понедельник, 30 мая 2016 г.

M.Ə.Rəsulzadə “Yeni iqbal” qəzetinin əsas redaktorlarından biri kimi

Samir Xalidoğlu (Mirzəyev)
BDU, “Jurnalistika” elmi-tədqiqat laboratoriyası, elmi işçi

Azərbaycan mətbuatı zəngin tarixə malikdir. Bu tarixin hər bir dövrü, həmin dövrdə çıxan hər bir mətbu orqanın öyrənilməsi mühüm əhəmiyyət kəsb edir. Jurnalistika tariximizdə Birinci Dünya müharibəsi illərinin mətbuatı xüsusi çəkiyə malikdir. Bu zaman kəsiyi Azərbaycan milli hərəkatında mühüm dövrlərdən birini təşkil edir. Milli müstəqilliyə, Azərbaycan Xalq Cümhuriyyətinə aparan yol məhz bu illərdən keçir. Cümhuriyyətimizin elmi konsepsiyası əsasən sözügedən dövrdə meydana gəlmişdir. Müharibə illərinin jurnalistikası Azərbaycan xalqının milli şüurunun formalaşmasında, milli özünüdərkin meydana gəlməsində misilsiz rola malikdir. Müharibə dövründə nəşr olunan aparıcı mətbuat nümunələrindən biri “Yeni iqbal” qəzetidir.

“Yeni iqbal” 1915-ci il aprelin 27-də nəşri dayandırılan “İqbal” qəzetinin davamı kimi fəaliyyətə başlamışdı. “Yeni iqbal” gündəlik “türk qəzetəsi” idi və sistemli olaraq millətçilik, türkçülük ideyalarını təbliğ edirdi.

Bakıda Orucov qardaşlarının mətbəəsində Azərbaycan türkcəsində nəşr olunan “Yeni iqbal”ın
ilk nömrəsi 1915-ci il aprelin 28-də işıq üzü görüb. Qəzetin ilk redaktoru azadlıq mücahidi, milli istiqlal fədaisi Məhəmməd Əmin Rəsulzadə olmuşdur. Onun redaktəsi ilə qəzetin 19 sayı çapdan çıxıb. Rəsulzadə redaktorluğu dövründə Qars və Ərdahan qaçqınlarına yardım məqsədilə Bakıda və Azərbaycanın digər bölgələrində keçirilən tədbirlərin fəal iştirakçısı olmuş, xalqı da bu tədbirlərdə yaxından iştirak etməyə səsləmişdir. Təsadüfi deyil ki, onun bu istiqamətdə ardıcıl fəaliyyəti və kəskin siyasi ruhlu yazıları çar xəfiyyə orqanlarının diqqətindən yayınmamış, o, 1915-ci ilin ortalarında tutularaq bir ay yarım həbsdə saxlanılmışdır. Bu barədə qəzetin 24 may 1915-ci il tarixli 23-cü nömrəsində belə bir məlumata rast gəlirik: “Sər mühərririmiz Məhəmməd Əmin Rəsulzadə əfəndi mayın 19-da Bakı qradonaçalniki cənablarının əmrilə qradonaçalnik dəftərxanasında tovqif edilib həbsxanaya göndərilmişdir”. Buna bənzər digər informasiyaya “Bəsirət” qəzetinin 11 iyul 1915-ci il tarixli 53-cü nömrəsində rast gəlirik: “Təqribən bir ay yarım bundan əvvəl tovqif edilmiş olan “Yeni iqbal” qəzetinin sər mühərriri Məhəmməd Əmin Rəsulzadə cənabları tovqif edilmişdi. Neçə gün əqdəm mumiəleyh həbsdən azad edilmişdir. Hələlik mühərrir əfəndi bağda vəqt keçirir. Təkrar Bakı mətbuatında işləyib işləməyəcəyi məlum degildir”.
Qəzetin redaktorları sırasında M.Ə.Rəsulzadənin özünəməxsus yeri və rolu var. 1913-cü ildə Romanovlar sülaləsinin 300 illiyi münasibətilə çar hökuməti əhvi-ümumi verdi və bu qərar siyasi məhbuslara da şamil edildi. Məhz bu fürsətdən istifadə edən Məhəmməd Əmin Rəsulzadə həmin ildə Azərbaycana, Bakıya qayıtdı. Rəsulzadə “Müsavat” partiyası sıralarına qatılaraq onun əsas söz sahibinə çevrildi. O, hələ Türkiyədə mühacirətdə olduğu illərdə yazıları ilə partiyanın ideologiyasına ciddi təsir göstərirdi. O, hər şeydən əvvəl firqənin “hümmətçilikdən millətçiliyə, islamçılıqdan türkçülüyə” doğru istiqamətlənməsinə çalışırdı. Rəsulzadəyə görə türkçülük ideyası başlıca olaraq türk millətinin dilinin, mədəniyyətinin, ictimai-siyasi həyat tərzinin yaxşılaşdırılması prinsiplərinə söykənirdi. Bu ideyanın meydana gəlməsi türk xalqlarının milli özünüdərk amilinin güclənməsilə bağlı idi. Rəsulzadə türkçülük ideyasının müxtəlif regionlarda yaşayan türk xalqlarının vahid dövlətinin yaranması – turançılıq kimi qeyri-real mənada başa düşmürdü. Onun fikrincə, türkçülük milli azadlıq uğrunda mübarizədə türk xalqları arasında sıx əlaqələrin yaranması zərurətindən doğmuşdu.

