воскресенье, 17 апреля 2016 г.

Müsahibənin janr xüsusiyyətləri



Günel İsgəndər qızı Orucəliyeva
BDU, “Jurnalistika” Elmi-tədqiqat laboratoriyasının elmi işçisi

Janrlar sistemi müəyyən bir problemi müxtəlif rakurslardan işıqlandırmaqda müəllifin ən önəmli yardımçı vasitələrindən biridir və o müəllifə özünüifadə üçün xüsusi imkan yaradır. “Janr müəyyən bir qəlibdir, yaradıcı jurnalistin öz mövzusunu bu qəliblərin hansında gerçəkləşdirəcəyi bu mövzudan və müəllifin mövzuya yanaşma tərzindən asılıdır” [2, s.203]. Bu sistemdə müsahibə janrı xüsusi əhəmiyyət kəsb edir. Müsahibə bacarığı jurnalistikanın əsasını təşkil edən kriteriyalardan biridir.
Müsahibə həm bir informasiya toplamaq metodudur, həm də tək başına jurnalistikada xüsusi yeri olan bir janrdır. Elə buna görə də jurnalist olmağa qərar vermiş insanlar müsahibə aparma və yazma qaydalarını da bilməlidir. Müsahibə nə deməkdir? “Ərəbcə “iki tərəfin söhbəti” mənasını verən “müsahibə” sovet jurnalistika nəzəriyyəsində iki mənada işlədilirdi: fakt toplama metodu və janr”. [4, s.48] Metodoloji mövqedə duranlar müsahibəyə fakt toplama, janr mövqeyində duranlar isə öz orijinal strukturu və formayaratma əlamətləri olan mətnin təşkili üsulu kimi baxırdılar. Bu yanaşmaların müəyyən üstün cəhətləri olsa da, əslində vahid yaradıcılıq prosesinin süni yolla iki hissəyə parçalanması demək idi.
Müsahibəni bir neçə qrupa ayırmaq mümkündür. Fakt müsahibəsində məqsəd müsahibin bildiyi faktlar haqqında ondan məlumat almaqdır. Müsahibə alınan insanın mütəxəssis olduğu mövzuda ondan bilgi alınması, həmin mövzuya münasibətin öyrənilməsi rəy müsahibəsidir. Misal verək: Xəzər dənizinin təbii ehtiyatları və onlardan istifadə imkanları haqqında bilgi almaq üçün bu sahə üzrə bir mütəxəssisə müraciət etmək lazım gələcək. Yaxud da qonşu ölkələrdən biri ilə diplomatik münasibətlərin gərginləşdiyi bir dövrdə bu gərginliyi analiz etməsi üçün həmin ölkədə daha öncə işləmiş keşmiş diplomatlara müraciət etmək daha məqsədə uyğun olacaqdır. Rəy müsahibəsi – demək olar ki, ən geniş yayılmış müsahibə formasıdır. Burada müsahib tanınmış siyasətçi və alim də ola bilər, heç kəsin tanımadığı, yoldan keçən bir adam da. Belə müsahibənin məqsədi konkret məsələ barədə respondentin fikrini öyrənməkdir. Üçüncü müsahibə növü isə məqsədi baxımından fərqlənir. Burada əsas məqsəd müsahibi tanımaq və oxuculara tanıtmaqdır. Məşhur bir müğənni, idman müsabiqəsində qələbə çalmış bir güləşçi, ölkə hakimiyyətinə iddialı olduğunu bəyan edən bir siyasətçi ilə keçirilən görüşlər bu növ müsahibəyə misal göstərilə bilər.
Qarşıdurma müsahibəsi – bu isə tamamilə başqa janrdır. Belə müsahibə çox vaxt hakimiyyət nümayəndələri ilə aparılır, onlar xalqa öz hərəkətlərini izah etmək məcburiyyətində qalırlar. Tənqidə məruz qalan şəxsə isə iradlara cavab üçün imkan verilməlidir, ancaq o da öz növbəsində ifşaedici amansız suallara cavab verməkdən ötrü hazır olmalıdır.
