пятница, 9 декабря 2016 г.

Telexəbərin janr xüsusiyyətləri



Günel İsgəndər qızı Orucəliyeva
BDU, elmi işçi

Jurnalistika daim inkişafda olan ictimai-siyasi fəaliyyət sahəsidir və bu sferada çalışan jurnalist kadrların peşə hazırlığı onların nəzəri və təcrübi kamilliyi əsas məsələdir. Hazırda müasir jurnalistlərimiz jurnalistika sahəsində bir sıra köhnə metod və formalardan imtina etmiş, milli mətbuatımızın qarşısında qoyulan yeni vəzifələrə uyğun olaraq fəaliyyət göstərirlər.
Janr bizə çatdırılan bu və ya digər informasiya formasıdır. “Janr fikrin, ideyanın, real hadisə və faktların, konkret məqsəd və vəzifə, predmet, dil-üslub, həcm, zaman və məkan özünəməxsusluğu üsulu ilə tarixən formalaşmış kompozisiya və məzmun vəhdətində ifadə olunması formasıdır” [1, s.12]. Jurnalistikanın ədəbiyyatdan fərqli olaraq, öz janrları var və bu janrların hər birinin əsası real faktlar, hadisələr, insanlardır.
Telexəbərin bir janr kimi hazırlanma üsulu, təbii ki, bir qəzet və ya radio xəbərindən xeyli fərqlənir, amma bütövlükdə ortaq özəlliklər də var. Mass medianın digər qollarından fərqli olaraq TV-də birgə çalışma zərurəti bütün proqram formatları üçün səciyyəvidir. İstər reportyor komandasına daxil olan şəxslər – reportyor, kameraman və sürücülər (bəzi hallarda işıq mühəndisləri və rejissorlar), istərsə redaktor və prodüserlər qarşılıqlı ünsiyyət mədəniyyətinə yiyələnməlidirlər. Onların hamısı bir hədəfə – maraqlı və gərəkli veriliş hazırlamağa köklənməlidir. Telexəbər istehsalının hər bir mərhələsində – istər istehsal öncəsi, yəni ön hazırlıq, istər istehsal, yəni çəkiliş, istərsə montaj mərhələsində reportyorla operator aramsız peşəkar dialoq mühitində çalışmalıdırlar. Videomaterial efirə getdiyi zaman təkcə reportyor və operator deyil, prodüser və quruluşçu rejissor da ünsiyyət saxlamağı bacarmalıdırlar. Xəbər süjetinin efirə hazırlanması və göstərilməsi informasiya xidmətində çalışan digər əməkdaşlardan – xəbər aparıcısı və dizaynerdən, inzibatçı və kompüter proqramçısından, müxtəlif quruluşçu və mühəndislərdən də işbirliyi tələb edir. Ancaq son nəticədə bilgi və faktları şəxsən toplayan insan kimi yalnız reportyor göstərilən materialın dəqiqliyinə, doğru-dürüstlüyünə və çatımlı olmasına cavabdehdir. Efir materialının keyfiyyətinə, olayların ölçü-biçili və dəqiq əks etdirilməsinə məhz reportyor məsuliyyət daşıyır.
Peşəkar telereportyor heç vaxt unutmamalıdır ki:
· Dəqiqlik operativlikdən yüksək qiymətləndirilir;
· Ədalət sensasiyadan daha üstün sayılır;
· Olayların ölçü-biçili görüntüsünə telexəbərin maraqlı təqdimatından üstün dəyər verilir.
Keyfiyyətli və portativ avadanlığı olan teleşirkətlərin çoxunda olay yerində işi reportyor komandası görür. Bu komanda, adətən, 2 nəfərdən – reportyor və kameramandan formalaşdırılır. Son zamanlar hər 2 funksiyanı (bəzən sürücü vəzifəsini də) eyni adam gerçəkləşdirir. Hərçənd, o da düzdür ki, tək adam adi çəkiliş qrupunun iş keyfiyyətini heç də bütün hallarda əvəzləyə bilmir. Operator hadisənin görüntülərinin dolğun çatdırılmasına, sürücü bu olayın ən önəmli məqamlarına vaxtında yetişməyə cavabdeh olsa da, efirdə göstərilən materialın bütün özəlliklərinə görə tam məsuliyyət reportyorun üzərinə düşür. Elə bu səbəbdən də məhz reportyor çəkiliş komandasının lideri sayılır. Universal məzmunlu TV-lərin proqram gününə göz atsaq, xəbər buraxılışlarının aparıcı mövqe tutduğu üzə çıxacaq. Hər hansı teleşirkətin siması və səviyyəsi onun öz xəbər buraxılışları ilə ölçülə bilər. Digər proqramlar belə buraxılışların aralarında yerləşdirilir. Əlbəttə, söhbət musiqi və ya əyləncə TV-lərindən getmir. Dünya təcrübəsində istər ayrıca xəbərin, istərsə bütövlükdə telexəbər buraxılışının qiymətləndirilmə meyarları var.