M.Ə.Rəsulzadə Bakıya qayıtdıqdan sonra diqqəti cəlb etməmək, polis nəzarətindən yayınmaq üçün bir ilə kimi müxtəlif sahədə çalışdı. Əslində siyasi fəaliyyətini dayandırmamışdı, gizli şəkildə davam etdirirdi. Bir müddət keçdikdən sonra o, “İqbal” qəzetində işə başladı. Bu dövrdə yazdığı məqalələrində türkçülük ideyaları əsas yer tuturdu. Amma onun həyatı yenə sakit keçmirdi. Qəzetdəki bir məqaləsinə görə hərbi senzura ilə aralarında ciddi toqquşma olmuş və Rəsulzadəni həbs etmişdilər. Lakin bu həbs uzun sürmədi və bir aydan sonra azadlığa buraxıldı. Təqiblərə, sıxma-boğmaya baxmayaraq o, tutduğu mübarizə yolundan dönmürdü. Xalqının azadlıq və istiqlaliyyətə çatacağı ümidi ilə yaşayırdı.

Ümumiyyətlə, Rəsulzadə 1914-1917-ci illərdə olduqca məhsuldar işləmiş, ictimai həyatın bu və ya digər sahəsinə aid çoxlu məqalə yazmışdır. Bu dövrdə çıxan qəzet və jurnallarda onun imzalarına çox tez-tez rast gəlinir. Yazdığı məqalələrin hamısı dolğunluğu, qaldırdığı məsələlərin kəskinliyi və vacibliyi ilə seçilirdi. O, XX əsrin millətlər əsri olduğunu yazır və milli tərəqqiyə, milli dirçəlişə hər şeydən çox diqqət yetirirdi. Rəsulzadənin Azərbaycan dövlətçiliyi, Azərbaycan xalqı qarşısındakı başlıca xidmətlərindən biri – türkçülüyün Azərbaycan ictimai fikrinə gətirilməsi bu dövrə təsadüf edir. O, vətənə qayıdan kimi türkçülük istiqamətində xeyli iş gördü. Belə ki, Rəsulzadə yazılarında “müsəlman” və “tatar” sözlərini “türk” sözü ilə dəyişməyə başladı.

Məhəmməd Əmin bu dövrdə çıxan mətbuat orqanlarında məqalələrlə çıxış etməklə yanaşı, həm də onların bir çoxuna redaktorluq edirdi. Onun redaktorluğunu etdiyi mətbu orqanlardan biri də “Yeni İqbal” qəzeti idi. Rəsulzadə 1915-ci il aprelin 28-dən (1-ci nömrədən) mayın 19-na qədər (19-cu nömrəyədək) qəzetin redaktoru olmuşdu. Bu müddət ərzində onun 11 məqaləsi çapdan çıxmışdı. O, bu yazıları “M.Ə.”, “M.Ə.Rəsulzadə”, “Məhəmməd Əmin Rəsulzadə” və “Niş” imzaları ilə dərc etdirmişdi.

