понедельник, 29 февраля 2016 г.

Bloq müasir jurnalistika janrı kimi

Günel İsgəndər qızı Orucəliyeva
BDU, "Jurnalistika" Elmi-tədqiqat laboratoriyası, elmi işçi

Dünyaya inteqrasiya həyatımızın bütün sferalarına təsirsiz ötüşmür. Mənfi və ya müsbət cəhətlərindən asılı olmayaraq, bu, qarşısıalınmaz və anlayışla qarşılanan bir prosesdir. Azərbaycan cəmiyyətinin müasir dünyanın çağırışlarına cavab verəcək qədər dinamik olduğunu göstərmək üçün çoxlu sayda nümünə sadalamaq mümkündür. Ölkəmizdə genişlənən internet imkanları, şəbəkə texnologiyalarının tətbiqi sahəsində MDB-də lider mövqeyimiz, son dövrlər mobil rabitənin ağlagəlməz şəkildə yayılması, elm müəssisələrində nanotexnologiyaların tətbiqi problemlərinin öyrənilməsinə başlanılması və başqa yenilikləri sadlamaq mümkündür. 

Bütün bunlar Azərbaycan cəmiyyətinin dünyanın yeni dəyərlərini mənimsəməkdə maraqlı olduğunu və bu prosesə öz tövhəsini verəcəyinin göstəriciləridir. Bütün bu yeniliklər içərisində ötən əsrin möcüzəsi hesab olunacaq internetin imkanlarının daha da artması ayrıca vurğulanmalıdır. İnternetin öz əhatə dairəsinə saldığı sahələr içərisində KİV-lərin xüsusi çəkisi var. İndi elə yazılı mətbuat tapmazsan ki, onun veb-səhifəsi olmasın. Doğrudur, bəziləri bunu “qonşudan qalma geri” prinsipi ilə edir, amma ciddi KİV-lərin internet məkanına daxil olması, eyni zamanda yabancı dillərdə versiyaların hazırlanması indiki informasiya mübadiləsində Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün çox əhəmiyyətlidir. Bu yazıda son bir neçə ildə ortaya çıxan “bloq” fenomenindən bəhs edəcəyik. Termin kimi blog (weblog) ilk dəfə 1997-ci ilin 17 dekabrında “Robot Visdom” (Robot Wisdom) adlı İnternet-gündəlikdə müəllif Corn Berger (Jorn Barger) tərəfindən işlədilmişdir. Müəllif “İnternet-gündəlik” sözünə analoji olaraq “logging the web” sözünün qısaltması olan “weblog” ifadəsini işlətmişdir. Bu söz ingilis dilindən tərcümədə “şəbəkədə gündəlik yaratmaq” mənasını ifadə edir. Termin 1999-cu ilin aprelində “Peterme” bloqunun yaradıcısı Piter Merholz (Peter Merholz) tərəfindən təhrif olundu və “we blog” – “biz bloq yaradırıq” kimi ifadə edildi. Bunun da nəticəsində “to blog” “bloq yaratmaq” ifadəsi yarandı və bu günkü bütün növ İnternet-gündəlikləri nəzərdə tutan ad – “blog” ifadəsi yarandı. Bloq ideyasının yaranma tarixi və yaradıcısı haqqında dəqiq faktlar mövcud deyil. Bu ideyanın ilk müəllifi kimi üç şəxsin Tim Berners-Linin (Tim Berners-Lee), Castin Hollun (Justin Hall) və Deyv Vaynerin (Dave Winer) adları çəkilir. Bunların hər biri bu və ya digər şəkildə bloqların təşəkkül tapmasında mühüm rol oynamış şəxslər sayılır. Bu hadisədən sonra yeni bloqlar açıldı və ictimai jurnalistika da inkişaf etməyə başladı. Və dərhal Amerikanın Əfqanıstandakı əməliyyatı ilə əlaqədar olaraq hərbi bloqlar geniş yayıldı. 2002-ci ildə termin Rusiya mətbuatında da görünməyə başladı. 1997-ci ilin avqusunda yaranmış Spectator.ru-nu ilk rus bloqu hesab etmək olar. Bloqlar KİV-lə rəqabət aparan qüvvə kimi ilk dəfə özünü 2001-ci ilin 11 sentyabrında ABŞ-da baş vermiş terror hadisəsi zamanı göstərə bildi. Nyu-York bloqçuları hadisə baş verən məkandan operativ müsahibələr alıb, hadisə şahidlərindən faktlar toplayır, şəkillər çəkir, hadisələri şərh edib bloqlarda yerləşdirirdilər. Bloqların KİV kimi qəbul olunması bir çox ölkələrdə KİV-ə olan təzyiqlərin bloqlara da olmasına səbəb olur. Bu məsələ GoogleMərkəzi Avropa Universitetinin təşkil etdiyi “Azadlıqda İnternet 2010” tədbirində (20-22 sentyabr, Budapeşt, Macarıstan) “Hökumət və bloqçular arasında siçan-pişik oyunu” başlığı altında geniş müzakirə olunub. 2000-ci ilin noyabr ayı müstəqil jurnalist Joş Marşalın (Josh Marshall) Florida ştatında ABŞ prezidentliyinə keçirilmiş seçkilərin mübahisəli nəticələrinə qarşı “Florida böhranı” adı altında müzakirələrə həsr olunmuş “Talkning Points Memo” (Danışıqların qeydi) adlı bloq istifadəyə verməsi bloqların siyasiləşməsinin başlanğıcı hesab olunur. Bloqlar artıq bizdə də internet aləmində yayılmağa və önəmli yerlərdən birini tutmağa başlamış bir sahədir. Son illərdə saytlarda bloq bölmələrin açılması və yaxud da, ümumiyyətlə, sırf bloqlar yer alan saytın açılamsı, bu sahədə müsaqələrin keçirilməsi (reklamı çıxsaq) buna işarədir ki, Azərbaycanda bloq istifadəçilərinin sayı artsın və bu sahə də mühüm yerlərdən birini tutsun. Azərbaycanda milli bloq sistemini Fərhad Əsgərzadə yaradıb, belə ki, “Azeriblog.com” blog sistemi Azərbaycanda ilk milli, azərbaycan dilli, pulsuz bloq sistemi idi. (sayt indi pullu fəaliyyət göstərir) Ümumiyyətlə, ən populyar ödənişsiz bloq yaratma servisləri aşağıdakılardır:

-Blogger.com
-WordPress.com
-LiveJournal.com
-Blog.com
-Blogspot.com
-Windows Live Spaces
-Xanga.com
-Thoughts.com
-TypePad.com 

Bloq (şəbəkə gündəliyi, virtual gündəlik) və ya Weblog - texniki məlumat tələb etmədən, öz istədikləri məlumatları, öz istədikləri şəkildə yazan insanların meydana gətirə bildikləri gündəliyə bənzər veb saytlardır. İngiliscədəki “veb” və “log” sözlərinin birləşməsindən ibarət olan weblog anlayışının zamanla yayılmış adıdır. Bloq ümumiyyətlə, aktualdan köhnəyə doğru sıralanan yazı və şərhlərin nəşr olunduğu veb əsaslı bir nəşri ifadə edir. Əksəriyyətlə hər göndərinin sonunda yazarın adı və göndərilən zamanı ifadə edilir. Nəşr edənin seçkisinə görə oxucular yazılara şərh edilə bilər. Şərhlər blog mədəniyyətinin çox əhəmiyyətli bir dinamosudur. Bu sayədə yazarlar və oxucular arasında ünsiyyət təmin edilir. Bunun xaricində, geri izləmə (trackback) mexanizmiylə, müəyyən bir yazı haqqında yazılan digər yazıların təyin oluna bilməsi də mümkündür. Bloqların məzmunu ənənəvi internet məzmunundan fərqli olduğu üçün yalnız bloqlara görə qurulmuş xüsusi indeksləmə mexanizmləri və axtarış mühərrikləri var. Google Blog Search adlı bir axtarış mühərrikinə sahib olan Technorati ən müvəffəqiyyətli bloq texnologiyalarından biridir və eyni zamanda 2005-ci ildə Verisign tərəfindən satın alınan dünyanın ən böyük blog ping xidməti olaraq bütün internet mexanizmlərini məlumatla təmin edir. İlk bloglar əllə yazılıb aktuallaşarkən, bu gün bu iş üçün xüsusi yazılmış proqramlar istifadə edilməkdədir. Bu proqramlardan bəziləri bir bloq xidməti təmin edici saytın alt sahə adları olaraq yaradıla bilən, bəziləri isə istifadəçinin öz serverinə qurub işlətməsi lazım olan proqramlardır.

1954-cü il İrlandiya doğumlu Tim O`Reylli WEB2 anlayışının müəllifidir, ilk dəfə onu 2005-ci ildə dərc olunan yazısında işlədib. Onu da qeyd edək ki, WEB2 ümüumdünya internet şəbəkəsinin, yəni WEB-in alternativi deyil. WEB2 elmi anlayış da deyil. Müəllif bu terminlə WEB aləmində yeni bir dalğa yaratmağa başladı. Azad proqram təminatı və açıq kodlu, yəni hər kəsin istifadə edə biləcəyi proqram təminatları üçün mübarizə aparan bir hərəkatın tərəfdarı olan Tim O`Reylli WEB2 analyışı ilə yeni mübarizə hədəfi göstərdi. WEB2 də sistemlərin yeni qurulma metodikasıdır və o deməkdir ki, daha çox istifadəçi cəlb olunmaqla vebdəki məzmun daha da yaxşılaşır, daha doğrusu zənginləşir, bütövləşir, tamamlanır, dəqiqləşir və təbii ki, yenilənir. Sahibləri, idarəçiləri və redaktorları tərəfindən dəyişdirilən saytlar dövrü arxada qalır və istifadəçilərin də saytların yenilənməsində iştirak etməsi, hər kəsin öz saytı ilə çıxış edə biləcəyi WEB2 dövrü başlayır. Bu məlumatların azadlığı, bolluğu deməkdir. WEB2-ni fiksiya adlandıranlar və tənqid edənlər də oldu, lakin onun gətirdiyi yeni xüsusiyyətlər artıq bir reallıqdır. Bu günün bloqlarını da WEB2 dövrünün məhsulu və aparıcı hissələrindən saymaq olar.

Görünüşcə bloqlar aşağıdakı kimi ola bilir:

· Mətn bloqları-əsas məzmununu mətnlər təşkil edir

· Fotobloq- əsas məzmununu şəkillər təşkil edir

· Artbloq- əsas məzmununu müəllifin çəkdiyi rəsmlər təşkil edir

· Musiqi bloqu- əsas məzmununu mahnılar təşkil edir

· Podkast və bloqkastinq- əsas məzmununu MP3 fayllar təşkil edir

· Videobloq- əsas məzmununu videolar təşkil edir

· Mobloq, (mobilbloq)- mobil telefon vasitəsi ilə yenilənən bloqdur. 

· Mikrobloq- əsas məzmununu mətn formasında kiçik həcmdə dijital kontentlər, qısa videoçarxlar, şəkillər, bağlantılar təşkil edir. İstifadəçilər işgüzar görüşlər, konsertlər, mühazirələr, kitab təqdimatları barəsində, məşhurlar və siyasətçilər haqqında daha ətraflı xəbər tutmaq üçün istifadə edirlər.