- Nəyə görə siz şəxsi məqsədləriniz üçün xidməti kredit kartından istifadə etmisiniz?
- Sizə korrupsioner deyirlər, buna necə cavab verərdiniz?
Hansı müsahibə növü olursa olsun, bir müsahibə əsnasında jurnalistin diqqət etməli olduğu bəzi qaydalar vardır. Bunlar, dəqiqləşdirilmiş, hər şeyi nizamlayan qaydalar deyil. Yenə də dünya təcrübəsində sınaqdan çıxmış bəzi qaydaları bilməkdə fayda vardır. Uğurlu bir müsahibənin birinci şərti, müsahib və onunla görüşülən mövzu haqqında geniş məlumata sahib olmaqdır. Bu məlumata sahib olmayan jurnalist müsahibiylə nə danışacağını, ona hansı sualları verəcəyini bilməyəcəkdir. Sual: Jurnalist niyə həmişə müsahibəyə hazırlaşmalıdır? Axı heç bir jurnalist toxunduğu problemi o işin mütəxəssisindən yaxşı bilməyəcək. Potansial müsahiblərin çoxunun vaxtı məhduddur. Rəsmi şəxslər adətən jurnalistlərə 5-10 dəqiqə zaman ayırırlar. Ancaq jurnalist toxunduğu məsələyə hazırlıqlı gedəndə, uyğun dövlət qurumunun daşıdığı vəzifələri bilir, özəl nəqliyyat şirkətləri ilə razılaşmalardan və onların öhdəliklərindən xəbərdar olur, bu yolla ictimaiyyəti maraqlandıran məqamlara aydınlıq gətirməyi bacarır və ictimaiyyətin inamını qırmır. Müsahibəyə getməzdən əvvəl hazırlaşmağın əhəmiyyəti budur. Jurnalist aşağıdakı sualların dəqiq cavabını tapmalıdır: “Müsahibə aparacağım insan kimdir? Niyə o insan mənim müsahibimdir?” Müsahib barədə xasiyyəti, nələri sevdiyi, nələrdən nifrət etdiyi haqqında müəyyən məlumatlara sahib olmaq da müsahibə əsnasında jurnalistə kömək edəcəkdir. Bundan sonra suallar tərtib edilə bilər.
Sualları tərtib etməyə başlayan jurnalist özü üçün müəyyən etməlidir ki, bu müsahibə necə olacaq, nə barədədir və hansı məqsədlə aparılır. Sualların qoyulması çox vaxt reportyorun özünün marağından irəli gəlir: Mən bunu öyrənmək istərdim, bu mənim dinləyicilərim, tamaşaçılarım, oxucularım üçün maraqlı ola bilərdi. Müsahibənin suallarını üç amil üzrə təhlil etmək olar: Əvvəlcədən hazırlanmış, alternativ suallar və gözlənilməz suallar. Müsahibənin mayasını söhbəti başlayan, onun tərkibini təşkil edən və onu başa çatdıran əvvəlcədən hazırlanmış suallardır. İkinci amil əvvəlcədən hazırlanmış alternativ suallardır və bunların prinsipi belədir: əgər müsahib belə cavab verərsə, mən ona bu sualı verəcəyəm, əgər başqa cür cavab versə, onda bu-bu-bu şeyləri soruşacağam. Üçüncü – gözlənilməz, söhbətdən doğan suallar. Bu, müsahibənin demək olar ki, ən mürəkkəb anıdır. Əvvəlcədən hazırlanmış suala siz birdən gözləmədiyiniz cavabı alırsınız və bu sizdən ani reaksiya tələb edir. Müsahibə prosesində gözlənilməz şeylərə həmişə hazır olmaq lazımdır. Müsahibədə qəfil dönüş söhbətin ən maraqlı yeridir. Məhz bu vaxt söhbət gözlənilməz xarakter alır, atmosferi yumşaldır, yaxud, əksinə, hissləri qızışdırır.
