среда, 8 февраля 2017 г.

Azərbaycan dövri mətbuatının mövzu dairəsi (1910-1920-ci illər)

Samir Xalidoğlu (Mirzəyev)
"Jurnalistika" ETL, elmi işçi


Qəzet və jurnallar, ümumilikdə jurnalistika hər zaman müəyyən mövzuların hesabına gündəmdə qalıb, aktuallığını saxlayıb. Bu mövzular isə dövrdən-dövrə dəyişmiş, müxtəlif zaman­larda müxtəlif mövzular prioritet təşkil etmişdir. Bu baxımdan Azərbaycan dövri mətbuatı da istisna təşkil etmir. Jurnalistikamız yarandığı gündən etibarən həmişə özünəməxsus mövzuları işıqlandırmış, maraqlı, düşündürücü və aktual məsələləri öz səhifələrinə daşımış, qabartdığı problemlərin həllinə çalışmış və müəyyən mənada buna nail olmuşdur. 

Azərbaycan jurnalistikası tarixində hər bir dövrün spesifik mövzu dairəsi və tematikası, özünəməxsus yazı manevraları, müəllif ordusu və s. vardır. Bu nöqteyi-nəzərdən XX əsrin II onilliyinin jurnalistikası da digər dövrlərdən fərqlənmir. Sözügedən zaman kəsiyinin mövzu dairəsi və tematikası barədə, ümumilikdə bu dövrün jurnalistikası barədə danışarkən bir neçə yarımdövrü fərqləndirmək lazımdır: 1910-1913, 1913-1914, 1914-1918, 1918-1920. 

İlk illər senzuranın və irticanın tüğyan etdiyi, jurnalist və publisistlərin tez-tez həbs edildiyi dövr kimi xarakterizə olunur. 1905-ci il Rusiya inqilabının yatırılmasından sonra irtica görünməmiş dərəcədə gücləndi. Çarizmin xalq kütlələrinin çıxışlarından sonra islahatlar keçirəcəyi və xalqa demokratik azadlıqlar verəcəyi barədə elan etdiyi vədlər kağız üzərində qaldı. Bu dövr mətbuatının bir neçə xarakterik xüsusiyyəti var. Birincisi, nəşr olunan qəzet və jurnalların böyük əksəriyyəti azömürlü idi. Bəziləri hətta bir ay belə ömür sürə bilməmişdi. Akademik Ə.Mirəhmədovun təbirincə desək, bu dövrün qəzet və jurnallarının “bəzisi ideyasızlıq, məzmunsuzluq, bəzisi maddi çətinliklər, bəzisi də müxbir, müəllif, məqalə yoxluğu üzündən öz fəaliyyətini dayandırmışdı” [3, səh.100] 

Başqa bir xüsusiyyət jurnalların, həm də satirik jurnalların üstünlük təşkil etməsində idi. Bu da ondan qaynaqlanırdı ki, satira ustaları sözlərini sətiraltı məna ilə deyə bilir, müəyyən qədər senzura maneələrindən yayına bilirdilər. Ciddi mətbuat isə bu imkanlardan bir elə yararlana bilmirdi. Bu dövrün bir başqa xüsusiyyəti dövri nəşrlərin çox hissəsinin hələ yetərincə və ya ümumiyyətlə tədqiq olunmamasıdır. Bu dövrün digər xüsusiyyəti xeyli sayda jurnalist və publisistin müxtəlif səbəblərdən həbs edilməsi, qəzet və jurnallarının bağlanması idi. Bu barədə tədqiqatçı-alim A.Zeynalzadə “Jurnalistlər niyə həbs olunublar?” məqa­ləsində yazırdı: “1911-ci il mart ayının 18-dən 19-na keçən gecə Bakı vilayəti jandarma idarəsi H.Vəzirovla birlikdə səkkiz mətbuat işçisini də həbs edib. Həbs edilənlər bunlar idi: “Yeni həqiqət” qəzetinin baş redaktoru Məhəmməd Sadıq Axundov, həmin qəzetin müdiri və redaktoru Oruc Orucov, “Şəhabi-saqib” jurnalının müdiri Əliabbas Mütəllibzadə Müznib, “Yeni füyuzat” jurnalının baş redaktoru Əhməd Kamal Rasimoğlu, jurnalın redaktoru Əli Paşa Hüseynzadə, “Səda” qəzetinin redaktoru Haşım bəy Vəzirov, “Səda”nın mühərrirlərindən Cəfər Xocabəyoğlu Bünyadzadə və Pirqulu Babaverdi oğlu Mürsəlov, qəzetin ünvan yazanı Əbdürrəhman Seroqlazov”. [3, səh.177] 