Bloq nə üçün lazımdır? Əslində bu sualı nə üçün sayt lazımdır sualı ilə bərabər işlətmək də mümkündür. Bloqların əhəmiyyətindən və beynəlxalq aləmdəki faktlardan danışsaq, hal-hazırda dünyanın bir çox ölkəsində bloqçulara ayrı bir yer verilir. Belə ki, Amerikada hər hansı bir tədbir keçirilirsə oraya məşhur bloqqerlər dəvət edilir. Çünki, elə bloqçular var ki, onların saytını gündə 10 milyon insan oxuyur. Belə bir vəziyyətdə onların bloqlarında yazdığı informasiyalar çox vacib olur. Sony, Canon kimi şirkətlər yeni bir texnika istehsal etmədən öncə onları müəyyən bloqçulara göndərir, onların rəylərini öyrənir və həmin məhsullar haqqında saytda yazmaqları istənilir. Fransada isə dəb mövzusunda yazan bloqqerlər daha çoxdur və onlar dünyanın müxtəlif yerlərindəki dəb həftələrinə dəvət edilir.

D.P. Qavra bloq yaratmağın aşağıdakı səbəblərini göstərir:

“ - bloqçunun özünü ifadə etmək və özü haqqında informasiya vermək üçün;

- başqa insanlara kömək etmək üçün;

- həmfikir insanlarla əlaqə yaratmaq üçün;

- kommersiya məqsədi üçün” (Гавра, 2000: 97).

Bloq yazarlığı ilə ciddi olaraq həyatımıza girən “sosial media” facebook, twitter, friendfeed və s. kimi sosial şəbəkələrlə yeni bir sistem yaratdı. Xüsusən bloqçuluğun və sosial şəbəkələrin populyarlığı artıq ənənəvi KİV-də bir sıra narahatlıqlar doğurub. Peşəkar jurnalistika və bloqçuluq fəaliyyəti də ən çox müzakirə olunan mövzulardan biridir. Hazırda bir çox mütəxəssislər bu fikirdədilər ki, peşəkar jurnalistika və bloq, “vətəndaş jurnalistikası” bir-birini tamamlayır. Belə ki, biri digərinin çatışmayan cəhətlərini ört-basdır edir. Burada nəzərə almaq lazımdır ki, tanınmış bloqçular, sosial şəbəkələrdəki tanınmış profillər heç də qarşılarına peşəkar jurnalistika ilə rəqabət aparmaq məqsədi qoymayıb. Yuxarıda qeyd olunduğu kimi, onlar öz fəaliyyətlərində yalnız bir-birlərini tamamalayırlar. Bloqqerlə üçün əsas olan onlayn şəbəkədə öz maraqlarını, iztirablarını və mövqelərini nümayiş etdirmək, bununla da bu və ya digər insanlarla əlaqələr qurmaqdır. Buna görə də onlar KİV-lərdən fərqli olaraq çox geniş və hərtərəfli auditoriyaya müraciət etmirlər. Bloqçular öz yazılarını, şərhlərini daha çox ümumi maraqlarını bölüşən fərdi insanlara ünvanlayırlar. Sosial şəbəkədə fəal olan bloqçunun internetdə “ictimaiyyət üçün” mesajı ilə yayımladığı xəbər, fikir, rəy heç də “bütün ictimaiyyət üçün aktualdır” anlamına gəlmir. Bu mılumatlardan doğan mesaj əsasən “bu xəbərlə maraqlanan şəxslər üçün əlçatan” anlamına gəlir. Facebook bloqqerlərin işini sadələşdirən sosial media macəralardan biri və Azərbaycanda bəlkə də ən yaxşısıdır. Dostlarına öz bloqlarında yazdıqlarını göstərmə şansı əldə edən yazarlar, qurduqları səhifələrlə də oxucu saylarını dəfələrlə artırmış olurlar. İlk olaraq bloqlar vasitəsilə gündəmə gələn “sosial media” klassik medianı da dəyişməyə başladı. Bloq yazarlığının müasir dövrün xəbər qaynaqlarından birinə çevrilməsi danılmaz faktdır. Bloqların qarşılı əlaqəsini izləmək, ötürülən informasiya və bloqlararası reytinqə nəzarət etmək üçün blogs.yandex.ru axtarış servisi mövcuddur. Servis eyni zamanda bloqlarda hansı tip materialların daha geniş yayılma diapazonuna malik olduğunu müəyyən edir. Lakin 9 noyabr 2010-cu ildə Yandex bloqlarda populyar yazıların reytinqini elan etməyə qadağa qoyduğunu açıqlayır.

İnternetlə əlaqədar ciddi bir araşdırma təşkilatı olan Jupiter Research`ın 2009-cu ildə etdiyi bir araşdırmasına görə bloq saytı sahiblərinin yarısının illik gəliri 60.000 dollardan çoxdur, bloq oxuma vərdişi olanların 73%-i 5 ildən uzun müddətdir ki, internet əlaqəsinə malikdir və bloq oxuyanların 28%-i RSS-dən istifadə edir. Bloqosferin nəbzini tutma missiyasında Technoratinin statistikalarına görə gündə 50.000-dən çox yeni bloq saytı yaradılır. Bloqların istifadəsi 1999-cu ildə Blogger.com-un bu xidməti istifadəyə verməyə başlaması və qısa müddət sonra bunu ödənişsiz hala gətirməsi ilə daha da yayılmışdır. 2003-cü ilin fevralında Google Bloggeri satın aldı və Google ziyarət edilən səhifənin ünvanından birbaşa bloqa girməyi təmin edən “Blog This!” düyməsini yerləşdirdi. İngilis dilini bilənlərin çoxu ilk dəfə bu düymə sayəsində bloqlarla tanış olmuşdur. Sürətlə böyüyən və ciddi bir axın halına gələn bloq dünyasında internetin nəhənglərindən biri olan Yahoo da 2005-ci ilin martında öz bloq sistemini yaratdı. MSN üzvlərinə təqdim edilən Microsoft Windows Live Spaces bloq xidmətinə ciddi bir yayılma göstərmişdir. Blogger ilə eyni vaxtda yaranan Live Journal yalnız müəyyən insanların oxumasına icazə verə bilən bloq səhifələri təmin etməsi ilə məşhur olan bir bloq saytıdır. Hələ də ən çox bloq yaradan sistemlərdən biri olan Live Journal yazdıqlarını hər kəslə paylaşmaq istəməyən və qrup əlaqələrinə önəm verən insanlar tərəfindən seçilir.

