понедельник, 29 февраля 2016 г.

Azərbaycanda İnternet Jurnalistikası: Müsbət və Mənfi Yönləri ilə

Samir Xalidoğlu (Mirzəyev)
BDU, “Jurnalistika” elmi-tədqiqat laboratoriyası, elmi işçi

Azərbaycan jurnalistikası tarixinin elmi-nəzəri prinsiplərindən birini dövr­ləşmə təşkil edir. Bu prinsipcə mətbuatımızda 5 dövr fərqləndirilir: Azərbaycan jurna­lis­tika­sında hazırlıq dövrü (1875-ci ilə qədər), Azərbaycan milli mətbuatının və jurnalistika sisteminin yaranması mərhələsi (1875-1917), AXC dövrü jurna­listikası (1918-1920), Sovet dövrü mətbuatı (1920-1991) və müasir dövr jurna­listikası (1991-ci ildən indiyədək). Lakin bu bölgüdə fikrimizcə düzəlişə ehtiyac var. Bu ehtiyac xüsusilə sonuncu – müasir dövrdə özünü biruzə verir. Bu da heç şübhəsiz, son onillikdə yaranıb formalaşmış internet jurnalistikası ilə bağlıdır. Artıq neçə müddətdir ki, “jurnalistika” anlayışı “ənənəvi” və “internet” adlı iki qismə bölünüb. Və bütün dünyada olduğu kimi ölkəmizdə də internet jurnalistikası ənənəvi medianı sıxışdırmaq üzrədi. Və bu gedişatla bir müddətdən sonra ənənəvi media tarix səhifələrinə qovuşa bilər. Artıq bunu əksər öndə gedən
qəzet və jurnal redaktorları da təsdiq edirlər. İnternet mediası operativlik və cəmiyyəti mə­lu­mat­landırmaq baxı­mın­dan qəzetləri, hətta telekanalları da geridə qoymağı bacarıb. Nədir internet jurna­listikası? Nə vaxt yaranıb? Onun ənənəvi mediadan üstün və çatış­ma­yan cəhətləri hansılardır? Bu və bunun kimi digər suallara məqaləmizdə aydınlıq gətirməyə çalışacağıq.

“İnternet jurnalistikası” kompüter texnikası vasitəsiylə yaradılan, saxlanılan və ötürülən jurnalist işi olub, XX əsrin sonlarından başlayaraq internetin inkişafı sayəsində yaranmış yeni jurnalistika sahəsidir.
Bu vaxtlara qədər internetdən əsasən elektron poçt xidməti üçün istifadə olunurdusa, həmin dövrdən başlayaraq artıq yeni imkanlar üzə çıxdı. Qəzetlərin elektron versiyaları, internet qəzetlər, müxtəlif xəbər saytları, portallar, internet TV-lər və s. yaranmağa başladı. Öz növbəsində ölkəmizdə də bu sahə 1990-cı illərdən, konkret olaraq 1997-ci ildən boy göstər­məyə başlayıb. Azərbaycanda internet-medianın qaranquşları “Yeni Müsavat” (www.musavat.com) və «Зеркало» (www.zerkalo.az) hesab olunur. Ardınca “Turan” infor­masiya agentliyi elektron xidmətlər göstərməyə başladı (www.turaninfo.com). Proses intensivləşdikcə bir çox mətbu orqanlar elektron xidmətləri göstərməyə başladı, digər sözlə ənənəvi mediz həm də internet üzərindən yayımlanmağa başladı: “Azadlıq” qəzetinin (www.azadliq.az), “525-ci qəzet”in (www.525ci.com), “Аyna” qəzetinin (www.ayna.com), “Bizim əsr” qəzetinin (http://bizimasr.media-az.com), “Azərbaycan” rəsmi dövlət qəzetinin (http://azerbaijan-news.az) “Zaman” qəzetinin (www.zaman.com.az), Trend infor­ma­siya agentliyinin (www.trend-az.com) internet nümayəndəlikləri yaradıldı”. [Babayev, 2004, 105]. 

