четверг, 27 октября 2016 г.

XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycan mətbuatının xarici əlaqələri

Samir Xalidoğlu (Mirzəyev)
"Jurnalistika" ETL, elmi işçi 

XIX əsrin ikinci yarısından formalaşmağa başlayan Azərbaycan milli mətbuatı yarandığı ilk gündən qarşısına mühüm vəzifələr qoydu: yerli oxucuları dünyada baş verən ictimai-siyasi və mədəni hadısələrdən xəbərdar etmək, eyni zamanda Azərbaycan haqqında dünyaya məlumat ötürmək. Bunun üçün jurnalist və publisistlərimiz xaricdə nəşr olunan qəzet və jurnalları, teleqraf agentliklərini diqqətlə izləyərək xarici müxbirlərin əməyindən bəhrələnməyə başladılar. Bütün bunlar Azərbaycan mətbuatının xarici əlaqələrinin təşəkkül tapmasına yol açdı. Bu əlaqələrin yaranması isə heç şübhəsiz “Əkinçi” qəzeti və onun redaktoru H.Zərdabinin adı ilə bağlıdır.


Moskva Universitetinin məzunu olması, Avropa ölkələrinin tarixini və mədəniyyətini yaxşı bilməsi, müxtəlif ölkələrin qəzetlərinin materiallarına əsaslanması beynəlxalq məsələlərin işıqlandırılmasında H.Zərdabinin köməyinə gəlirdi. Qəzetin işıq üzü görmüş 56 nömrəsində istər Rusiyanın, istərsə də Avropanın qabaqcıl mətbuat orqanlarının məlumatlarından gen-bol istifadə edilmişdi. Bu materialların böyük əksəriyyətində ən mühüm beynəlxalq həyat məsələləri işıqlandırılmışdı.

Zərdabi bir çox xarici mətbu orqanlarına maraq göstərirdi. Bunlardan biri və ən əsası Böyük Britaniyanın “Tayms” qəzeti idi. Maraqlıdır ki, “Əkinçi” öz problemlərindən danışarkən “Tayms”ı müsbət nümunə kimi göstərirdi. Qəzetin 1876-cı il 6 dekabr tarixli 23-cü sayında “Daxiliyyə” şöbəsində verilmiş materialda deyilir: “Bizim müsəlman tayfasının ingilis tayfasından nə qədər geri qaldığını “Əkinçi” qəzetinə və London şəhərində çap olunan “Tayms” qəzetinə baxmaq ilə bilmək olar”(6, səh.32).

Zərdabinin “Tayms” qəzetinə rəğbət bəsləməsi, onu nümunə kimi göstərməsi səbəbsiz deyildi. Başlıca səbəb o idi ki, həmin qəzet dövrünün ən məlumatlı mətbuat orqanı sayılırdı və bəzən bir sıra məsələlər barəsində hökumətdən daha çox məlumatlı olması ilə seçilirdi. Bundan başqa, “Tayms”ın yaydığı xəbərlərin dəqiqliyinə heç kəsin şübhəsi olmurdu. “Tayms” qəzeti XIX əsrdə nəinki İngiltərə, belə demək mümkünsə bütün Avropa jurnalistikasının lideri idi. Onun şan-şöhrəti Londonun hüdudlarını xeyli aşmışdı. “Əkinçi”nin yazdığına görə “Tayms” gündəlik dörd səhifə həcmində çıxır, hər vilayətdə müxbiri olması təzə xəbərin toplanıb çap edilməsinə imkan verir, tirajın oxuculara dəmiryol qatarları vasitəsilə həmin gün çatdırılması təmin edilir, hətta bu işin sürətləndirilməsi üçün yeni tədbirlər görülməsi nəzərdə tutulurdu. Çap işinin sürətləndirilməsi sayəsində görülən işlərdən danışan H.Zərdabi qəzetin elanlardan hər gün 200 manatdan çox vəsait götürdüyünü qeyd edir, “Tayms”ın 100.000 nəfərdən çox müştərisinin olduğunu göstərirdi.

H.Zərdabi “Əkinçi” barəsində danışarkən yazırdı ki, həmin “qəzet 300 müştəriyə həsrət çəkir və bir də ingilis məmləkətində “Tayms”dan savayı çox qəzet var ki, hər gün, ya da gündə iki dəfə çap olunur və onların hər birini çap edən özünün qəzet çap etmək ixtiyarını 200 min manata satmaz, amma bizim bir “Əkinçi” qəzetimiz var və əgər onu çap etmək ixtiyarını satmağa dursaq, nə ki ona bir qəpik verən olmaz, hətta onu cəbrən də boynuna götürən tapılmaz. Buna səbəb odur ki, ingilis əhli dünya işində mahir və hər elmdən xəbərdar olduğuna səy edir ki, pul qazanıb, nə ki bu dünyada çox ləzzət ilə zindəganlıq etsin, hətta axirəti gözləyib, məktəbxana və kilsə tikdirib, qeyriləri xristian etməkdən ötrü icmalar bina edir və bu səbəbə onlar kamallı və xeyirli sözün qədrini bilir ki, onlardan ol qədər qəzet oxuyan var”(6, səh.33).