Məlumatların auditoriyada istənilən təsiri yaratması üçün bəzi məqamlara diqqət edilməlidir: 
· məlumat auditoriyanın diqqətini çəkəcək şəkildə hazırlanmalıdır;
· kommunikator auditoriyanın başa düşə biləcəyi ortaq kodlardan istifadə etməlidir;
· məlumatın auditoriyanın məqsəd, istək və gözlədiyi bütün tələblərə cavab verməsi şərtdir;
· fərdi ehtiyacları ödəmək məqsədi daşıyan məlumat fərdin üzvü olduğu qrup normalarına uyğunlaşdırılmalıdır. 
İndi bir qayda olaraq, beş ciddi meyar əsas götürülür. Bu meyarların ən azı biri ödənilərsə, həmin xəbər buraxılışa daxil edilə bilər.
1. Xəbər tamaşaçı üçün əməli fayda daşımalı və o bu xəbərdən aldığı bilgilər hesabına öz sonrakı davranışlarını dəqiqləşdirmək imkanı qazanmalıdır - tutaq ki, havaya görə necə geyinməkdən tutmuş, manatın xarici valyutalara nisbətdə məzənnəsinə, yol tıxaclarından ünlü ifaçıların konsert təqvimlərinə qədər ən müxtəlif xəbərlər;
2. Xəbər bu xəbəri yayanın hörmətini artırmalıdır - misal üçün, həmin məlumatı eşidən adam “bax, bunu tanışlarıma danışaram” və ya “bunu bilməyim nə yaxşı oldu” – deyə düşünməlidir;
3. Xəbər tamaşaçıda dərdə şəriklik hissi oyatmalıdır - yəni bu xəbərə baxanları xeyirxah əməllərə, başı dərdə düşənlərə əl tutmağa səsləməlidir;
4. Xəbər olaya qatılmaq həvəsi doğurmalıdır - tutalım, bu xəbəri bilən adam “görəsən, o durumda mən özümü necə aparardım?” sualına cavab axtarmalıdır;
5. Xəbər estetik dəyər daşımalıdır - yəni bu xabərə baxan gözəlliyə, incəliyə meyllənməli, yaşayıb-yaratmaq həzzinə qapılmalıdır.
     Sözügedən meyarlar həm xəbərləri planlayarkən, həm də onların düzümü zamanı çox faydalı ola bilər. Özəlliklə operativ buraxılışları hazırlarkən, həmin meyarlara önəm verməklə diri və canlı, həm də gərəkli bir proqram ortaya çıxarmaq olar. TV-nin 1-ci qaydası videosıraya - görüntülərə olayı açıqlamaq imkanının yaradılmasıdır. Çəkilişi düzgün aparmısınızsa, telexəbərin ssenarisi elə öz-özünə alınacaq. Reportyor mətninin başlıca özəlliyi - videosıradan açıq-aşkar bilinməyən məlumatın tamamlanmasıdır. Çəkilmiş görüntüləri diqqətlə gözdən keçirəndən, gərəkli kadrların zaman açarını yazandan sonra xəbər süjetinin strukturunu düşünmək və verilən qərarı kağıza köçürmək olar. Çəkiliş mərhələsindən sonra telexəbərin montajına hazırlanmaq lazım gəlir. Deməli, peşəkar ssenarini tamamlamaq üçün məhz hansı görüntüləri efirə verəcəyinizi dəqiqləşdirməlisiniz. Aydın məsələdir ki, bundan ötrü çəkilən videogörüntülərin hamısını gözdən keçirmək və seçdiyiniz görüntülərin zaman açarını yazmaq gərəkdir. “Zaman açarı” (TCR) videogörüntünü fiksasiya zamanına görə işarə etməyə və montaj vaxtı asanlıqla tapmağa imkan verir. Zaman açarını məminsəmək həm telejurnalistlərə, həm də rejissorlara hava-su kimi lazımdır. Bu işi gərəyincə bitirmək, videogörüntülərə təkrar-təkrar baxmamaq üçün zaman açarını yazarkən, diqqətli olmaq, görüntünün, eyni zamanda səsin və nitqin nisbətən dolğun açıqlamasını vermək şərtdir. Söhbət görüntünün məzmunundan, hansı planda çəkilməsindən, təbii səsin səciyyəsindən, əgər müsahibə də varsa, hansı danışıq parçasının səslənməsindən gedir. Xəbər süjetinin ideyası prodüserdən də gələ bilər, reportyorun özündən, kameramandan, rejissor və ya xəbər xidmətinin digər əməkdaşlarından, hətta tamaşaçılardan da. Amma bütün hallarda, söhbət ciddi xəbərçilikdən gedirsə, belə süjetlərin ideyasını həyat doğurmalıdır. Telejurnalistika təcrübəsi açıq-aydın göstərir ki, yerli miqyaslı süjet ölkə miqyasında böyük əks-sədaya səbəb ola bilər. Digər KİV-lərdə yayımlanmış materiallar da aktual və maraqlı bir telexəbərin yaranmasına təkan verə bilər. Məlumat və təşəbbüs hər kimdən gəlirsə-gəlsin, reportyor həqiqəti axtarmaqdan yorulmamalı, mümkün olduğu qədər axtarış aparmalıdır. Bu, çəkilişə hazırlıq mərhələsinin başlıca şərtidir.
