понедельник, 29 февраля 2016 г.

I Dünya müharibəsi illərində Azərbaycanda satirik mətbuat (1914-1917)

Samir Xalidoğlu (Mirzəyev)
BDU, “Jurnalistika” elmi-tədqiqat laboratoriyası, elmi işçi

Birinci Dünya müharibəsi illərində cəmiyyətdəki ziddiy­yət­lərin son dərəcə kəskin bir hal alması, beynəlxalq irticanın azğın­laş­ması, müharibənin kapital dünyasına xas olan yaraları tam çılpaqlığı ilə açıb meydana qoyması satirik jurnalistikanın canlanmasına böyük təkan verdi. Belə bir jurnalistikanın inkişafı üçün “Molla Nəsrəddin”in yaratdığı gözəl ənənələr kimi qüvvətli bir məfkurəvi-ədəbi amil də vardı. Təsadüfi deyil ki, molla­nəsrəd­din­çi­lərin təsirilə mətbuatda satiranın qüvvətləndiyini görən C.Məmmədquluzadə özü­nəməxsus üslubla yazırdı ki, “heç bundan qabaq belə zarafatlar yox idi; indi hamı “Molla Nəsrəddin”ə baxıb, başlayıblar zarafatnan yazmağa”. (1, səh. 91)

1914-1917-ci illərdə Azərbaycanda nəşr olunan satirik mətbuat orqanları “Molla Nəsrəddin”, “Tuti”, “Məzəli”, “Babayi-Əmir”, həmçinin rus dilində çıxan “Biç”, “Djiqit” jurnallarından ibarət idi. İdeyaca müxtəlif mövqe tutan bu mətbuat orqanları istər tərtibat, istərsə də mövzu və məzmun etibailə “Molla Nəsrəddin”in yolu ilə getməyə çalışırdılar.
Bununla belə, bu jurnallar öz səhifələrində çox vaxt cəmiy­yə­tin ciddi, bö­yük məsələlərini qoya bilmir, bəzən xırdaçılıq edir, bayağı, şit yazılara yer verir, bəzən də bir-biriylə mənasız intriqalara girişməkdən belə çəkin­mir­dilər. Buna baxmayaraq Azərbaycan ictimai və bədii fikrinin qabaqcıl ənənə­lərinə əsaslanan yazıçılar bu orqanlarda çap etdirdikləri ən yaxşı satirik əsərləri ilə demokratik ideyaların təb­liğinə müvəffəq olurdular. Onlar çarizmi, müharibə törə­dən imperialistləri tənqid edən əsərlərilə satirik mətbuatın ideya məzmununu yük­səl­dirdilər. Bu müəlliflərin şeir, hekayə və felyetonlarında çar dumasının, yarıtmaz xeyriyyə cəmiyyətlərinin, məişətdəki baya­ğı­lı­ğın, dini mövhumatın tənqidi geniş yer tuturdu. Bu jurnallarda xalqın həyatı və məişəti ilə bağlı saysız-hesabsız məqalələr, lətifələr, şeirlər, karikaturalar və s. çap olun­muş­du. Ciddi mətbuatdan fərqli olaraq məzhəkə məcmuələri tənqid obyektini gülüşlə, kinayə və istehza ilə qamçıla­yır­dı. Məzhəkə jurnallarının ictimai rəyə təsiri də güclü idi. Camaatı güldürə-güldürə düşünməyə vadar edən satirik orqanlar səhi­fə­lə­rində tez-tez ciddi problemlər qaldırırdılar. Məcmuələrin səhifələrində digər məsələlərlə yanaşı qadın məsələsinə də xüsusi fikir verilirdi. Qadına həqarətlə baxanlar, hüqu­qu­nu tap­da­layanlar gülüş hədəfinə çevrilirdilər. Məzhəkə jurnalları millətin tərəq­qisi uğrunda mübarizə aparır, inki­şafa mane olan qüvvələri satiranın acı dili ilə qam­çılayır və onların əsl simasını açıb xalqa göstərirdilər. Satirik jurnallar ilk növ­bə­də maarif məsələsinə böyük əhə­miyyət verirdilər. 

