понедельник, 30 мая 2016 г.

M.Ə.Rəsulzadə “Yeni iqbal” qəzetinin əsas redaktorlarından biri kimi

Samir Xalidoğlu (Mirzəyev)
BDU, “Jurnalistika” elmi-tədqiqat laboratoriyası, elmi işçi

Azərbaycan mətbuatı zəngin tarixə malikdir. Bu tarixin hər bir dövrü, həmin dövrdə çıxan hər bir mətbu orqanın öyrənilməsi mühüm əhəmiyyət kəsb edir. Jurnalistika tariximizdə Birinci Dünya müharibəsi illərinin mətbuatı xüsusi çəkiyə malikdir. Bu zaman kəsiyi Azərbaycan milli hərəkatında mühüm dövrlərdən birini təşkil edir. Milli müstəqilliyə, Azərbaycan Xalq Cümhuriyyətinə aparan yol məhz bu illərdən keçir. Cümhuriyyətimizin elmi konsepsiyası əsasən sözügedən dövrdə meydana gəlmişdir. Müharibə illərinin jurnalistikası Azərbaycan xalqının milli şüurunun formalaşmasında, milli özünüdərkin meydana gəlməsində misilsiz rola malikdir. Müharibə dövründə nəşr olunan aparıcı mətbuat nümunələrindən biri “Yeni iqbal” qəzetidir.

“Yeni iqbal” 1915-ci il aprelin 27-də nəşri dayandırılan “İqbal” qəzetinin davamı kimi fəaliyyətə başlamışdı. “Yeni iqbal” gündəlik “türk qəzetəsi” idi və sistemli olaraq millətçilik, türkçülük ideyalarını təbliğ edirdi.

Bakıda Orucov qardaşlarının mətbəəsində Azərbaycan türkcəsində nəşr olunan “Yeni iqbal”ın
ilk nömrəsi 1915-ci il aprelin 28-də işıq üzü görüb. Qəzetin ilk redaktoru azadlıq mücahidi, milli istiqlal fədaisi Məhəmməd Əmin Rəsulzadə olmuşdur. Onun redaktəsi ilə qəzetin 19 sayı çapdan çıxıb. Rəsulzadə redaktorluğu dövründə Qars və Ərdahan qaçqınlarına yardım məqsədilə Bakıda və Azərbaycanın digər bölgələrində keçirilən tədbirlərin fəal iştirakçısı olmuş, xalqı da bu tədbirlərdə yaxından iştirak etməyə səsləmişdir. Təsadüfi deyil ki, onun bu istiqamətdə ardıcıl fəaliyyəti və kəskin siyasi ruhlu yazıları çar xəfiyyə orqanlarının diqqətindən yayınmamış, o, 1915-ci ilin ortalarında tutularaq bir ay yarım həbsdə saxlanılmışdır. Bu barədə qəzetin 24 may 1915-ci il tarixli 23-cü nömrəsində belə bir məlumata rast gəlirik: “Sər mühərririmiz Məhəmməd Əmin Rəsulzadə əfəndi mayın 19-da Bakı qradonaçalniki cənablarının əmrilə qradonaçalnik dəftərxanasında tovqif edilib həbsxanaya göndərilmişdir”. Buna bənzər digər informasiyaya “Bəsirət” qəzetinin 11 iyul 1915-ci il tarixli 53-cü nömrəsində rast gəlirik: “Təqribən bir ay yarım bundan əvvəl tovqif edilmiş olan “Yeni iqbal” qəzetinin sər mühərriri Məhəmməd Əmin Rəsulzadə cənabları tovqif edilmişdi. Neçə gün əqdəm mumiəleyh həbsdən azad edilmişdir. Hələlik mühərrir əfəndi bağda vəqt keçirir. Təkrar Bakı mətbuatında işləyib işləməyəcəyi məlum degildir”.

Azərbaycanda region televiziya kanallarının inkişaf meylləri

                     Günay Səmədqızı (Məmmədova)


        BDU, “Jurnalistika” elmi-tədqiqat laboratoriyası, elmi işçi


Azərbaycanın Kütləvi İnformasiya Vasitələrinin inkişafında region televiziya şəbəkələrinin formalaşması mühüm rola malikdir. Televiziya izləyicilərinin qəzet və jurnal oxuyucularına nisbətdə çoxluq təşkil etməsini nəzərə alsaq bölgələrdə KİV-in inkişafının dönüm nöqtəsini region televiziya kanallarının yaranması ilə əlaqələndirmək daha doğru təhlil olar. Azərbaycanda ilk region telekanal Gəncədə 1994-cü ildə açılan Kəpəz Müstəqil Teleradio Şirkəti olub. Televiziyada əvvəlcə musiqili-əyləncəli proqramlar hazırlanıb. 4 iyun 2008-ci ildə “Kəpəz” televiziyasının təşkilat- hüquqi forması dəyişdirildi. Yeni inkişaf dövrünə qədəm basan televiziyada birinci iş yayım keyfiyyətini yaxşılaşdırmaq və kanalı yeni müasir avadanlıqlarla təchiz etmək oldu. Daha sonra televiziyada fəaliyyət üçün istedadlı gənclər işə cəlb olundu. Efirdə yeni simalar, tamaşaçılara isə maraqlı verilişlər təqdim edildi. Bu gün efirdə cəmiyyətdə aktuallığını saxlayan mövzularla yanaşı, hüquq, səhiyyə, mədəniyyət və tariximizlə bağlı maarifləndirici xarakterli verilişlər də yayımlanır. Hazırda kanal gün ərzində 18 saat efirdə olmaqla bir-birindən maraqlı, 20 veriliş və gündəlik "Bu gün" informasiya proqramı ilə efirə çıxır. Nəzərdə tutulan bütün verilişlər birbaşa insanların şüuruna, onların dünyagörüşünə və mədəniyyətinə təsir edəcək şəkildə tərtib olunur.