понедельник, 6 июня 2016 г.

Müasir mətbuatda araşdırma jurnalistikası haqqında

Günel İsgəndər qızı Orucəliyeva
"Jurnalistika" ETL, elmi işçi 

Jurnalistika daim inkişafda olan fəaliyyət sahəsidir. Ona görə də bu sferada çalışan kadrların peşə hazırlığı, onların nəzəri və təcrübi kamilliyi vacibdir. Hazırda müasir jurnalistika, jurnalistlər media sahəsində bir sıra köhnə metod və formalardan imtina etmiş, milli mətbuatımızın qarşısında qoyulan yeni vəzifələrə uyğun tərzdə fəaliyyət göstərməyə başlamışlar. Jurnalistikanın müasir dövrdə ən önəmli və eyni zamanda ən mübahisəli məsələlərindən biri janr problemidir. 
“Janr” (“genre”) fransız sözü olub, növ deməkdir. Jurnalistikanın ədəbiyyatdan fərqli janrları var. Hər bir janrın öz quruluşu, öz üslubu, qanunları, xarakterik xüsusiyyətləri mövcuddur. Yəni məqalə, oçerk, pamflet, korrespondensiya, replika, açıq məktub, reportaj – bu janrların hər birinin öz polemik funksiyası var. Janrlar sistemi müəyyən bir problemi müxtəlif rakurslardan işıqlandırmaqda müəllifin ən önəmli yardımçı vasitələrindən biridir və o müəllifə özünüifadə üçün xüsusi imkanlar yaradır. “Janr müəyyən bir qəlibdir, yaradıcı jurnalistin öz mövzusunu bu qəliblərin hansında gerçəkləşdirəcəyi bu mövzudan və müəllifin mövzuya yanaşma tərzindən asılıdır” [2, s.203]. 
Müasir dövr mediasında jurnalist araşdırması kimi böyük maraq kəsb edən yeni janr növü də artıq digər janrlar arasında özgün yer tutur. Medianın nisbətən cavan növlərindən sayılan həmin janrın yaranma tarixi XIX əsrin ikinci yarısından başlayır. Ötən dövr ərzində janrın tədricən əsas xüsusiyyətləri, bir növ kimi ona göstərilən tələblər formalaşmışdır. Bütün bunlar araşdırma jurnalistikasının həm mövzu dairəsini, yaradıcılıq keyfiyyətlərini, həm də aparılma metodikasını əhatə edir. “Jurnalist təhqiqatı onun müəllifindən bəzən yaradıcı keyfiyyətdən daha çox cəsarət, təşəbbüs, iradə, mətinlik, vətəndaşlıq, ədalət tələb edir. Ona görə ki, bu janrın predmeti, obyekti heç də adi situasiya, adi hadisələr deyil, cəmiyyəti narahat edən, hətta bəzən dövlət orqanlarının üzə çıxarmaqda çətinlik çəkdiyi faktların aşkarlanması ilə əlaqədardır”. [2, s.236]. Yaxın müddətə qədər “araşdırmaçı jurnalist” ifadəsi jurnalistlər arasında birmənalı qarşılanmırdı; onlarda “Nədir, yəni biz xəbər yazarkən araşdırmırıq?” – reaksiyası doğururdu. Əlbəttə, hər bir jurnalist materialının yazılması üçün araşdırma mütləqdir, çünki araşdırma bu peşənin ayrılmaz hissəsidir. Əslində jurnalistika özü peşə olaraq araşdırma fəaliyyətidir. Hər hansı xəbərin qələmə alınmasından əvvəl az və ya çox dərəcədə bir araşdırma fəaliyyəti dövriyyəyə girir. Bu baxımdan araşdırmaçı jurnalistika kimi müəyyən olunan bu janr növünün olmadığını müdafiə edənlər çox olsa da müasir dövrdə icra edilən xəbərçilik fəaliyyətinə nəzər salsaq, artıq 5-10 il əvvəlki vəziyyətin dəyişdiyini görə bilərik. Artıq KİV nümayəndələri belə bir sahənin mövcudluğunu qəbul etməyə başlayıblar.