Anadilli satirik jurnallardan üçü Bakı­da, biri isə Tiflisdə çıxırdı. Bun­lar­dan biri müharibədən əvvəl, üçü isə müharibə dövründə nəşrə başlamışdı. Rusdilli jurnalların isə hər ikisi Bakıda dərc olunurdu.

Bakıda nəşr olunan satira jurnallarından biri “Tuti” idi. “Tuti” Azərbay­can satirik jurnalları içərisində “Molla Nəsrəddin” jurnalı istisna olmaqla ömrü nis­bə­tən uzun olanıdır. “Tuti”nin ilk nömrəsi 1914-cü il dekabrın 27-də çıxmışdı. 1917-ci ilin iyuluna qədər jurnalın 113 sayı buraxılmışdı. Bunlardan 1-i 1914-cü ildə, 45-i 1915-ci ildə, 46-sı 1916-cı ildə, 21-i isə 1917-ci ildə çıxmışdı. Jurnalın redak­toru Cəfər Bünyadzadə, naşiri isə Tağı Nağıyev olmuşdu. “Tuti” Orucov qar­daş­larının elektrik mətbəəsində çıxırdı və 8 səhifədən ibarət idi. Jurnal birinci nöm­rə­sində elan etmişdi ki, o, istər məslək, istərsə də yazıların məzmunu etibarilə orijinal yol tutacaqdır: “Tuti” ümuləzimdir. Özündən qabaq gəlmiş məz­həkə jurnalının heç birinin məsləkini tamamilə təqib etməyəcəkdir. İntelligentlərimiz, advokatlarımız və doktorlarımızın yanında lazımsız görünən milli işləri islaha, qara camaatla yol­daş olub onların etimadlarına, öz dinlərinə həqiqi bir surətdə əməl etməyə çalı­şa­caq”. (2, səh. 94)

Jurnalın bir çox nömrələrində, ayrı-ayrı yazıların başlanğıcında rəngsiz şəkillər verilirdi. Bu şəkillərin də çoxunu Ə.Əzimzadə çəkirdi. Məcmuənin səhi­fələrində müxtəlif vaxtlarda C.Bünyadzadə, M.S.Ordubadi, Seyid Hüseyn, Səməd Mənsur, C.Əsgərzadə, Ə.Məhzun, Ə.Razi Şəmçizadə, Ə.Əzimzadə, M.Hadi, M.Hacınski, S.Mümtaz, Ə.Vahid, Ə.Nəzmi, Mirbədrəddin Seyidzadə, Mirba­la­qə­dəş Hacıyev və başqaları iştirak etmişdilər. Jurnal dövrün əsas problemlərini işıq­landırmağa səy edirdi. Dərgidə Azərbaycan qadınının acınacaqlı halı, qul vəziyyəti haqqında çoxlu yazılar verilirdi. Bu mövzuda hamıdan çox Əli Razi yazırdı. Onun “Arvadlarımız” adlı satirik şeiri, “Fitva” adlı felyetonu və başqa yazıları bu möv­zuda idi. “Tuti”də dini fanatizmin, yalançı, ikiüzlü din xadimlərinin tənqidinə də geniş yer verilirdi. Əli Məhzun və Əli Razi bu mövzuda daha çox yazırdı. Jurnalın həmçinin xalqın fəlakətdən, zülm girdabından xilas olması üçün Allahı köməyə çağı­ran, xalqı İslam bayrağı altında birləşməyə səsləyən yazılar da verilirdi. Bu məsələdə isə Səməd Mənsur fərqlənirdi. Jurnal dil məsələsinə də xüsusi əhəmiyyət verirdi. “Tuti” də sələfi “Molla Nəsrəddin” kimi dildə sadəliyin tərəfdarı idi və özü də sadə, anlaşıqlı, hamının başa düşə biləcəyi dildə çıxırdı. Məc­muə­nin səhi­fə­lə­rin­də “Sovqat” qəzetinin dilini kəskin tənqid edən materiallar da dərc olunurdu. Jur­nal­dakı yazıların xeyli hissəsi mükalimələr şəklində verilirdi. Bəzən siyasi əhə­miyyəti olan məsələlər də mükalimələrdə irəli sürülürdü.

