вторник, 8 декабря 2015 г.

Üzeyir Hacıbəyli “Yeni iqbal” qəzetinin baş redaktoru, əsas jurnalist və publisisti kimi

Samir Xalidoğlu (Mirzəyev)
BDU, “Jurnalistika” elmi-tədqiqat laboratoriyası, elmi işçi

Azərbaycan professional musiqisinin banisi, görkəmli alim, pedaqoq, yazıçı və jurnalist. Bu sadalananlar hamısı Üzeyir bəy Hacıbəyliyə məxsusdur. Doğrudur, bu rəngarəng sahələrin hamısında o, eyni dərəcədə inkişaf etməyib, eyni səviyyədə parlamayıbdır, amma hər birində özünə görə yol tutub, mövqe qazanıb, milli operamızın, milli teatrın bünövrəsini qoyduğu kimi, yazıçı və jurnalist kimi də öz dəsti-xəttilə seçilib, tanınıbdır.

Üzeyir Hacıbəyli irsinin çox əhəmiyyətli bir hissəsini onun publisistikası təşkil edir. Ədib yaradıcılığa gənclik çağlarından başlamış, yorulmaq bilmədən Azərbaycan və rus dillərində dərc olunan dövrü mətbuatda məqalə, felyeton, resenziya, miniatür, səhnəcik, açıq məktub və s. formalarda yüzlərlə əsərini nəşr etdirmişdir. O, peşəkar jurnalist kimi bu sahənin sənət sirlərini, yaradıcılıq incə­liklərini, nəzəri problemlərini çox yaxşı bilmiş, müxtəlif illərdə zəmanəsinin apa­rıcı qəzet və jurnallarının felyetonçusu, tərcüməçisi, naşiri və redaktoru olmuş­dur. Onun redaktorluq etdiyi əsas mətbuat orqanlarından biri də “Yeni iqbal” qəzetidir. Orucov qardaşlarının elektrik mətbəəsində dərc olunan bu qəzet 1915-ci ilin aprelin 28-dən 1917-ci ilin iyulun 31-ədək fəaliyyət göstərmiş və bu müddətdə onun 662 sayı işıq üzü görmüşdü. Hacıbəylinin qəzetlə əməkdaşlığı 1915-ci ilin sentyabrından başlayır. Əvvəlcə jurnalist kimi fəaliyyətə başlayan alovlu publisist sentyabrın 11-dən (121-ci nömrədən) qəzetin “sükanı” arxasına keçir, ona redak­torluq etməyə başlayır. Oktyabr ayının 8-də rəsmi dairələr ona həm də naşirlik hüququ tanıyır. Bu barədə tanınmış tədqiqatçı Qulam Məmmədli yazır: “Qrado­naçalnik dəftərxanasından verilmiş 21482 nömrəli şəhadətnamədə Üzeyirbəy Hacıbəyova icazə verilir ki, özünün redaktorluğu və tam məsuliyyəti altında “Yeni iqbal” qəzetini nəşr etsin” [3, s.171].


Beləliklə, oktyabrın 11-dən (138-ci nömrədən) qəzet “Müdir və sahibi-imtiyaz Üzeyirbəy Hacıbəyov” imzası ilə nəşr olunmağa başlayır. Üzeyir bəy redaktor və naşir kimi 1916-cı il fevralın 8-ə qədər fəaliyyət göstərir. Qəzetin 1915-ci ildə 76, 1916-cı ildə 33, ümumilikdə isə 109 nömrəsi bilavasitə onun rəhbərliyi ilə dərc olunmuşdur.

Üzeyir bəyin qəzetə gəlişini ictimai publika, ziyalılar, dövrün söz-qələm sahibləri necə sevinclə alqışlamışdılarsa, qəzetdən ayrılmağını da böyük təəssüf hissilə qarşılamışdılar. “Açıq söz” qəzetinin 17 yanvar 1916-cı il tarixli 87-ci sayında “Yeni iqbal”da təbəddülat” adlı xəbər dediklərimizə əyani misaldır. Yazıda deyilirdi: “Aldığımız müəssif məlumata görə Üzeyir bəy Hacıbəyov cənabları “Yeni iqbal” qəzetəsi müdir və baş mühərrirligindən istefa vermişlərdir. Qəzetənin müdirligi başqa bir adama mühəvvəl olunacaqdır.

