vasitələrinin dövrülüyü üçün qəzet satışından əldə olunan vəsaitin azlığı mətbuatın reklama daha çox meyillənməsinə səbəb oldu. Bu ünsür bölgə mətbuatında özünü daha çox biruzə verdi. Bölgə mətbuatında əvvəllər kiçik həcmli tanıtım tipli materiallar çap olundu. Daha sonra həmin bölgənin qəzeti öz ərazisində istehsal olunan malların reklamı ilə öz büdcəsini artırmağa başladı. Bu proses radionun və televiziyanın, bütünlükdə elektron informasiya vasitələrinin reklam işinin inkişafında özünü doğrultdu. Lakin radio və televiziyanın meydana çıxması yazılı mətbuatın reklam bazarını zəiflətdi. Daha çox gəlir əldə etmək üçün informasiya vasitələri özlərinə reklam cəlb etməli oldular. Çox reklam sifarişi isə birbaşa auditoriyanın çoxluğundan asılı idi. Qəzet, radio və ya telekanal nə qədər baxımlıdırsa bir o qədər reklam sifariş vermək istəyən sahibkarı cəlb edir. Ölkəmiz müstəqillik əldə etdikdən sonra görülən tədbirlər ölkəmizdə reklam firmalarının artmasına təsiretdi. 2000-ci ildə ölkəmizdə reklam məlumatlarının 43%-i televiziya kanallarında, 28%-i qəzetlərdə, 17%-i jurnallarda yerləşdirilmişdi. Regional mediada isə nəticə tamam fərqlidir. Çox bölgələrdə televiziya kanalı olmadığından yazılı mətbuat, əsasən də qəzet həmin regionda reklam bazarında liderlik edirdi. 
Hazırda Azərbaycanın reklam bazarının həcmi 100 milyon dolları keçib. Hətta ötən il Azərbaycan telekanalları reklamdan 196 milyon 627 min 124 dollar gəlir əldə edib. Bu sahədə fəaliyyət göstərən şirkətlərin sayı 100-dən çoxdur. Onların əksəriyyəti çap xarakterli reklam xidmətləri təklif edir. Reklam filmlərini isə bir-iki şirkət istisna olmaqla bir qayda olaraq Production Studiolar çəkir. Reklam bazarının strukturu reklamdaşıyıcılar üzrə isə aşağıdakı qaydadadır: televiziya – 41%, qəzetlər – 32%, köşə reklamı – 14%, radio – 4%, +digərləri – 0.9%. [2]. Regionlarda da kütləvi informasiya vasitələrinin reklam payı paytaxt mediası ilə eynilik təşkil edir. Əsas hissə televiziyanın payına düşür. 
ANS Şirkətlər Qrupuna daxil olan ANS Kommers Şirkəti 1995-ci ilin 25 noyabr tarixində Azərbaycanın reklam bazarının təməlini qoyan ilk reklam agentliyidir. ANS Kommers ən yeni reklam texnologiyaları ilə sahibkarları tanış edirdi. Bir çox hallarda müştərilərə reklamın faydasını göstərmək məqsədi ilə hətta pulsuz reklam xidmətləri göstərilirdi, təmənnasız reklam məhsulları hazırlanırdı, bir sözlə balaca bir ANS Kommers şirkəti tək başına böyük bir ölkədə Reklam bazarı yaradırdı. Reklamdan alınan gəlirlər Şirkətin təsisçilərinə yox, ANS-TV, ANS-ÇM radio, ANS-Pressin və bu gün ANS Şirkətlər Qrupuna daxil olan digər Şirkətlərin yaranmasına və inkişafına yönəldi. Respublika telekanalları qədər olmasa da region telekanalları da reklam bazarında mətbuatla müqayisədə daha çox inkişaf edib. Məsələn Yevlax rayonunun “EL” kanalında bir sıra məhsulların reklam çarxları gün ərzində yayımlanır, lakin həmin rayonun “Kür” mətbu orqanında çox sayında dünyasını dəyişmiş insanlara başsağlığı və elanlardan başqa reklama rast gəlinmir. Tovuzda “ Türkel”, Gəncədə “Kəpəz TV”, Mingəçevirdə “MTV”, Sumqayıtda “DTV”, Zaqatalada “Aygün TV” telekanalları öz reklam bazarını