1916-cı ilin sonlarında jurnalın səhifələrində yeni bir rubrika görünməyə başladı. “Ciddi hissə” adlanan bu bölmədə “Evlənmək nə deməkdir?”, “Həqiqi bəxtiyar kimdir?” və s. məsələlər müzakirə olunurdu. bu müzakirələrdə maraqlı iza­hatla, ağlabatan təkliflərlə iştirak edənlərə mükafat verilirdi. Həmin müba­hisə­lərdə, diskusiyalarda dövrün qabaqcıl ziyalıları, elm və maarif xadimləri, yazıçı və publisistləri iştirak edirdilər.

Müharibə illərində Bakıda nəşr olunan başqa bir satirik məcmüə “Məzəli” idi. “Məzəli” 1914-cü ilin dekabr ayının 27-dən nəşrə başlamış və 1915-ci il okt­yab­­rın 17-dək davam etmişdi. Bu müddətdə onun 42 sayı buraxılmışdı ki, bunun da 1-i 1914-cü ilin, 41-i isə 1915-ci ilin payına düşür. Jurnal Haşım bəy Vəzirovun redaktorluğu ilə nəşrə başlamışdı və onun şəxsi mətbəəsi “Səda”da çap olunurdu. “Məzəli”nin 25-ci nömrəsinə qədər naşiri və redaktoru H.Vəzirov idi. 25-ci nöm­rədən 37-ciyədək H.Vəzirov naşir, Hacı İbrahim Qasımov isə müvəqqəti redaktor olur. 37-ci nömrədən sonuncuya qədər yenidən H.Vəzirov həm naşir, həm də redak­tor kimi fəaliyyət göstərir. Jurnalın ilk nömrəsində “Yolumuz” adlı baş məqa­lə dərc olunmuşdu. Burada jurnalın təqib edəcəyi məsləki, gələcək proqramı oxu­cu­ların nəzərinə çatdırılırdı.

“Məzəli” tərtibat etibarilə Bakıda çıxan digər satirik jurnallardan nisbətən mükəmməlliyi ilə fərqlənirdi. Müharibə şəraiti olmasına baxmayaraq jurnal 8 səhi­fədə buraxılırdı. Bunlardan 4 səhifə yazı, 4 səhifə isə rəngli şəkillər, karikaturalar idi. Karikaturaları Ə.Əzimzadə çəkirdi. Onun jur­nalda 100-dən artıq karikaturası dərc edilmişdi. Bu şəkillərin hər birində rəssam oxucuların diqqətini dövrün bu və ya digər mühüm ictimai-siyasi məsələsinə cəlb edirdi. Məcmuənin səhifələrində müxtəlif vaxtlarda H.Vəzirov, H.İ.Qasımov, Ə.Əzimzadə, Ə.Nəzmi, Ə.Qəmküsar, C.Əsgərzadə, C.Cabbarlı, Ə.Müznib və başqa müəlliflər çıxış etmiş­dilər. Burada dərc olunan materiallar mövzu və məzmun müxtəlifliyi etibarilə rəngarəng olub, dövrün vacib məsələləri ilə səsləşirdi. Jurnalda qaldırılan məsələlər gerilik, möv­hu­mat, qadın hüquqsuzluğu, müsəlman aləmində hökm sürən ətalət və digər prob­lem­lər idi. Qadın hüquqsuzluğu ilə bağlı yazılara məcmuədə geniş yer veri­lirdi. “Məzəli”də digər satirik orqanlardan fərqli olaraq mətbuat və nəşriyyat məsə­lələri tez-tez işıqlandırılırdı. Bu isə H.Vəzirovun sırf bu sahənin bilicisi olmasının nəticəsi idi. Jurnalın 1915-ci il 6 iyun tarixli 23-cü nömrəsində Ə.Əzim­za­dənin “Müsəlman mətbuatında birlik” adlı karikaturası verilmişdi. Bu şəkildə müharibə dövrü mətbuatının ağır vəziyyəti təsvir edilirdi. Həmin nömrədə dərc olunmuş H.İ.Qasımovun “Hərdən bir…” adlı məqaləsi də bu mövzuda idi.