Bloqlar aşağıdakı məqsədlərlə yaradıla bilər:

- İnformasiya almaq məqsədilə;

- əyləndirmək məqsədilə;

- müxtəlif hadisələrə cəmiyyətin reaksiasını öyrənmək məqsədilə;

- sosiallaşmaq məqsədilə.

Bloq jurnalistikası, bəzən bu anlayış hamıya texniki bir termin kimi görünür və onun müasir dünyada yeni bir hərəkat tendensiyası olduğu ilə az maraqlanırlar. Lakin yeni dövrün internet ixtiralarından biri olaraq o cəmiyyət həyatına geniş sirayət etməyə başlayıb. Azərbaycanda bilinən bloq xidmətlərindən azeroo.com xidmətini göstərmək olar. Bu bloq xidməti özündə Wap xidmətini də birləşdirir ki, bu analoqlarından fərqlidir. Azərbaycan Wap istifadəçilərinin sayı, dial-up istifadəçilərindən daha çoxdur və bu da bloq xidmətindən daha səmərəli istifadə etməyə imkan yaradır. Respublikamızda son dövr ərzində bloqların sayı xeyli artıb. Keçən ilin əvvəlində bloqların sayı 6500 idisə, indi təkcə azərbaycandilli bloqların sayı 25 minə yaxındır. Bunu internetin getdikcə kütləviləşməsinin, başqa sözlə desək, virtual məkanın milliləşməsinin göstəricisi kimi qiymətləndirmək də olar. Hər kəs özünü və bloqunu istədiyi kimi təqdim edir və məhz özünəməxsus bir virtual istifadə məkanı yarada bilir. 

Tematik istiqamətlərinə görə bu tip bloq növləri mövcuddur:

· Siyasi bloqlar – siyasətə həsr olunan bu tip bloqları adətən, siyasi liderlər, müxtəlif partiya nümayəndələri və ploitoloqlar idarə edir.

· Təhsil – dərs prosesinin və təhsilin müzakirə olunduğu bu cür bloqlar konkret təhsil ocaqlarına aid olur.

· İnformasiya-analitik tutumlu bloqlarda dövrün aktual, diqqət çəkən müxtəlif problem və mövzularının müzakirə olunur.

· Səyahətə həsr edilmiş bloqlarda müəlliflər səyahət etdikləri ölkələr barəsində öz şəxsi təcrübələrini bölüşürlər, məsləhətlər verirlər, müxtəlif xalqların adət-ənənələrində söz açırlar

· Dəb – bu tip bloqlarda müzakirə mövzusu moda aləmindəki yeniliklər, trendlər, dəb nümayişləri ilə bağlı olur. Burada professionalların fikirlərini oxumaq, stilistlərin məsləhətlərinə nəzər salmaq, dəbə biganə olmayan insanların fikirlərini oxumaq mümkündür.

· Sağlamlığa həsr olunmuş bloqlarda insan səhhətilə bağlı olan problemlər, qidalanma və dieta, fitnes, çəkini nəzarətdə saxlamaq kimi mövzulara rast gəlmək mümkündür.

· Musiqiyə aid olan bloqlar bu sahədə baş vermiş yeniliklərə, müxtəlif musiqi janrı və stillərinə aid məlumatları işqlandırır.

· İdman bloqları idman aləmindəki yeniliklərdən bəhs edir.

· Kino bloqlarda insanlar müxtəlif filmlər barəsində resenziyalar və tənqidi yazılar yerləşdirirlər.

· WEB- bu kateqoriya bloqlarda sırf texniki sferadakı yeniliklər- internetlə bağlı, veb-proqramlaşdırma kimi məsələlər ehtiva olunur.

Bloq müəllifləri – bloqqerlər yazdıqlarına, yerləşdirdikləri foto və videolara görə heç bir məsuliyyət daşımırlar və eyni zamanda bloq fəaliyyətini tənzimləyən qanunvericilik bazası da yoxdur. Bir sıra dövlətlər, məsələn, İran və Çin kimi müəyyən məhdudiyyətlər nəzərdə tutsa da, hətta Twitter, Facebook kimi sosial şəbəkələrə, habelə Youtube girişə qadağalar qoysa da, bu, vəziyyətdən çıxış yolu deyil. Dünyanın bir çox inkişaf etmiş ölkəsində İKT sahəsində qəbul edilmiş qanunlar bloqda yerləşdirilmiş pirat proqlamlarının qarşısını almağa çalışsa da elə ciddi uğurlara nail ola bilməyiblər. Başqa sözlə deyilsə, nəyi necə yazmaq bloq müəllifinin öz vicdanına qalır. Çoxları özlərini ifadə etmək, sosiallaşmaq üçün bloq yazmağı seçirlər. Bu ən rahat vasitədir. Texniki biliklər bloqçuluqda elə də böyük rol oynamır. Çox sadə bloqun ola bilər, onu izləyənlərin sayı bloqçunun yazılarının keyfiyyətindən asılıdır.

Müəlliflik göstəricilərinə görə aşağdakı bloq növlərini göstərmək mümkündür: 

1. Şəxsi bloq (personal, şəxsi) – bir nəfər tərəfindən, adətən bloqu yaradan müəllif tərəfindən idarə olunur;

2. Kollektiv və ya sosial bloq – müəllif tərəfindən müəyyən edilmiş bir qrup şəxs və ya moderatorlar tərəfindən konkret qaydalarla idarə olnur;

