понедельник, 14 декабря 2015 г.

Sərlövhə axtarışı yaradıcılıq prosesi kimi

Günel İsgəndər qızı Orucəliyeva

BDU, "Jurnalistika" Elmi-tədqiqat laboratoriyası, elmi işçi



İctimaiyyətin həyatında mühüm faktorlardan biri hesab edilən məlumat özünəməxsus yaradıcılıq xüsusiyyətlərinə malik olan kütləvi informasiya vasitələrindən biridir. Hər bir qəzet və ya jurnal dərc etdiyi materialların dolğunluğuna, informasiya yeniliyinə, səliqəli, cəlbedici tərtibatına görə başqa KİV-dən fərqlənməyə çalışır. Bu, bilavasitə auditoriyanın nüfuzunu qazanmağa, mətbuat orqanının öz reytinqinin qalxmasına xidmət edir.
Dərc edilən yazıların maraq çəkisinin bir hissəsi başlıqlıran üzərinə düşür. Sərlövhə hər şey demək olmasa da, jurnalist bacarığının bəzi ünsürlərini özündə birləşdirən vasitədir. Sərlövhə qəzet materialının mövzusu barədə oxucuya məlumat verir, redaksiyanın bəhs olunan hadisəyə münasibətini bildirir. Sərlövhələri nəzrdən keçirən oxucu qəzet nömrəsində nə kimi materiallar dərc olunduğu haqqında müəyyən təsəvvür əldə edir, onların köməyilə yazılardan ən mühümünü və maraqlısını seçə bilir.
Qəzet sərlövhələrində zamanın, dövrün izi vardır. O, qəzetin operativliyini, publisistliyini əks etdirir. Sərlövhələr mətnlərin mənasının başlıca cəhətlərini elə əks etdirir ki, onları sadəcə nəzərdən keçirməklə əsrimizin tarixi hadisələrini ardıcıllıqla izləmək olur. 
“Sərlövhə mətnin adıdır, mətn barədə ilkin təsəvvür yaradan qısa məlumatdır. O, yazının məzmunu ilə həmahəng səslənməli, aydın, sadə, mənalı olmalı, dəqiqliyi, parlaqlığı və yeniliyi ilə fərqlənməlidir”. [4, s.70]
“Sərlövhə hər bir yazı nümunəsinin çox əhəmiyyətli və vacib elementidir. Sərlövhə birbaşa mətnlə bağlı olmalı, bilavasitə mövzunun tərkibindən yaranmalıdır”. [6, s.28]
Sərlövhələr qəzetin məzmunundan baş çıxarmağa, oxucuların özlərinə lazım olan materialları axtarıb tapmasına yaxından kömək edir. Ona görə də, əgər biz qəzetdə dərc olunan materialları sərlövhəsiz hesab etsək, onda oxucuların özlərinə lazım olan yazıları müəyyənləşdirməkdə necə çətinliklə qarşılaşacaqlarını təsəvvür etmək olar. 150-200 il bundan əvvəl Rusiyada və başqa ölkələrdə qəzet materiallarının bizim başa düşdüyümüz mənada sərlövhələri olmamışdır. O zaman qəzet səhifələrində materialların əvvəlində onun alındığı coğrafi məntəqənin – şəhərin adı, redaksiyaya göndərilmə tarixi göstərilirdi.
Keçən əsrin birinci yarısında bir sıra fransız, ingilis və alman qəzetlərində sərlövhələr meydana gəlmiş, birinci səhifədə dərc olunmuş materialların özünəməxsus göstəricisini verməyə başlamışlar. Müasir qəzetlərin birinci səhifəsində verilən “Bu günkü nömrəmizdə” formasını xatırladan həmin yerdə mühüm materialların sərlövhələri qruplaşdırılır və onların məzmunu barədə məlumat verilirdi. Tədriclə digər qəzet səhifələrində də əvvəlcə ədəbi materiallar, sonralar isə qeyri-mühüm məqalə və məlumatların üzərində sərlövhələr görünməyə başladı.
Azərbaycanda da ilkin nəşr olunan qəzetlərdə sərlövhələr olmamışdır. Qəzet daimi şöbələrə bölünürdü və materiallar da müvafiq olaraq həmin şöbələrin daxilində verilirdi. Məsələn, “Əkinçi” qəzetinin “Daxiliyyə” bölməsində adətən baş məqalələr, “Tazə xəbərlər”də isə bir qayda olaraq xəbər tipli yazılar yerləşdirilirdi. Zaman keçdikcə Azərbaycan mətbuatında da irəliləyiş baş vermiş, rəngarəng sərlövhələr meydana gəlmişdir.
Ümumiyyətlə, orijinal, yerində işlədilən sərlövhə tapmaq özü bir yaradıcılıq işidir. Yaxşı sərlövhə jurnalistin peşəkarlığına dəlalət edir. Təkrarçılıqdan, şablondan uzaq olan, fikrin çatdırılmasına imkan verən, materialla sıx bağlı olan, onunla səsləşən və digər cəhətləri əhatə edən sərlövhələr hər zaman maraq doğurur.
Müasir KİV-də sərlövhə qəzetin mühüm ünsürlərindən birinə çevrilmişdir. Onun seçilməsi, redaktə olunması və tərtibi diqqəti daha çox cəlb etməyə başlamış, qəzetin yaradıcılıq simasını müəyyənləşdirən vasitələrdən biri olmuşdur.