Birinci Dünya müharibəsi Azərbaycanla Türkiyə arasında əlaqələrin güclənməsinə təkan verdi. İki qardaş xalq arasında yaxınlaşmaya səbəb olan amillərdən ən mühümü Türkiyənin Doğu bölgəsinin Rusiya işğalı altında olması, xüsusilə Qars, Ərdahan və Ərzurum vilayətlərinin rus-erməni qırğınına məruz qalması idi. Azərbaycanda fəaliyyət göstərən xeyriyyə cəmiyyətləri Türkiyənin Şərq vilayətlərinin müharibədən əziyyət çəkən əhalisinə sistemli şəkildə maddi və mənəvi yardım göstərirdilər. Çar hökuməti bu yardıma hər vasitə ilə mane olmağa çalışırdı. Lakin Azərbaycanın millətpərvər qüvvələri bu çətinliklərə baxmayaraq qardaşlıq köməyini əsirgəmirdilər. Bu məsələdə xüsusilə, “Cəmiyyəti-Xeyriyyə”nin fəaliyyəti diqqətəlayiqdir. Təşkilatın Bakıda yaratdığı xüsusi komissiya Qars, Ərdahan, Ərzurum və başqa əyalətlərə gedib müharibədən zərərçəkən yerli əhalinin ağır vəziyyəti ilə tanış olmuş və bu barədə mətbuatda ətraflı məlumat dərc etdirmişdi. “Cəmiyyəti-Xeyriyyə” hərbzədələrə kömək məqsədilə Bakıda və Qafqazın digər şəhər və rayonlarında davamlı olaraq tədbirlər keçirirdi. Təsadüfi deyil ki, Rəsulzadə də belə tədbirlərdən kənarda qala bilməzdi. O, qaçqınlara və hərbzədələrə kömək məqsədilə müxtəlif yerlərdə və məkanlarda keçirilən xeyriyyə marafonlarının fəal təşkilatçısı və yorulmaz iştirakçısı idi. Bundan başqa o, bu dövrdə yazdığı məqalələri ilə də xeyli iş görürdü. Bu məqalələrdə Rəsulzadə əhalini xeyriyyə tədbirlərində fəal iştirak etməyə, öz dindaşlarına və qardaşlarına yardım etməyə çağırırdı. Onun “Yeni İqbal” qəzetində çap olunmuş “Qardaş günü”, “Bu gün”, “Qardaş köməyinin əhəmiyyəti”, “Təbib köməyi gərək” sərlövhəli yazıları məhz bu qəbildəndir.

“Qardaş günü” adlı məqaləsində Rəsulzadə Qars və Ərdahan vilayətlərində cərəyan edən hadisələrdən, öz yurd-yuvasından didərgin düşənlərin ağır vəziyyətindən danışır. O bildirir ki, bu insanların əksəriyyətinin valideynləri, qohum-əqrabaları öldürülmüş, ev-eşikləri talan edilmişdir. Həmin “din və qan qardaşlarımız insanların anlaşılmaz vəhşətinə düçar olduqdan sonra indi də təbiətin amansız sınaqlarına, rəhmsiz xəstəliklərə giriftar olub, ölümlə cəngələş­mək­dədirlər” [5, s.155].

İndi onların yeganə ümidləri öz dinibir, qanıbir qardaşlarınadır. Rəsulzadə onlara kömək etməyi hamının qardaşlıq və vətəndaşlıq borcu sayırdı. O, əhalini Bakıda “Qardaş günü” adı altında təşkil olunacaq xeyriyyə tədbirlərində yaxından iştirak etməyə səsləyirdi: “Sabah (pəncşənbə günü) cəmiyyəti-xeyriyyə tərəfindən oğlanlı-qızlı cavanlar əllərində ianə cəbbələri, sinələrində “Qardaş köməyi” həmayili olduğu halda Bakının küçələrinə yayılacaq, Qars və Ərdahan səmtlərində fəlakətə uğrayan müsəlman qaçqınlar üçün kömək istəyəcəklər” [3, s.14].

Rəsulzadə qeyd edirdi ki, bu məsələdə milli mənsubiyyətə, məzhəb və cins ayrıseçkiliyinə yol verilməməlidir. Çünki ehtiyacı olanlara yardım etmək hər bir kəsin hər şeydən əvvəl insanlıq borcudur. O deyirdi ki, “bir məmləkət vətəndaşı olaraq yaşayan insanlar müxtəlif cins və milliyyətlərə tabe olsalar da, bu kimi xüsuslarda haman böyük Sədinin “Bəni-adəm əzai-yekdigərənd” düsturuna görə hərəkət etməlidirlər” [5, s.155].

