воскресенье, 13 декабря 2015 г.

“Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramı”nın region mətbuatında işıqlandırılması

Günay Səməd qızı Məmmədova
“Jurnalistika” ETL, elmi işçi


İnkişaf etmiş dövlətlərin təcrübəsi göstərir ki, iqtisadiyyatın sabit tempini qorumaq üçün regional inkişafda tarazlılığın, tarixi məşğulluq ənənələrinin qorunub saxlanılması vacib şərtlərdəndir. Bu reallığı nəzərə alan Prezident İlham Əliyev hələ hökumətin 2003-cü il noyabrın 17-də keçirilmiş ilk iclasında bölgələrin inkişafındakı fərqi mümkün qədər azaltmağı, bu sahədə balansa nail olmağı özünün iqtisadi siyasətinin prioritetlərindən biri elan etmişdi. Belə ki, həmin dövrdə respublikada müşahidə olunan dinamik iqtisadi inkişaf Bakıda və bir sıra iri şəhərlərdə qabarıq görünsə də, bölgələrdə bu prosesin ləng getməsi nəticəsində regional tarazlığın pozulması iqtisadiyyatın birtərəfli inkişafına səbəb olurdu. Hökumətin son 8 illik iqtisadi siyasətində regional inkişaf məsələlərinə xüsusi diqqət yetirilməsi, bölgələrin tərəqqisinə yönəlmiş dövlət proqramlarının, fərman və sərəncamların imzalanması məhz bu reallığa əsaslanmışdır.
Ölkənin davamlı sosial-iqtisadi inkişafı iri infrastruktur layihələrinin reallaşdırılmasını zəruri edir. Regionların sosial-iqtisadi inkişafı tədbirləri çərçivəsində nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi məqsədilə 2003-2010-cu illərdə regionlarda 1500 kilometrə yaxın magistral yollar çəkilmiş və ya əsaslı təmir edilmiş, 800 kilometr respublika əhəmiyyətli, 2700 kilometr yerli əhəmiyyətli yollarda təmir işləri aparılmışdır.

Quba-İspik-Xınalıq, Masallı-Yardımlı, Gəncə-Daşkəsən-Xoşbulaq, Gəncə-Qazax, Hacıqabul-Kürdəmir, Biləsuvar-İran İslam Respublikasının dövlət sərhədi avtomobil yolları yenidən qurularaq istismara verilmişdir. 

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının reallaşması respublikamızın iqtisadi siyasətinin strateji istiqamətlərinin ardıcıl olaraq həyata keçirilməsinə şərait yaradır. 2009-cu ildə dövlətimizin başçısı regionlara 27 dəfə səfər etmiş, bu səfərlər zamanı 150-yə yaxın müəssisə və obyektin açılış və təməlqoyma mərasimlərində iştirak etmişdir. Yol-nəqliyyat arteriyaları şəbəkəsi dinamik şəkildə inkişaf edir. İqtisadi zonaların ərazisində Xırdalan-Binəqədi, Xırdalan-Novxanı yol ötürücüsü tikilmiş, Ələt-Astara-İran sərhədi avtomobil yolu yenidən qurulmuşdur. Muğanlı-İsmayıllı-Qəbələ yolunun, habelə Bakı-Quba istiqamətində və Rusiya ilə dövlət sərhədinə qədər beton örtüklü yolun tikintisi davam edir. İkinci Dövlət Proqramı çərçivəsində Bakı-Samur, Bakı-Şamaxı-Yevlax, Masallı-Astara və digər avtomobil yollarının yenidən qurulması nəzərdə tutulur. 
Regionların iqtisadi inkişafına dair ikinci Dövlət Proqramının 2009-cu ildə icrasına başlanılması, qeyri-neft sektorunun inkişafına, yeni iş yerlərinin və müəssisələrin yaradılmasına, bununla əhalinin məşğulluğunun artırılmasına və yoxsulluğun azaldılmasına, regionlarda kommunal, xidmət və sosial infrastruktur təminatının həcmi və keyfiyyətinin yüksəldilməsinə, iqtisadiyyata investisiya qoyuluşunun artmasına güclü təkan vermişdir. 