Hər bir sual ancaq bir aspektdə nəzərdə tutulmalıdır. İki sualı birdən verərkən siz müsahibə obyektinə imkan yaradırsınız ki, özü üçün münasib olmayan cavabdan “qaçsın” və iki sualdan ancaq birinə cavab versin. Sual təsdiq yox, sual formasında verilməlidir. Onun forması müsahibə obyektinə imkan verməlidir ki, o, düşündüyünü, duyduğunu və ya keçirdiyi hissləri ifadə edə bilsin. Buna görə də “bəli” və “xeyr” kimi yeknəsəq cavablara imkan verməmək üçün sualları bacardıqca açıq saxlamaq lazımdır. Kiməsə mənasız görünə bilən suallar, əslində, çox vaxt ən gözlənilməz, dərin mənalı və maraqlı suallara gətirib çıxarır. Belə suallara aşağıdakıları misal olaraq gösətərə bilərik:
- Nə hiss edirsiniz?
- Nəyi nəzərdə tutursunuz?
- Siz bunu necə təsəvvür edirsiniz?
- Siz indi nə etmək istəyirsiniz?
Suallar bitərəf olmalıdır. Ancaq bu vaxt müsahibə obyekti cavab verə bilər və söhbətin mərkəzində dayanar. Reportyorun şəxsi fikri ilə bəzənmiş sualları söhbətin mərkəzinə onun özünü gətirir. Reportyor sualları tərtib edəndən sonra kiçik bir test keçirmək gərəkdir. Müsahibə obyekti qoyulmuş suallara cavab verə bilərmi, o bu sahə bərədə bir şey bilirmi, baş verən hadisə ilə bağlı o, məsuliyyət daşıyırmı? Müsahibəyə hazırlığın üsullarından biri tərtib olunan sualları özünə verməkdir. Jurnalist bu suallara cavab verə bilirmi? Bu sadə test keyfiyyətli müsahibə aparmağa imkan verən yeni alternativ suallar tapmağa məcbur edir. Əgər müxbir sualları öz üzərində yoxlamaq istəmirsə, onda sualları həmkarına, yaxud dostuna verə bilər. Öz həmkarları ilə müsahibə keçirmək qəfil hallara hazırlaşmaq üçün gözəl üsuldur. Bu həm də reportyora verdiyi sualların aktuallığına və doğruluğuna əmin olmaq imkanı verir.
Müsahibənin uğurlu alınmasının başlıca şərtlərindən biri sualların düzgün formalaşdırılmasıdır. Sualların bu növləri ola bilər:
1. müsahibədə tutduğu yerə görə: başlanğıc sualları; əsas hissənin sualları; yekunlaşdırıcı suallar.
2. formasına görə: açıq və qapalı suallar;
3. mətləbə görə: birbaşa və dolayı suallar;
4. funksiyalarına görə: əsas suallar, əlavə suallar və s.