Göründüyü kimi sözügedən dövrdə çar senzurası və jandarma idarəsi mətbuatın sərbəst fəaliyyətinə hər vəchlə maneə törədir, azad sözü elə “beşiyindəcə” boğurdu. Bu səbəblərdəndir ki, 1910-1913-cü illər mətbuatında işıq­landırılan məsələlərdə ehtiyatlılıq özünü göstərir, jurnalist və publisistlər siyasi mövzulardan imkan daxilində yayınır, daha çox sosial, ictimai, ədəbiyyat və mədəniyyət məsələlərinə yer verirdilər. Bununla belə çar dumaları, Türkiyə, İran və Balkan hadisələri, qadın azadlığı məsələləri də mətbuatın müəyyən qədər maraq dairəsində idi. Bu dövrdə nəşr olunan anadilli qəzet və jurnallar bunlar idi: “İqbal” (1912-1915), “Yeni irşad” (1911-1912), “Yeni həqiqət” (1911), “Asari-həqiqət” (1911-1912), “Məlumat” (1911), “Nicat” (1910-1912), “Səda” (1909-1911), “Sədayi-vətən” (1911-1912), “Sədayi-həqq” (1912-1915) (qeyd edək ki, sonuncu 3 qəzet bir-birinin davamı idi – S.X.) qəzetləri və “Arı” (1910-1911), “İşıq” (1911-1912), “Yeni Füyuzat” (1910-1911), “Kəlniyyət” (1912-1913), “Günəş” (1910-1911), “Məktəb” (1911-1920), “Molla Nəsrəddin” (1906-1931), “Palanduz” (1910-1911), “Həqq yolu” (1911-1912), “Şəhabi-saqib” (1911), “Çarıxçı” (1911-1912) jurnalları. 

İkinci yarımdövr 1913-cü ildə Romanovlar sülaləsinin 300 illiyi müna­sibətilə verilən amnistiyadan I Dünya müharibəsinin başlamasına qədərki dövrü əhatə edir. Məhz bu aminstiyadan bir sıra peşə sahibləri, o cümlədən jurnalist və publisistlər də mənfəətdar oldular. Həbsdə olanlar azad edildi, mühacirətdə olanlar isə (M.Ə.Rəsulzadə və b.) öz vətənlərinə dönmək üçün fürsət əldə etdilər. Bu əhvi-ümumi ümumilikdə mətbuata az da olsa sərbəstlik gətirdi. Yeni-yeni qəzet və jurnallar nəşr olunmağa başladı. “Şəlalə” (1913-1914), “Leylək” (1914), “Bəsirət” (1914-1920) məhz bu dövrdə nəşrə başlamışdı. Bir sıra mətbu orqanlar isə əvvəlki dövrdən fəaliyyətini davam etdirirdilər: “İqbal”, “Məktəb”, “Sədayi-həqq”, “Molla Nəsrəddin” və s. Bu dövrü M.Ə.Rəsulzadənin uzun müddətdən sonra yenidən vətənə qayıtması, milli mətbuatda fəaliyyətini bərpa etməsi, H.Vəzirov, Ə.Müznib və s. kimi müqtədir jurnalistlərin həbsdən çıxaraq yenidən sevimli peşələrinin başına dönmələri kimi xarakterizə etmək olar. Xüsusilə M.Ə.Rəsulzadənin “İqbal” qəzetində fəaliyyətə başlaması, bir müddət sonra isə onun redaktoru olması bu qəzetin tarixində mühüm hadisə idi. Məhz bundan sonra “İqbal” qəzeti digər həmkarlarından ciddi surətdə fərqlənməyə başladı, istər mövzu dairəsi, istər ideya-siyasi istiqaməti, istərsə də mühərrirləri ilə mətbuat tariximizdə öz layiqli yerini tutmağa başladı. Ziddiyyətli məqamlarla yadda qalmasına baxmayaraq “Şəlalə” jurnalı da öz dəsti-xətti ilə fərqlənən mətbu orqanlardan biri olmağı bacardı. Bütün bu sadalananlar tematikada da özünü göstərməyə başladı. Mövzu və tematika zənginliyi mətbu orqanlarda aydınca görünürdü. Siyasi mövzuda yazılar çoxal­mağa başladı, çarizmin milli-müstəmləkəçilik və dini ayrıseçkilik siyasətinin tənqidi, bununla yanaşı, Türkiyə, İran və Şərq həyatı, məktəb və maarif məsələsi, mədəniyyət, dil məsələsi, qadın azadlığı və s. qabarıq şəkildə mətbuat səhifələrində yer aldı. 