“Məzəli”ni digərlərindən fərqləndirən bir cəhət də burada ictimai həyatın təsvirinin müxtəlif “səyahətnamələr” şəklində verilməsi idi. Jurnalın 6 nömrəsində dərc olunan “Səyahətnameyi Çaqqulubəy” bir növ “Mozalanbəyin səyahət­na­məsi”, “Xortdanın cəhənnəm məktubları”nı xatırladırdı. Bu yazılarda Azərbay­canda hökm sürən mövhumat, cəhalət, ictimai bərabərsizlik və s. tənqid olunurdu. Jurnalın 3 nömrəsində çap edilmiş “Qarabağ səyahətnaməsi” də eyni mövzuda idi. “Məzəli”də müharibənin meydana çıxardığı müxtəlif məsələlər, imperialist döv­lətlərin işğalçılıq planları, özünü bitərəf adlandıran, həqiqətdə isə araqızışdıran, hərb edənlərə məxfi kömək edən ölkələrin ifşası da diqqət mərkəzində idi. Bu möv­zuda Ə.Əzimzadənin bir çox karikaturaları dərc olunmuşdu.

Bakıda nəşr olunan satirik məcmuələrdən biri də “Babayi-Əmir” jurnalı idi. Molla Nəsrəddin kimi Babayi-Əmir adı da xalq rəvayətlərindən götürülmüşdü. Babayi-Əmir rəvayətə görə öz hikmətli sözləri ilə məşhur olan əyyar surətidir. “Babayi-Əmir” jurnalın ilk sayı 1915-ci il aprel ayının 21-də çıxmışdır. Həmin ildə jurnalın 31 nömrəsi çapdan çıxmışdı. 1916-cı ildə isə 34 nömrə işıq üzü gör­müşdü. 1916-cı ilin oktyabr ayının 17-dək nəşr olunan məcmüənin ümumilikdə 65 sayı çapdan çıxmışdı. “Babayi-Əmir” həftədə bir dəfə nəşr olunan siyasi, ədəbi, ictimai satirik jurnal idi. Məcmuənin redaktoru Əliabbas Müznib Mütəllibzadə, sahibi-imtiyazı isə onun qardaşı Əbülfəz Mütəllibzadə olmuşdu. Jurnal Orucov qar­daş­larının mətbəəsində buraxılırdı. Burada məcmuənin 55 nömrəsi çıxmışdı. Son 10 nömrə isə “Məktəb” mətbəəsində işıq üzü görmüşdü. Jurnal 8 səhifədən ibarət olub, həcmcə “Molla Nəsrəddin”dən kiçik idi. Dövrün digər satirik orqanları ilə müqayisədə “Babayi-Əmir” əsasən şəkilsiz buraxılırdı. Yalnız 1915-ci ildə çıxan 26-31-ci nömrələr rəngli şəkillərlə çıxmışdı. Bu şəkilləri də Ə.Əzimzadə çəkmişdi. Bunlardan başqa məcmuədə ara-sıra rəngsiz fotoşəkillər də verilirdi. Jurnalın ilk nömrəsində dərc olunmuş “Gəlmişəm” adlı baş məqalədə, həmçinin “Yol verin!” sər­lövhəli şeirdə məcmuənin proqramı şərh olunmuşdu. Şeirdə jurnalın dini fanatizmi, avamlığı, cəhaləti tənqid edəcəyi bildirilirdi. Baş məqalədə isə Sədi­dən və xalq rəvayətlərindən gətirilən misallarla belə bir fikir irəli sürülüdü ki, yaraları, eyibləri açıb göstərmək çox zəruridir, əks təqdirdə bu yaraları sağaltmaq mümkün olmaz.

“Babayi-Əmir”də Ə.Müznib, Ə.Nəzmi, M.S.Ordubadi, C.Cabbarlı, B.Abbas­zadə, Nemət Bəsir, H.İ.Qasımov, C.Əsgərzadə, Ə.Vahid, Əmin Abid, Hacı Səlim Səyyah və başqaları iştirak etmişdilər. Jurnal dil məsələsində öz həm­fikirləri ilə həmrəy idi, sadə və anlaşıqlı, hamının başa düşəcəyi bir dildə çıxırdı. “Babayi-Əmir” özündən əvvəl çıxan satirik jurnallar haqqında hörmətlə danışırdı. “Babayi-Əmir” dövrün digər satira jurnallarından fərqli olaraq müharibə möv­zu­suna çox yer ayırırdı. Jurnal öz üslubuna uyğun olaraq müharibəyə müna­sibətini, müharibənin Azərbaycana, eləcə də bütün dünyaya gətirdiyi fəlakəti əks etdirə bil­mişdi. Jurnalda “Avropa müharibəsi” adlı ayrıca bölmə vardı ki, burada müx­təlif ölkələrdən alınmış müharibədən bəhs edən xəbərlər dərc olunurdu. Bu xəbərlər jur­nalın satirik üslubuna uyğunlaşdırılır, bəzən də bu məlumatların maraq­la oxunması üçün ondan sonra satirik şeirlər verilirdi. Məcmuədə verilən bu mate­riallar xalqda müharibəyə nifrət hissi oyadırdı.