“Əkinçi”nin 1876-cı il 1 yanvar tarixli nömrəsində “Tayms” qəzeti ilə bağlı çap olunmuş başqa bir məqalə də maraq doğurur: “Altı ay yoxdur ki, bizim “Əkinçi” qəzeti çap olunur, amma ingilisin paytaxtı London şəhərində onun çap olunmağı məlumdur. Oradan bir kitabın bir fəslinin türk dilində olan tərcüməsini bizə göndəriblər ki, onun qələtini düzəldək, əlhəqq bu çox ziyadə gözüaçıqlıq istər. London şəhərində bir neçə yüz qəzet çap olunur. Onunla belə kişilər dünyanın ucunda bizim qəzet kimi kiçik qəzet çap olunmasını eşidib istəyirlər ondan da nəfbərdar olsunlar, amma bizim adamın çoxu nə ki buçağadək bizim qəzeti oxumayıblar, bəlkə bəzi kəslər onun bina olunmasının xəbərini də eşitməyiblər”.

Bu yazıda “Əkinçi”nin vəziyyətinin çətinliyi ilə yanaşı, İngiltərədə tanınması nəzərə çatdırılır. Qəzetin səhifələrində bu qəbildən olan xəbərlərə tez-tez rast gəlinir. Zərdabi qəzetinin Londonda da tanındığından iftixar hissi duyur və ona redaktə etmək üçün türk dilində yazı göndərildiyini nəzərə çatdırır. 

“Əkinçi”də “Tayms”la yanaşı digər mətbu orqanların da adlarına rast gəlmək olardı. Tiflisdə erməni dilində çıxan “Mşaq”, Tehranda nəşr olunan “Ruznameyi-İran”, Moskavada nəşr olunan “Moskovskiye vedomosti”, “Novosti” qəzetləri bu qəbildəndir. Zərdabi “Tayms”ı bir nümunə kimi göstərib, onun timsalında inkişaf etmiş Avropa qəzetçiliyini təqdir edir, “Ruznameyi-İran”ın ideya məzmunundakı ətaləti, geriliyi isə aradan qaldırmağa çağırırdı. Qəzetin 23 iyun 1877-ci il tarixli 13-cü nömrəsində Zərdabi yazırdı: “Qaramal yediyi xörəyi sonra gövşəyən kimi, keçmişdə olan işləri dərviş kimi müştərilərinizə nağıl edirsiniz... heyhat, heyhat! Əzizim, qəflət yuxusundan oyanıb Avropa tərəfinə tamaşa edin” (1, səh. 41). 

Zərdabi həmçinin gürcü və Orta Asiyanın türkdilli mətbuatı ilə də maraqlanır, onlar haqqında ara-sıra məlumat çap edirdi. Bu dövrdə Daşkənddə rusca “Türkestanskiye vedomosti” qəzetinə əlavə kimi nəşr olunan “Türküstan vilayətinin qəzeti” Azərbaycan həyatına böyük maraq göstərir, ölkədəki iqtisadi inkişafı, mədəni tərəqqini müntəzəm izləyirdi. Bu sahədə “Əkinçi” həmin qəzet üçün etibarlı və dolğun mənbələrdən idi. Hər iki qəzet material mübadiləsi edirdi. Zərdabi “Əkinçi”nin 15-ə yaxın müxtəlif nömrəsində həmin mətbu orqanın adını rəğbət hissi ilə çəkmiş, onun səhifələrindən bir neçə yazı götürüb öz qəzetində vermişdir. Habelə “Türküstan vilayətinin qəzeti” də öz növbəsində “Əkinçi”dən tez-tez bəhs edir, onun fəaliyyətini diqqətlə izləyirdi. Qəzet “Əkinçi”nin dünyəvi və dini elmlərə dair qaldırdığı məsələ haqqında iri məqalə çap etmişdi. Məqalədə mübahisənin mahiyyəti şərh olunduqdan sonra qəzet öz oxucularını müzakirədə iştirak etməyə çağırırdı. Az keçmir ki, Daşkənd qəzetinin səhifələrində həmin məsələ ilə əlaqədar canlı rəylər, dolğun məqalələr çap olunur. Bu münasibətlə “Əkinçi” qəzetinin 1876-cı il 29 fevral tarixli 4-cü nömrəsində deyilirdi: “Daşkənd şəhərində türk dilində çap olunan “Türküstan vilayətinin qəzeti”ndə elmi-əbdan hədisinin barəsində mübahisə başlanıb” (1, səh.18).

