четверг, 27 октября 2016 г.

Azərbaycanda region televiziya kanallarının inkişaf meylləri

                   Günay Səməd qızı Məmmədova
BDU, elmi işçi
        Azərbaycanın Kütləvi İnformasiya Vasitələrinin inkişafında region televiziya şəbəkələrinin formalaşması mühüm rola malikdir. Televiziya izləyicilərinin qəzet və jurnal oxuyucularına nisbətdə çoxluq təşkil etməsini nəzərə alsaq bölgələrdə KİV-in inkişafının dönüm nöqtəsini region televiziya kanallarının yaranması ilə əlaqələndirmək daha doğru təhlil olar. Azərbaycanda ilk region telekanal Gəncədə 1994-cü ildə açılan Kəpəz Müstəqil Teleradio Şirkəti olub. Televiziyada əvvəlcə musiqili-əyləncəli proqramlar hazırlanıb.

4 iyun 2008-ci ildə “Kəpəz” televiziyasının təşkilat- hüquqi forması dəyişdirildi. Yeni inkişaf dövrünə qədəm basan televiziyada birinci iş yayım keyfiyyətini yaxşılaşdırmaq və kanalı yeni müasir avadanlıqlarla təchiz etmək oldu. Daha sonra televiziyada fəaliyyət üçün istedadlı gənclər işə cəlb olundu. Efirdə yeni simalar, tamaşaçılara isə maraqlı verilişlər təqdim edildi. Bu gün efirdə cəmiyyətdə aktuallığını saxlayan mövzularla yanaşı, hüquq, səhiyyə, mədəniyyət və tariximizlə bağlı maarifləndirici xarakterli verilişlər də yayımlanır. Hazırda kanal gün ərzində 18 saat efirdə olmaqla bir-birindən maraqlı, 20 veriliş və gündəlik "Bu gün" informasiya proqramı ilə efirə çıxır. Nəzərdə tutulan bütün verilişlər birbaşa insanların şüuruna, onların dünyagörüşünə və mədəniyyətinə təsir edəcək şəkildə tərtib olunur. Televiziyanın nəzdində 18 nəfərdən ibarət Dublyaj redaksiyası da fəaliyyət göstərir ki, bununla da öz ana dilimizdə ən son kinoların, cizgi və sənədli filmlərin səsləndirilməsi həyata keçirilərək, yayımlanır. 4 iyun 2009-cu ildə isə “Kəpəz” telekanalı öz web saytını yaratdı. Telekanalın həmin gün istifadəyə verilən www.kepeztv.az saytı onun fəaliyyəti haqda bütün məlumatları özündə əks etdirir. Kanal yarandığı ilk gündən özünə auditoriya toplasa da maliyyə cəhətdən xeyli problemlərlə üzləşdi. Bu problemlərin kökündə reklam bazarının qurulmaması dururdu. Televiziyaya sahibkarları cəlb etmək əsas prioritet mövzu idi. Müəyən müddətdən sonra region telekanaları bu problemi qismən də olsa həl edə bildilər. Verilişlərin reytinqi artdıqca reklam bazarında canlılıq müşahidə olundu. Hər hansı yeni istehsal olunmuş məhsulun tanıdılmasında əsas məqsəd informasiyanı daha çox ailələrə çatdırmaqdır. Əsasən evdar xanımlar alış-veriş etdiyindən informasiyanı evdar xanımlara çatdırmaq daha məqsədə uyğundur. Reklamın effektivliyini artıran başqa amil reklam prosesinin fasiləsizliyini təmin etmək və onun il boyu yayımında dəyişməzliyin olmasına nəzarət etmək­dir. Reklamın bütün ölkədə yayılmasını təmin etmək müştəri sayının artması deməkdir. Reklam edilən məhsulun xarakteristikasına uyğun kütləvi informasiya vasitəsinin seçilməsi strateji məqsədlərin həllinə kömək edir. Reklam mətni nə qədər dolğun və cəlbedici olarsa bir o qədər istənilən nəticəni əldə etmək məqsədi real görünür. Bu məqsədlərə riayət etməklə reklamın KİV-də yerləşdirilməsi zamanı daha düzgün qərarlar qəbul etmək olar.