“Babayi-Əmir” ədəbiyyat və incəsənət məsələlərinə də geniş yer ayırırdı. Bu səpkili materialların əksəriyyəti teatr tamaşaları haqqında idi. Həmçinin şeir və nəsr məsələlərinə dair fikirlər söylənilir, ədəbiyyatda məzmunsuzluq, ədəbi oğur­luğa qarşı yazılar dərc olunurdu. Jurnal bir fikri dönə-dönə qeyd edirdi ki, bədii ədə­biyyat xalqın tərbiyəsinə, bədii zövqünün yüksəlməsinə kömək etməlidir.

Bütün bunlarla yanaşı “Babayi-Əmir” ictimai əhəmiyyəti olmayan məsə­lələr ətrafında “Tuti” ilə mübahisəyə girişmiş, bu münasibətlə hər iki jurnalda külli miqdarda material dərc olunmuşdur. Jurnallar bir-birini prinsipsizlikdə, hadisələrə dərindən-dərinə nüfuz etməməkdə təqsirləndirirdilər. Jurnalda həmçinin “Dirilik” nəşriyyatı tərəfindən çap edilən kitabların siyahısı da verilirdi.

Satirik jurnallardan biri də Tiflisdə çıxan məşhur “Molla Nəsrəddin” jur­nalı idi. Lakin bu illər jurnalın nəşri tarixində ən acınacaqlı dövr olmuşdur. Belə ki, müharibə dövründə (1914-1917) məcmuənin cəmi 7 nömrəsi çıxmışdır. Bakıda nəşr olunan jurnallarla müqayisədə “Molla Nəsrəddin”ə qarşı təzyiqlər daha çox idi. I Dünya müharibəsinin başlanması ilə əlaqədar olaraq yaranmış şərait jurnalın nəşrinin uzun müddət dayanmasına səbəb olmuşdur. Müharibə başlayandan sonra 24-cü nömrə ilə 25-ci nömrə arasında təxminən 2 ay fasilə yaranmışdı. 1914-cü il 18 oktyabr tarixli 25-ci nömrə öz məzmunu ilə çar idarələrinin diqqətini cəlb etmiş və jurnalın nəşri dayandırılmışdı. Bundan sonra Cəlil Məmmədquluzadə Tiflisi tərk edərək Şuşa qəzasının Kəhrizli kəndinə köçür. 1914-cü il 17 noyabrda oradan Tiflis mətbuat işləri komitəsinə göndərdiyi ərizəsində o yazırdı: “Mənim redak­torluğum altında çıxan “Molla Nəsrəddin” jurnalının nəşrini qeyri-müəyyən vaxta qədər dayandırıram”. (3, səh. 183)

“Molla Nəsrəddin” 1915-1916-cı illərdə nəşr edilməyib. Bunun başlıca səbəb­ləri müharibənin davam etməsi, maddi çətinlik, çar hökumətinin təzyiqi və s. idi. Jurnalın bu illərdə nəşr edilməməsinə baxmayaraq müxtəlif idarələr arasında “Molla Nəsrəddin”in müsadirə edilmiş nömrələri və onların məhv edilməsi haq­qın­da yazışmalar davam edirdi. Hətta 1915-ci ildə jurnal nəşr edilmədiyi halda, onun redaktorları C.Məmmədquluzadə və Ə.Qəmküsardan iltizamlar alınması davam etdirilirdi. 1916-cı il fevralın 10-da jurnalın nəşrinin bərpa edilməsi üçün Mirzə Cəlilə mətbuat işləri komitəsi tərəfindən yeni şəhadətnamə verilir. Lakin jurnalın çıxmasına hökumət dairələri tərəfindən imkan verilmir. Daha doğ­rusu, 1916-cı ildə ilk nömrə çıxır və elə həmin gün də müsadirə olunur. Həmin nöm­­rə əldə olma­dı­ğın­dan onun haqqında danışmaq mümkün deyil. Maraqlıdır ki, “Kavkazski kalen­dar”da Tiflisdə 1915-1916-cı illərdə nəşr olunmuş mətbu orqan­lar arasında “Molla Nəsrəddin”ə də rast gəlinir.