Dövlətin əsas vəzifəsi mütərəqqi iqtisadi və sosial islahatlar həyata keçirmək, inkişaf prosesində hər bir vətəndaşın iştirakını təmin etməkdir.
Milli inkişafa kompleks məsələ kimi yanaşan dövlət başçısı İlham Əliyev regionların sosial-iqtisadi inkişafına dair birinci Dövlət Proqramında nəzərdə tutulmamış bir sıra məqsədlərin gerçəkləşdirilməsi üçün 2009-2013-cü illəri əhatə edən analoji proqramın hazırlanmasını da diqqət mərkəzində saxlamışdır. Dövlət başçısının 14 aprel 2009-cu il tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın əsas məqsədi qarşıdakı müddətdə ölkənin təbii və əmək potensialından səmərəli istifadə etməklə qeyri-neft sektorunun sürətli inkişafının təmin edilməsi, infrastruktur təminatının yaxşılaşdırılması istiqamətində tədbirlərin davam etdirilməsi, sahibkarlığın inkişafının daha da sürətləndirilməsi, iqtisadiyyatın inkişafına investisiyaların cəlb olunması işinin davam etdirilməsi, ixracyönümlü məhsul istehsalının stimullaşdırılması, müasir tipli infrastruktur obyektlərinin yaradılması, mövcud obyektlərin beynəlxalq standartlara uyğunlaşdırılması, əhalinin kommunal xidmətlərlə təminatının yaxşılaşdırılması, əhalinin məşğulluq səviyyəsinin artırılması istiqamətində tədbirlərin davam etdirilməsi, yoxsulluğun səviyyəsinin azaldılması və digər zəruri tədbirləri həyata keçirməkdir. 

Prezident İlham Əliyev 2010-cu il avqustun 12-də Bakı-Rusiya Federasiyası sərhədi yolunun üzərində yerləşən Şabran dairəvi yolu və körpü kompleksinin açılışında iştirak etmişdir. Qeyd edək ki, yolun tikintisinə 2008-ci ildən başlanmışdır. Körpünün ümümi uzunluğu 540 metr, eni və hündürluyü isə 23 metrdir. Ölkə başçısı Bakı-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun əsaslı şəkildə yenidən qurulmuş 34 kilometrlik hissəsinin, eləcə də Samur-Həzrə yolunun açılışında da iştirak etmişdir. Xatırladaq ki, Prezident İlham Əliyevin 2009-cu il 27 avqust tarixli sərəncamı ilə Samur-Həzrə yolunun yenidən qurulmasına Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 6,5 milyon manat vəsait ayrılmışdır. Bu avtomobil yolu Qusar rayonunda geniş miqyasda tikinti-quruculuq işlərinin həyata keçirildiyi və turizm potensialının inkişaf etdirildiyi indiki zamanda müasir yol infrastrukturunun yaradılması baxımından mühüm əhəmiyyət kəsb edir. Uzunluğu 23 kilometr, hərəkət hissəsinin eni 7 metr olan bu yol 16 min nəfərə qədər əhalinin yaşadığı 27 kənd və qəsəbəni birləşdirir. 

Məhz regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində həyata keçirilmiş geniş spektrli layihələr rayonların simasını nəzərəçarpacaq dərəcədə dəyişməyə, onun qəsəbə və kəndlərini abadlaşdırmağa, infrastruktur şəbəkəsini genişləndirməyə, səhiyyə, təhsil, mədəniyyət müəssisələrinin maddi-texniki bazasını möhkəmlətməyə imkan vermişdir. Dövlət Proqramının uğurla həyata keçirilməsi yeni iş yerlərinin yaradılmasına, ÜDM-də özəl sektorun xüsusi çəkisinin artmasına, əhalinin həyat səviyyəsinin yüksəlməsinə kömək edir. Bir sıra kommunal problemlər həll edilmiş, elektrik enerjisi, qaz, su təchizatı yaxşılaşdırılmış, digər sahələrdə də irəliləyiş olmuşdur. 