Üçüncü yarımdövr bütövlükdə I Dünya müharibəsi illərini əhatə edir. Əvvəlki dövrdə olan nisbi azadlıq çox da uzun sürmədi, müharibənin başlanması ilə mətbuatımız yenidən “ənənəvi” sıxma-boğma, senzura boyun­du­ruğu altında fəaliyyətini davam etdirmək məcburiyyətində qaldı. I Dünya müharibəsi baş­landıqdan sonra senzura məsələləri ən üst səviyyəyə qalxdı. Mülki senzura, hərbi senzura və s. inzibati tədbirlər mətbua­tın sıxışdırılmasına, redaktor və naşirlərin təqibinə, bəzi mətbu orqanların bağlanmasına gətirib çıxardı. Ümumilikdə sözügedən dövr və onun mətbuatı Azərbaycan jurnalistikası tarixində xüsusi çəkiyə malikdir. Bu dövr Azərbaycan milli hərəkatında mühüm dövrlərdən birini təşkil edir. Azərbaycan Xalq Cümhuriyyətinə aparan yol məhz bu dövrdən keçir. Cümhuriyyətimizin elmi konsepsiyası məhz bu zaman kəsiyində meydana gəlmiş və formalaşmışdır. Müharibə dövrü jurnalistikası Azərbaycan xalqının milli şüurunun formalaşmasında, milli özünüdərkin meydana gəlməsində misilsiz rola malikdir. 

Ümumiyyətlə, Birinci Dünya müharibəsi illərində Azərbaycan mətbuatı çox mürəkkəb ictimai-siyasi vəziyyətdə fəaliyyət göstərirdi. Jurnalist və pub­lisistlərimiz çox çətin şəraitdə fəaliyyət göstərirdilər. Çar hakim dairələri hər vasitə ilə azad sözün, azad fikrin qarşısına sədd çəkir, daim yerli mətbuatda Rusiyaya qarşı yönəlmiş bir fikir axtarırdılar. Odur ki, belə ağır şəraitdə jurnalistlərimiz çox ehtiyatlı davranır, fikirlərini zəmanəyə uyğunlaşdırıb müəyyən həddən kənara çıxmırdılar. Başqa sözlə desək, çarizmin müstəmləkəçi hakimiyyət orqanları ilə birbaşa münaqişəyə girmək istəmirdilər. Bununla belə müxtəlif manevrlərlə, sətiraltı ifadələrlə onlar fikirlərini cəmiyyətə çatdırır, milli azadlıq ideyaları yayırdılar. 

Birinci Cahan müharibəsi illərində Azərbaycan jurnalistikasında aparıcı mövzulardan birini mədəniyyət mövzusu təşkil edirdi. Mədəniyyət sahəsində isə iki xətt aydın görünürdü: maarif və dil. Mətbuatda maarif məsələlərinə geniş yer ayrılırdı. Azərbaycan ziyalılarını o zaman ilk növbədə xalqın maariflənməsi, təlim və təhsili narahat edirdi. Ümumiyyətlə, bu barədə fikir birliyi, müəyyən mənada həmrəylik var idi. Maarif məsələsi o zamankı yazıların başlıca məzmununu təşkil edirdi. Həm ciddi mətbuatda, həm də satira mətbuatında bu mövzuya dair geniş məqalələr dərc olunur, aparıcı jurnalist və publisistlər bu mövzunu daim diqqət mərkəzində saxlayırdılar. M.Ə.Rəsulzadə, Ö.F.Nemanzadə, H.İ.Qasımov, H.Vəzirov, C.Məmmədquluzadə və başqaları həmin mühərrirlərin başında gəlirdilər. 