Elmi ədəbiyyatlarda araşdırma jurnalistikasından söhbət gedəndə onu, - “bir qayda olaraq, öz işinə və şəxsi təşəbbüsünə əsaslanan, müəyyən şəxslər və təşkilatların gizli saxlamaq istədiyi mühüm mövzuda material” adlandırırlar.[4,s.86]. Bu deyimdə əsas nüans - müəyyən şəxslər və təşkilatların açıqlamaq istəmədiyi önəmli mövzunun götürülməsi, jurnalistin şəxsi təşəbbüsü ilə gizli məqamların aydınlaşdırılmasına cəhd edilməsidir. Məlumdur ki, bütün gizli məqamları tam açıqlamaq hər zaman mümkün olan proses deyil. Bununla yanaşı, cəhdin özü müəyyən gizli faktların açıqlanması və ya fərqli baxışların formalaşması üçün şərait yaradır. Hadisələri təfərrüatıyla öyrənəbilmə, faktları ortaya çıxarma və buna bənzər məqsədlərlə araşdırma praktikası jurnalistika fəaliyyətinin əsasını təşkil edir. Bu baxımdan hər jurnalistin araşdırmaçı jurnalist olduğunu söyləmək mümkündür. Ancaq jurnalist araşdırması önəmli yenilikləri ehtiva etməsi və cəmiyyət üçün böyük əhəmiyyətə malik olması ilə digər janrlardan fərqlənir. Araşdırmaçı jurnalist çox təcrübəli olmaqla, bir dedektiv həssaslığı ilə detalları izləməyi bacarmalıdır. Araşdırma bir çox informasiya mənbələrinə əsaslanır ki, onların sırasında insanlar, sənədlər, arxiv materialları, şəxsi müşahidəni göstərmək olar. Bir çox hallarda araşdırma sonrasında elə faktlar üzə çıxır ki, rəsmi dairələr üçün bu, arzuolunmaz nəticələrə gətirib çıxara bilir. Amma bəzən materialın tərkibində elə informasiyalar da yer alır ki, o, bilavasitə hakimiyyət nümayəndələrindən alınır. 
Onu da qeyd etmək lazımdır ki, məlumat işçisinin araşdırması ilə müxbirlik fəaliyyəti arasında fərq də var. Bir məmurun xarici ölkəyə səfəri haqqında ekspertlərlə görüşmək və onların rəyini üz-üzə və ya telefon vasitəsilə öyrənmək jurnalistin apardığı və aparmaq məcburiyyətində olduğu araşdırmalardandır. Araşdırmaçı jurnalistlər onlara informasiya çatdıran, şübhəli motivləri olan hər insanın sözünə etibar etməməli, səbr və təmkinlə problemin kökünə enməyə çalışmalıdırlar. Ümumən jurnalist araşdırması yorucu və əziyyətli bir işdir. İstər jurnalist araşdırmasında, istərsə də məlumat toplama prosesinin hər hansı mərhələsində jurnalistləri bu yorucu və əziyyətli iş gözləyir. Ümumiyyətlə, araşdırmaçı müxbir qaranlıq mövzularla maraqlanan, üstünə pərdə çəkilmiş faktları ortaya çıxarmaq əzmi ilə çalışan və bu yolda qarşısına çıxan hər hansı maneəni dəf etməyə qadir olan jurnalistdir. Araşdırması nəticəsində o, gizli tutulan faktları əldə etmək üçün bəzən gizli işləmək məcburiyyətində də qala bilir.