Dövlət orqanlarının, yerli icra strukturlarının fəaliyyəti barədə ictimaiyyətin məlumatlandırılması region mətbuatının mühüm vəzifələrindən hesab olunur. Vətəndaşları iqtisadi islahatların gedişi, sosial məsələlərin həlli, ictimai və şəxsi həyatı tənzimləyən normativ hüquqi aktlar haqqında obyektiv informasiya ilə təmin etmək zəruridir. Ona görə də dövlətin informasiya siyasəti ilə ictimai tənzimlənmə arasında tarazlıq yaradılması, informasiya cəmiyyəti və plüralizmin inkişafı xətti daha intensiv həyata keçirilməlidir. Bu baxımdan region mətbuatı da həmin bölgədə baş verən hadisələri dövlətin siyasətini öz səhifələrində əks etdirməli, oxuculara görülən işlər barədə aydın məlumat verilməlidir. Ölkə başçısının 2009-2013 –cü illəri əhatə edən “ Regionların sosial-iqtisadi inkişafı” ilə bağlı məsələlər, görülən işlər region mətbuatının əsas mövzu dairələrindən olmalıdır. Hər bir rayonun qəzeti həmin bu sərəncamdan irəli gələn məsələləri vaxtında icra olunub-olunmamasını araşdırmalı, dövlət tərəfindən ayrılan vəsaitin hansı istiqamətlərə xərcləndiyi barəsində ictimaiyyəti məlumatlandırmalıdır. Əgər region mətbuatı bunu layiqincə, operativ yerinə yetirərsə bu icraçıların öz işlərinə daha məsuliyyətlə yanaşmasına səbəb olar. Bu səbəbdən region qəzetlərinin üzərinə ağır və məsuliyyətli iş düşür.

Hal-hazırda Azərbaycanda 4000-ə yaxın qəzet qeydiyyatdan keçmişdir. Region qəzetlərinin də sayı çoxdur. Sumqayıtda 69, Gəncədə 65, Abşeronda 35, Cəlilabad və İmişlidə 13, Naxçıvan, Lənkəran, Sabirabad və Qəbələdə 12, Mingəçevir və Şəkidə 10, Şamaxı və Şəmkirdə 8, Bərdə, Quba və Biləsuvarda 7, Tovuz, Füzuli, Ucar, Masallı, Saatlı və Göyçayda 6, Göygöl, Xaçmaz və İsmayıllıda 5, Şirvan, Beyləqan, Gədəbəy və Lerikdə 4, Laçın, Salyan, Balakən, Yardımlı, Ağcabədi və Ağsuda 3, Kürdəmir, Ağstafa, Zaqatala, Neftçala, Qazax, Xocalı, Goranboy, Qax, Şərur, Kəlbəcər və Tərtərdə 2, Qubadlı, Xızı, Yevlax, Daşkəsən, Gədəbəy, Qusar, Naftalan, Oğuz, Şahbuz, Şabran, Babək. Şuşa, Hacıqabul, Samux, Zəngilan və Astarada 1 qəzet Ədliyyə nazirliyində qeydiyyatdan keçmişdir. Göründüyü kimi regionlarda qeydiyyatdan keçmiş qəzetlərin sayı çox olsa da bunların çox cuzi hissəsi fəaliyyət göstərir. Çap olunan qəzetlərin çoxunun üzərində dövriliyi yazılmır.Bu həmin qəzetin davamlı nəşr olunmamasından xəbər verir. Hazırda respublika ərazisində qeydiyyatdan keçmiş 4000 qəzetin yalnız 600-ə yaxını fəaliyyət göstərir. Təxminən 400-ə qədər qəzet və jurnal dərc olunur, 8 ümumrespublika, 14 regional, 13 kabel televiziyası fəaliyyət göstərir. Azərbaycanda 50-yə yaxın elektron KIV, təxminən 20 informasiya agentliyi var. Qalanları isə internet resurslarıdır. “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”ı çərçivəsində görülən işlərin region mətbuatında öz əksini tapması mühüm amillərdən biri hesab olunur. Rayon qəzetlərində apardığımız monitorinqin nəticəsində ayrı-ayrı mətbuat orqanlarının bu işdə səriştəsini aşağıdakı təhlillə ifadə etmək olar. 