Rəsulzadə bu məqaləsində maddi yardımla yanaşı məsələnin digər və daha önəmli tərəfini də qabartmağa çalışırdı. O qeyd edirdi ki, bu kimi tədbirlər müsəlmanlar üçün başqa mənaya da malikdir. Məhz bu tip yığıncaqlar müsəlmanların nə dərəcədə həmrəy, nə dərəcədə vətənpərvər olduqlarını üzə çıxarmalıdır. Ola bilsin ki, bu tədbirlərdə kifayət qədər vəsait yığılmasın, amma əsas olan odur ki, müsəlmanlar arasında həmrəylik, birlik var, onlar öz qardaşlarına kömək etmiş olurlar. Bu həmrəyliklə isə çox şeylərə nail olmaq olar. Rəsulzadə yazırdı: “Əvət, bizim Qars və Ərdahan fəlakətzədələrinə göstərəcəyimiz müavinət maddətən ehtimal ki, yüzdə bir ehtiyacları ödəməyəcək. Fəqət bu ianə mənən nə qədər böyük bir mənaya, ali bir tərbiyeyi-ictimaiyyəyə malikdir” [5, s.155].

Sonda müəllif bir daha üzünü həmvətənlərinə tutaraq bu haqda ciddi düşünməyi xahiş edir: “ey oxucu, sabahkı günə hazırlan, bütün səmimiyyətinlə bu günün əlamətini saqınmaqda olanları istiqbal et və nə verə bilərsən ver, ver ki, sənin bu qəpiklərinlə dul arvadlara əyin-baş, ac balalara əkmək alınıb yetimlərin göz yaşları silinəcək və ehsan edənlərə səmimi dualar olunacaqdır.

Qardaş, qardaş kəlməsi yəqinən səndə də tutulmaz bir hiss təvəllüd ediyor. İştə, yarın bu hissin aşsın, daşsın, həqiqi bir səmimiyyət nümunəsi göstərsin! Haydı, himmət göstərməyə hazırlan. Çünki:

Sabah qardaş günüdür!” [5, s.156].

Birinci Cahan savaşı dövründə Bakı Cəmiyyəti-Xeyriyyəsi tərəfindən mayın 7-si Qardaş köməyi günü elan edilmişdi. Qəzetlərdə, jurnallarda çıxan məqalələrdə bu günün məğzindən, əhəmiyyətindən söhbət açılır, əhali bu xeyirxah aksiyadan kənarda qalmamağa səslənirdi. Bu sahədə fəallıq göstərən publisistlərdən biri də heç şübhəsiz M.Ə.Rəsulzadə idi. Bu barədə o, “Bu gün” sərlövhəli məqaləsində yazırdı: “möhtərəm oxucu, bu gün səhər tezdən işinə gedərkən yolda bir əlində cəbbə, boynunda “Qardaş köməyi” yazılı həmayil, digər əlində də bəzi xırda rəsmlər dolusu bir səbət bulunan cavan qızlar və oğlanlara rast gələcəksən.

Bunları görüncə dayan, sənə təklif olunan o nişana bir diqqət et. Boyalı kiçicik bir kağız üzərində görəcəksən ki, səfil bir arvad tərsim olunmuş, arvadın gözləri acından çuxura düşmüş, üzündə bir vəhşət əsəri görünməkdə. Yanındakılara diqqət et. İştə, qucağında çırçıpraq bir bala, məmə uşağı, yanında ayaqyalın yırtığa bürünmüş digər iki səfil cocuq” [5, s.157].

Rəsulzadə göstərir ki, bu səfil arvad və uşaqlar da bir vaxt xoşbəxt və firavan dolanırdılar. Amma başlarına fəlakət enmiş, müharibə ilə üzləşmişlər. müharibə onların var-yoxlarını əllərindən almış, evlərini viran qoymuş, qohum-əqrabalarını pərən-pərən salmışdır. İndi bu insanların nə gedəsi yerləri qalmış, nə də yeməyə bir şeyləri. Onlar dilənçi gününə düşmüşlər və yalnız sizdən kömək gözləyirlər. Adını müsəlman qoyan, canında bir tikə də olsa insanlıq duyğusu olan hər bir kəs onlara kömək etməli, bu köməkləri ilə onları bir qədər də olsa müharibə ağrı-acısından uzaqlaşdırmalıdırlar. Müsəlman həmrəyliyini, qardaşlığını isbat üçün gözəl imkan ələ düşmüşdür. Çalışın bu imkanınızı əldən verməyin. Rəsulzadə yazır: “İştə, bu gün sizə rast gələcək ianəçilər sizdən istəyəcəklər ki, bugünki gündə qardaşlığınızı isbat edəsiniz. “Qardaş köməyi” üçün ayırdığınız sədəqənizi verəsiniz.