Jurnalistin müsahibə üzərində işləyərkən buraxdığı on “nöqsan”ın siyahısı belədir:
- Bir kəlməlik cavablara (bəli – xeyr) imkan verən suallar
- Sual əvəzinə təsdiq cümləsi
- Bir dəfəyə iki sual
- Həddən artıq yüklənmiş suallar
- Cavaba istiqamətləndirən suallar
- Sualın içində şərh və məsələyə şəxsi qiymətini vermək
- Sualda təxminlər və uydurmalar
- Sualda şişirtmə
- Sualda kimisə qaralamaq
- Başa düşülməsi çox çətin olan suallar
Yadda saxlamaq lazımdır ki, müsahibə bu və ya digər məsələnin mürəkkəb aspektlərini işıqlandırmalı və izah etməlidir, dinləyiciləri, tamaşaçıları və oxucuları respondentin hissləri və təəssüratı ilə tanış etməlidir, faktları və rəqəmləri maraqsız şəkildə saymaqla məşğul olmamalıdır. Çox vaxt jurnalist özü daha mürəkkəb və ağıllı görünən suallar hazırlamaqla vəzifəsini çətinləşdirir. Çoxları belə hesab edir ki, onlar tanınmış və təcrübəli jurnalistdirlər və buna görə də sadəlövh və adi suallar verməməlidirlər. Məsələn, nə üçün bu yaxınlarda qeyri-adi, mühüm və maraqlı hadisənin iştirakçısı olan adama “Hə, necə oldu?” sualını verməklə müsahibəyə başlamaq mümkün olmasın? Elə indicə azad olunmuş girovdan, məhkəmə zalından sərbəst buraxılmış dustaqdan, seçkilərdən qalib çıxmış siyasətçidən, qaçışda uduzmuş idmançıdan bu sadə sualı soruşarkən onlar tamaşaçı, dinləyici və oxucu üçün maraqlı ola biləcək hisslərindən, keçirdikləri həyəcandan danışa bilərlər. Bu sualı müxtəlif cür qoymaq olar, onu hətta montaj vaxtı atmaq da mümkündür. Əsas məqsəd hadisə haqqında emosiyaya və qəfil yaranan söhbətə nail olmaqdır.
Digər sadə sual isə “Nə üçün?” ola bilər. Bu sualı cəmiyyətdə müzakirə doğuran hansısa bir qərarın qəbul edilməsi üçün məsul olan şəxsə vermək olar. Nə isə maraqlı və mühüm bir hadisə baş verərkən hamı maraqlanır ki, bu hadisə nə üçün və necə olmuşdur. Buna görə də bu iki sual söhbəti başlamaq üçün münasib sayıla bilər. Söhbəti tamamlamaq üçün gələcəyə istiqamətləndirilən “İndi siz nə etmək istəyirsiniz?”, “Bundan sonra hansı addımı atacaqsınız?” və s. sualları vermək olar. Qəribə də olsa, sadə sualların qoyuluşu, adətən, ən təcrübəli və cəsarətli jurnalistlərə xas olan keyfiyyətdir. Yaxşı hazırlanmış müsahibədə onu xronoloji qaydada və ya məntiqi qanunlara görə inkişaf etdirən bir neçə əsas sual olur. Belə suallar müsahibənin mayasını, onun dramaturji əsasını təşkil edir. Lakin bununla yanaşı, sonrakı və ya alternativ suallar da mövcuddur. Müsahibin cavablarından asılı olaraq bunlar dəqiqləşdirici, şərhedici və etiraz xarakteri daşıya bilər. Sonrakı uyğun sualları vermək və müsahibəni canlandırmaq üçün reportyorun dinləmək bacarığı olmalıdır. Müsahibəyə hazırlaşmaq, öz suallarını tərtib edib yazmaq işin yarısıdır. Öz müsahibini dinləmək bacarığı uğurlu müsahibənin ikinci yarısıdır. Söhbət təkcə cavabların faktiki məzmunundan deyil, həm də müsahibənin emosional tərəfindən gedir. Əgər müsahibin qanı qaradırsa, ləng və sakit danışırsa, jurnalist də öz ahəngini və sürətini ona uyğunlaşdırmalıdır. Və əksinə, olimpiya oyunlarının qalibi ilə pıçıltıyla danışmağa dəyməz. Jurnalist müsahibinin cavabları və əhvalına uyğun hərəkət etməlidir. Müsahibə götürərkən həmişə ehtiyatlı olmaq lazımdır: Əgər qiymət verilən və kiminsə şəxsiyyətinə toxunan cümlə işlədilirsə, bunları cavabsız qoymaq olmaz. Reportyor vaxtında etirazını bildirməli və ya belə rəyləri izah etməlidir. Auditoriyaya aydın olmayan ifadələr və anlayışlar başa salınmalıdır. Müsahibə aparan jurnalist bəzən söhbətin istiqamətini və üslubunu dəyişməli olur. Əgər müsahib özünə rəğbət qazandırmağa, özünü şəraitin təqib olunan qurbanı kimi göstərməyə çalışırsa, bu zaman reportyorun müsahibəni ittiham ruhunda aparması düzgün deyil. Yenə də çox şey müsahibi dinləmək bacarığından asılıdır.