Lakin bir şey məlumdur ki, C.Məmmədquluzadə və Ə.Qəmküsar çox çalışsalar da jurnalın 1915-1916-cı illərdə nəşrinin bərpasına nail ola bilmirlər. Bu illərdə jurnalın nəşr edilməməsinin bir səbəbi də bahalıq idi. Bu barədə Mirzə Cəlil Bakıya – M.Ə.Sidqiyə yazdığı məktubda deyirdi: “Tiflisə gəldim ki, jurnalı çıxar­dam və fikrim keçən vaxtlara gedirdi ki, hər şey bol, ucuz, pərgar. Mən bir qədər məbləğ təyin eləmişdim ki, köhnə sayaq ilə jurnalı başlayıb, dostların köməkliyilə yeridərəm. Amma işlər özgə surətdədir. Əvvəla, kağız yoxdur, az-çox nə varsa da, birə-üç bahadır. Habelə litoqrafiya xərci genə birə-üç bahadır. İkinci, evlər, yəni mən­zillər genə birə-üç bahalanıb”. (6, səh. 904)

Məktubda Mirzə Cəlil yazırdı ki, əgər Bakıdan köməklik olmasa jurnalı nəşr etmək mümkün olmayacaq. O, M.Ə.Sidiqidən xahiş edirdi ki, Bakıda jurnal üçün naşir tapsın: “İndi sən bu barədə əhval tut və mənə tez cəvab yaz. Çün­ki bu iş baş tutmasa, genə məcbur olacağam bir qədər də jurnalı təxirə sal­mağa, ta dava qurtarana kimi”. (6, səh. 905)

Görünür ki, M.Ə.Sidqi Bakıda naşir tapa bilmir. Ona görə də jurnalın nəşri 1917-ci ilə kimi uzanır. Yalnız 1917-ci ilin fevralında jurnalın nəşrini bərpa etmək mümkün olur. 

“Molla Nəsrəddin”in müharibə dövründə çıxan 7 nömrəsindən 5-i 1914-cü, 2-si isə 1917-ci ildə nəşr edilmişdi. Əvvəlki illərdə olduğu kimi bu dövrdə də jurnal 8 səhifədə çıxırdı; 4 səhifədə rəngli şəkillər, 4 səhifədə isə yazılar verilirdi. 1914-cü il nömrələri C.Məmmədquluzadə və Ə.Qəmküsarın müdir və baş redak­tor­­luğu ilə buraxılmışdı. 1917-ci ildəki nömrələri isə Mirzə Cəlil özü redaktə etmiş­di. Jurnal 1914-cü ildə Tiflisdə İsmayıl Həsənzadənin “Şərq” mətbəəsində, 1917-ci ildə isə “Kultura” mətbəəsində nəşr edilmişdi. 1914-cü ildə jurnalda veril­miş karikaturaların çoxunu Rotter çəkmişdi. Bununla yanaşı 1914-cü ildə sonuncu – 25-ci nömrədə gürcü rəssamı V.Giladzenin də iki karikaturası çap olunmuşdu. 1917-ci ildəki şəkilləri isə Şmerlinq çəkmişdi. Bu dövrdə jurnalda əsasən C.Məm­məd­quluzadə, Ə.Qəmküsar, M.S.Ordubadi, Ə.Nəzmi və Ə.Haqver­diyev iştirak etmişdilər. “Molla Nəsrəddin”in müharibə dövründə toxunduğu başlıca məsələlər qa­dın hüquqsuzluğu, dini xürafatın, avam camaatı soyub talayan yalançı din xa­dim­lərinin ifşası, cəhalət, müharibənin törətdiyi fəlakətlər, Cənubi Azərbaycan möv­zusu və s. idi. C.Məmmədquluzadə jurnalın 1917-ci il 16 fevral tarixli 2-ci nömrəsində “Qeyrət” adlı felyetonunu dərc etdirir. Yazıda dil məsə­lə­sinə toxu­nu­lur, müsəlman ziyalılarının çoxunun öz ana dillərini bilməmələri tənqid atəşinə tutulur: “Əgər biz ana dilimizə də qeyri millətlər kimi əhəmiyyət versək və öz ara­mızda ana dilimizdə danışsaq, onda deməli ki, gərək hər bir cəmiyyətlərimiz pozu­la; səbəb budur ki, xah Tiflisdə, xah Bakıda nə qədər ki, milli cəmiyyətlərimiz var, onların üzvlərinin çoxusu heç öz ana dilini bilmir”. (6, səh. 560)