Qəzet səhifəsinə nəzər salan oxucu ilk növbədə sərlövhələrlə qarşılaşır. Onların köməyilə bütövlükdə nömrənin bəhs etdiyi məsələlərdən xəbərdar olur, maraqlandığı materialları tez axtarıb tapır. Bacarıqla seçilmiş, yaxşı redaktə olunmuş, zövqlə tərtib edilmiş mənalı sərlövhə oxucunu bir növ sehrləyir, onu aid olduğu məqaləni ilk növbədə oxumağa həvəsləndirir. Sərlövhələr qəzetin məzmunundan baş çıxarmaqda, mühüm materialları axtarıb tapmaqda oxuculara yaxından kömək edir. Qəzetdəki sərlövhələri nəzərdən keçirən oxucu həmin nömrədə hansı tip materiallar dərc olunduğu haqqında müəyyən təsəvvür əldə edir, onların köməyilə yazılardan ən vacibini və maraqlısını seçə bilir.
Qəzetin yaradıcılıq siması onun səhifələrində verilən sərlövhələrin xarakteri və tərtibi xüsusiyyətlərindən də çox asılıdır. Odur ki, hər bir qəzet çalışmalıdır ki, özünəməxsus sərlövhə, rubrika və başlıqları olsun və onlar öz tərtibi ilə də başqa qəzetlərinkindən fərqlənsin. Əlbəttə, bu çətindir, daim yaradıcılıq axtarışları tələb edir. Öz qəzetin qəlbən bağlı olan hər bir jurnalist bunu heç vaxt unutmamalıdır.
Nəinki Azərbaycan mətbuatında, xarici qəzetlərdə də sərlövhələrin seçilməsinə xüsusi əhəmiyyət verilir. Amma qəzet sərlövhələrinə münasibətdəki müxtəlifliyi aydın görmək də çətin deyil. Bu, hər şeydən əvvəl siyasi sistemin təbiətindən, mahiyyətindən irəli gələn tələblərlə şərtlənir. Xarici qəzetlərdə sərlövhəyə bir sıra hallarda elə faktı çıxarırlar ki, bəzən mətndə ondan əsər-əlamət olmur. Naşirlər hay-küylü, sensasiya xarakterli sərlövhələrdən istifadə edirlər ki, daha çox nüsxə qəzet satsınlar, daha çox gəlir əldə etsinlər. Əgər qəzet almış adam hər şeydən əvvəl növbəti qətl, Hollivuddakı növbəti rüsvayçılıq və ya növbəti it qaçışının nəticələri barədə uzun-uzadı sərlövhələr görüb, bu bulanıq sensasiyalar axınında batırsa və qəzetin nəzərə çarpmayan yerlərində, künc-bucağında dərc olunan siyasi yeniliklər barədə yazılanları unudursa, qəzet maqnatı özünü məqsədinə çatmış hesab edə bilər. Hətta ABŞ-ın “Journal America” qəzetinin redaktoru etiraf edir ki, hay-küylü sərlövhələr sayəsində qəzeti 30 min nüsxə artıq satmaq olar. Azərbaycan mətbuatı da bu bəladan sığortalanmış deyil.
Respublikamızdı nəşr olunan ciddi mətbuat orqanları da az deyil. İkinci qismə aid olan qəzetlərdə çox cəlbedici, sensasiyalı başlıqlar vermək dəbdədir. Belə sərlövhələrlə məxsus olduğu material arasında kəskin uyğunsuzluq nəzərə çarpır. Oxucu qeyri-şüuri sərlövhəni görüncə istər-istəməz yazını oxumağa başlayır və təbii ki, görmək istədiyini orada tapa bilməyəndə məyus olur. Bütün bunların baş verməməsi üçün sərlövhə seçiminə çox ciddi yanaşmaq lazımdır.
Sensasiya qəzet biznesinin başlıca gəlir mənbəyidir. Öz karyerasının zirvəsinə yüksəlmiş mətbuat maqnatı lord Nortklif öz qəzet ticarətinin qanununu belə izəh edir: “Əgər it insanı qapırsa, bu yenilik deyil. Yox, əgər insan iti qapırsa, o zaman bu yenilik olar…” Sensesiyalı sərlövhələr nəyi isə qeyd edir, başqa halda susur, üçüncü halda isə təhrif edir. İş o yerə gəlib çatır ki, sərlövhənin mənası bir sıra hallarda aid olduğu materialların məzmununun əksinə olur. 
Qəzet sərlövhəsində müəyyən həyat faktının əhəmiyyəti qeyd olunur, ona münasibət bildiririk. Materialın başlıca ideyasının qısa və dəqiq ifadəsi olan sərlövhə müəllifin oxucuya ilk sözüdür. Materialın oxunma taleyi də bu sözün sehrindən xeyli dərəcə asılıdır. Lakin müasir mətbuat orqanlarımızın bir çoxunda sərlövhə seçimində müxtəlif qüsurlar özünü göstərməkdədir. Məsələn, qəzet səhifələrində sərlövhələrlə mətnin bir-birinə uymadığı, məzmundan geniş sərlövhələrin olması tez-tez rastlaşdığımız situasiyalardır. Yaxud, sərlövhənin gurultulu, ya da ifadəsiz, standart təsir bağışlaması, leksik və sintaktik cəhətdən başqa materialların sərlövhələri ilə bir tipli olması ciddi qüsurdur. Ona görə də sərlövhə problemi son dövrlərdə toxunulması vacib olan ən aktual mövzulardan biridir.
Materiallar üçün sərlövhə müasir jurnalistikanın kifayət qədər aktual məsələlərindən biridir. Sərlövhə ilk növbədə materialın məzmununa uyğun gəlməli, oxucunun diqqətini cəlb etməlidir. Sərlövhələrin seçilməsi yaradıcılıq prosesinin bir atributu olmaqla, jurnalistin peşə hazırlığı, bacarıq və istedadı ilə bağlı olan məsələdir və o, müasir jurnalist yaradıcılığının əsas problemlərindən biri olaraq qalır ki, bu da mövzunun aktuallığını şərtləndirir.