Müharibə illərində Azərbaycan mətbuatında prioritet mövzulardan digərini azadlıq mövzusu təşkil edirdi. Bu mövzudakı yazılarda əsasən üç məsələyə toxunulurdu: milli azadlıq, dini azadlıq (vicdan azadlığı) və qadın azadlığı. Milli azadlıq mövzusunda M.Ə.Rəsulzadə, Ö.F.Nemanzadə, Y.V.Çəmənzəminli, S.İbrahimov, H.Vəzirov və digərləri xüsusi fəallıqları ilə seçilirdilər. Burada ilk növbədə çarizmin milli ucqarlarda, xüsusən də türk və müsəlmanlar yaşayan ərazilərdəki milli və dini ayrıseçkilik siyasəti tənqid olunurdu. Bununla belə senzura maneəsindən bacardıqca yayınmaq üçün mühərrirlər bu məsələni kəskin şəkildə qoymur, sırasıyla milli-mədəni azadlıq, vicdan azadlığı, mətbuat azadlığı, təşkilat azadlığı, söz azadlığı və s. bu kimi demokratik azadlıqlar uğrunda mübarizə aparırdı. M.Ə.Rəsulzadənin “Milli dirilik”, Ö.F.Nemanzadənin “Milli məsələlərimizin vəqtimi?” və s. bu kimi silsilə məqalələrdə haqqında danışdığımız məsələlər əsaslandırılmış şəkildə qoyulurdu. Milli azadlıqla yanaşı dini azadlıq (vicdan azadlığı) məsələsinə də mətbuatda yer verilirdi. Bu mövzudan bəhs edənlər M.Ə.Rəsulzadə, H.Vəzirov, Ö.F.Nemanzadə və başqaları idi. Onlar imperiyanın dini ayrı-seçkilik siyasətinə qarşı çıxır, müsəlmanların da bu dövlətin bərabər hüquqlu vətəndaşları olduqlarını nəzərə çatdırır, onların hüquqlarının tap­da­lan­masına qarşı öz etiraz səslərini ucaldırdılar. I Dünya müharibəsi illərində Azərbaycan ictimai fikrində milli azadlıq və vicdan azadlığı problemindən sonra qadın azadlığı məsələsi mühüm əhəmiyyət kəsb edirdi. O zaman Azərbaycan qadınları arasında qadın hüquqları uğrunda mübarizə aparan feministlər də vardı. Onlar mətbuat səhifələrində çıxış edərək qadınların hüquqlarını müdafiə edirdilər. Azərbaycanın mütərəqqi ziyalıları da bu məsələdə qətiyyətli mövqe tuturdular. Məsələn, M.Ə.Rəsulzadə, Ömər Faiq, Y.V.Çəmənzəminli, H.Tələt, X.İbrahim, Ə.Müznib, M.Hadi və başqaları qadın hüquqları uğrunda yorulmadan mübarizə aparırdılar. Yusif Vəzir “Bizə ciddi mətbuat çoxdan lazım idi” adlı məqaləsində yazırdı: “Arvad məsələsi millətin tərəqqi yolunda böyük maneə təşkil edirdi. Bu məsələ barəsində danışıldı, arvadların elmsiz olmalarının pis nəticələri ortalığa tullandı. Şükrlər olsun, məsələ həll olunmağa üz qoydu” [4, səh.31-32]. 

Çəmən­zə­minli “Açıq söz” qəzetində çıxan bu məqaləsində qadın məsələsinin həll edil­mə­məsini milli tərəqqi yolunda başlıca əngəl hesab edirdi. Qadın məsələsinin həlli uğrunda aparılan mübarizə onun fikrincə müəyyən fayda vermişdi. 

Bu illərdə “Molla Nəsrəddin”, “Babayi-Əmir”, “Tuti”, “Lək-lək” kimi məzhəkə jurnallarında da qadın məsələsinə xüsusi önəm verilirdi. Bu barədə həmin jurnallarda saysız-hesabsız məqalələr, felyetonlar, şer və karikaturalar çap olunmuşdur. Bu yazılarda qadına həqarətlə baxanlar, hüququnu tapdalayanlar gülüş hədəfinə çevrilir, satira dili ilə qamçılanırdı. 