qurub. Lakin bu kanallar hələ ki ATV kanalının ilk efirə getdiyi vaxtlarda istifadə etdiyi üsuldan təbriklərlə, müxtəlif smslər vasitəsilə gəlir əldə edilir. Regional telekanallar öz yayım sferasını genişləndirdikcə yaxın bölgələrdə də efirə getməsilə öz auditoriya dairəsini genişləndirdi. Bununla da reklam verəcək şirkətlərin diqqətini cəlb etməyə başladı. Artıq bir neçə ildir ki, fəaliyyət göstərən region telekanalları bəzi iri şirkətlərin reklam çarxlarını və videolarını efirə verməklə öz reklam bazarının əsasını qoyublar.Televiziya sisteminə reklam bazarının daxil olması, yaxud da əksinə reklam bazarında televiziya sisteminin özünə yer tapması yeni modelin yaranmasını şərtləndirdi. Tanınmış dünya şirkətlərinin Azərbaycanda fəaliyyətə başlamaları reklam bazarının inkişafına ciddi təsir göstərdi. Qeyd etməliyik ki, ölkəmizdə ilk vaxtlar türk şirkətləri fəaliyyətə başlayıb. Yenicə fəaliyyətə başlayan şirkətin öz məhsullarının təbliği məqsədi ilə KİV-lərin təqdim etdiyi reklam paketindən bəhrələnmələri təbii idi. Əcnəbi iş adamlarının ölkəmizə gəldiyi günlərdə, bizdə nəinki region telekanalları ümumilikdə cəmi iki kanal fəaliyyət göstərirdi. Bunlar dövlət televiziyası funksiyasını daşıyan AzTV və ilk müstəqil televiziya kanalı olan ANS idi. Zaman ötdükcə ölkəmizdəki televiziyaların sayı artmağa başladı.Eyni proses hazırda regionlarda özünü göstərir. Bölgələrin əksəriyyətində televiziya kanalları olduğundan istehsalçı da reklam yayımlamaq üçün bir kanala müraciət edir. 
Televiziya reklamı növləri içərisində ən geniş yayılanlardan televiziya-reklam roliklərini, televiziya reklam elanlarını, telereportajları və televerlişləri, verilişlər arasındakı reklam elanlarını və s. göstərmək olar.
Teleroliklər – bir neçə saniyədən 2-3 dəq. ərzində nümayiş etdirilən kinoreklam və ya videoroliklərdir. 
Teleelanlar – hər hansı reklam mətninin diktor və ya aparıcı tərəfindən oxunulan informasiya vasitəsidir.
Telezastavlar – aparıcının veriliş zamanı teleekranda musiqinin müşayətilə reklam ediləcək məhsulun müxtəlif rəsmlər yaxud da şəkilli reklam süjetlərində göstərilməsi və təqdimidir.
Reklam bazarı inkişaf etdikcə ölkədə auditoriyanın öyrənilməsi zərurəti yarandı. Bu da öz növbəsində Azərbaycanda sosial-iqtisadi araşdırmalar mərkəzinin yaranmasına və tez bir zamanda tərəqqisinə şərait yaratdı. Monitorinqlərin keçirilməsi yönündə iş aparan ilk şirkət 1993-cü ilin oktyabr ayında təsis olunan SİAR Media və Reklam Araşdırmaları Mərkəzi oldu. Bu mərkəzin qarşısında dayanan başlıca məqsəd, televiziyaların tamaşaçılar arasındakı reytinqini öyrənmək və müqayisə apararaq, baxımlılıq səviyyəsini müəyyən etməkdən ibarətdir. Reklam bazarında lider olmağa çalışan nüfuzlu şirkətlər və onların sahibkarları üçün bu vacibdir. 1997-cu ildə SİAR ECOMAR (Ümumdünya Araşdırma Mütəxəssisləri Assosiasiyası) təşkilatının üzvü oldu və hazırda bu qurum, assosiasiya tərəfindən qəbul olunmuş yeganə Azərbaycan müəssisəsidir. SİAR bütün araşdırmaları ECOMAR təşkilatının Davranış Məcəlləsinə uyğun şəkildə həyata keçirir. SİAR-ın başlıca vəzifəsi, Azərbaycan KİV-lərinin - televiziya və radio kanallarının reytinq göstəriciləri, həmçinin qəzet və jurnalların məşhurluq səviyyəsinin, eləcə də media reklam bazarının hərtərəfli öyrənilməsini təmin etməkdən ibarətdir. Təşkilatın Şəki, Lənkəran, Quba, Şamaxı, Sumqayıt, Naxçıvan şəhərlərində regional ofisləri fəaliyyət göstərir.