Respondent çox zaman xahiş edir ki, efirə buraxılmaq üçün hazırlanmış müsahibənin mətni və ya lenti ilə tanış olmasına imkan verilsin. Bu xahişi yerinə yetirmək praktiki olaraq mümkün deyil. Çox vaxt söhbətin mətni, yaxud lenti ilə tanış olmasını vəd etdiyiniz adam bu vədi müsahibənin efirə verilməsini dayandırmaq hüququ kimi başa düşür. Əslində, onun belə bir hüququ yoxdur! Nəyin dərc olunacağına və ya efirə buraxılacağına qərar verən yeganə şəxs mətbu orqanlarda məsul naşir, radio və televiziyada isə məsul buraxıcıdır. Bu hüquq heç bir şəkildə respondentə verilə bilməz. Reportyor müsahibə obyektinə heç vaxt yalançı ümidlər üçün əsas verməməlidir ki, guya o, söhbətin mətnini və ya lentini efirdən əvvəl bəyənib-bəyənməmək haqqına sahibdir. Əvvəlcədən şərtləşilməmişsə, söhbətə razılıq vermiş şəxsin müsahibənin efirə çıxmasını dayandırmağı tələb etməyə haqqı yoxdur. Dərc olunan və ya efirə gedən material üçün məsuliyyəti məsul naşir, yaxud məsul buraxıcı daşıyır. Həm reportyor, həm də onun redaksiyası yazılmış müsahibənin məzmununun mahiyyət etibarilə verilməsində maraqlı olmalıdırlar. Bəzi redaksiyalar özlərinin xüsusi qaydalarını işləyib hazırlayırlar. Bu qaydalar gizli çəkilişləri və səsyazmaları ciddi şəkildə məhdudlaşdırır. Əsas qaydalardan birində deyilir: “müsahibə obyekti çəkilişin başlanması və ya davam etməsi barədə xəbərdar edilməlidir. İstisnalara ancaq o hallarda yol verilir ki, vacib və mühüm şərait başqa şəkildə işıqlandırıla bilməsin”. [3, s.87]
Müsahibəni bu sözlərlə bitirməyə adət etmək məqsədəuyğundur:
-Söhbətdə heç nəyi unutmadıq ki?
- Mənim yeni suallarım yaranarsa, sizə yenidən müraciət etməm mümkündür?
- Siz başqa kimi tövsiyə edirsiniz?
Müsahibənin qələmə alınmasında isə heç bir təhrifə yol verməmək, müsahibin sözlərini olduğu kimi yazmaq peşə əxlaq qaydasıdır. Bu qaydanı nəzərə alaraq müsahibin fikirləri, müsahibin sözləri təhrif edilmədən oxuculara çatdırılmalıdır. Gənc jurnalistlərin əksəriyyəti müsahibələrdə öz düşüncələrini də ifadə etmə səhvinə yol verirlər. Unutmayın, oxucular sizinlə deyil, müsahibinizlə maraqlanırlar.
Müsahibə alanların əksəriyyətinin respondentlərin cavablarını stimullaşdırmaq, daha dolğun və dəqiq məlumat almaq məqsədi ilə istifadə etdiyi çox geniş yayılmış vasitələri göstərmək məqsədəuyğundur:
1. Razılıq ifadəsi (diqqətli baxış, razılıq əlaməti olaraq başın tərpədilməsi, təbəssüm, sözlə təsdiq etmək).
2. Qısa pauzalardan istifadə etmək.
3. Əsas sualı təkrar etmək.