“Kür” qəzeti Yevlax rayonunun yeganə mətbu orqanıdır. Regionların sosial-iqtisadi inkişafı sahəsində görülən işlər barəsində qəzetdə geniş məlumatlar verilir. Bu sərəncama əsasən görülən işlər üzrə keçirilən dəyirmi masalar, iclaslar qəzetdə işıqlandırılır və onların məğzi, müzakirələr barədə oxucuya ətraflı məlumat verilir. 2010-2011-ci ilin birinci yarısında sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş şura bütün təfərrüatı ilə qəzetdə öz əksini tapır. Oxuculara bu sahədə görülən işlər müxtəlif fotolarla, dəqiq rəqəmlərlə və tarixlərlə əsaslı şəkildə çatdırılır. Demək olar ki qəzetin hər sayında prezidentin “Regionların sosial-iqtisadi inkişafı” sərəncamı ilə əlaqədar görülən işlər barəsində məlumat verilir. Qəzet öz siyasətini tamamilə dövlətə və rayon camaatının maraqlarına yönəltmiş və dövlətlə xalq arasında vasitəçi rolunu öz öhdəsinə götürmüşdür. Qəzetin “Yevlaxda sosial-iqtisadi inkişaf yeni mərhələyə qədəm qoyur” adlı məqaləsində dövlət proqramından irəli gələn məsələlər və son bir ayda görülən işlər öz əksini tapmışdır. Məqalədə görülən işlərin nəticələri, məhsul artımı kimi məsələlər statistik məlumatlarla qeyd olunur və inşası hələ tamamlanmamış tikinti işlərinin gedişatı barəsində məlumatlar verilib (4, s.1-2).

“Əkinçi” qəzeti Zərdab rayonun iqtisadi, ictimai-siyasi və mədəni həyatını işıqlandıran yeganə kütləvi informasiya vasitəsidir. Qəzetin maliyyə çətinliyi olsa da, mütəmadi olaraq oxucularnı yeni sayları ilə sevindirməqə çalışırlar. Lakin maliyyə problemləri onların davamlı olaraq nəşr olunmasına əngəl törədir. Qəzet rayonda ədəbi-bədii mühitin formalaşmasında, gənc istedadların aşkar edilib püxtələşməsində onların yaradıcılığının təbliğində böyük rola malikdir. Ölkə başçısının Zərdab rayonunun sosial-iqtisadi inkişafı haqqında sərəncamından irəli gələn məsələlər və bu istiqamətdə görülən işlər xüsusi buraxılışlarda öz əksini tapır. 

“Xalq sözü” qəzeti İmişli rayonunda nəşr olunur. Yeni əsr jurnalistdən yeni yaradıcılıq ideyaları və onların ustalıqla gerçəkləşdirilməsi hadisələrə və onların təhlillərinə obyektiv münasibət, peşə etikasının dünya praktikasında özünü doğruldan normalarına daha həssas münasibət , forma və üslubun əsrin xarakterinə uyğunluğu, jurnalistin cəmiyyət qarşısında sosial məsuliyyəti və.s. məsələlərə diqqətlə yanaşmağı qətiyyətlə tələb edir. Dövlətin dəstəyi ilə İmişli rayonunda görülən işlər qəzetin bəzi saylarında işıqlandırılır. Qəzetdə “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı” ilə bağlı icra olunan işlər barədə rayon camaatı arasında müxtəlif sorğular keçirib. Müxtəlif təbəqələrdən olan insanların bu proqramla bağlı fikirləri qələmə alınıb (2,s 1).