Qəzet cəmiyyətə xidmət edən və buna görə bir çox funksiyalar daşıyan informasiya vasitəsi olmaqla yanaşı, həm də əmtəədir. Onun yayım bazarında nə dərəcədə yer tutması müxtəlif amillərdən aslıdır. Buraya qəzetin ideya istiqaməti, mövzu dairəsi, dil və üslubu, yüksək peşəkarlıq, yaxşı tərtibat və s. daxildir. Sərlövhənin necə qurulması isə peşəkarlığın göstəricisidir. Sərlövhə özü ərəb sözü olub, kağız və ya səhifənin əvvəlində yazılan ad, başlıq mənasını verir.
Qəzetdə hər şeydən əvvəl, sərlövhələr diqqəti cəlb edir. Oxucu mütaliəyə başlamazdan səhifələrə göz gəzdirir, nisbətən iri şiriflərlə yığılmış sözləri, ifadələri, cümlələri nəzərdən keçirir. Sərlövhə imkan yaradır ki, oxucu qəzet səhifəsində axtardığı materialı çətinlik çəkmədən tapsın. Oxucu qəzetdə verilən bütün materialları eyni maraqla oxumur. O, özünə lazım olanı seçib oxumaq üçün sərlövhələrə nəzər salır, əlində olan nömrədə nələrdən və kimlərdən yazılması haqqında təxmini məlumata malik olur. Biz qəzetdə dərc olunan materialı sərlövhəsiz hesab etsək, onda oxucuların bir çox çətinliklərlə qarşılaşacaqlarının şahidi olarıq.