Avropa jurnalistikasında, əsasən hökumət qurumları və biznes sahəsində vəzifədən sui-istifadə və digər bu kimi qanun pozuntularının açıqlanmasına dair materiallardan başlanğıc götürən araşdırma jurnalistikası, sonradan mövzu dairəsini xeyli genişləndirmiş və hazırda bu baxımdan heç bir məhdudiyyətlə qarşılaşmır. Onun özəlliyini janr deyil, müəllifin qarşıya qoyduğu məqsəd, hədəfə aldığı problem və materialın işlənmə metodikası müəyyən edir. Araşdırmanın hazırlıq və aparılma prosesi, ilk növbədə informasiya axtarışı ilə bağlıdır. Bu zaman jurnalist xüsusi texnologiyaya müraciət etməli olur. Çünki araşdırma jurnalistikası özgün texnologiyası olan xüsusi hadisədir. Bir məsələyə nəzər salaq: gizli qalması istənilən məlumat hansı sahəyə aid olmalıdır? Son dövrlərdə araşdırma jurnalistikasının obyekti kimi əsasən vəzifədən sui-istifadə halları, kriminal xarakterli hadisələr nəzərdən keçirilir. Əslində bu kimi yanaşma qüsurlu hesab edilməlidir. Şünki, kriminal xarakterli hadisələr araşdırma jurnalistikasında yalnız bir istiqamət kimi nəzərdən keçirilə bilər. 
Dünya təcrübəsində jurnalist araşdırmasının cəmiyyət üçün çox mühüm əhəmiyyət kəsb edən bir sıra önəmli faktları, nümunələri mövcuddur. Məsələn, Heri Uebb 1996-cı ildə Kaliforniyada nəşr olunan “San Jose Mercury News” qəzetinin səhifələrində polis ilə Nikaraqua kokain narkobaronları arasında əlaqəni araşdırıb ortaya önəmli dəlillər qoymşdu. Bəzən aylarla aparılan bir araşdırmadan sonra araşdırmaçı-jurnalistlər peşə karyeralarının ən əhəmiyyətli məlumatını əldə edə bilirlər. ABŞ-da prezident Niksonu istefa verməyə məcbur edən “Voterqeyt qalmaqalı” da uzun sürən jurnalist araşdırması nəticəsində ortaya çıxmışdı. “Vaşinqton Post” qəzetində Voterqeyt qalmaqalı 19 iyun 1972-ci ildə dərc olunmuşdu. Qəzetin iki müxbiri – Bob Vudvard və Karl Bernsteyn, ABŞ prezidenti və respublikaçı Riçard Niksonun 1972-ci il seçkilərində Demokrat Partiyadan namizədliyini elan etmiş rəqibi Corc Makqovernin seçki qərargahı yerləşən Voterqeyt binasındakı telefonları gizlicə dinlətdiyini öyrənmiş və bunu qəzet oxucularıyla bölüşmüşdülər. Seçki nəticəsində Nikson ikinci dəfə prezident seçilsə də, onun qeyri-qanuni hərəkətləri, seçki saxtakarlığı ölkə gündəmdən heç düşməmiş və iki il sonra prezident kürsüsündən endiriləcəyini başa düşən Nikson 8 avqust 1974-cü ildə istefaya getmək məcburiyyətində qalmışdı. Onu da qeyd etmək yerinə düşərdi ki, dünya təcrübəsində araşdırmaçı jurnalistikada yeni bir cığır açan ilk hadisənin məhz Voterqeyt qalmaqalı olduğu irəli sürülür.
İngilis mütəxəssisi Devid Rendall jurnalist araşdırmasını jurnalistikanın digər növlərindən fərqləndirərək onun üç əsas xüsusiyyətini önə çəkir: 
-ilkin araşdırmanın aparılması; 