Radio və telereklamın üstünlüyü xüsusilə onların çevikliyindədir bəzən redaksiyaya daxil olan məlumat dərhal efirə gedə bilər. Ria.Az saytının Turana istinadən verdiyi məlumata görə ekspertlərin hesablamalarına görə Bakıda fəaliyyət göstərən teleradio şirkətlərinin reklam bazarı bu il təxminən 80 mln. manata çatıb. Audiovizual reklamların əksəriyyəti Bakıdakı dövlət, ictimai və özəl kanallarda cəmləşib. Regional teleradio şirkətlərinə isə ümumi reklamın çox kiçik bir hissəsi düşür. Bölgələrdə yerli televiziyaların bərpası, müasir standartlar səviyyəsində texnika ilə təchizi mediada da reklam bazarının genişləndirilməsinə, bu da öz növbəsində bölgə televiziyalarının inkişafına gətirib çıxaracaq. Son 4-5 il ərzində reklam bazarının ümumi həcmi 25 mln. manat həddində dəyişirdi. Bunun yalnız 2 mln. manatı çap KİV-lərinin payına düşürdü. Televiziyalardan sonra reklamın yayılmasında ikinci yeri radiolar tutur. İlk radio reklamı 2 noyabr 1920-ci ildə Pensilvaniyanın Piptsburq şəhər radiosundan yayımlanıb. Daha sonralar efirdə özünə möhkəm yer tutan reklamlar radionun maliyyə mənbəyinə çevrilmişdir. Radioda reklamın əsas ifadəsi olan mətn aparıcı rol oynayır. Məhz radioda reklamın hazırlanması daha operativ həyata keçirilir. Dinləyici ilə təkbətək və uzunmüddətli ünsiyyətə girən radioda təsvirin yoxluğu səbəbindən reklamlarda da görmə refleksi yaranmır. Buna görə də radio reklamlarında xidmət və kompaniya reklamlarına geniş yer verilir. Bu reklamlarda obrazlı metaforadan geniş istifadə olunur. Çox zaman vizuallıq tələb edən əmtəə və ya marka reklamı isə təsvir məhdudluğu ucbatından radioda özünü doğrultmur. Ən sadə radio reklamı diktorun oxuduğu elandır ki, burada da səsin bədii tərtibatına ehtiyac yoxdur. Radio reklamında başlıca şərtlərdən biri – az vaxtda bacardıqca çox söz söylənilməsidir. Digər vacib məqamlardan biri isə intonasiyanın dəyişkən təqdimatıdır. 
Radio və telereklam öz əhatə dairəsinə görə ən geniş yayılmış reklam vasitələridir. Bu reklam növü son zamanlar meydana gəlməsinə baxmayaraq, daima inkişaf edir, təkmilləşir və başqa reklam növləri ilə rəqabətə girir.
Radio reklamının ən geniş yayılmış növlərinə radioelanlar, radioroliklər, müxtəlif radio jurnallar və radioverilişlər reklamı daxildir.Radioreklam aparıcı vasitəsilə oxunan informasiyadır. Mal və xidmətlər haqqında məlumatların xüsusi quruluşda musiqi sədaları ilə müşayəti radiorolik adlanır. Məlumatların ayrı-ayrı elementlərini qısa şəkildə özündə birləşdirən informasiyalı reklam xarakterli tematik radioverilişi isə radiojurnal adlanır. Hazırda azərbaycanın bölgələrində radio fəaliyyət göstərmir. Gəncədə Kepez TV, Tovuzda Türkel TV və Yevlaxda ELTV radio açmaq üçün MTRŞ-ya müraciət edib. Kanalların radio studiyası demək olar ki, hazır vəziyyətdədi. İcazə alındıqdan sonra radiolar fəaliyyətə başlayacaq.