“Dönüş”qəzeti regionların sosial-iqtisadi inkişafı ilə bağlı məsələlərə ilk səhifələrində yer ayırır. Regionların sosial-iqtisadi inkişafına dair prezident sərəncamına əsasən Saatlı rayonunda bəzi kənd yollarının bərpası üçün Prezidentin Ehtiyyat Fondundan rayon icra hakimiyyətinə 1.5 milyon manat vəsait ayrılıb. Qəzetdə həmin yolların yalnız açılışından bəhs olunur. Qəzet həmin Dövlət Proqramının icrasının yekunlarına həsr olunmuş hesabatı öz səhifələrində işıqlandırmışdır. Lakin bu proqramla bağlı qəzetin heç bir sayında araşdırmalara rast gəlinmir.

“İsmayıllı xəbərləri” qəzetində “Uğurlar daha çox olacaq” adlı məqalədə İsmayıllı rayon statistika idarəsinin rayonun sosial-iqtisadi inkişaf ı proqramından irəli gələn məsələlər barəsində ətraflı məlumat verilir. Bundan başqa qəzetin eyni sayında “Çox iş görə bilərik” adlı məqalədə kənd bələdiyyələrinin Dövlət Proqramından irəli gələn məsələlər barədə hesabat materialı nəşr olunub. Bununla da qəzet Qəbələ rayonunun sosial-iqtisadi inkişafına öz töhvəsini verir.(9, s 9).

“Qəbələ” qəzeti bu işdə daha fəaldır. Qəzetin eyni sayında “Regionların 2009-2013-cü illər sosial-iqtisadi inkişafı Dövlət Proqramı”yla bağlı icra olunmuş işlər ayrı-ayrılıqda, sistemli şəkildə oxucuya çatdırılır. Hesabatlar ümumi şəkildə bir məqalədə toplanmır. Yeni tikililər ayrı məqalədə, avtomobil yolları ilə bağlı görülən işlər başqa məqalədə öz əksini tapır. Görülən quruculuq işləri haqda qəzetdə geniş məlumat verilir. “Azərbaycanın gözəllik məbədi- Qəbələ ” adlı məqalədə tikinti işləri başa çatmış tikililərin şəkilləri və onlar haqda ətraflı məlumatlar verilib.(6, s 5). 

“Zaqatala” qəzetidə digər qəzetlərdən fərqli olaraq rayonunun 2010-cu ildəki sosial-iqtisadi göstəricilərinin hesabatı xüsusi cədvəllərlə oxucuya təqdim olunur. İcra olunan işlərlə yanaşı 2009-cu illə 2010-cu ildə görülən işlər müqayisəli şəkildə konkret rəqəmlərlə cədvəllərdə öz əksini tapır. Bundan başqa “Zaqatala rayonunda 2009-2010-cu illər açılmış iş yerləri haqqında məlumat ”, “2010-cu ildə açılmış iş yerlərinin strukturu”, “Torpaq sahələrindən istifadə vəziyyətini əks etdirən cədvəl”, “2010-cu il ərzində bütün maliyyə mənbələri hesabına görülən tikinti təmir və abadlıq işlərini əks etdirən” kimi cədvəllərdə inkişafın göstəriciləri öz əksini tapır (1,s.2-3).

II Dövlət Proqamının qəbul edilməsindən ötən qısa dövrdə görülən irimiqyaslı işlər böyük nəticələrə gətirib çıxarmışdır. 