Bütün bu sadalananlar onu göstərir ki, “Əkinçi” qəzeti və onun redaktoru Zərdabi yerli və xarici mətbuatı daim diqqət mərkəzində saxlayır, yeri gəldikcə həmin mətbu orqanlarda gedən materiallardan istifadə edirdi. Bunlarla yanaşı “Əkinçi” qəzetinin xarici ölkələrdə az da olsa müxbirləri vardı. Həmin müxbirlər sırasında Abdulla Mehmandarovu (Moskva), Mirzə Məhəmməd Yaqubəlibəyovu (İrəvan), Əbdülfəttahı (Dərbənd), İsmayıl Mərufini (Tehran), Abrahamı (İstanbul), Seyfəddin Seyidovu (Tiflis) və başqalarını göstərmək olar. Bu müəlliflər qəzetə xəbərlər yollamaqla yanaşı, həm də həmin şəhərlərdə “Əkinçi”nin müvəkkili idilər. Başqa sözlə onlar qəzetin yayılması və yaşaması üçün müəyyən dərəcədə əmək sərf edən şəxslər idi.

“Əkinçi” qəzetinin və H.Zərdabinin qoyduğu bu yol, yəni xarici mətbuatı daim diqqət mərkəzində saxlamaq, onlarla material mübadiləsi etmək sonrakı mətbu orqanlarımız üçün də gözəl bir ənənə halını aldı. “Əkinçi”dən sonra gələn qəzet və jurnallarımız bu sahədə bir az da irəli getmişdi. Artıq mətbu orqanlarımızın səhifələrində yeni-yeni qəzet və jurnal adlarını görmək mümkün idi. Həmçinin daha geniş müxbir ordusu ilə qarşılaşmaq olurdu. Bu da öz növbəsində milli mətbuatın inkişafından, dünyadakı mütərəqqi qəzetçilik ənənələrinin Azərbaycanda da tətbiqindən xəbər verirdi. Bu dövrlərdə Azərbaycan oxucusu artıq teleqraf agentliklərinin materialları ilə tanış ola bilirdi. Haşiyə çıxaraq qeyd etmək istərdik ki, teleqraf agentlikləri XIX əsrin əvvəllərindən formalaşmağa başlayıb. Dünyada ilk agentlik 1825-ci ildə Parisdə Şarl Havasın əsasını qoyduğu Havas agentliyi hesab olunur. Bu agentliyin əməkdaşlarından olan Volf 1849-cu ildə Almaniyada Volf agentliyini yaradıb. Havasın digər əməkdaşı Yulius Röyter 1851-ci ildə İngiltərədə Röyter informasiya agentliyinin əsasını qoyub. 1870-ci ildə isə Amerikada Assoşeyted Press agentliyi bu üçlüyə qoşuldu (2, səh. 299). Bu agentliklərdən əsasən ikisinin adına dövrü mətbuatda sıx-sıx rast gəlmək olurdu: “Röyter” və “Assoşeyted Press”. 

I Dünya Müharibəsi illərində Azərbaycan mətbuatında beynəlxalq həyat məsələlərinə diqqət daha da artdı. Həmin dövrün mətbuat orqanları dünyada baş verən ictimai-siyasi hadisələri işıqlandırmaq üçün qərb mətbuatı və teleqraf agentliklərinin xəbər materiallarından müntəzəm olaraq istifadə edirdilər. Həmin dövrdə biz həmçinin, artıq yayğın şəkildə ölkə qəzetlərinin xaricdə müxbir məntəqələri yaratmalarının da şahidi oluruq. 