-seçilmiş mövzunun ehtimalla, şübhəli işlərlə və ya səhlənkarlıqla 

bağlılığı, lakin buna sübut olmaması; 

-kiminsə informasiyanı gizli saxlamağa çalışması. [4]. 

Göründüyü kimi, bu yanaşmada da kimsə tərəfindən “informasiyanın gizli saxlanılması istəyi” ayrıca vurğulanır. 
Maraqlıdır ki, dünya jurnalistikası tarixində araşdırma jurnalistikasına aid edilən ilk nümunələr məhz peşəkar yazarların qələminin məhsuludur. Amerika jurnalistikasında Mark Tvenin məqalələri, fransız jurnalistikasında isə Emil Zolyanın «Dreyfus işi» ilə bağlı publisistik yazıları araşdırma jurnalistikasına nümunə çəkilə bilər. Rus jurnalistikasının ilk araşdırma məhsulu A.S.Puşkinin «Puqaçov üsyanı» əsəri hesab olunur.
Jurnalist araşdırması konkret günahkarı göstərməmək şərtilə, ən müxəlif problemlərlə bağlı cəmiyyəti məlumatlandıra bilər. Bir çox hallarda jurnalist materialı əsl araşdırma hesab olunur. Bu tip material müəllifin təşəbbüsü, ideya və ciddi səyləri olmadan yazıla bilməz. Araşdırmanın aparılması üçün aşağıdakı keyfiyyətlərin mövcudluğu mütləqdir:

1. Etibarlı informasiya mənbələri (arxiv materialları, vergi sənədləri, telefon hesabları və s.)

2. Müxtəlif sənədlər və onları analiz etmə bacarığı

3. Hüquq-mühafizə orqanları ilə əməkdaşlıq

4. İnformasiya daşıyıcılarından istifadə etmə (ödənişli və ya könüllü)

5. Gizli işləyə bilmək (sovet təcrübəsində “Журналист меняет профессию”)

6. Səbr və ağılla müsahibə aparmaq qabiliyyəti 

7. Sosial məsuliyyət hissi və yüksək mənəviyyat
Jurnalist araşdırmasını həyata keçirən reportyorda bacarıq, təcrübə, səriştə kimi vacib keyfiyyətlər olmalıdır. Tədqiqatçılıq işini sona çatdırmaqda inadkar olmalı, müxtəlif maneələr qarşısında məyus olmamalıdır. Önəmli sənədləri axtarıb tapa bilmə və onları qoruyub saxlamaq bacarığı, əhəmiyyətli bilgilərin məlum olduğu informasiya mənbələrinin etimadını qazana bilmək araşdırma aparan jurnalistin diqqət yetirməli olduğu məqamlardır. Bunun üçün xüsusi vərdişlər tələb olunmasa da, işin xeyirinə təsir edə biləcək bir çox xüsusiyyətlər mövcuddur. Sırf elmi araşdırma dar oxucu kütləsinə, jurnalistin apardığı araşdırma isə geniş oxucu auditoriyasına ünvanlanır və bu səbəbdən sonuncunun təsir dairəsi daha geniş olur. 
Qeyd etdiyimiz kimi, hazırda Azərbaycan jurnalistikasında araşdırma dedikdə, kriminalla bağlı materiallar ön plana çıxır. Belə materiallar araşdırma jurnalistikasının yalnız istiqamətlərindən biri ola bilər. Onun digər qolunu tarixi araşdırmalar təşkil edir. Məsələ ondadır ki, hər bir ölkənin tarixində gizli qalmış hadisələr olmuşdur, onların açıqlığa qovuşmamasında da maraqlı qüvvələr var. Bu günümüzü dərk etmək üçün dünənimizə müraciət etmək, onu mümkün qədər ətraflı araşdırmaq, tarixin hərtərəfli təsvirini yaratmaq və həmin məqamları problemin həllində diqqətdən qaçırmamaq lazımdır. Əgər Azərbaycan Respublikası iyirmi ildən artıq müddətdə Qarabağ problemini yaşayırsa, onun kökləri 1988-ci ilin hadisələrinə deyil, daha dərin qatlara gedib çıxır. Bu tip yanaşma jurnalistdən publisistik səpkidə araşdırma aparmağı tələb edir. Belə məsələnin öhdəsindən sırf tarixçilər deyil, araşdırma jurnalistikasından vasitə kimi istifadə edən yazıçı-publisistlər gələ bilərlər. Azərbaycanda XX əsrin 90-cı illərində geniş xalq kütləsi arasında milli özünüdərk hissi geniş vüsət tapmağa başladı. Bundan irəli gələrək tədqiqatçılarda və jurnalistlərdə yaxın-uzaq keçmişə maraq artdığı üçün araşdırma jurnalistikasının sürətli inkişafı məhz bu dövrə təsadüf edir. Hazırda Respublikamızda jurnalist araşdırması nümunələrinə “Azərbaycan”, “Ulduz” jurnallarının, “Ayna” (“Zerkalo”), “Respublika” qəzetlərinin səhifələrində rast gəlmək mümkündür.
Araşdırma aparan jurnalistlər müxtəlif xarakterli sərt maneələrlə qarşılaşırlar. Araşdırmanın gedişi prosesində onları ölümlə hədələmə, şantaj halları da müşahidə olunur. Əsasən də totalitar rejimdən demoktatik dövlət quruculuğuna keçən ölkələrdə həqiqəti axtarıb tapmağa çalışan jurnalistlər bu kimi problemlərlə daha çox rastlaşırlar. 
Müasir dövrdə Rusiya Federasiyası jurnalistlər üçün ən təhlükəli ölkələrdən biri sayılır. “Основным принципам защиты гласности” məcmuəsinə əsaslansaq təkcə 1997-ci ildə Rusiyada 14 jurnalist öz peşə fəaliyyətinə görə sui-qəsdə məruz qalıb. 1998-ci ildə “Советская Калмыкия сегодня” (“Sovet Kalmıkiyası bu gün”) qəzetinin baş redaktoru Larisa Yudinanı ölü halda tapmışdılar. Və yaxud “Московский комсомолец” (“Moskva komsomolu”) qəzetinin hərbi sistemdə rüşvətxorluğu araşdıran jurnalisti Dimitriy Xolodov sui-qəsd nəticəsində öldürülmüşdü. 
Bütün bunlar göstərir ki, araşdırma jurnalistikası cəmiyyətlə ictimai fikirdə, həqiqətin, haqqın bərqərar olmasında mühüm əhəmiyyətə malik olmaqla, xüsusi fəaliyyət sahəsidir.