İnternetin sürətlə inkişafı və imkanlarının genişlənməsi nəinki çap məhsullarının internet variantlarını, eləcə də yalnız internet versiyası olan, bilavasitə internet vasitəsilə yayılan media növlərinin də for­malaşmasına gətirib çıxardı. Və internetin yaratdığı yeni-yeni imkanlardan faydalanmaqla bu inkişaf prosesi günümüzdə də davam etməkdədir. Bir-birindən fərqli dizaynda müxtəlif xəbər saytları, informasiya portalları, blog-jurnalistika, internet-radiolar, internet-TV və s. bu inkişafın nəticəsini göstərən amillərdir. Hazırda ölkədə internet qəzetlər və yeni media vasitələri xəbər istehsal edən əsas vasitə hesab olunur desək, yanıl­marıq. İnternet mediasının inkişafı məsələsinə gəldikdə, cəsarətlə demək olar ki, inkişaf etmiş ölkələri haqlamaq üzrəyik. Bu prosesin ölkəmizdə bir qədər gec başlamasına rəğmən hazırda biz bu sahədə çox sürətlə irəliləməkdəyik. Ən yaxın qonşu ölkələrlə müqayisə edəndə görürük ki, Azərbaycan internet mediası məsə­lələrində onları ciddi şəkildə qabaqlayır. İnkişaf etmiş qərb ölkələri ilə müqayisəyə gəlincə də durumumuz qənaətbəxşdir. Hətta vəziyyət o hala gəlib ki, qərbdə bu sahədə tətbiq edilən istənilən yeni texnologiya qısa zaman kəsiyində bizdə də tətbiq edilir. Azərbaycanda yeni media resurslarının belə inkişafı ölkə­mi­zin qlobal internet məkanında yer tutması üçün geniş imkanlar açır. Və getdikcə ictimai fikrin formalaşmasında internet jurnalisti­kanın rolu durmadan artmaqdadır. 

İndi də yeni medianı – digər təbirlə internet-mediasını ənənəvi mediadan fərqləndirən cəhətlər barədə danışaq. Bu fərqliliklər həm texniki, həm də yaradıcılıq baxımından özünü biruzə verir. Fikrimizcə, birinci və əsas fərqləndirici cəhətlərdən biri elektron KİV təsisinin asan olmasındadır. Belə ki, internet xüsusi texniki ava­danlıq olmadan geniş auditoriya üçün informasiya verilişini təşkil etməyə imkan verir. Bununla da istənilən şəxs KİV yaratmaq fürsəti əldə ed­ir. Digər yandan, internet KİV-də işləyən jurnalist bir qayda olaraq ənənəvi jurna­lis­tikanın bir çox atri­but­larından kənarda olur. Məsələn, səsyazma vasi­tə­lə­rin­dən, poliqrafik işlərdən və s. “Təbii ki, bu sahədə mühüm olan jurnalist fəaliyyətinin internetdə hüquqi aspektidir. Faktik olaraq jurnalist yazdığı informasiyaya görə cavabdehlik daşıyır. Amma praktikada bu həmişə belə olmur. Jurnalistikanın fərdiləşməsi geniş populyarlıq qazanmaqdadır. Bu, jurnalis­ti­kada yeni təzahürdür. Onlayn jurnalistlə onlayn oxucu arasında nə redaktor, nə nəş­riyyat, nə də mətbəə dayanır”. [Qaraqızı, 2013].

Ənənəvi KİV-də hər kəsin tribuna əldə etməsi, sözünü deyə bilməsi üçün imkanlar obyektiv və subyektiv səbəblərdən məhdudlaşdırıla bilər. İnternet media­sında isə vəziyyət fərqlidir. Xüsusilə də son zamanlar fərdi onlayn “gündəliklərin”, yəni bloqların meydana çıxması insan hüquqlarının, söz azadlığının ən yüksək səviyyədə təmin olunması üçün real şərait yaradır. Bütün bunlar, internetin və eyni zamanda yeni medianın yüksək demokratik potensiala malik olmasının göstə­rici­ləridir.