Əlbəttə ki, böylə ali və səmimi bir təklif müqabilində siz dayan­maya­caqsınız. Haman bir parça həmiyyət kəsbi çəksəniz və nə qədər imkanınız varsa, verəcək və müsəlmanların bir-birinə qardaş olduğunu isbat edəcəksiniz” [5, s.158].

Rəsulzadənin “Qardaş köməyinin müvəffəqiyyəti” adlı məqaləsi isə bu xeyirxah tədbirin yekunlarına aiddir. Burada müəllif yığılan ianələrin məbləğini göstərir, tədbirdə fəal iştirak etmiş şəxslərdən bəzilərinin adlarını çəkir. Müəllif bildirir ki, indi minlərlə, on minlərlə arvad, uşaq, qoca, cavan bu yardıma möhtacdırlar. Siz bu işi görməklə xeyli savab qazanmış olmusunuz. Yazıda o, bu tədbirlərdə iştirak edən hər kəsə öz dərin minnətdarlığını bildirir və bu xeyirxah işdən kənarda qalanlara da yaxşı-yaxşı fikirləşməyi tövsiyə edir.

Onun “Təbib köməyi gərək” sərlövhəli məqaləsində Qars və Ərdahan vilayətlərində əhalinin acınacaqlı vəziyyətindən söhbət açılır. Rəsulzadə yazır ki, orada camaat müharibənin ağrı-acısını unutmamış indi də qarşısı alınmaz xəstəliklərə mübtəla olublar. Həmin vilayətlərdə dava-dərman, həkim çatışmır. Buna görə də təcili tədbirlər görülməli, regiona lazım olan hər şey göndərilməlidir.

Bütün bunlarla bərabər Rəsulzadə “Yeni iqbal” qəzetində siyasi mövzuda da məqalələr yazırdı. Onun “Yaponiyanın qələbəsi”, “Məcburi qərardadlar haqqında”, “Duma intixabələri” başlıqlı yazıları bu mövzudadır. “Yaponiyanın qələbəsi”ndə müharibənin gedişindən bəhs olunur. Müəllif yazıdaYaponiyanın müharibəyə qoşulması və Avropa dövlətlərinin başını qarışıq görərək Çinin Almaniyaya məxsus torpaqlarını işğal etməsi haqqında oxuculara məlumat verir. “Məcburi qərardadlar haqqında” adlı məqaləsində isə Bakı Şəhər Dumasında qəbul edilən son qərarlar haqqında informasiya verir. “Duma intixabələri” yazısı da bu mövzudadır.

Rəsulzadə hesab edirdi ki, hər bir millətin tərəqqi və inkişafı o millətin mədəniyyətilə bilavasitə bağlıdır. Əgər hər hansı bir millətin mədəniyyəti, incəsənəti inkişaf edirsə, onda o xalqın tərəqqisi də yüksək olur. Ədibə görə “hər hankı millətin tərəqqi və təməddünündən bəhs edənlər o millət arasında rəvac bulan sənayei-nəfisəyə diqqət edir və məzkur xalqın nə kimi bədiyyələr vücuda gətirdiyi ilə hesablaşırlar” [5, s.144].

İncəsənət dedikdə, Rəsulzadə 3 şeyi nəzərdə tuturdu: şeir və ədəbiyyat, musiqi, nəqqaşlıq. Ədib “Bəstəkarımızın benefisi” sərlövhəli yazısında bu növlərin hər birinin hazırki vəziyyətindən bəhs edir və belə qənaətə gəlir ki, bizdə şeir və ədəbiyyat daha çox inkişaf etmişdir. Bu da mədəniyyətin bu növünə olan maraqla əlaqədardır. Amma musiqi və nəqqaşlıq bu səviyyədə deyil. Ədib bunun səbəbini bu növlərin uzun müddət gözdən salınmasında görür. Bu da daha çox din xadimlərinin “fəaliyyətinin” nəticəsidir. Onlar musiqini, xüsusilə də musiqinin Avropa şəkli olan opera və operettanın inkişafına hər vəchlə mane olmağa çalışır, əhali arasında onu nüfuzdan salmağa cəhd edirlər. Bütün bunlara baxmayaraq Rəsulzadə bildirir ki, artıq istər musiqinin, istərsə də nəqqaşlığın inkişafının qarşısını almaq mümkün deyil. Artıq Şərq aləmində də bu incəsənət növləri inkişafdadır və “uzun bir dövr inhitat keçirdikdən sonra bizə tərəf əsməkdə olan intibah və həyat nəsimi bu iki xüsusun da düşünülməkdə olduğunu göstərdi”. Bununla belə müəllif qeyd edir ki, “musiqi tərtibatının Avropa şəkli olan ədəbi opera və operetta xüsusunda məmaliki-islamiyyədən heç birisi daha qafqasiyalılar qədər irəliləməmişdir. Bu xüsusda biz İstanbulu da, Tehranı da keçmişiz” [5, s.144].