Sözün, səsin və musiqinin bədii texniki imkanlarından maksimum istifadə olunması radio reklamının cəlbediciliyini artıran amillərdəndir. Reklam mətninin mövzuya uyğun istiqamətdə janr təyinatı da reklamın təsirini qüvvətləndirən şərtlərdəndir. Əmtəə ilə bağlı radio reklamlarında müasir informasiya janrlarından çıxış, şərh, müsahibə və söhbət kimi informasiya janrları da geniş istifadə olunur. Bu janrlar bədii tərtibata yatımlı olmadığından, burada estetik tələblərə əhəmiyyət verilmir.
Mətbuat sözü bəzən “kütləvi informasiya vasitələri” ifadəsinin sinonimi kimi işlədilir. Kütləvi informasiya deyəndə də ilk öncə yada qəzet düşür[1, səh 43]. Təcrübə onu göstərirki yazılı mətbuatda vaxtında və düzgün reklam yerləşdirməsi maksimal effekt verir. Bu növ reklamın əsas üstünluyu - oxucunu yaxşı tanınmasıdır. Lakin reklama qoyulan qiymət qəzetin dövrülüyünün davamı üçün kifayət etmir. “Qəbələ” qəzetinin bir səhifəsin reklam yerləşdirməyin qiyməti 70-100 manat təşkil edir. Bu bir qəzetin xərclərini ödəmək üçün kifayət etməyən vəsaitdir. Bölgə mətbuatında əsas yeri hər hansı sənəd itkiləri ilə bağlı elanlar, ad günlü təbrikləri və baş sağlıqlarından ibarətdir. Baş sağlığının birinin qiyməti 5-7 manat təşkil edir. Belə bir cüzi rəqəmlərlə əldə olunan gəlirlə yazılı mətbuatın sıçrayış edib inkişaf edəcəyinə ümid bəsləmək absurtdur. Bütün bunları nəzərə alsaq qəzet nəşrini davam etdirməkdən ötrü satışdan əldə edilən gəlir kifayət etmədiyindən bölgə mətbuatının tam şəkildə icra hakimiyyəti orqanlarından asılı olması qaçılmazdır. Region mətbuatının ən çox alıcısı olan qəzetlərdən biri “Cənub xəbərləri”dir. Buna səbəb qəzetin siyasi baxışıdır. Qəzet müxtəlif şişirdici xəbərləri, felyeton və karikaturalardan istifadə etməklə özünə auditoriya toplasa da səhifələrində demək olar ki, reklama rast gəlinmir. 
Bir çox hallarda reklam verənin reklamını yerləşdirdiyi kütləvi informasiya vasitələri arasında seçim etməsini şərtləndirən başqa amillər də var;
- Əksər hallarda reklamverənlərin büdcəsi sərhədlənmiş olur və buna görə də onlar istənilən vasitələrdən istifadə edə bilmirlər.
- Bəzi KİV digərlərinə nisbətən daha effektlidir.
Burada biznesmenlər hansı alıcı kütləsini əhatə etməyindən asılı olaraq onlar müvafiq kütləvi informasiya vasitələrini seçirlər. Reklam vasitələri üçün plan məqsədlərin təyin edilməsi ilə başlayır. Bu məqsədlər marketinq problemlərinin uğurlu həll edilməsi üçün startegiyaların təyin edilməsi üçün aparılır. 
Hər hansı yeni istehsal olunmuş məhsulun tanıdılmasında əsas məqsəd informasiyanı daha çox ailələrə çatdırmaqdır. Əsasən evdar xanımlar alış-veriş etdiyindən informasiyanı evdar xanımlara çatdırmaq daha məqsədə uyğundur. Reklamın effektivliyini artıran başqa amil reklam prosesinin fasiləsizliyini təmin etmək və onun il boyu yayımında dəyişməzliyin olmasına nəzarət etmək­dir. Reklamın bütün ölkədə yayılmasını təmin etmək müştəri sayının artması deməkdir. Reklam edilən məhsulun xarakteristikasına uyğun kütləvi informasiya vasitəsinin seçilməsi starteji məqsədlərin həllinə kömək edir. Reklam mətni nə qədər dolğun və cəlbedici olarsa bir o qədər istənilən nəticəni əldə etmək məqsədi real görünür. Bu məqsədlərə riayət etməklə reklamın KİV-də yerləşdirilməsi zamanı daha düzgün qərarlar