Elektron nəşrlər oxucu ilə ünsiyyəti daha maraqlı və rəngarəng edir. şəbəkə resurslarının özəl imkanları: forumların və virtual sorğuların təşkili, həcm məhdu­diy­yətlərinin olmaması, tez-tez yeniləşdirilmə, müxtəlif informasiya resurslarına giriş imkan­ları, istifadəçilərlə əks əlaqənin qurulması və s. şəbəkə nəşrlərinin ən üstün cəhətlərindəndir. 

Elektron medianın önə çıxan məziyyətlərindən biri də mətnlərin çoxqrafikalı təqdimatıdır. Bu müxtəlif ölkələrdə yaşayan azərbaycanlı oxucular üçün çox əlve­rişlidir. Belə ki, fərqli əlifbalardan və qrafikalardan istifadə edən bu insanlar əksər hallarda bir-birlərinin yazılı materiallarını oxumaqda çətinlik çəkiblər. Lakin inter­net jurna­listi­ka­sında çoxqra­fikalılıq prinsipi bu çətinliyi dəf etməyə imkan verir. İnternet KİV-in oxucusu çevirmə (konvertasiya) sistemindən istifadə etməklə istənilən qrafikada olan informasiyanı asanlıqla oxuya bilir. “Bu da, öz növbəsində, internet-mühitdə yerləş­di­ri­lən mətbuat orqanlarının istifadəçi auditoriyasının virtual məkan səviyyəsində geniş­lən­məsinə, popul­yar­lığının armasına xidmət edir” [Əliquliyev və b., 2008: 18].

Bundan başqa, internet-KİV-də jurnalistlər mətnləri hazırlayarkən bir sıra əlavə qayğılardan azad olurlar. Belə ki, müxtəlif terminlərin və təsvirlərin geniş şərhini, izahını verməyə ehtiyac qalmır, çünki lazım olduqda ensiklopedik xarak­terli veb-saytlarda mövcud olan və ətraflı izahla veri­lən sözlərə və foto-video mate­riallara aktiv istinadlar vasitəsilə müraciət olunur (məs: Wikipedia), əlavə biliklər əldə edilir. “İstifa­də­çi­lərin bilik səvviyyəsinə uyğun kontent müxtəlif həcmdə və müxtəlif semantik yükə malik olur. Elə bil istifadəçi tərəfindən, öz səviyyəsi və arzusuna müvafiq olaraq dəyişən, həcmi idarə olunan kontent alınır. Bildiyimiz kimi, hal-hazırda internet istifadəçiləri veb-saytlarda işləyərkən lazım olduqda digər onlayn mənbələrə çoxlu sayda keçidlər (hiper-istinadlar) etməklə infor­ma­siya tələbatını məhz bu şəkildə ödəyirlər” [Əliquliyev və b., 2008: 19].

İnternet jurnalistikasını fərqləndirən mühüm xüsusiyyətlərdən biri də reytinq məsələ­lərinin asanlıqla aydınlaşdırıla bilməsidir. Veb-saytlara edilən müraciətlər zamanı bəzi mühüm parametrləri özündə əks etdirən log-fayllar vasitəsi ilə reytinq məsələsi avtomatik həll olunur. Belə ki, ənənəvi mediada hər hansı bir mətbu orqanın, onun səhi­fə­lə­rində dərc edilən məqa­lələrin reytinqini müəyyənləşdirmək çox çətin idi. Ənənəvi üsullarla aparılan rəy sorğularının da keyfiyyəti, obyektivlik dərəcəsi yüksək deyil­di. Amma müasir veb-texnologiyalar elektron mətbuat orqan­la­rının, onlarda dərc olunan ayrı-ayrı məqa­lə­lərin reytinqini, onların oxucu kon­tin­gentinin sosial tər­ki­bi­ni daha dəqiq və obyek­tiv şəkildə müəyyənləşdirməyə imkan verir. Bu da mətbuat vasitələrinin öz fəaliyyətlərini düzgün qura bilmələri üçün olduqca əhəmiyyətlidir. 