Qəzet səhifəsində materialların uğurla yerləşdirilməsi sərlövhələrin düzgün seçilməsindən çox asılıdır. Sərlövhələrin seçilməsi, ədəbi cəhətdən işlənməsi kimi onların qəzet səhifəsində məqsədəuyğun formada yerləşdirilməsi də yaradıcılıq axtarışları tələb edir. Bacarıqla tərtib olunmuş sərlövhələr səhifəni canlandırır, illüstrasiyası olmayan qəzet nömrələrinə isə cəlbedici görkəm verir. Yaxşı redaktə olunmuş sərlövhələri daha uğurlu tərtib etmək olar. Sərlövhələrin tərtibi redaksiyanın imkanından aslı olaraq rəngarəng və müxtəlif ola bilər. Buna görə qəzet səhifəsində təkcə mətnlərin deyil, sərlövhələrin də məzmunu şriftlər vasitəsilə oxuculara çatdırılır. Odur ki, sərlövhə üçün şrift seçilməsinə xüsusi fikir vermək lazımdır. Sərlövhələrin uğursuz, səliqəsiz və bacarıqsız tərtibi materialın təsirini və əhəmiyyətini aşağı salır, oxucunun diqqətini yayındıraraq yaxşı tərtib edilən zəif materiala cəlb edir.

Sərlövhə seçimində ən maraqlı məqamlardan biri də onun müraciət etdiyi mənbələrdir. Bu mənbələrdə jurnalistin dünyagörüşü, bilik səviyyəsi də əsaslı rol oynayır. Jurnalist ətrafımızda baş verən hadisələrə münasibətini yaradıcılıq axtarışının nəticəsi olan sərlövhələrdən bildirməyə çalışır. Sərlövhə üçün ən dəyərli mənbə həyatın özüdür. Jurnalist yazını hazırlayarkən müxtəlif fakt və hadisələrlə qarşılaşmalı olur. Onlardan aldığı təəssürat materialı dərk etməyə, münasib sərlövhə seçməyə kömək göstərir. Sərlövhə, hər şeydən əvvəl, material üzərində işləyərkən meydana gəlir. Məqalə barəsində düşünəndə, onu yazanda və əl yazısı qurtarandan sonra da sərlövhə yarana bilər. Bu, yaradıcılıq prosesidir, hər bir jurnalistdə sərlövhə axtarmağın konkret halı müxtəlif ola bilər. Sərlövhə bəzən gözlənilmədən, təsadüfi meydana gəlir.

Qəzetdə sərlövhə yaradıcılıq işidir. Bu işdə jurnalist və redaksiya əməkdaşları başlıca simadır. İstər müəllif material hazırlasın, istərsə öz yazısı üzərində işləsin, o, sərlövhənin uğurlu olmasına çalışmalıdır. Əlbəttə, müəllif materialının sərlövhəsini adətən özü düşünüb tapır. Amma həmişə belə olmur. Bəzi müəlliflər öz yazılarını redaksiyaya sərlövhəsiz göndərirlər. Elə buradaca, redaksiya əməkdaşı müəlliflərin köməyinə gəlir. Bu zaman yaxşı fikirləşmək, özünü müəllif yerinə qoymağı bacarmaq lazımdır. Müəllifin ürəyincə sərlövhə tapmaq daha yaxşı olar, əksinə, tələsik, götür-qoy edilməmiş, qondarma sərlövhə onu narazı sala bilər. Odur ki, sərlövhə üzərində işləyən jurnalist özünə qarşı tələbkar olmalıdır. Materialın səhifədə cəlbediciliyi sərlövhənin məharətlə seçilməsindən çox asılıdır.