qəbul etmək olar. Kütləvi informasiya vasitələrinin seçilməsi və planlaşdırılmasında bir sıra amillərə diqqət etmək vacibdir. Burada əsas məqsəd reklam vasitəsilə nə satmaqdan ibarətdir. Hər hansı bir reklamda əmtəə alıcı tələblərini necə ödəyə bilər? Əmtəə reklama necə verilə bilər? suallarına cavab tapılmalı, reklamın konkret məqsədləri, reklamın keyfiyyəti və həcmi məsələləri araşdırılmalıdır. İnformasiya strategiyasının müəyyən edilməsinin əsasını daha optimal KİV-in seçilməsi təşkil edir. KİV-nin seçilməsi strategiyasında əsas məqsəd kütləvi infor­masiya vasitələrinin ən səmərəlisinin seçilməsidir. Bu qərarların qəbulu özündə növbəti mərhələləri birləşdirir: hansı jurnallarda reklam vermək məqsədə uyğundur, əgər TV reklamın seçilməsi lazım­dırsa, hansı növləri seçilməlidir: efir və ya kabel, teleşəbəkə və ya reklam televiziyası, əgər tele­şəbəkədirsə, onda hansı proqram, əgər televiziyadırsa, onda hansı bazar seçilməlidir, əgər radio və ya qəzet reklamı seçilməlidirsə, onda hansı növləri seçmək daha yaxşı olar: hansı bazarı seçmək lazımdır kimi suallara cavab tapmaq vacibdir. Çap vasitələrinin seçilməsi məsələsində elanların keyfiyyəti, hansı ayda və günlərdə onları yerləşdirməyinin məqsədə uyğunluğu, əhatəsi və tezliyi müəyyən edilməlidir. Buradan belə aydın olur ki, reklam fəaliyyətinin planlaşdırılması həm reklam kampa­niyalarının uğurlu olmasına, həm də bunun qarşılığında firmaların mal və xidmətlərinin tanınmasına və onların satış həcminin artmasına birbaşa təsir göstərir.
Bu və ya digər reklam vasitələrinin faydalılığını müəyyənləşdirmək üçün əvvəlcədən yazılı proqramlar hazırlanır, adamlarla şəxsən söhbət aparılır, radio və televiziya vasitəsilə lazım olan məlumatları adamların diqqətinə çatdırırlar.
Radio və televiziya reklamı vasitəsilə aparılan təbliğatın effektivliyi bir neçə üsulla öyrənilir. Onlardan biri də anket sorğulardır. Belə ki, veriliş studiyasına qrup halında adamlar dəvət olunur və onlara kiçik formatda anket verilərək həmin anketdə, peşəsi və s. haqqında qısaca məlumatları yazmağı xahiş olunur. Daha sonra həmin adamlar reklam verilişlərinə baxır, yaxud da qulaq asıb öz iradlarını və təəssüratlarını xüsusi vərəqələrdə qeyd edirlər. Bütün iradların səbəbləri əsaslandırılır. Sonra proqramın müzakirəsi təşkil edilir. Bəzən reklamın nə dərəcədə faydalı olmasını adi səsvermə yolu ilə müəyyən oıunur. Bu qayda ilə müxtəlif reklam vasitələrinin radio və televiziya verilişlərinin faydalılığını müəyyən etmək olur. Başqa bir üsul da müxtəlif adda məhsul adlarıyla insanlar tanış edilir və hansı adı tanıdıqları soruşulur. Bununla da reklamın nə dərəcədə cəlbedici və baxımlılığı öyrənilir. Eyni zamanda da hansı kütləvi informasiya vasitəsinin və ya hansı verilişin daha çox diqqət yetirildiyi qismən təsbit olunur. Bacarıqlı fotoqraf reklam elanında bir neçə vacib element əlavə etməklə o reklam elanını daha oxunaqlı edə bilər. Fotoqrafiyalar reklam elanlarına reallıq gətirir. Bütün detalları professional şəkildə qurulan reklam göstərilmiş məhsulu daha da real şəkildə alıcılara təqdim edir və alıcılar həmin məhsula maraq göstərir. Yaxşı reklam odur ki, hər hansı bir ərzaq reklamına