3. Koorporariv bloq – bir kompaniyanın əməkdaşalrı tərəfindən idarə olunur. 

Bloqların da müxtəlif növləri var və onları əsasən 5 tipə bölmək olar: yazı, foto, audio, mobil və internetin sürətinin artması ilə məşhur olan video bloqlar. Yazı bloqlarının özlərinin müxtəlif növləri var– siyasət, dəb, kompyuter, texnologiya və sair bloqlar. Foto bloqlarda peşəkar fotoqraflar və ya həvəskarlar tərəfindən müxtəlif kateqoriyalarda şəkillərini əlavə edirlər. Bu bloqlarda dizaynda əsasən şəkillər əsas yer tutur. Audio bloqları digər adı podcast ilə daha çox tanınır. Burada bloqçu qeyd etdiyi müsahibəni, musiqini və ya remixi saytında yerləşdirir. Bunu da RSS formatında və ya XML ilə digər proqramlar üçün verir ki, bu proqramlar podcast-e əlavə edilmiş səsləri qeyd edir və onlara sonra qulaq asmaq olur. Mobil bloq isə ancaq wap versiya olur və belə bloq daha sadə dizaynda qurulur. Mobil bloqlarda bloqun açılması, yazılar və ya digər informasiyaların əlavə edilməsi wap saytdan mümkündür. Belə növ bloqlarda e-mail, sms və ya mms yolu ilə şəkil, video və yazı əlavə edilir. Wap bloqlar o qədər məşhur olmasa da Azərbaycanda 3G-nin geniş yayılması nəticəsində bu tip bloqların artacağı gözlənilir. 

2002-ci ildə özünün ilk bloqunu yaradan və bu günə qədər də bloqlar üzrə tanınmış ekspert hesab edilən Derren Rauz özünün internetdəki “PorBlogger” jurnalında bloqlarda rast gəldiyi 20 növ məlumat barədə danışır:

1. İnformasiya məlumatları - bu, məlumatın ən geniş yayılmış növlərindəndir. Məlumatın müəllifi özünün yaratdığı mövzu ilə bağlı informasiya paylaşır.

2. Xülasələr - məlumatın ən geniş yayılmış və çox tələb olunan növlərindən biridir. Əgər kimsə hansısa əmtəəni (məsələn, mobil telefon, komputer) almaq istəyirsə, o, artıq həmin malı əldə etmiş və bununla bağlı rəyini bölüşməyə hazır olan insanların rəylərini axtarır. Nəticədə, arqumentlərə söykənən müzakirə əsasında kifayət qədər aydın mənzərə yaranır.

3. Siyahılar - belə məlumatlar aşağıdakı formada olur: “On ən yaxşı…”, “Bir hadisənin yeddi səbəbi…”, “Beş sevimli…” və s. Belə məlumatlar oxucular arasında çox populyardır. Bloqların işlədiyi interaktiv rejim isə məlumatları korrektə etməyə və ona əlavələr etməyə imkan verir. Nəticədə, çox faydalı kontent-tərkib yaranır.

4. Müsahibə - bloqqerlər çox nadir hallarda hansısa ekspertin suallara cavablarını dərc edirlər. Bu adətən çoxlarına maraqlı olan, amma çox adamın dərin biliklərə sahib olmadığı mövzularla bağlı edilir. Bu tip təcrübə bloqqerə əlavə oxucular cəlb etməyə kömək edə bilər. Önəmlisi odur ki, suallar çox olmasın, eyni zamanda onlar düzgün formalaşdırılsın. Nəticədə, ona cavab verən insan həddən çox izaha ehtiyac olmadan mövzunu açıqlaya bilsin.

5. Keys (təlim və ya sadəcə tipik nümunə) - oxucular üçün maraqlı olan hansısa sualların real nümunələrdə araşdırılmasını nəzərdə tutur. Məsələn, bazarda daşınmaz əmlakın alınması zamanı ortaya çıxan problemlər təsvir olunur və onun həlli yolları göstərilir. “Keys”də əsas detal odur ki, onun mərkəzində uydurma deyil real hadisələr durur. Bu publikasiyanın məqsədi oxucuları həmin təqlid üçün nümunə vermək deyil, hadisələrin arzuedilməz inkişafından çəkindirməkdir.

6. Real insanların tarixçəsi - bu məlumat tipi keysə də oxşayır. Amma keysdə daha çox problem və onun həllinə diqqət yetirilirsə, burada hansısa şəxsin uğurları, həyat yolu və təcrübə tarixçəsi nəzərdən keçirilir. 

7. Məlumat-mənbə - internet hiperistinadlar sayəsində yaşadığından, bloqqerlər və sayt sahibləri kiminsə onların resursuna istinad etməklə məlumat yerləşdirilməsinə əhəmiyyət verirlər. İndiki halda söhbət ondan gedir ki, maraqlı internet resursu barədə məlumat əldə edən boqqer başqalarına həmin resurs barədə məlumat verir və mənbəni göstərir. Adətən sadəcə mənbəni göstərməklə kifayətlənmir, resursda yerləşdirilən mətni qismən və ya tam şəkildə dərc edirlər. Ən yaxşısı, bu mənbənin sizin şərhlərinizlə müşayiət olunmasıdır. Əvvəla, bu, bloqu oxuyanlara onlara ümumiyyətlə vaxt itirərək mənbəyə üz tutub-tutmamağın lazım olduğunu anlamağa imkan verir (xüsusən də, internet limitsiz olmayanda). İkincisi, çoxlarına onları hansısa resursa göndərən bloq sahibinin rəyi çox vacibdir. Üçüncüsü, texniki səbəb də var: bir çox axtarış sistemləri mətnlərin tam surətini çıxararaq, ancaq qısa bir hissəni saxlayırlar.

8. Problem barədə məlumat - belə məlumatlar xülasələrə çox oxşasa da burada diqqət hansısa məslənənin neqativ tərəfinə cəmləşdirilir, başqalarının köməyi və rəyi soruşulur.

9. Məlumatı müqayisə edə bilmək və seçmək imkanı - iki və ya daha artıq əmtəə, xidmət və ya qərar arasında seçim etmək məcburiyyəti yarandığı halda iki fikridən hansı həqiqətə daha çox uyğundur sualına cavab axtarır. Haqqında söhbət açılan məlumat-şərhlər vasitəsilə müzakirə aparan bloq oxucularının köməyi əsasında müəyyən qərara gəlməyə kömək edir.