Rəsulzadə bu incəsənət növlərinin Azərbaycanda təşəkkül tapmasında və inkişaf etməsində Üzeyir bəyin xüsusi rolunun olduğunu önə çəkərək, onun bu yolda göstərdiyi səy və xidmətləri təqdir edir. Rəsulzadənin Ü.Hacıbəyli haqqında dediyi bu sözlər həqiqətən də çox mənalı və diqqətəlayiqdir: “Şübhəsiz ki, türk sənayei-nəfisə tarixini yazacaq olan müvərrix musiqi bəhsinə gəlincə, Qafqasiya türklərinə bir çox səhifələr ayırmalı və bu səhifələrin başında arkadaşımız Üzeyir bəy Hacıbəyov cənablarının fotoqrafını qoymalıdır” [5, s.144].

Ciddi məqalələrlə yanaşı Rəsulzadə mətbuat səhifələrində dərc etdirdiyi felyetonları ilə də şöhrət qazanmışdır. Onun “Niş” imzalı “Qurama”larına bir çox dövri nəşrlərdə, o cümlədən “Yeni iqbal”da da rast gəlmək mümkündür. Müəllif xalq həyatından götürülmüş əhvalatlar, nağıllar, lətifələr, zərb-məsəlləri dövrün müxtəlif ictimai-siyasi hadisələri ilə tutuşdurur, birbaşa deyə bilmədiyi fikirlərini satira dili ilə, ezop dili ilə bu yazılarında bəyan edirdi.

Ümumilikdə götürdükdə Rəsulzadə “Yeni iqbal” qəzetində uzun müddət fəaliyyət göstərə bilməyib. Bu da onun yazdığı yazıları, səsləndirdiyi ictimai-siyasi fikirləri, müsəlman-türk həmrəyliyi yolunda göstərdiyi fəal təşkilatçılığı nəticəsində çar hakim dairələri tərəfindən izlənilməsi və nəhayət, həbs edilməsi ilə bağlı idi.



ƏDƏBİYYAT SİYAHISI

1. Azərbaycan dövri mətbuatı. 1875-1990. Biblioqrafiya. Bakı: Azərnəşr, 1993, - 258 səh.

2. Azərbaycan mətbuat tarixi antologiyası (2 cilddə, II cild) Bakı, “Elm və təhsil”, 2011, - 440 səh.

3. Cəfərov N. Milli-ictimai fikir tariximizdən (1914 – fevral 1917) Bakı, Azərnəşr, 1993, - 80 səh.

4. Məhəmmədzadə M.B. Azərbaycan Türk mətbuatı Bakı, Bakı Universiteti nəşriyyatı, 2004, - 84 səh.

5. Rəsulzadə M.Ə. Əsərləri III cild, Bakı: “Elm”, 2012, - 596 səh.


Dövri nəşrlər

· “Bəsirət” qəzeti (1914-1920)

· “Yeni iqbal” qəzeti (1915-1917)



Summary


In the scientific article paying attention to publication history of the newspaper “Yeni igbal” (“New welfare”) (the 1915-1917th years) briefly and talked from journalistic activities of M.E.Rasulzadeh one of the main author and editor of newspaper. Problems dealt with in Rasulzadeh’s articles form the basis of investigation.

Key words: Azerbaijan press, newspaper of “Yeni igbal” (“New welfare”), editor, M.E.Rasulzadeh, article, turkism, war, refugees.


Резюме


В научной статье автор анализирует историю издания газеты «Йени икбал» («Новое благоденствие») (1915-1917 гг.) и обсуждается публицис­тическая активность одного из ведущих авторов и редакторов газеты М.Э.Расулзаде. Основой исследования является проблемы освещаемые Расулзаде в своих статьях.

Ключевые слова: Азербайджанская пресса, газета «Йени икбал» («Новое благоденствие»), редактор, М.Э.Расулзаде, статья, тюркизма, война, беженцы.

Комментариев нет:

Отправить комментарий