Mətbuatın toxunduğu digər məsələlər isə müharibə, onun törətdiyi dəhşətlər, ayrı-ayrı imperialist güclərin planlarının ifşası və digər mövzular idi. I Dünya müharibəsi illərində bir sıra yeni qəzet və jurnal çapdan çıxmış, bəziləri əvvəlki illərdə nəşrə başlayıb müharibə dövründə də fəaliyyətini davam etdirmiş, bir çoxu bu dövrdə bağlanmış, bəziləri isə müharibədən sonra da davam etmişdi. 

Mətbuatın əsas qolunu isə millətçilik, türkçülük xətti tutmuş “İqbal”, “Yeni İqbal” (1915-1917), “Açıq söz” (1915-1918), “İstiqlal” (1918-1920), “Müsavat” (1917) qəzetləri, “Dirilik” (1914-1916) və “Qurtuluş” (1915) jurnalları təşkil edirdi. Bu mətbu orqanların çoxu əvvəlcə gizli, sonradan açıq fəaliyyət göstərən Müsavat partiyasının ideyalarını təbliğ edir, milli şüurun oyanmasında, xalqın öz soykökünə qayıtmasında misilsiz xidmət göstərirdilər. “Qar­daş köməyi” (1915) qəzeti və “Qardaş köməyi” (1917) jurnalı müharibədən əziyyət çəkən müsəl­man­lara yardım üçün nəzərdə tutulmuşdu. Bunlardan başqa bu dövrdə “Bəsirət”, “İqdam” (1914-1915), “İttifaq” (1917-1920), “Yeni İqdam” (1915), “Sədayi-həqq”, “Sədayi-Qafqaz” (1915-1916), “Doğru söz” (1916-1917), “Bürhani-həqiqət” (1917) jurnalları da fəaliyyət göstərirdi. Mətbuatın digər qanadını məzhəkəçi satirik orqanlar “Molla Nəsrəddin”, “Tuti” (1914-1917), “Məzəli” (1914-1915), “Babayi-Əmir” (1915-1916) təşkil edirdi. Bunlarla yanaşı “El həyatı” (1918), “Zəhmət sədası” (1917-1919), “Hümmət” (1917-1918) kimi bolşevik məfkurəsini təbliğ edən orqanlar da sözügedən dövrdə işıq üzü görmüşdülər. 

Müharibədən sonrakı dövr 1918-1920-ci illəri, Azərbaycan Xalq Cümhuriy­yəti dövrünü əhatə edir. AXC-nin qurulması ilə xalqımızın illərlə qəlbində bəslədiyi bir çox arzuların reallaşdırılması üçün gözəl fürsət yarandı. Bu arzulardan biri də heç şübhəsiz azad mətbuatın, azad sözün bərqərar olması məsələsi idi. 23 aylıq qısa zaman kəsiyində Milli hökumət bir sıra problemlərin həllinə cəhd göstərdi və bir çoxunun da müvəffəqiyyətlə nəticələnməsinə nail oldu. Və ilk dəfə məhz bu dövrdə mətbuat tam azad şəraitdə fəaliyyət gös­tərməyə başladı. Demokratik prinsiplər üzərində bərqərar olmuş Xalq Cümhuriyyəti azad mətbuatın zəruriliyini anlayaraq bu sahədə bir sıra qanun və sərəncamlar qəbul etdi ki, Mətbuat Nizamnaməsi bunun bariz nümunəsidir. Bu dövrün birinci xarakterik xüsusiyyəti məhz senzurasız, tam azad mətbuatın olmasıdır. Bu qəzet və jurnalların sayında da özünü aşkar göstərirdi. Belə ki, 1918-1920-ci illər ərzində təxminən 60 adda anadilli mətbuat orqanı işıq üzü görmüşdü ki, bu da əvvəlki illərlə müqa­yisədə xeyli artıq idi. 