Son illər ərzində ölkəmizdə, reklamın digər növləri, xüsusilə də televiziya reklamı inkişaf etməkdədir. Regionlarda yeni televiziya kanallarının yaranması reklam bazarında da canlanmaya və rəqabətə səbəb oldu. Hər bir region telekanallarının daxilində reklam şöbələri fəaliyyət göstərir. Reklamlar burada hazırlanır və efirə verilir. İnternet reklamın inkişaf etdiyi bir şəraitdə kütləvi informasiya vasitələrinin öz reklam bazarını qoruya və inkişaf etdirə bilməyi olduqca çətindir. Milli.az İCTnews-a istinadən bildirir ki, “Google” 2012-ci ilin birinci yarısında reklamdan 20.8 milyard dollar əldə edib. Bu göstərici Amerika jurnallarının gəlirindən 1.6 milyard, qəzetlərdən isə 10 milyard dollar çoxdur. “Statistika” şirkətinin tədqiqatında qeyd edilib ki, belə müqayisə heç də düzgün deyil, çünki “Google” Amerika şirkəti olsa da, çap nəşrlərindən fərqli olaraq bütün dünyaya reklam satır. Dünya yazılı mediası internet şirkətləri ilə rəqabət apara bilirsə deməli region telekanalları da mərkəz telekanalları ilə rəqabət apara bilər.Radio və telereklamın üstünlüyü xüsusilə onların çevikliyindədir bəzən redaksiyaya daxil olan məlumat dərhal efirə gedə bilər. Ria.az saytının Turana istinadən verdiyi məlumata görə ekspertlərin hesablamalarına görə Bakıda fəaliyyət göstərən teleradio şirkətlərinin reklam bazarı bu il təxminən 80 mln. manata çatıb. Audiovizual reklamların əksəriyyəti Bakıdakı dövlət, ictimai və özəl kanallarda cəmləşib. Regional teleradio şirkətlərinə isə ümumi reklamın çox kiçik bir hissəsi düşür. Bölgələrdə yerli televiziyaların bərpası, müasir standartlar səviyyəsində texnika ilə təchizi mediada da reklam bazarının genişləndirilməsinə, bu da öz növbəsində bölgə televiziyalarının inkişafına gətirib çıxaracaq.Hazırda Azərbaycanın reklam bazarının həcmi 100 milyon dolları keçib. Hətta ötən il Azərbaycan telekanalları reklamdan 196 milyon 627 min 124 dollar gəlir əldə edib. Bu sahədə fəaliyyət göstərən şirkətlərin sayı 100-dən çoxdur. Onların əksəriyyəti çap xarakterli reklam xidmətləri təklif edir. Reklam filmlərini isə bir-iki şirkət istisna olmaqla bir qayda olaraq Production Studiolar çəkir. Reklam bazarının strukturu reklamdaşıyıcılar üzrə isə aşağıdakı qaydadadır: televiziya – 41%, qəzetlər – 32%, köşə reklamı – 14%, radio – 4%, +digərləri – 0.9%. [2]. Regionlarda da kütləvi informasiya vasitələrinin reklam payı paytaxt mediası ilə eynilik təşkil edir. Əsas hissə televiziyanın payına düşür.
Respublika telekanalları qədər olmasa da region telekanalları da reklam bazarında mətbuatla müqayisədə daha çox inkişaf edib. Məsələn Yevlax rayonunun “EL” kanalında bir sıra məhsulların reklam çarxları gün ərzində yayımlanır, lakin həmin rayonun “Kür” mətbu orqanında çox sayında dünyasını dəyişmiş insanlara başsağlığı və elanlardan başqa reklama rast gəlinmir. Tovuzda “ Türkel”, Gəncədə “Kəpəz TV”, Mingəçevirdə “MTV”, Sumqayıtda “DTV”, Zaqatalada “Aygün TV” telekanalları öz reklam bazarını qurub. Lakin bu kanallar da ilk bir necə il ərzində ATV kanalının ilk efirə getdiyi vaxtlarda istifadə etdiyi üsuldan təbriklərlə, müxtəlif smslər vasitəsilə gəlir əldə edirdi. Regional telekanallar öz yayım sferasını genişləndirdikcə yaxın bölgələrdə də efirə getməsilə öz auditoriya dairəsini genişləndirdi. Bununla da reklam verəcək şirkətlərin diqqətini cəlb etməyə başladı. Artıq bir neçə ildir ki, fəaliyyət göstərən region telekanalları bəzi iri şirkətlərin reklam çarxlarını və videolarını efirə verməklə öz reklam bazarının əsasını qoyublar. Televiziya sisteminə reklam bazarının daxil olması, yaxud da əksinə reklam bazarında televiziya sisteminin özünə yer tapması yeni modelin yaranmasını şərtləndirdi. Tanınmış dünya şirkətlərinin Azərbaycanda fəaliyyətə başlamaları reklam bazarının inkişafına ciddi təsir göstərdi. Qeyd etməliyik ki, ölkəmizdə ilk vaxtlar