Ölkə başçısı bölgələrin davamlı inkişafının təmin olunması, yeni iş yerlərinin açılması, infrastrukturun yeniləşdirilməsi, mövcud problemlərin aradan qaldırılması məqsədilə imzaladığı fərman və sərəncamların icrası vəziyyəti ilə yerindəcə tanış olmaq, sıravi vətəndaşlarla birbaşa ünsiyyət quraraq mövcud çətinliklər barədə informasiyaları ilkin mənbədən almaq üçün vaxtaşırı respublikanın rayonlarına səfərlər edir. Bu səfərlər zamanı rayonlarda icra olunmuş işlərlə tanış olur və açılışlarda iştirak edir. Ölkə başçısının bu səfərləri icraçıların öz işlərinə daha məsuliyyətlə yanaşmasına səbəb olur. “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın nəticələri ilə bağlı İlham Əliyevin çıxışları, iradları rayon qəzetləri vasitəsilə oxuculara çatdırılır. Bununla yanaşı prezident rayon camaatı ilə səmimi görüşlər keçirir. Belə görüşlərdən biri də Lerik rayonunda olub və görüşdə söylənilən fikirlər “Lerik” qəzetində qələmə alınıb. Qəzetdə ölkə başçısının iştirak etdiyi açılışların fotoları və rayon icra başçısının verdiyi hesabat nəşr olunub. Prezidentin Qəbələ rayonuna səfəri “Qəbələ” qəzeti tərəfindən işıqlandırılıb. Ölkə başçısı Heydər Əliyev parkı ilə tanış olmuş,yeni turizm obyeklərinin açılışını etmiş, Laza yarımstansiyasının istifadəyə verilməsində iştirak etmiş, yeni istehsal sahələri ilə tanış olmuşdur. Bütün bunlar qəzet səhifələrində ətraflı öz əksini tapıb. İlham əliyevin digər rayonlara səfərləri də digər region qəzetində də ətraflı işıqlandırılır.

Region qəzetlərinin mərkəz mətbuatlarından fərqi ondadır ki, rayon qəzeti daha çox həmin rayon camaatının uğurlarını, problemlərini ətraflı işıqlandırır,oxucuya yaşadığı rayon haqda daha geniş informasiyalar çatdırır. Ölkə qəzetlərindən fərqli olaraq region qəzetlərinin yazı və əhatə dairəsi daha kiçik ərazini əhatə etdiyindən bu qəzetlərdə hər bir sahəyə toxunmaq və dəqiq araşdırmalar aparmaq üçün geniş imkanlar var . Region qəzeti nəşr olunduğu rayonun inkişafında çox mühüm rol oynuyur. Bu baxımdan “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı” və bu proqrama əlavə edilən prezident sərəncamlarının işıqlandırılması , görülən işlərin təhlilli əks olunması bu proqramın daha dəqiq icra olunmasına stimul olur. 


Summary

This article is talked how lightening in the regional press of Azerbaijan “ Sosiol-economic development State Program of regions “.

Key words: regional press, social-economic development, state and journalism.


Резюме

Статья посвящена тому, как освещается «Государственная Программа социально-экономического развития регионов» в азербайджанской региональной прессе. 

Ключевые слова: региональная пресса, социально-экономическое развитие, государство и журналистика. 


Ədəbiyyat

1. “Zaqatala” qəzeti xüsusi buraxılışı,15 fevral, 2011-ci il
2. “Xalq sözü” qəzet 1-2 saylı buraxılışı, 01-15 yanvar 2011-ci il
3. “Əkinçi” qəzeti
4. “Kür” qəzeti 10 saylı buraxılışı, 10 mart 2011-ci il
5. “Qəbələ” qəzeti 11-13 sayl-ci il buraxılışı, 19 fevral 2011 
6. “Qəbələ” qəzeti 22-23 saylı buraxılışı,6 aprel 2011-ci il
7. “Dönüş” qəzeti
8. “Ağdam” qəzeti
9. “İsmayıllı xəbərləri” 5-6 saylı buraxılışı, 18 mart 2011-ci il 





Комментариев нет:

Отправить комментарий