Bu dövr üçün xarakterik xüsusiyyətlərdən digəri tipoloji cəhətdən rənga­rənglik idi. Tədqiqatçılar bu dövrün mətbuatını əsasən belə qruplaşdırırlar: 

“a) Azərbaycan Xalq Cümhuriyyəti ideyalarını təbliğ edən milli mətbuat; 

b) Cümhuriyyət hökumətinə müxalifətdə olan bolşevik mətbuatı; 

c) bolşevik mətbuatı ilə müxalifətdə olan eser-menşevik mətbuatı; 

d) ermənilərin Azərbaycana qarşı ərazi iddialarına haqq qazandırmaq üçün canfəşanlıq edən erməni-daşnak mətbuatı; 

e) özünü bitərəf adlandıran və heç bir siyasi partiyaya mənsub olmayan informatik mətbuat”. [5, səh.55] 

AXC dövründə fəaliyyət göstərən qəzet və jurnalların tipologiyası rəngarəng olduğu kimi, mövzu dairəsi də geniş idi. Bu dövr jurnalistikasını məşğul edən problemlər içərisində siyasi məsələlər xüsusi yer tuturdu. Dövri mətbuatı maraqlandıran əsas mövzular: milli müstəqilliyi qoruyub saxlamaq, onun dünya ölkələri tərəfindən tanınması, milli ordu quruculuğu, Məclisi-Müəssisan seçkiləri keçirmək, bolşevik və Denikin təhlükəsinə qarşı mübarizə, Qarabağda, Zəngəzurda və Qarsda erməni separatçılarının törətdikləri qırğın və özbaşnalıqlarının qarşısının alınması, ölkə daxilində sabitliyin pozulmasına çalışanların tənqidi, Cənubi Azərbaycanda olan vəziyyət və digər ənənəvi məsələlər idi. 

Bu dövrdə nəşr olunan əsas anadilli mətbuat orqanları bunlar idi: “Azərbaycan” (1918-1920), “Azərbaycan hökumətinin əxbarı” (1918-1920), “Al bayraq” (1918-1919), Bəsirət, “Qurtuluş” (1920), “Zəhmət sədası”, “İstiqlal”, “Millət” (1917-1919), “Övraqi-nəfisə” (1919), “Şeypur” (1918-1919), “Hürriyyət” (1919-1920), “Xəlqçi” (1920), “Füqəra sədası” (1919), “Xalq sözü” (1919), “Fəhlə və əkinçi” (1919) və s. 

Beləliklə, 1910-1920-ci illər mətbuatının işıqlandırdığı mövzuları müx­tə­lif illər nəzərə alınmaqla belə təsnifatlaşdırmaq olar: 

· məktəb və maarif məsələsi; 

· ictimai və sosial bərabərsizlik 

· çarizmin milli ucqarlarda yürütdüyü müstəmləkəçilik, dini və milli ayrıseçkilik siyasətinin ifşası; 

· qadınların hüquqsuzluğu və s. bu kimi ənənəvi mövzular; 

· müharibə, onun törətdiyi fəsadlar, müharibə edən imperialist güclərin mənfur məqsədlərinin tənqidi; 

· milli-mədəni və milli-məhəlli muxtariyyət, nəhayət milli azadlıq uğrunda mübarizə; 

· müstəqilliyin qorunub saxlanılması məsələləri, dövlətimiz və mil­lətimiz üçün təhlükə yaradan Denikin və bolşevik təhlükəsi, erməni separatizmi kimi mövzular və s. 

· Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran hadisələri fonunda Azərbaycan tor­paq­la­rının bütövlüyü məsələsi və s. 



ƏDƏBIYYAT 

1. Axundov N. Azərbaycanda dövri mətbuat. (1832-1920). Biblioqrafiya. Bakı, 1965, 180 səh. 

2. Azərbaycan-90 (“Azərbaycan” qəzetinin 90 illik yubileyi münasibətilə hazırlanan məqalələr toplusu) Bakı, 2008, 278 səh. 

3. Azərbaycan mətbuat tarixi antologiyası (2 cilddə, II cild). Bakı, 2011, 440 səh. 

4. Cəfərov N. Milli-ictimai fikir tariximizdən (1914-fevral 1917). Bakı, 1993, 80 səh. 

5. Dünyaminqızı Q. Cümhuriyyət dövründə Azərbaycan mətbuatı. (1918-1920-ci illər). Bakı, 2011, 217 səh.

Комментариев нет:

Отправить комментарий