Uzun müddətdir ki, ənənəvi texnologiyalar əsasında fəaliyyət göstərən radio, televiziya yayım qurumları “qızıl fond”, “fonoteka”, “filmoteka” və s. kimi adlar altında çox az verilişləri yadda saxlaya bilir, elə indinin özündə də əksəriyyəti itib gedir. Həm də bunları qoruyub saxlamaq da asan olmur, xüsusi binalar, xüsusi şərait və s. lazım gəlir. İnternet jurnalistikası, xüsusilə də internet-radio və internet-TV bu problemlərdən azaddır. Belə ki, böyük həcmli yaddaş tutumuna və emal imkanlarına malik sistemlərin və qurğuların, informasiyanın həyat tsiklinin idarə olunması, informasiyanin yadda saxlanması şəbəkələri, informasiyanın avtomatik miqrasiyası və s. kimi mütərəqqi texnologiyaların meydana gəlməsi internet mühitində fəa­liy­yət göstərən radio və televiziya kanallarında yayımlanan bütün verilişlərin tam şəkil­də və istənilən müddətə saxlanmağına imkan verir. 

Digər tərəfdən, “bu qurumların yaddaş sistemlərində toplanmış infor­ma­si­ya­ların müxtəlif əlamətlərə görə təsnifatını və intellektual analizini aparmaq üçün mövcud olan analitik informasiya texnologiyaları (OLAP, Data mining, Web mining, Text mining və s.) jurnalistlər üçün olduqca mühüm dəstəkdir. Belə ki, jurnalistikanın ən çətin istiqaməti olan analitika sahəsində bu texnologiyaların tətbiqi ilə istənilən mövzu çər­çivəsində çox böyük həcmə malik olan məlumatları sistemləşdirmək, struk­tur­laş­dırmaq, tendensiyaları aşkarlamaq, yeni biliklər əldə etmək və bu kimi digər intellektual işləri xüsusi aparat-proqram sistemləri vasitəsi ilə həyata keçirmək mümkündür. Qeyd etmək lazımdır ki, dünyanın aparıcı radio və televiziya yayımı şirkətləri (CNN, BBC, Euronews və s.) bu texnologiyalardan geniş istifadə edirlər” [Əliquliyev və b., 2008: 23]. 

Kompüter vasitəsilə mətnlərin məzmunlarının maksimal saxlanması şərti ilə avtomatik olaraq sıxılması, yəni orijinalla müqayisədə nisbətən kiçik həcmli mətn­lə­rin, xülasələrin hazırlanması, açar sözlərin, söz birləşmələrinin müəyyən­ləşdi­ril­mə­si və s., eyni zamanda, mətnlərin məzmununa görə avtomatik təsnif olunması kimi intellektual informasiya texnologiyaları informasiyanın həm istehsalçıları, həm də istehlakçıları üçün olduqca əlverişli imkanlar yaradır. Bundan başqa, internet-mühitdə kompyuter tərcüməsi sistemləri müxtəlif dillərdə hazırlanmış materialların qarşılıqlı tərcüməsini həyata keçirməklə onlardan istifadə məkanını qloballaşdırır və virtuallaşdırır. 