türk şirkətləri fəaliyyətə başlayıb. Yenicə fəaliyyətə başlayan şirkətin öz məhsullarının təbliği məqsədi ilə KİV-lərin təqdim etdiyi reklam paketindən bəhrələnmələri təbii idi. Əcnəbi iş adamlarının ölkəmizə gəldiyi günlərdə, bizdə nəinki region telekanalları ümumilikdə cəmi iki kanal fəaliyyət göstərirdi. Bunlar dövlət televiziyası funksiyasını daşıyan AzTV və ilk müstəqil televiziya kanalı olan ANS idi. Zaman ötdükcə ölkəmizdəki televiziyaların sayı artmağa başladı. Eyni proses hazırda regionlarda özünü göstərir. Bölgələrin əksəriyyətində televiziya kanalları olduğundan istehsalçı da reklam yayımlamaq üçün bir kanala müraciət edir.
Reklam bazarı inkişaf etdikcə ölkədə auditoriyanın öyrənilməsi zərurəti yarandı. Bu da öz növbəsində Azərbaycanda sosial-iqtisadi araşdırmalar mərkəzinin yaranmasına və tez bir zamanda tərəqqisinə şərait yaratdı. Monitorinqlərin keçirilməsi yönündə iş aparan ilk şirkət 1993-cü ilin oktyabr ayında təsis olunan SİAR Media və Reklam Araşdırmaları Mərkəzi oldu. Bu mərkəzin qarşısında dayanan başlıca məqsəd, televiziyaların tamaşaçılar arasındakı reytinqini öyrənmək və müqayisə apararaq, baxımlılıq səviyyəsini müəyyən etməkdən ibarətdir. Reklam bazarında lider olmağa çalışan nüfuzlu şirkətlər və onların sahibkarları üçün bu vacibdir. 1997-cu ildə SİAR ECOMAR (Ümumdünya Araşdırma Mütəxəssisləri Assosiasiyası) təşkilatının üzvü oldu və hazırda bu qurum, assosiasiya tərəfindən qəbul olunmuş yeganə Azərbaycan müəssisəsidir. SİAR bütün araşdırmaları ECOMAR təşkilatının Davranış Məcəlləsinə uyğun şəkildə həyata keçirir. SİAR-ın başlıca vəzifəsi, Azərbaycan KİV-lərinin - televiziya və radio kanallarının reytinq göstəriciləri, həmçinin qəzet və jurnalların məşhurluq səviyyəsinin, eləcə də media reklam bazarının hərtərəfli öyrənilməsini təmin etməkdən ibarətdir. Təşkilatın Şəki, Lənkəran, Quba, Şamaxı, Sumqayıt, Naxçıvan şəhərlərində regional ofisləri fəaliyyət göstərir. Bu il region telekanallarının həyatında yeni çevriliş baş verdi. 14 mart 2014-cü il tarixində “Region TV” televiziya şirkəti Milli Televiziya və Radio Şurasının keçirdiyi tenderin nəticələrinə əsasən Azərbaycan üzrə yayım hüququ əldə edib. "Region TV" televiziya kanalı müstəqil regional telekanallar – Kəpəz TV (Gəncə), Regional TV (Xaçmaz), Cənub TV (Lənkəran), El TV (Yevlax), Kanal-S (Şəki) və Türkel TV-nin (Tovuz) birgə yaratdığı Azərbaycanda ilk televiziya şəbəkəsidir.
“Region TV” 2014-cü ilin may ayından ümumrespublika yayımına başlamışdır. “Region TV” Bakı və Abşeron yarımadası ərazisində 37-ci tezlikdə yayımlanır. Bölgələrdə isə yayım regional telekanalların - Kəpəz TV, Regional TV,Cənub TV, El TVKanal-S-in siqnalları vasitəsilə həyata keçirilir. Açıq yayımla yanaşı Region TV Azərbaycanın ilk peyki olan AzerSpace1-in Avropa seqmentində, kabel TV-lər, həmçinin internet vasitəsilə də yayımlanır.
"Region TV"-nin yayım və proqram mərkəzi Kəpəz TV-nin bazasında yaradılıb və Gəncə şəhərində yerləşir. Mərkəzi xəbər aparatı Azərbaycanın xəbər kanalı -TTV-nin əsasında yaradılıb. "Region TV"-də yayımlanacaq bütün veriliş və buraxılışlar həm regional telekanallarda, həm də Bakıda yerləşən xüsusi telestudiyada hazırlanacaq. "Region TV"-nin əsas istiqaməti ölkənin siyasi, iqtisadi, sosial və mədəni həyatının işıqlandırılması, habelə Azərbaycanın bölgələrinə xüsusi diqqət ayırmaqdır. Telekanalın əsas proriteti MTRŞ-nın elan etdiyi müvafiq tenderin şərtlərində də olduğu kimi ölkənin regionları ilə bağlı daha dolğun məlumatların çatdırılmasıdır. Test yayımı müddətində mərkəzi Gəncə şəhərində olan musiqili kanal Alternativ TV-ni yayımlamışdı. 