Redaksiyanın yaradıcı kollektivi təkcə sərlövhə seçimində deyil, ümumiyyətlə, yaradıcılıq prosesində tez-tez xalq frazeologiyasına, dərin mənalı atalar sözlərinə və məsəllərə, bədii əsərlərə, folklor nümunələrinə, məşhur mahnıların misralarına, bədii filmlərə və onlardan gətirilən sitatlara müraciət edir. Bunun nəticəsində uzun müddət yadda qalan sərlövhələr meydana çıxır. Dilin obrazlı və emosional vasitələrindən istifadə edərək sərlövhələrin təsir gücünü artırmaq mümkündür. Qəzetdə tənqidi materiallara, satirik və yumoristik mətnlərə verilən bu tip sərlövhələr ciddiliyi, məzmunu tam əhatə etməsi ilə fərqlənir və konkret nöqsanlar, cəmiyyətə zidd hallar barədə ictimai rəy yaradılmasına təsir göstərir. Sərlövhədə aforizm, zərb-məsəl və metaforalardan bacarıqla istifadə etmək, material barədə oxucularda canlı və konkret təsəvvür yaradır. Götürülən dəyərli nümunələrin hər birində dərin məna yükü var. Xalq təfəkküründən süzülüb gələn, hər cür şablondan uzaq olan bu nümunələr çox-çox əvvəl deyilmiş olsa belə, onlarda bu günümüzün də nəbzi vurur. Nümunələr bəzən oluğu kimi, bəzən də müəllifin məqsədinə uyğun şəkildə dəyişdirilmiş vəziyyətdə olur. Azərbaycan xalqı da öz folkloruna, ədəbiyyat tarixinə bağlı millət olduğundan bu səpkili sərlövhələr adətən, onların zövqünü oxşayır və həmin materialı oxumağa həvəsləndirir. Lakin həmişə belə olmur. Bəzən jurnalist sərlövhə seçərkən xalq frazeologiyasından, folklordan, bədii əsərlərdən götürdüyü nümunələri bir vasitə kimi istifadə edir. Yəni müəllif belə nümunələrə müraciət etməklə sadəcə olaraq oxucunun diqqətini həmin yazıya yönəltməyi qarşısına məqsəd qoyur. Oxucu isə maraqlı sərlövhəni görüncə qeyri-şüuri materialı oxumağa başlayır və təbii ki, oxumaq istədiklərini orada tapa bilməyəndə məyus olur. Bu isə həmin mətbuat orqanının nüfuzuna ciddi xələl gətirir, cəmiyyətin ona inamını azaldır. Bütün bunların baş verməməsi üçün qəzet jurnalistikasında mühüm yaradıcılıq keyfiyyəti tələb edən sərlövhə seçiminə ciddi yanaşmaq lazımdır. 

Qəzet jurnalistikası yazı jurnalistikasıdır. Yazı ilə bağlı olduğu üçün qəzet materialları yazılı mətndən ibarətdir. Bu yazıların sərlövhələri səhifədəki materialları bir-birindən ayırmağa kömək edir. Sərlövhənin çox mühüm bir vəzifəsi çap olunmuş mətnin məzmununu ifadə etməsi, onun mövzusu, ideyası, xarakteri haqqında təsəvvür yaratması ilə bağlıdır. Sərlövhə ifadəli, lakonik, obrazlı, oxucunu cəlb etmək, onu oxumağa məcbur etmək xarakterinə malik olmalıdır. Bu cür sərlövhə yaratmaq istedad işidir. Müasir jurnalistikamızda sərlövhənin tutumu daha çox əhəmiyyət kəsb etməyə başlamışdır. Əvvəllər bir çox halda sərlövhəsiz təqdim olunan xəbərlər indi çox cəlbedici sərlövhələrlə qəzet səhifəsinə çıxarılır. 

Sərlövhələrin seçilməsi yaradıcılıq prosesində mürəkkəb və çətin mərhələlərdən biridir. Adətən, qəzetdə onlarla müxtəlif sərlövhə verilir. Aktual məsələləri, günün mühüm problemlərini göstərən, mətnləri bir-birindən ayıran başlıqlar eyni zamanda qəzetin ideya səviyyəsi, tərtibat mədəniyyəti, estetik görkəmi haqqında ilk təəssürat oyadır. Odur ki, ümumiyyətlə götürüldükdə sərlövhələrin seçilməsi və qəzet səhifələrində yerləşdirilməsi redaksiya əməkdaşlarından ciddi məsuliyyət və səy tələb edir. Sərlövhə qəzet materialının tərkib hissəsi və onunla bilavasitə bağlı olduğundan müəllifin material üzərindəki işindən az zəhmət tələb etmir.
Respublikamızın ayrı-ayrı mətbuat orqanlarında, xüsusən “Ayna”, “Azadlıq”, “525-ci qəzet”, “Şərq”, “Müsavat” qəzetlərində sərlövhələrin seçilməsi mətn üzərində yaradıcılıq işinin ayrılmaz tərkib hissəsi kimi qiymətləndirilir. Həmin qəzetlərdə mövzunun şərhi ilə vəhdət təşkil edən rəngarəng başlıqlara tez-tez rast gəlmək olar. Lakin bütün bunları mətbuat orqanlarımızın hamısına aid etmək olmaz. Ən mükəmməl tərtib olunmuş qəzetdə belə, müxtəlif səbəblər üzündən sərlövhələrdə ayrı-ayrı səhvlər meydana çıxa bilər. Sərlövhədə sözün düzgün yazılışına, sintaksisin rahatlığına etinasızlıq jurnalist məsuliyyətsizliyidir.