İnternet mühitində jurnalistlərin müəllif hüquqlarının qorunması, plagiatlıqla mübarizə üçün də əlverişli imkanlar var. Başqa sözlə, internetdə mövcud olan axtarış sistemləri, rəqəm imzası və digər xüsusi texnologiyalar vasitəsi ilə jur­na­listlərə məxsus intellektual məhsulların digərləri tərəfindən qeyri-qanuni istifadə və üzərində hər hansı bəd niyyətli əməlin aparılması, məz­mu­nu­nun dəyişdirilməsi hallarını çox asanlıqla aşkara çıxartmaq mümkündür.

Bütün bu sadalananlar internet jurnalistikasının ənənəvi mediadan üstün cəhətləridir. Əlbəttə texnologiya inkişaf etdikcə bu üstünlüklərin siyahısı daha da genişlənəcək, internet-media yeni-yeni məziyyətləri ilə bizləri təəccübləndirməkdə davam edəcəkdir.

Adıçəkilən müsbət xüsusiyyətlərlə yanaşı internet jurnalistikasında çatış­mayan cəhətlərə də rast gəlinir. Yuxarıdakı qeydlərdən də göründüyü kimi texniki baxımdan ənənəvi media yeni media ilə ayaqlaşmaqda çətinlik çəkir. Lakin yara­dıcılıq baxımından yeni medianın da nöqsanları az deyil. M.Ə.Rəsulzadənin təbirincə desək, “mətbuat üçün üç şərt lazımdır: birinci – yazmaq, ikinci – ümumi mənafe, üçüncü – yaymaq. Əgər bunlardan biri yoxdursa, mətbuat da yoxdur. Yazı ümumi mənafeyə xidmət edib geniş yayılmırsa, o mətbuat yox, şəxsi yazıdır” [Rəsulzadə, 2014: 73]. Fikrimizcə, ölkəmizdə fəaliyyət göstərən bir sıra xəbər saytlarında, blog­lar­da, internet-radio və TV-lərdə bu problem özünü biruzə verir. Ümumi məna­fenin gözlə­nilməməsi, dövlət sirri sayıla biləcək informasiyaların tirajlanması və s. hallara rast gəlirik. 

Klassiklərimiz həmişə mətbuat, onun funksiya və vəzifələri haqqında yüksək fikirlər söyləmiş, onu xalqın “görən gözü”, “eşidən qulağı”, “danışan dili” adlan­dırmışlar. M.Ə.Rəsulzadə “Mətbuat azadlığı” məqaləsində yazırdı: “Mətbuat bir müəllim vəzifəsini yerinə yetirir. O, xalqın tərbiyəçisidir. O, mənəviyyatdan uzaq ola bilməz. O, təmiz, saf olmalı, əxlaqdan kənara çıxmama­lıdır, kənara çıxsa, öz mənafe və məqsədinə xidmət edə bilməz. Aşağı səviyyəli yazı, söyüş, abırı aparan yazı, fitnə-fəsad törədən yazılar – bax bu üç əxlaqdan kənar çıxışlar mətbuatı hör­mətdən salar, əxlaqdan məhrum edər” [Rəsulzadə, 2014: 76]. Bu gün ölkədə fəaliyyət göstərən həm ənənəvi, həm də internet mediasında bu xoşagəlməz halları təəssüf ki, izlə­mək­dəyik. Xəbəri dəqiqləşdirmədən, ətraflı araşdırmadan, sağlam və etibarlı mən­bədən almadan tirajlamaq, süni reytinq naminə aşağı səviyyəli, fitnə-fəsada yol açan, ictimai yükü olmayan informasiya vermək həm mətbuatın nüfuzuna xələl gətirir, həm də jur­na­listləri çətin vəziyyətdə qoyur. 

Ölkəmizdə fəaliyyət göstərən internet mediada nəzərə çarpan əsas qüsur­lardan biri xəbərlərdə müxtəlifliyin olmamasıdır. Əksər hallarda eyni xəbər cüzi dəyişikliklə bütün saytlar tərəfindən yayılır. Yeni mediada kriminal və xarici mətbuatdan maraqlı xəbərlərin tərcüməsi, şou-bizneslə bağlı informasiyalar diqqəti daha çox cəlb edir. 