10. “Qlobal bəyanat” - bu bəyanat çox zaman ümumi xarakter daşısa da, adətən qəti olur, amma müzakirə üçün yer saxlayır. Məsələn, o, gülməli ola və ya diskussiyaya çağıra bilər. Amma bir qayda olaraq, belə diskussiyaya kifayət qədər sərt nəzarət etmək və yönəltmək lazımdır. Çünki onun ilkin mənadan çox uzaq olan mənasız müzakirəyə çevrilə bilmə şansı vardır. Bundan əlavə, paylaşılan informasiyaya da diqqət etmək lazımdır ki, sonra qeyri-iradi şəkildə deyilən sözlərə görə peşmanlıq olmasın.

11. Ehtimal - “bu başqa cür də ola bilərdi…” silsiləsindən məlumat.

12. Araşdırma məlumatları – bəzi bloqqerlər ən müxtəlif mövzularla bağlı əsl araşdırma işlərini paylaşırlar. Adətən bu məlumatlar uzun olur və onların oxunması məlumatda işıqlandırılan məsələnin daha dərindən anlaşılmasına gətirib çıxarır.

13. Azad məlumat - belə məlumatlar özündə eyni zamanda araşdırma və istinad məlumatlarının detallarını ehtiva edir. Bloqqer hansısa məlumata istinad verir. Amma bu zaman təkcə özünün deyil, digər şəxslərin də ümumiləşdirilmiş – nəticə formasında rəyini bildirir.

14. Proqnozlar və yekun vuran məlumatlar -hər bir şəbəkə istifadəçisi çoxsaylı bu tip məlumatlarla rastlaşıb. Məsələn, yeni il ərəfəsində geridə qoyulan ilə yekun vurulur, növbəti il üçün proqnozlar verilir.

15. Tənqidi məlumatlar - söhbət özündə digər şəxslərə tənqid və təklifləri ehtiva edən məlumatlardan gedir. Bu cür məlumatların məqsədi başqalarına hücum deyil, digərlərinin aqressiv hücumlarının qarşısının alınması və yaxud doğrunu ortaya çıxarmaq ola bilər.

16. Mübahisələr - ən rəngarəng məlumatlar mübahisələr olur. Geniş müzakirə etməyin mənası olmasa da, təkcə onu qeyd etmək olar ki, həm bolqqerlər öz aralarında, həm də digər şəxslərlə mübahisə edə bilərlər. Düzdür, heç də həmişə mümkün olmasa da mübahisəni dayandırmaq üçün bütün opponentlərin marağını nəzərə alan məlumat yerləşdirmək kifayətdir.

17. Hipotezlər – müəyyən məsələ ilə bağlı fərziyyələrin müzakirəsini nəzərdə tutur.

18. İstehza tutumlu məlumatlar - elə bloqçular var ki, satirik və eyni zamanda kinayəli yazırlar və adətən onların oxucularının sayı çox, onların bloqu isə məşhur olur. Bəzi bloqqerlər isə ən adi şeylər barədə yumorla yazırlar. Belə bloqlara çoxsaylı məlumatlar daxil olur və nəticə etibarilə onların reytinqini artırır.

19. Oxucuları fəaliyyətə səsləyən layihələr haqqında məlumatlar -məsələn, səsvermə, sorğu, qaliblərin seçilməsi və s.

20. Yenə də sərbəstsən - yəni bu siyahını yekun siyahı saymaq olmaz. Həyatda məlumatların ən müxtəlif formalarına rast gəlinir. Lakin göstərilən klassifikasiya bloqu rəngarəng etmək baxımından yardımçı ola, onu oxucular üçün daha cəlbedici edə bilər (McQual, 2002).

Bloqlara dırnaqarası baxanlar onu da nəzərə almalıdırlar ki, bloqlarda Amerika prezidentindən tutmuş, Hollivud ulduzları, dövlət adamları, biznesmenlər, həkimlər, müəllimlər, sadə insanlar, bir sözlə, hər kəs yazır. Məsələn, Hollivud aktyoru Alec Baldwin ABŞ-ın ən çox oxunan Huffingtonpost İnternet qəzetində iqtisadiyyat, siyasət, öz sahəsində və bütövlükdə hər mövzuda yazı yazır. Bu internet qəzetdə o ən çox izləyənləri olan bloqqerlər arasında 6-cı yerdədir. Və ya tanınmış tennisçi Anna Kurnikova öz fəaliyyəti haqqında bloqunda özü yazır. Bundan əlavə onun video bloqu da var ki, onun iş və işdən kənar həyatı haqqında videolara baxmaq olar. İndiki zamanda internetə istiqamət verən bütün şirkətlərin demək olar ki, hamısının (Google, Yahoo, MSN və s.) bir bloq xidməti var və bloqlar internetin gələcəyinə ciddi şəkildə təsir edəcəyə bənzəyirlər. Dünyada bloq xidməti verən World Press, Blogger, Typepad, Huffington Post, TMZ, Business İnsider, Perez Hilton, Gizmodo, Mashable, Tech Crunch, Gawker kimi məşhur bloq saytları fəaliyyət göstərir.

Beynəlxalq səviyyədə gedən müzakirələrdə belə bir fikir ictimailəşməkdədir ki, bloqlarla jurnalistika arasında sərhədlər götürülməkdədir. “PR Week” nəşri ABŞ və Kanadanın 1500-dən çox bloqqeri arasında sorğu aparıb. Sorğuda iştirak edənlərin 52 faizi özünü jurnalist hesab edir. Bu amildən yararlanan bir çox Azərbaycan bloqqeri artıq özünü nəinki jurnalist, hətta ondan da qabağa gedərək “azad söz” tərəfdarı kimi qiymətləndirir.

Bloqların hüquqi bazası mövcud olmasa da bu məqamda bir sıra xatırlatmalar vermək yerinə düşərdi:

- 2006-cı ildə Buş ailəsini tənqid etdiyinə görə Vikram Buddhi adlı bloqqer həbs və məhkum edilmişdir.

- 34 yaşlı qadın Elişa Strom bloqunda Vircinya ştatında yerli gizli polis əməkdaşları barədə məlumatların yayılmasında təqsirli bilinmişdir.