Ədib daha sonra din xadimlərinin, mollaların, axundların fırıldaqlarından danışır, avam xalqı aldadıb olan-qalanlarını əllərindən almalarını satira dili ilə qamçılayırdı.

Jurnalın 1914-cü ildəki 24-cü nömrəsinin üz qabığında İsmayıl bəy Qas­pı­ra­­lının şəkli verilmiş, onun vəfatından kədərləndikləri bildirilmiş, həmin nömrədə onun haqqında bir neçə yazı dərc olunmuşdu.

Beləliklə, “Molla Nəsrəddin” jurnalı əvvəlki illərlə müqayisədə bu dövrdə kəsərini bir qədər itirmişdi. Bu da çarizmin yaratdığı süni maneələr, ağır senzura təzyiqi nəticəsində jurnalın vaxtlı-vaxtında çıxa bilməməsi, 1915-1916-cı illərdə isə heç nəşr olunmaması ilə bağlı idi.

Göründüyü kimi, Azərbaycan satirik mətbuatı əvvəlki illərdə olduğu kimi, Birinci Dünya müharibəsi dövründə də öz ampluasında idi. Düzdür, müharibənin ortaya atdığı bir sıra çətinliklər, xüsusən də ağır senzura şəraiti öldürücü satiranın bir qədər yumşalmasına səbəb olmuşdu. Lakin hər halda gülgü jurnalları bu dövrdə də "Molla Nəsrəddin" ənənələrini yaşatmağa çalışır və müəyyən mənada buna nail olurdular.

Ədəbiyyat siyahısı 

1. Azərbaycan mətbuat tarixi antologiyası (2 cilddə, II cild). Bakı, “Elm və təhsil”, 2011, 440 səh. 

2. Axundov N. Azərbaycan satira jurnalları. Bakı, 1968, 356 səh. 

3. Axundov N. “Molla Nəsrəddin” jurnalının nəşr tarixi. Bakı, 1959, 258 səh. 

4. Ağayev İ. Əlabbas Müznib: Həyatı, yaradıcılığı, əsərlərindən seçmə­lər. Bakı, 2003, 376 səh. 

5. Haşım bəy Vəzirovun jurnalistlik fəaliyyəti. Bakı, “Şuşa” nəşriyyatı, 2001, 304 səh. 

6. Məmmədquluzadə C. Felyetonlar, məqalələr, xatirələr, məktublar. Bakı, 1961 – 1018 səh. 





Dövri mətbuat 

· “Babayi-Əmir” jurnalı (1914-1916) 

· “Məzəli” jurnalı (1914-1916) 

· “Molla Nəsrəddin” jurnalı (1906-1931) 

· “Tuti” jurnalı (1914-1917) 



Summary 

The article tells of the development trends of the Azerbaijani satirical press in the years of the first world war. Published satire magazines, their subject and author investigates on the basis of factual materials. 

Key words: press, satire, article, caricature, war theme, the issue of woman, columnist 



Резюме 
В статье повествуется о тенденции развития сатирической прессы Азербайджана в годы первой мировой войны. Изданные сатирические журналы, их тематики и авторы исследуется на основе фактологические материалы. 

Ключевые слова: сатира, пресса, статья, карикатура, фельетон, тема войны, женский вопрос

Комментариев нет:

Отправить комментарий