Digər bir prinsipial məsələ bütün dünyada olduğu kimi, Azərbaycan internet mediasında da sıx-sıx rastlanan “kopi-past” tendensiyasıdır. Günümüzdə hər hansı portala, xəbər saytına məxsus yazı asanlıqla götürülərək oğurlanır. Bir yazı dəfə­lərlə saytdan sayta “kopi-past” olunur. Nəticədə əsl müəl­lifin kimliyini müəy­yən­ləşdirmək həddən artıq çətinləşir. Bəlkə də bunun nəti­cəsidir ki, yeni mediada imza məsələsi o qədər də önəm kəsb etmir. Oxucu özünə lazım olan informasiyanı alır, ancaq müəllifin kimliyi çox vaxt onu düşündürmür. Y.V.Çəmənzə­minlinin təbi­rincə desək, “bir məsələ üstə təkrar-təkrar danışılır. Birisi bir söz dedikdə bir ayrısı da haman sözü təkrar söyləyir. Oxucunun yeni fikirlərdən əsla xəbəri olmur”. [Azərbaycan publisistikası antologiyası 6, 2007: 656].

Ölkəmizdə internet portallar xəbər istehsaletmə, aqreqator-portal və sırf əyləncə portalı olaraq ixtisaslaşmağa başlayıb. Təəssüf ki, öz xəbərlərini istehsal edən portallar azlıq təşkil edir. Bunun əksinə son zamanlar onlayn mediada xeyli sayda aqreqator-portallar meydana gəlib və oxucu diqqətini də qazanmağa müvəffəq olub. Yeni media sistemin anlayışlarından olan “aqreqator-portal” xəbər istehsalçısı deyil, daha çox nufuzlu portalların əsas xəbərlərini öz lentinə cəmlə­yə­rək onu “bir əldən” oxucuya təqdim edən portallar başa düşülür. Aqreqator-portallar çoxaldıqca məhz yuxarıda bəhs etdiyimiz “kopi-past” halları da artır ki, bu da internet mediasının nöqsanlarından hesab olunur.

Xəbər portallarında, saytlarda və digər internet-mediada müşahidə edilən önəmli problemlərdən biri də Azərbaycan dilinin leksikonuna yad olan sözlərin tez-tez, yerli-yersiz işlədilməsidir. Bu isə öz növbəsində dilimizin saflığına xələl gətirməklə bərabər, həm də oxu­cu­ların materialları başa düşmələrində çətinlik çəkmələrinə səbəb olur. Lakin bu problemi aradan qaldırmaq imkansız da deyil. Sadəcə olaraq jurnalistlər materialları hazırlayarkən elekt­ron formada olan Azərbaycan terminlər lüğətini gözdən keçirməklə dilimizə yad olan, leksi­ko­nu­muza rəs­mi şəkildə daxil olmayan sözlərin KİV-ə nüfuz etməsinin qarşısını ala bilərlər. Beləcə həm dilimiz yad təsirlərdən qorunar, həm də materialın oxunaqlığı və tez qavranılması asanlaşar.

Beləliklə, əsrimiz elm və texnologiya əsridir. Bizi gündən-günə təəccüb­ləndirməkdə olan inkişaf həyatın bütün sahələrinə sirayət edir. Və bu inkişafdan internet jurnalistikası da öz nəsibini almaqdadır. Əvvəldə də qeyd etdiyimiz kimi, internet media resurslarının durmadan inkişafı ölkəmizin qlobal internet məka­nında yer tutması üçün xeyli imkanlar açır. İnternet kütləvi informasiya vasitələri ictimai-siyasi, iqtisadi və mədəni həyatın prioritetlərini müəyyənləşdirən bir seqmentə çevrilir. Bütün dünyada olduğu kimi, Azərbaycanda da internet mediası müsbət və mənfi, mühüm və çatışmayan yönləri ilə irəliləməkdə, yeni-yeni nailiyyətlər qazanmaqda və ənənəvi medianı üstələməkdədir. İnkişaf tendensiyası onu deməyə əsas verir ki, qarşıdakı vaxt kəsiyində jurnalistikanın bu sahəsi daha da möhkəmlənəcək və fəaliyyətindəki nöqsan hallarını mühəqqəq bərtərəf edə­cəkdir.