18 aprel 2014-cü il tarixindən etibarən Ailə TV kabel televiziyasından da yayımlanır. 4 may 2014-cü il tarixində isə "ATV Plus" kabel televiziyasının sosial paketinə əlavə edilərək pulsuz yayıma keçmişdir. Daha sonra isə "Azerspace-1" peykində şifrəsiz yayıma keçmişdir. Yaxın gələcəkdə ölkədə analoq yayımın dayandırılacağını nəzərə alaraq “Region TV”, eləcə də bütün regional kanalların yayımı rəqəmsal formatda həyata keçirilir.
“Regional” Televiziya Şirkəti 2007-ci il noyabr ayının 15-də fəaliyyətə başlayıb. Kanal Xaçmaz rayonundan yayımlanır. RTV Azərbaycanda daxili şəbəkəsi rəqəmsal texnalogiya ilə təchiz olunan ilk televiziya kanalıdır. Televiziya Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən, Xızı rayonlarına yayımlanır. Quba rayonunun Dağlı kəndi və Siyəzən rayonunda Gilgilçay qəsəbəsi ərazisində yerləşdirilən ən son model teleötürücülər regionda ən keyfiyyətli yayım həyata keçirməyə imkan verir. RTV-nin struktur quruluşu 5 departament və 1 xidmətdən ibarətdir. Xəbərlər, Sosial- İctimai Proqramlar departamenti, Proqram departamenti, Texniki departament, Yaradıcılıq departamenti, Maliyyə və Kadrlar departamenti və Təsərrüfat, Mühafizə, Nəqliyyat Xidməti departamenti. Televiziyada 100-dən artıq şəxs çalışır. Kollektiv uzun illərin televiziya təcrübəsinə malik peşəkar kadrlarla yanaşı həm də istedadlı və perespektivli gənclərdən təşkil olunub. RTV-də həftəlik yayımın həcmi 133 saatdır. Yayımın 70%-i televiziyanın öz istehsalı olan proqramlar, 30% -i isə ödəniş əsasında müəlliflik hüququ ilə əldə olunan film, konsert və müxtəlif proqramlardır. Bu gün Regional Televiziyanın efirində öz istehsalı olan müxtəlif səpkili 22 proqram yayımlanır. Kanal hər səhər saat 07:00-da efirə start verir. 2 saatlıq "Gün başladı" səhər proqramı regional televiziyaçılıq tarixində ilk peşəkar səhər proqramıdır. Telekanalın xəbərlər xidməti fəaliyyatə başladığı gündən operativliyi və baş verənlərə obyektiv münasibəti ilə rəğbət qazanıb. RTV respublikada dublyaj studiyası olan ilk regional televiziya kanalıdır. Burada artıq 1000-dən artıq bədii və sənədli film Azərbaycan dilində səsləndirilib. RTV fəaliyyətə başladığı ilk gündən Azərbaycandakı region televiziyaları üçün əlçatmaz hesab olunan bir çox uğurlara imza atıb. Televiziyaçılığa peşəkar yanaşma şirkətin əsas prioritetidir. Fəaliyyəti dövründə televiziyanın istehsalı olan bir sıra layihələr müxtəlif yerli və beynəlxalq festivallarda uğur qazanıb. RTV 2007-ci və 2009-cu illərdə ilin region televiziyası seçilib. “Xəbər Vaxtı” informasiya buraxılışı “yerli xəbərləri dolğun və operativ işıqlandırdığına, aktual problemləri diqqətdə saxladığına” görə, “Media Açarı 2010” mükafatına layiq görülüb. Xatırladaq ki, RTV təsis olunduqdan bəri bu mükafatı qazanan ilk regional media qurumudur. 2011-ci ildə isə televiziyanın istehsalı və Məhsim Məhsimovun müəllifi olduğu “İşıqlı zülmət” filmi H.Əliyev fondunun, BMT-nin Əhali fondunun, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkil etdiyi, 36 yerli, 10 xarici filmin qatıldığı “Azərbaycan Ailəsi 2011” film festivalında ən yaxşı film nominasiyasında qalib olub. Bir sıra müsabiqələrdə uğurlu çıxışlarına görə, televiziyanın əməkdaşları ABŞ, Türkiyə, Rusiya, Almaniya, Böyük Britaniyada təcrübə keçib.