istər televizorda, istərsədə jurnalda baxdıqda həmin ərzaq barədə insanlarda xoş təsurat yaransın. Reklam bazarı qurulmadığından region mətbuatında bu işdə hansı dərəcədə inkişaf etdiyini təhlil etmək olmaz. Lakin yer verilən elanların biraz seçilməsi üçün ağ-qaradan ibarət olan qəzet səhifələrində reklamın göy şriftlərlə işlənməsi diqqət çəkmək baxımından müsbət haldı. Reklamın KİV-də yerləşdirilməsi zamanı da daha yeni texnologiyalardan istifadə etmək lazımdır. Yeni texnologiyalardan əsasən xarici çöl reklamında, redio reklamda və televiziya reklamında istifadə etmək olar. Əvvələr reklam şitlərinin üzərinə plakatlar çəkirdilər. Lakin sonrada monitorların inkişafı ilə əlaqədar olaraq xarici çöl reklamında monitrlardan geniş iştifadə edilməyə başlandı. Bunun üstün cəhətləri həmin monitorlarda reklamın vizual baxımdan daha effektli olmasıdır. Yeni texnologiyaların tətbiqi daha çox televiziya reklamında istiadə olunur.
Son illər ərzində ölkəmizdə, reklamın digər növləri, xüsusilə də televiziya reklamı inkişaf etməkdədir. Azərbaycanda reklam fəaliyyətini təkmilləşdirmək üçün ilk növbədə reklam agentlikləri var güclərilə çalışmalı və müştərilərinə tam xidmət göstərməlidirlər. İnternet reklamın inkişaf etdiyi bir şəraitdə kütləvi informasiya vasitələrinin öz reklam bazarını qoruya və inkişaf etdirə bilməyi olduqca çətindir. Milli.az İCTnews-a istinadən bildirir ki, “Google” 2012-ci ilin birinci yarısında reklamdan 20.8 milyard dollar əldə edib. Bu göstərici Amerika jurnallarının gəlirindən 1.6 milyard, qəzetlərdən isə 10 milyard dollar çoxdur. “Statistika” şirkətinin tədqiqatında qeyd edilib ki, belə müqayisə heç də düzgün deyil, çünki “Google” Amerika şirkəti olsa da, çap nəşrlərindən fərqli olaraq bütün dünyaya reklam satır. Dünyanın bu cür reklam bazarında rəqabət aparan bir vaxtda əlbəttə ki bizim ağ-qara səhifəli region mətbuatından və onun reklam siyasətindən danışmaq olduqca çətindir. Lakin görüləcək işlər çoxdur. Dünya yazılı mediası internet şirkətləri ilə rəqabət apara bilirsə deməli mətbuat öz reytinqini hələ də qoruyub saxlaya bilər.



ƏDƏBİYYAT SİYAHISI


1. M.Kərimov, R.İsmayılov. Mətbuatda reklam, Yeni Jurnalistlər Birliyi, Bakı, 1997, 129 səh.

2. www. wikipedia.org


DÖVRÜ MƏTBUAT

“Qəbələ” qəzeti

“Kür” qəzeti

“İsmayıllı xəbərləri” qəzeti

“Cənub xəbərləri” qəzeti



                                                                          Summary

In the article is talked from the development history of the advertisement and system of the market of modern advertisement. Author investigates advertisement in the regional media and its role on the basis of facts been proof materials. 

Key words: Region media, history of the advertisement, role of the advertisement, design of the advertisement 


                                                        Резюме

В статье повествуется об истории развития рекламы и структуре современного рекламного рынка. Автор на основе фактических материалов исследует роль и место рекламы в региональных СМИ. 

Ключевые слова: история реклама, региональные СМИ, дизайн рекламы, развитие рекламы, рынок рекламы

Комментариев нет:

Отправить комментарий