Ədəbiyyat siyahısı

1. Aslanov, A. (2014). Ənənəvi mediadan dünya informasiya şəbəkəsinə transformasiya labüddür. URL: http://azertag.az/xeber/Anenevi_mediadan_dunya_informasiya_sebekesine_transformasiya_labuddur-802561 (21.12.2015).

2. Azərbaycan publisistikası antologiyası. (2007). Bakı.

3. Babayev, Z. (2004). Jurnalistikada kompüter texnologiyasının kompleks tətbiqi. Bakı.

4. Əliquliyev, R., Valehov, C., Mahmudov, R. (2008). İnternet-jurnalistikanın forma­laş­masının bəzi aspektləri. Ekspress-informasiya/ İnformasiya cəmiy­yəti seri­yası. Bakı.

5. Gündüz, O. (2009). Jurnalistlər üçün informasiya texnologiyaları. Bakı.

6. İnformasiyalı cəmiyyət: azadlıqlar, qadağalar. (2002). Bakı

7. Qaraqızı, U. (2013). İnternet jurnalistikası. İnformasiya və kommunikasiya texnolo­gi­ya­la­rının inkişaf etdirilməsi. URL: http://online.ekspress.az/2013/03/01/get=88918 (24.12.2015). 

8. Quliyev, N. Elektron imza, elektron kommersiya (İnformatika). Ali məktəblər üçün dərs vəsaiti. Bakı, 2008

9. Mazanlı, İ. (2005). Söz azadlığı və informasiya təhlükəsizliyi: milli və beynəlxalq təminat. Terminlər və anlayışlar. Bakı.

10. Mehdiyev, R.Ə. (2015). Azərbaycan: qloballaşma dövrünün tələbləri. Bakı.

11. Məmmədli, C. (2012). Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi. Dərslik. Bakı. 

12. Rəsulzadə, M.Ə. (2014). Əsərləri. II cild (1909-1914). İkinci nəşri. Bakı.

13. Zifəroğlu, V. (2012). Media imperiyası. Bakı.

14. Интернет журналистика. URL: https://ru.wikipedia.org/wiki/Интернет-журналистика



Internet Journalism in Azerbaijan:

With the Positive and Negative Sides

Abstract 

The investigation deals with online journalism which having particular importance in shaping of public opinion. Continuous development of new media resources opens great opportunities for the taking place in the global internet space for our country. Author investigates the emergence and formation problems of online journalism in Azerbaijan. The investigation object of article organized the different sides of internet journalism from the traditional media. Both technical and creative significant differences among them are presented separately.

Key words: internet-journalism, traditional media, electronic newspapers, press, news portals, site



Интернет Журналистика в Азербайджане:

Положительные и Отрицательные Черты

Резюме

Исследование посвящено важному значению интернет журналистики в формировании общественного мнения. Постоянное развитие новых медиа ресурсов открывают большие возможности для нашей страны занять достойное место в глобальном интернет пространстве. Автор в статье исследует вопросы зарождения и формирования интернет журналистики в Азербайджане. Объектом исследования является преимущественные и отличительные черты интернет медиа от традиционных медиа. В статье в отдельности представлены заметные различия между ними, как с технической так и с творческой точки зрения. 



Ключевые слова: интернет-журналистика, традиционная медиа, электронные газе­ты, пресса, новостные порталы, сайт

Комментариев нет:

Отправить комментарий