4. Qismən razılaşmamaq. Misal: "Siz deyirsiniz ki,... Lakin çoxları başqa cür düşünür."
5. İzah tələb etmək. Misal: a) "Mənim üçün bu tam aydın deyil. Nəyi nəzərdə tutduğunuzu izah edə bilərsinizmi? b) "Beləliklə, Siz indicə dediniz ki;... Xahiş edirəm, dəqiqləşdirin".
6. Cavabın səhv təkrar etmək yolu ilə dəqiqləşdirilməsi. Məsələn, müsahibəni aparan: "Deməli, Siz fikir verdiniz ki, iş tapşırığı haqqında adətən mübahisələr yaranır". Respondent: "Xeyr, mən dedim ki, bəzən". Müsahibəni aparan: "Bağışlayın, görünür ki, yaxşı eşitmədim".
7. Cavablarda ziddiyyətin olduğunu göstərmək. Misal: "Siz bayaq dediniz ki,...İndi isə nəsə başqa şey qeyd etdiniz. Bəlkə mən sizi səhv başa düşmüşəm?"
8. Respondentin son sözlərinin təkrar etmək bu cür adlanan "əks-səda" metodu. Misal: respondent: "Mən bu müalicə kursunu altı ay ərzində qəbul etmişəm və halımın yaxşılaşdığını hiss etmirəm". Müsahibə aparan: "halınızın yaxşılaşdığını hiss etmirsiniz?"
9. Bitərəfliklə əlavə məlumat tələb etmək. Misal: "Bu maraqlıdır. Mən sizin bu haqda fikriniz barədə daha çox şey bilmək istərdim. Siz bunu daha ətraflı işıqlandıra bilərsinizmi?"
10. Son dərəcə müəyyən məlumatın tələb edilməsi. Misal: "Siz niyə məhz bu cür fikirləşirsiniz? Bu nəticəyə Siz necə gəlmişsiniz? Nə zaman?"
Respondentin cavablarının doğurduğu şübhənin və ya razılaşmanın hər dəfə səmimi ifadəsindən və ona bu haqda əlavə izahın verilməsindən sonra müsahibəni aparan özünün başa düşdüyünü, razı olduğunu, məmnun qaldığını, bəraətini qeyd etməlidir: "Bəli, bəli, Siz haqlısınız, indi mənə aydın oldu ki, Siz nəyi nəzərdə tuturdunuz. Bu çox maraqlıdır".

İstifadə olunmuş ədəbiyyat:
1. Mehdiyev F., Mətbuat janrları, B., 1995. 
2. Məmmədli C., Müasir jurnalistika, B., 2003. 
3. Тертычный А.А., Жанры периодической печати. М., 2002.
4. Ученва В.В., Метод и жанр: диалектика взаимодействия. М., 1982.
5. Шибаева Л., Жанры в теории и практике журналистики. M., 2007.
6. Virien F.H. La mediokratic. Paris. 1990.
7. Marill J. The Elite Press. N.Y. 1968.


Резюме 
Автор в статье рассматривает проблемы жанров в национальной медиа сруктуре, его образование и исторического развитие. Также, выделяет особенности развития современной журналистки, затрагивает жанровые вопрсы интервью.


Summary 
In the article author looks through genre problems in the structure of national media, development of it’s arising and history. Also, problems of development features of the modern journalism, genre and elements of interview are marked.

Açar sözlər: janr, jurnalistika, KİV, müsahibə, informasiya.
Ключевые слова: жанр, журналистка, СМИ, интервю.
Key words: genre, journalism, press, interview.

Комментариев нет:

Отправить комментарий