- Corciya ştatının sakini Nil Horslinin müğənni Elton Cona ölüm arzusu ilə video çarxı internetə yerləşdirdiyinə görə həbs olunmuşdur.

Bu faktları sadalamaqda bloqqerlərin məsuliyyətini xatırlatmaqla yanaşı, jurnalistika ilə onun sərhədinin heç də çoxlarının düşündüyü kimi yaxın olmadığını vurğulamaqdır.

D. McQual bloqosferdan istifadənin 4 səviyyəsini müəyyən edir:

“ 1.Verilmiş açar sözlərlə bloqosferanın monitorinqinin aparılması;

2. Blogger relations. Bloqçular və istifadəçilərlə qarşılıqlı münasibətlərin yaradılması;

3. Şəxsi bloqların yaradılması və inkişafı;

4. Bloqun bloqosferda marketinqi” (Kovach, Rosenstiel, 2001:58).

Bloq yaratmağa başlamazdan öncə bir faktı da yaxşı-yaxşı düşünmək lazımdır, bu bizim üçün ünsiyyətin yeni növüdür. Tanıdığımız, tanımadığımız, heç vaxt görmədiyimiz, heç vaxt görə bilməyəcəyimiz insanlarla ünsiyyət. Bloqun digər saytlardan başlıca fərqi bundadır. Biz öz gündəliyimizi başqaları ilə bölüşə bilərik, ona başqalarının qeydlərini, şərhini ala bilərik. Hətta özümüz onlarla müzakirə apara bilərik. Əgər bloqu yalnız bloq müəllifinin özü oxuyursa, bu tamam ayrı bir hadisədir, bloqçunun özü ilə ünsiyyətidir, deməli, müəllif gizli elektron gündəlik yazır. Ola da bilər bunu gələcəkdə kiməsə açacaq, yaxud da tamamlayıb yayacaq. Ən müxtəlif səbəblər ola bilər. Bəzən bloqu yalnız bəlli dostlara açırlar, yalnız müəyyən bir qrupun oxumasına icazə verirlər. Bu Qərb ölkələrində çox yayılmış haldır. 15-20 adam bir-birinin bloqunu oxuyur və heç kimi bu çevrəyə buraxmırlar. Bizdə bu ənənə yox dərəcəsindədir. Əksinə bloqqerlər “oxucu” üstündə mübarizə aparır ki, burada pis heç nə yoxdur və bunu normal qarşılayırlar. Çünki, əksər bloqçuların məqəsdi öz fikirlərini daha çox adama yaymaqdır.

Bloqların aşağıdakı növlərini ayırırlar: 

Fərdi- internet üzərindən fərdi olaraq yaradılan, ümumi və ya müəyyən bir mərkəz nöqtəsi olan bloq növüdür. Böyük nisbətdə bloq müəllifinin adını və ya təxəllüsünü daşıyır. Yazarın fərdi gündəliyi olmaq xaricində gündəmi müəllifin qələmi ilə əks etdirdiyi bir mühit hesab etmək olar. Bu cür bloqlar təcrübəsi olmayan şəxslərin belə istifadə edə biləcəyi və səhifələrini təşkil edə biləcəyi quruluşdadır və daha çox gündəlik olaraq istifadə edilir. Müəlliflərin gündəlik həyatda yaşadıqları hadisələri, qarşılaşdıqları vəziyyətləri oxucuları ilə paylaşmasını təmin edir. Bloqlarda ən çox rast gəlinən növdür. Fərdi bloqlar son dövrdə olduqca geniş yayılmmışdır.

Tematika üzrə - yalnız müəyyən bir sahədə yazıların yerləşdirildiyi, müəyyən bir mövzuda mütəxəssislərin yazdığı və təşkil etdiyi bloqlardır. Siyasət, ticarət, yemək, internet, iqtisadiyyat, dizayn, fotoşəkil, proqramlaşdırma dilləri, blogger mövzuları və bənzəri mövzularda fokuslanmış bloqlar var. 

Birlik - üzvlük sisteminə sahib olan və bu üzvlərin yazıb göndərdiklərindən meydana gələn bloglardır. “Community” olaraq da adlandırılan bu növdəki bloqların çoxu öz serverlərindəki bloq proqramını istifadə etməkdədir. 

Təşkilati - şirkətlərin özləri ilə əlaqədar xəbər və elanlarını daha səmimi bir şəkildə xalqa açdıqları bloqlar dünyada və iş həyatında gedərək əhəmiyyət qazanmaqdadır. Azərbaycanda, az sayda olsa da, bəzi idarə və təşkilatlar şirkət bloqlarını xidmətə təqdim etməyə başlamışdır. Ən məşhur şirkət bloqlarını tutan Microsoft işləyənlərin, səmimiyyətlərinə inandırmaq üçün müxtəlif məqamlarda rəqib firmaların məhsullarını da tərifləməkdə, reklamını etməkdədir.