Xəbər, cəmiyyətdə çox sayda adamı maraqlandıran, təsir edən, doğruluğundan şübhə edilməyən hər hansı bir hadisənin, düşüncə və ya görüşün xalqın anlaya biləcəyi şəkildə və tam zamanında verilməsidir. Xəbər, əvvəlcə qarşımızdakılara nəsə izah etmə fəaliyyətidir. Xəbər, mədəniyyəti, təhsil səviyyəsi və ictimai vəziyyəti fərqli olan fərdlər üçün hazırlanır. Bunlar fəhlələr, müəllimlər, bankirlər, sənaye adamları, ev xanımları ola bilər. Bu qədər geniş və homogen olmayan bir kütləyə xitab edilən xəbərin dili, hər kəs üçün anlaşılacaq şəkildə olmalıdır. Buna görə də, televiziya xəbərlərində istifadə edilən dil gündəlik həyatda insanların istifadə etdiyi danışıq dili olmalıdır. Xəbərin başa düşülməsi və tamaşaçıya təsiri xəbər mətninin yazılışından asılıdır. Xəbər mətni yazılarkən diqqət ediləcək qaydalar:
· xəbər mətni yazılarkən gündəlik dildə iştirak edən sözlərdən istifadə edilməlidir;
· alınma sözlər məcbur olmadıqca işlənməməlidir;
· cümlələr qısa, sadə və açıq olmalıdır; 
· sifətlər mümkün olduğunca istifadə edilməməlidir;
· jarqonlardan uzaq dayanılmalıdır;
· reportyor və ya aparıcı münasibəti olmamalıdır; 
· mötərizədən istifadə edilməməlidir;
· məlumatlar sadələşdirilərək verilməlidir;
· texniki terminlər sadələşdirilməlidir.
Amerikanın milli informasiya infrastrukturunda informasiyalı cəmiyyət belə səciyyələndirilir; təhsil müəssisələri və müəllimlər coğrafi şəraitindən, məsafədən, əmək qabiliyyətindən asılı olmayaraq bütün tələbələrin üzünə açılır; incəsənət, ədəbiyyat və geniş elmi potensial təkcə kitabxanalar və müzeylər çərçivəsində qalmır; səhiyyə və sosial xidmətlər interaktiv rejimdə hamının üzünə açıqdır; elektron magistrallar vasitəsilə işləmək üçün hər cür imkan yaradılır; kiçik firmalar dünyanın hər yerindən elektron poçt vasitəsilə sifariş ala bilir; hər kəs öz evində oturub axırıncı filmlərə baxa, mənzilindən banka, mağazaya müraciət edə; birbaşa, yaxud yerli kitabxanalar vasitəsilə dövlət informasiyası ala, dövlət məmurları ilə asanlıqla əlaqə yarada bilər; dövlət və iş adamları kağız yazışmalarının həcmini azaltmaq və xidmətin keyfiyyətini yaxşılaşdırmaq üçün elektron poçt vasitəsilə informasiya mübadiləsi edə bilərlər. 
Peşəkar jurnalistlər belə bir ortaq fikri bölüşürlər ki, həmin mərhələ bütövlükdə teleməhsulun keyfiyyət səviyyəsini öncədən müəyyənləşdirir. Telexəbərlərdə müsahibələrdən bacardıqca səmərəli istifadə də ayrıca peşəkarlıq tələb edir. Müsahibələrdə seyrçinin artıq bildiyi deyil, keyfiyyətcə yeni məlumat əksini tapmalıdır. Telexəbər hazırlarkən çəkilən görüntüləri dəyərləndirmənın müxtəlif ölçüləri mövcuddur:
· Hadisənin baş verdiyi yer dolğun əksini tapıbmı?