Qəzet materiallarının çox mühüm bir atributu olan sərlövhə seçimi özü yaradıcı bir iş olduğundan ona müxtəlif tələblər verilir. Öz işinə ciddi yanaşan hər bir jurnalist yazdığı materiala ad seçərkən mümkün qədər bu tələblərə riayət etməlidir. Əks təqdirdə, mətndə mövzu və sərlövhə vəhdəti pozular, sərlövhə oxucunu yanlış istiqamətləndirərək arzuolunmaz nəticələrin yaranmasına səbəb olar. Sərlövhə hər şeydən əvvəl oxucunu aid olduğu materialı oxumağa maraqlandırmalıdır. Lakin bu marağı təmin etmək üçün süni cəzbedicilikdən qaçılmalıdır. Maraqlı sərlövhə hər zaman oxucu diqqətini özünə yönəldir.

Hər bir fəaliyyət sahəsində olduğu kimi, jurnalistikada da etik normalar mühüm əhəmiyyət kəsb edir. Cəmiyyətin indiki inkişaf çağında bu normalara etinasızlıq göstərən peşə adamlarının tezliklə nüfuzdan düşmələri, peşə və sənət dünyasında gedən gərgin və kəskin rəqabətdə tez uduzmaları göz qabağındadır. Ona görə də jurnalist nəinki sərlövhədə, hətta yazıda belə etik qaydaların pozulmasına yol verməməlidir.

Qəzet jurnalistikası cəmiyyətin bütün təbəqələri üçün (ziyalılardan tutmuş sadə kənd adamlarına qədər) nəzərdə tutulduğundan redaksiya əməkdaşları çalışmalıdırlar ki, çap etdikləri məhsul hamının anlayacağı bir dildə olsun. Sərlövhədə və eləcə də mətndə oxucuya məlum olmayan sözlərin işlədilməsi müasir mətbuatda tez-tez qarşılaşdığımız haldır. Sərlövhə qrammatik baxımdan düzgün qurulmalı, trafaret, çox işlənən ifadələrdən uzaq olmalıdır. Burada söhbət elə qrammatik səhvlərdən gedir ki, onlar sonda məna səhvinə səbəb olsun. Qrammatik səhvlər əvəzliklərdən düzgün istifadə etmədikdə, söz sırası pozulduqda və s. hallarda baş verir. Sərlövhələrdə artıq sözlərin işlədilməsi, ikimənalı şərhə yol verilməsi kimi səciyyəvi səhvlərin baş verməməsi üçün redaksiya əməkdaşları xüsusilə diqqətli olmalıdırlar.



İstifadə olunmuş ədəbiyyat:

1. Adilov M. Qəzet dili, Bakı, 1973.

2. Məmmədli C. Jurnalistikaya giriş, BDU nəşri, Bakı, 2001.

3. Rüstəmli A., Jurnalistika, B., 2005.

4. Nəbili Ə. Qəzet tərtibi və buraxılışı texnikasının əsasları, Bakı, 1992.

5. Rüstəmov T. Ədəbi redaktənin ирование, Ленинград, 1975.

6. Ученва В.В., Метод и жанр. Bakı, 1975.

7. Герехова В.С. Литературное редактлектика взаимодействия. М., 1982.


Резюме 

Автор в научной статъе оценивает работу по поиску заголовка как процесс создания. Выбор заголовка и его источника акцентируются автором с литературной точки зрения.

Summary 

In the article author values the title search process as like creative work. Elect and sources of the title, develop from literary side are problems cast a glance author.


Açar sözlər: jurnalistika, KİV, informasiya, sərlövhə.

Ключевые слова: журналистка, СМИ, жанр, медиа, заголовк.

Key words: journalism, press, journalist, information, title. 






Комментариев нет:

Отправить комментарий