Bloqosfera müəyyən mənada insanlar arasında sosial əlaqələr yaratmaq və saxlamaq üçün sosial şəbəklərin funksiyasını yerinə yetirə bilər. Bloq müəllif və bloqlarda şərh edən şəxslərin çoxu bunu sırf maraqlı insanlarla ünsiyyət naminə və öz auditoriyalarını genişləndirmək üçün istifadə edirlər. Bloq vasitəsilə müəllif özünün fikir, ideya və yaradıcılığını bölüşə bilər. Bloq eyni zamanda, müəllifin şəxsiyyəti haqqında məlumat verir. Bloqa həmçinin istifadəçilərin problemlərini bölüşmək, insanların dəstəyini, məsləhət almaq vasitəsi bir növ psixoterapiya kursu kimi baxırlar. Bir çox bloq sistemləri 100-150 nəfər daimi oxucunun olmasına icazə verir. Mütəxəssislərdən biri bunu “yüz əlli” qanunu ilə izah edir. Deyilənə görə, bu qədim bir inamla bağlıdır. 150 nəfərdən artıq adam bir yerdə yaşayanda bir çox xalqlar yaşayış məntəqəsini - icmanı bölürmüş. İndi də böyük şirkətlər 150-dən çox əməkdaş olarkən onları bölür. İnanırlar ki, bunda fayda var daha çox adnın canlı ünsiyyəti çətindir deyə. Bəzən bloqqerlər də 100-150-dən çox daimi oxucunu keçmək istəmir. Amma bu hamıya aid deyil. Əksəriyyət bloqçular oxucu ümmanlarına qovuşmağa çalışır və bunun üçün əziyyət çəkir. Bu halda bloq ayrı bir xarakter alır, sanki bir KİV-ə çevrilir.
Ünsiyyətin yeni növü olan bloq jurnalistikasının ən önəmli üstünlüklərindən biri odur ki, bloqqerin üzərində redaksiya öhdəliyi, iş qrafiki, səhifə məhdudiyyəti yoxdur. Ondan heç kim heç nə tələb etmir, hətta yazmaya da bilər. İstədiyi vaxt yazmır da. Bloqçu həm də özünün baş redaktorudur, hər hansı bir məlumatı istədiyi kimi yaza bilir. Lakin bu qədər böyük sərbəstlik heç də pis deyil, əksinə məhz bu hal bloqçuluğu önəmli edir, onu hər yana yayır, nəticədə hər yerdən bloqçuların səsi gəlir. Bəzən peşəkar KİV-in əli hadisə yerinə çatana kimi bloqçu artıq oradan xəbələr verir. Buna xeyli nümunə götərmək mümkündür. Məsələn, Bombeydə terror aktı baş verəndə hadisənin mahiyyəti barədə doğru xəbərləri dünya mətbuatı yerli bloqçulardan, daha dəqiq desək, sms-lə yenilənən Twitter bloqqerlərindən almış oldu. Xüsusən də, yeni media vasitələrinin yaranması və inkişafı bloqçuluğa yeni spesifik KİV olma yolunda güc verir. İndi az qala hamının əlində video və foto çəkmək imkanı olan mobil telefon, rəqəmsal avadanlıqlar var. Böyük əksəriyyət ictimai əhəmiyyətli hadisəni qeyd edib internetdə yerləşdirə bilər, özü də nəyisə bacarmayanda ətrafdakıların köməyi ilə bu işi başa çatdıra bilər. Nəticədə ictimai əhəmiyyət daşıyan vacib bir faktın üstünü açmış olar. Bloq yazmaq artıq peşəkar jurnalistikanın yol yoldaşına çevrilir. Bütün bunlar müasir dövrümüzün səhnəsinə yeni bir media növü çıxara bildi. Bu elə “yeni media jurnalistikası”, yaxud “xalq jurnalistikası” adlanır. Bloqçuluq yeni media jurnalistikasının əsasını təşkil edir.


Blog As a Modern Genre of Journalism 



Abstract 

In the article author looks through genre problems in the structure of national media, development of it’s arising and history. And author looks through genre problems in the structure of national media and blog journalism and to transport them to the world community about the possibility of expanding the role of the internet in our country is about.

Key words: blogger relations, Wap, WEB2, blog, World Press, journalism, internet, mass-medida, net, technology, electron daily.


Блог Как Современный Жанр Журналистики 

Резюме

Автор в статье рассматривает проблемы жанров, их образование и историческое развитие в национальной медиа сруктуре. Так же автор анализирует особенности развития современного блога журналистики, его технические аспекты и роли интернета в распространении реалий Азербайджана мировому сообществу.

Ключевые слова: блог, журналистка, жанр, медиа, СМИ, функция, веб, технология, сеть, блогосфера.




Ədəbiyyat siyahısı: 

Azərbaycan dilində 

1. Babayev, Z. (2004). Jurnalistikada kompüter texnologiyasının kompleks tətbiqi. Bakı. 

2. Quliyev, N. (2008). Elektron imza, elektron kommersiya. Bakı. 

3. Vəliyev, Ş. Babayev, Z. (2007). Azərbaycanda internet jurnalistikası: tarixi, perspektivləri. Bakı. 

4. Mehdiyev, F. (1995). Mətbuat janrları. Bakı. 

5. Məmmədli, C. (2003). Müasir junalistika. Bakı. 


Rus dilində 

6. Гавра, Д.,П. (2000). Эффективность коммуникационных источников, Санкт Петербург. 

7. Тертычный, А.А., (2002.) Жанры периодической печати. Москва. 

8. Ученва, В.В. (1982.) Метод и жанр: диалектика взаимодействия. Москва. 

9. Шибаева, Л., (2007). Жанры в теории и практике журналистики. Москва. 


İngilis dilində 

10. McQual, D. (2002). Sociology of mass communications. Washington. 

11. Rowse, D. ProBlogger. http://www.problogger.net

12. Kovach, Bill, Rosenstiel, Tom. (2001). The elements of journalism: What newspeople should know and the public should expect. Washington. 


İnternet resursları 

13. Brenna, E. Look Who’s Blogging [STATS] // Mashable /Social Media/ 2015. 4 June / http://mashable.com/2010/06/04/look-whos-blogging-st...

14. Блоги заменят СМИ? http://russia.blog.nimbuzz.com/2010/04/23/blogi-zame...

15. Глазычев, В. Джинн Интернета // Русский журнал. 2015. 19 нояб. /http://www.russ.ru/Mirovaya-povestka/Dzhinn-Internet...

16. Гражданская журналистика на службе интересов общества. https://lenta.ru/articles/2005/05/17/blogs/ 

17. Мирошниченко, А. Когда же умрут газеты – II. Осталось 20 лет // Slon.Ru. 2010. 1 апр. / http://slon.ru/blogs/miroshnichenko/post/345180

18. Слуцкер, В. Правовое регулирование СМИ в интернете // Lenta.Ru. 2015. 12 нояб. / http://lenta.ru/conf/smi.

Комментариев нет:

Отправить комментарий