· Müxtəlif insanlar çəkilibmi?
· Olayın həm adi, həm də qeyri-adi görüntüləri əks etdirilibmi?
· Olay məkanının ovqatı duyulurmu?
· Olayın zaman axarı necə duyulur?
· Görüntü fraqmenti olayı necə açıqlayır?
· Təbii səslər, özəlliklə “reperaund”lar (ayrıca interküy) olayın dolğun açıqlanmasına necə yardım edir?
Unutmaq olmaz ki, videogörüntü də ayrıca dildir və onu da yaxşı, yaxud pis bilən, xoş olmayan və ya xoş ləhcə ilə danışan var. Tam təbiidir ki, pis çəkilən və uğursuz montaj edilən süjetlər özünə uyğun reaksiya doğuracaq. Yersiz zoom və panoramlar, əsib-titrəyən görüntü, darıxdırıcı kompozisiya teleseyrçinin canını sıxacaq, gördüklərini anlamaq ondan əlavə səy istəyəcək. Reportyor gərək yaddan çıxarmasın ki, indiki teleauditoriya artıq əvvəlki deyil. İndi insanlar peyk TV-lərinə baxır, az qala Hollivud standartlarına cavab verən şouları, filmləri, reklam çarxlarını izləyirlər. 
Stəndapa gəlincə, bu TV jurnalistinin danışan görüntüsüdür və ingilis dilinin “stand-up” sözündən götürülüb. Lüğəti tərcüməsi “dik durmaq”, “ayaqüstə dayanmaq”, “duruş” mənasına gəlir. Bizi maraqlandıran mənada reportyorun olay yerində görünüb nəyi isə xatırlatması, tamaşaçılardan ötrü dəqiqləşdirməsi, olayla bağlı önəmli ayrıntıya diqqət çəkməsidir. Reportyoru da əlavə etsək, ingiliscədən Azərbaycan türkcəsinə “reportyor duruşu” kimi çevrilə biləcək stəndap hazırlanan süjetin ən təsirli elementi ola bilər. Teleekranda reportyoru görən seyrçi çox vaxt onun verdiyi məlumata daha diqqətlə yanaşır, çünki hər hansı olaya diqqət çəkməyin ən sadə yolu – insan amilindən faydalanmaqdır. Xəbərlədiyiniz olayı insandan “keçirəndə” məlumat daha canayaxın olur. Bu hallarda jurnalistin -reportyorun kadrda görünüb danışmasına ehtiyac yaranır. Aydın məsələdir ki, haqqında telexəbər hazırlanan olayı başdan-ayağa göstərmək imkanı yoxdur. İstər-istəməz, ən önəmli görüntünü seçməyə və vaxtı sıxmağa məcbur qalınır. 
Videomontaj mətn redaktəsinə bənzəyir və elə gerçəkləşdirilməlidir ki, seyrçi çaşmasın. Görüntü və səs sırası olayın məntiqi ardıcıllığını pozmamalıdır. Bütün hallarda tamaşaçıların hadisə barədə dolğun bilgilənməsinə can atmaq lazımdır. Bundan ötrü olayla bağlı faktlar, müsahibələr yenidən sıralana və yenidən qruplaşdırıla bilər. Xəbər süjetinin ən asan başa gələn hissəsi məhz kadrarxası mətndir. Adətən, kadrarxası səs studiyada yazılır və sonra onun üzərinə görüntü montaj edilir. Kadrarxası mətndə reperaunddan (ayrıca interküydən) faydalanmalar reperaundda əksini tapan məlumatın xəbər süjetinin kontekstinə istər kompozisiya və məzmun, istərsə üslub baxımından tam uzlaşdırılmasını tələb edir. Xəbər aparıcısı üçün bağlayıcı mətn tiplərini, adətən, xəbər proqramını efirə verən buraxılış qrupu hazırlasa da, bu zaman reportyorun da üzərinə bəlli öhdəliklər düşür. Hansı təcrübənin əsas götürülməsinə baxmayaraq, xəbər reportyoru öz süjetinin bağlayıcı mətnlərini – aparıcı üçün “giriş sözü” və “son sözü” hazırlamağı özünə borc bilməlidir. Bu, olay və ya problemin mahiyyətcə açıqlanmasına və bütün xəbər xidməti əməkdaşlarının baş verənlərdən xəbərdar olmasında əhəmiyyətli rol oynayır. Azərbaycan müstəqillik qazandıqdan sonra mediaya, o cümlədən junalistika janrlarına elmi maraq artmış, bir sıra