İstifadə olunmuş ədəbiyyat:

Azərbaycan dilində: 
Mehdiyev F., Mətbuat janrları, Tural-nəşr, B., 1995, 184 səh. 
Məmmədli C., Müasir jurnalistika, Bakı Universiteti nəşriyyatı, B., 2003. 435 səh. 

Rus dilində: 
Тертычный А.А., Жанры периодической печати. Аспект Пресс, М., 2002, 310 стр. 
Рэндалл Д. Универсальный журналист. Международный центр журналистики, М., 2000, 120 стр. 
Ученва В.В., Метод и жанр: диалектика взаимодействия. Национальный Институт прессы М., 1982. 167 стр. 

İngilis dilində: 
Hugo de Burgh. Investigative journalism: context and practice. Taylor & Francis Group. USA 2000. 325 pages. 
David C.Anderson, Peter Benjaminson. İnvestigative Reporting. Indiana University Press. USA. 1986. 307 pages. 

Xülasə
Müəllif elmi məqalədə janrlar sisteminin müasir inkişaf meyillərindən danışır, eyni zamanda jurnalistikanın cavan janrlarından biri kimi jurnalist araşdırmasının yaranması və tarixi təkamülündən bəhs edir. Məqalədə araşdırma jurnalistikasının janrlar sistemində tutduğu mövqe, oynadığı roldan söhbət açılır, onun nəzəri əsasları kimi məsələlərə toxunulur. 
Açar sözlər: janr, jurnalistika, KİV, jurnalist araşdırması, informasiya.

Место журналистского расследования в современных СМИ
Резюме

Автор в статье рассматривает проблемы жанров в национальной медиа структуре, его образование и исторического развитие. Также, выделяет особенности развитие современной журналистки, затрагивает жанровые вопросы и элементы журналистского расследования.
Ключевые слова: жанр, журналистка, СМИ, журналистские расследования.


Place of investigative journalism in modern media
Summary

In the article author looks through genre problems in the structure of national media, development of it’s arising and history. Also, problems of development features of the modern journalism, genre and elements of journalist investigation are marked. The Investigative journalism is relatively new stream in the journalism arena. It started to develop in 19th century, however, was finally formed by 20th century. This direction of journalism has the specific principals which defines its uniqueness.
Key words: genre, journalism, press, investigative journalism.

Комментариев нет:

Отправить комментарий