Bu dövrün əsas qəzetlərindən biri “İqbal” idi. Qəzet və onun əməkdaşları xalqın problemlərinin həllinə səy göstərir, mütərəqqi ideyalar irəli sürür, milli ictimai fikrin formalaşmasına çalışırdı. “İqbal” öz ətrafında güclü jurnalist ordusu toplamışdı. Qəzetdə gedən yazıların hazırlanmasında xaricdəki müxbirlərin göndərdiyi materiallardan da sıx istifadə olunurdu. Fateh Kərimi Türkiyə müxbiri kimi fəaliyyət göstərirdi. Onun “İstanbul məktubları” adlı silsilə yazılarında müharibənin törətdiyi fəsadlardan, əhalinin ağır həyat şəraitindən bəhs edilirdi. Bundan başqa qəzetin Dərbənd (İ.Mehdizadə), Aşqabad (Dağlı), Baxçasaray (M.Çələbiyev) şəhərlərində müxbirləri vardı. Həmçinin Rostov, Kiyev, Tiflis, Həştərxan, Batum, Səmərqənd və digər yerlərdən gələn yazılar və məktublar “İqbal”ın həmin şəhərlərdə də yayıldığını, oxucu rəğbəti qazandığını göstərirdi. Qəzetdə gedən ictimai-siyasi məqalələrin, informasiyaların hazırlanmasında Qafqazda və dünyanın müxtəlif yerlərində çıxan bir sıra qəzet və jurnalların materiallarından, həmçinin teleqraf agentliklərinin məlumatlarından istifadə olunurdu. Bunlardan “Tərcüman”, “Vəqt”, “Novoye vremya”, “İdel”, “Musulmanski qazeta”, “Kazan”, “Reç”, “Utro Rossiyi”, “Vremya”, “Rossiya”, “Ələmdar”, “Sabah”, “Millət” və s. mətbu orqanları, “Röyter” informasiya agentliyinin adlarını çəkmək olar.

“İqbal” qəzetinin bağlanmasından sonra nəşrə başlayan “Yeni İqbal” qəzeti həmin yazarların bir çoxunu öz ətrafına cəmlədi. Qəzetdə gedən materialların hazırlanmasında xaricdə nəşr olunan aparıcı mətbu orqanların və teleqraf agentliklərinin informasiyalarından istifadə olunurdu. Bunlara misal olaraq “Tərcüman”, “Vəqt”, “Söz”, “Ulduz”, “Zaqafqazski reç”, “Reç”, “Novoye vremya” qəzetlərini və “Röyter” teleqraf agentliyini göstərə bilərik. Qəzeti Makuda H.Ramazanov, Tiflisdə Qərib, Batumda R.Şakir, Dərbənddə M.Əfəndizadə, Səmərqənddə M.Məhəmmədi, Aşqabadda H.Əfəndizadə, Qarsda Ə.Cövdət, Ərdahanda Ə.Cavad lazımi informasiyalarla təmin edirdilər.

Bu dövrdə Bakıda rus dilində çıxan və Azərbaycan milli burjuaziyasının maraqlarına xidmət edən “Kaspi” qəzeti müxbir postlarının daha geniş olması ilə seçilirdi. Bunu, qəzetin maddi durumunun digər mətbu orqanlar ilə müqayisədə daha yaxşı olması ilə izah etmək olar. Odur ki, “Kaspi”nin bir çox şəhərlərdə, o cümlədən Moskva, London, Paris, Roma, Kiyev, İstanbul, Vyana, Sofiya, Berlin, Varşava, Buxarest, Odessa, Xarkov, Pekin, Daşkənd və s. müxbirləri vardı.

Beləliklə, müasir dövrdə mətbuat orqanlarının dünyada baş verən hadisələri işıqlandırması, xarici mətbu orqanların materiallarından istifadə etməsi, xarici müxbir məntəqələrini qurması birdən-birə yaranmayıb. Bunun formalaşması üçün böyük bir dövr lazım gəlib. Bu dövr başlanğıcını “Əkinçi”dən götürərək, daha sonra “Həyat”, “İrşad”, “İqbal”, “Açıq söz”, “Kaspi” və neçə-neçə belə mətbu orqanlar ilə davam və inkişaf edərək bu günki şəklini alıb. 



ƏDƏBİYYAT

1. Hüseynov S. “Əkinçi” qəzetinin izahlı biblioqrafiyası. Bakı: Azərnəşr, 1977, 94 səh.

2. Məmmədli C. Jurnalistikaya giriş. Dərs vəsaiti. Bakı: Bakı Universitetinin nəşriyyatı, 2001, 385 s.

3. Məhəmmədzadə M.B. Azərbaycan türk mətbuatı. Bakı: Bakı Universitetinin nəşriyyatı, 2004, 84 s.

4. Məmmədov V. “Əkinçi” qəzeti. Bakı: Azərnəşr, 1976, 80 s.

5. Vəliyev H. Dünya informasiya agentlikləri Bakı, 2003.

6. Vəliyev H. “Əkinçi” “Tayms” əlaqələri // “Türk eli” jurnalı, dekabr 2010, № 9, s.32-33.

Комментариев нет:

Отправить комментарий