kitablar yazılmış, xeyli qəzet və jurnal məqalələri dərc edilmişdir. Bu da onunla bağlıdır ki, kütləvi informasiya vasitələrinin fəaliyyətində jurnalist sözü daha qüvvətli təsirə malikdir. O, vətəndaş cəmiyyəti quruculuğu vəzifəsinin yerinə yetirilməsində çox mühüm rol oynayır, insanların qəlbində inam, əqidə yaradır, onların dünyagörüşünün genişlənməsində yaxından iştirak edir. Həm də ölkədə qazanılan nailiyyətlərlə yanaşı, cəmiyyətimizdəki mənfi halları tənqid edir. Günümüzün jurnalistikasında, zamanlılıq dəyərini verən yenilik, anilik, etibarlılılq elementləri fərqlənir. Zaman cəhətdən, yenilik və anilik radio üçün ön planda yer alırkən, qəzetlər üçün etibarlılıq əsasdır. Televiziyada isə yenilik, anilik, etibarlılıq vəziyyətə görə əhəmiyyət daşıyır. Yenilik və aniliyin radio üçün əhəmiyyətli olması, qəzetlərdə etibarlılığın ön plana keçməsi o demək deyil ki, qəzetlərdə anilik və yenilik, radioda isə etibarlılıq nəzərə alınmır.
Xəbəri zamanında çatdırmaq lazımdır, ancaq bu heç də o demək deyil ki, daha öncələr baş verən, amma gizli qalan olayı xəbər etmək olmaz. Digər tərəfdən o da düzdür ki, xəbər qaldıqca və köhnəldikcə dəyərini artırmır, əvvəllər məlum olmayan bilgiləri insanlara yetirəndə onlar bundan təsirlənir. Öncədən haqqında məlumat olmayan hər hansı önəmli olay baş verdiyi anda deyil, üzə çıxdığı anda diqqəti çəkir. Zaman rəqib media quruluşları ilə rəqabət baxımından önəmlidir. Vacib bir olay barədə bildiyin xəbəri sən çatdırmasan, həm rəqiblərinə uduzacaqsan, həm də səni olayı bilərəkdən gizlətməkdə təqsirləndirə bilərlər. Xəbərləri üç növə ayırmaq mümkündür: hərəkətli xəbərlər – bu xəbərlərdə ən çox hərəkət, çox az ifadə olur. Məs, yol qəzası, cinayət xəbərləri və s. İfadəli xəbərlər – bu tip xəbərlərdə ən çox ifadə, çox az da hərəkət olur. Məs, mətbuat konfransları, konfranslar, açıq iclaslar, elmi yığıncaqlar və s. Hərəkətli-ifadəli xəbərləri – belə xəbərlərdə isə hərəkət və ifadə bərabər olur. Məs, mərasim xəbərləri və s. Teleməlumatların informatityliyini artırmaq üçün onların verbal tərtibatı aşağıdakı keyfiyyətlərə malik olmalıdır: dil zənginliyi; yerində işlədilən anlamlı sözlərdən istifadə; dil quruluşlarının sadəliyi; obrazlılıq; dəqiqlik; məntiqli, mənalı kompozisiya; dil intonasiyalarının adekvatlığı; pauzaların mühüm səviyyəsi və danışığın, nitqin əlverişli tempi. Əgər vizual cərgə verbal şərhə uyğun gəlirsə, o zaman teleməlumatın mətn komponentləri daha yaxşı yadda qalır. Əgər iki kanalın - audio və video arasında məna əlaqəsi itirsə (burada vizual informasiya həm tanıma, həm də xatırlama üzrə lider olur), o zaman audioinformasiyanın mənimsənilməsində ciddi çətinliklər yaranır. Əksinə, vizual informasiyanın yadda saxlanılması video və audionun qarşılıqı uzlaşmasından, demək olar ki, asılı deyil; amma o məlumatın məzmun mürəkkəbliyindən xeyli dərəcədə asılıdır. 

Ədəbiyyat:
1. Mehdiyev F., Mətbuat janrları, B., 1995. 
2. Məmmədli C., Müasir jurnalistika, B., 2003. 
3. Rüstəmli A., Jurnalistika, B., 2005
4. Гавра Д.П. Эффективность коммуникационных источников. Санкт Петербург. 20 dekabr. 2000. 
5. McQual D. Sociology of mass communications. Washington. 2002.
6. www.lifehaceker.com
7. www.gawker.com

Комментариев нет:

Отправить комментарий