Tovuz rayonunda yerləşən "TÜRKEL TV" MMC - Müstəqil Televiziya Şirkəti 1 iyun 2010-cu ildən fəaliyyətə başlayıb. Azərbaycanın ən iri regional yayımçılarından biri olub Gəncə-Qazax,Şəki-Zaqatala,Mərkəzi Aran, Aran Qarabağ inzibati regionlarını və Gürcüstanın bir çox ərazisini əhatə edir.
Şirkətdə 7 departament fəaliyyət göstərir:Təsərrüfat və Nəqliyyat, Maliyyə,Xəbərlər, Layihələr , Reklam, Proqram və Texniki Departament. TTV- də 80 nəfər çalışır. Kollektiv televizya sahəsində öz sözünü demiş təcrübəli və peşəkar kadrlarla yanaşı, istedadlı gənclərdən təşkil olunub. Xəbər yönümlü bir televiziya kanalı olan "TTV"-nin əsas məqsədi məlumatlandırmaq və maarifləndirməkdir. Bir çox telekanallardan "TÜRKEL TV" –ni fərqləndirən əsas amil , tamaşaçıya obyektiv və operativ,olaraq baş verən xəbərlərin çatdırılmasıdır. Telekanalın həftəlik yayım həcmi 167 saatdır.Yayımın 60%-ni televizyanın öz istehsalı olan proqramlar,20%-ni ölkə ərazisində,20%-ni isə xaricdə istehsal olunan proqramlar, filmlər təşkil edir.
Şimal-qərb bölgəsini əhatə edən "Kanal–S" Televiziya Şirkəti 29 dekabr 2008-ci ildən fəaliyyət göstərir. İnzibati binası Şəki rayonunda yerləşir.Telekanal 24 saat yayımlanmaqla regional televiziyalar arasında ilkə imza atıb.Kanalımızın 3 fərqli rayonda ötürücüsü olmaqla 51,54 və 21-ci kanallardan ölkənin 70 % -dən çox ərazisinə yayımlanır. Həmçinin internet vasitəsilə dünyanın istənilən ölkəsində telekanalı izləmək olar. Yaxın zamanlarda yayım əhatəsinin genişləndiriləcəyi gözlənilir. Ən yüksək , müasir standartlara cavab verən texniki avadanlıqlarla və rəqəmsal sistemlə də təchiz olunub. Respublika telekanalları arasında ən güclü və keyfiyyətli studiya kameraları, ən son montaj proqramları da məhz "Kanal–S"-dədir. "Kanal-S" 7 departamentdən ibarətdir: Xəbərlər, Bədii və Yaradıcılıq departamenti, Proqram departamenti, Texniki departament, Təsərrüfat və Nəqliyyat departamenti, Maliyyə və Kadrlar departamenti, Mühafizə departamenti. Televiziyada 164 nəfər çalışır. Kollektiv televiziya sahəsində öz sözünü demiş təcrübəli və peşəkar kadrlarla yanaşı, istedadlı gənclərdən təşkil edilib. Telekanalın həftəlik yayım həcmi 168 saatdır. Yayımın 75%-ni televiziyanın öz istehsalı olan proqramlar, 5%-ni ölkə ərazisində, 20%-ni isə xaricdə istehsal olunan proqramlar, filmlər təşkil edir. “Sizə hamıdan yaxınıq” devizini əsas götürən şirkətin prioriteti operativlik və obyektivlikdir.



ƏDƏBİYYAT SİYAHISI


1. M.Kərimov, R.İsmayılov. Mətbuatda reklam, Yeni Jurnalistlər Birliyi, Bakı, 1997, 129 səh.
2. www. wikipedia.org
3. http://regiontv.az
4. http://ctv.az/
5. http://www.eltv.az/
6. http://www.kanals.az/
7. http://www.kepeztv.az/

Summary


This article is investigated about development prospects of the TV channels in various regions. Six several channel united in one aspect called "regiontv.az" and is talked about different region all over the world with this site. This article is recorded development trends, advertising, market research in this tv channels.
Keys words: "Regional TV", regional TV, online TV channels broadcasting in the region, the regional TV advertising market.


Резюме

В статье исследуются перспективы развития телеканалов различных регионов Азербайджана. Анализируется деятельность сайта regiontv.az, объединяющая несколько каналов и транслируемая на весь мир. Статья посвящена исследованию принципов развития телеканалов и рекламного рынка.
Ключевые слова: «Region TV», региональное телевидение, онлайн эфир, реклама, рынок.




Комментариев нет:

Отправить комментарий