Orucovlar qəzet nəşrinə başlayandan bununla güman ki, 17 müdir əvəz edirlər”.

Amma burada bir nüans var. Əvvəla, “Yeni iqbal” qəzeti 1916-cı il 8 fevral tarixli 228-ci nömrəyədək “Müdir və sahibi-imtiyaz Üzeyirbəy Hacıbəyov” imzası altında nəşr edilib. Bununla belə qəzetin 8 yanvar 1916-cı ildən sonrakı nömrə­lə­rində onun yazılarına rast gəlinmir. Həmin xəbərin ikinci hissəsi isə deməyə əsas verir ki, Üzeyir bəy Orucov qardaşları ilə aralarında olan narazılığa görə qəzetlə əməkdaşlıqdan imtina etmişdir.

Üzeyir bəyin “Yeni iqbal”dakı redaktorluq fəaliyyətinin bir sıra xarakterik cəhətləri var. Birinci cəhət ondan ibarətdir ki, o redaktorluğu dövründə tez-tez yazırdı. Demək olar ki, hər nömrədə onun yazıları dərc olunurdu. Baş məqa­lə­lər­dən əlavə eyni nömrədə onun felyetonları, ictimai-siyasi məzmunlu yazıları da işıq üzü görürdü. Buradakı fəaliyyəti istər ideya məzmunu, istərsə də sənətkarlıq xüsusiyyətləri ilə onun jurnalist yaradıcılığının davamı idi. Qəzetdə çıxan felyeton və məqalələrin ideya məzmunu əsasən ana dilinin saflığı uğrunda mübarizə, cəhalətin, dini xürafatın, savadsızlığın, mənliyini itirmiş ziyalıların, boşboğazların tənqidindən və s. ibarət idi. Redaktorun bizə tanış olan iş üsulu, jurnalist dəsti-xətti, tənqid hədəfinin seçilməsi, satirik tipə münasibətin ifadə tərzi, təhkiyə, tər­sim, müqayisə priyomu, dilinin şirinliyi, dadı-duzu hər zaman oxucunu heyran edir. “Yeni iqbal”ın redaktoru üçün bu illərdə diqqəti cəlb edən bir digər səciyyəvi cəhət ondan ibarətdir ki, o, məqalə və felyetonlarını daha çox ictimai mövqeyinin, fikir və mülahizələrinin düzgünlüyünü, əsərlərinin əhəmiyyətini, dəyərini müdafiə etmək məqsədilə yazırdı. Bəzi ictimai hadisələrə açıq-aşkar mənfi münasibəti və nümayişkəranə etirazı da onun səciyyəvi xüsusiyyətlərindən biridir.

Üzeyir bəyin redaktor kimi xüsusi diqqət yetirdiyi məsələlərdən biri dil problemi idi. O, “Yeni iqbal” qəzetinin redaktoru olarkən jurnalistlərdən sadə dildə yazmağı tələb edir, oxuculara isə ana dilinə yiyələnməkdən əlavə bir də qəzetə həvəs, oxunan məqalə və ya informasiyaya müəyyən maraq, meyl göstərməyi məsləhət görürdü. Oxucu və qəzet probleminə həsr olunmuş bir məqaləsində jur­na­listin vəzifələrindən, qəzetin sadə, anlaşıqlı dildə buraxılması məsələsindən bəhs edən Üzeyir bəy yazırdı: “Gəlin, sadə danışaq. Yəni qəzetəmizi o dil ilə yazaq ki, basavad da başa düşsün, bisavad da...”

Hacıbəyli jurnalistlərdən sadə, xalq dilində yazmağı tələb etdiyi kimi oxu­cu­lardan da həm jurnalist sözünə ciddi münasibət, həm də mətbuata hörmət, qəzet oxumağa həvəs, istək tələb edirdi. O deyirdi: “Qəzet oxumaq, yəni dünyadan xəbəri olmaqla bərabər, bir də qəzetlərdə yazılan faydalı şeylərdən mənfəət götür­mək və ehtiyaclarımızın yolunu öyrənmək üçün savaddan başqa bir də ürəkdə bir dübr və şövq də lazımdır” [6, s.453].

Vətənin, xalqın dərdlərindən bəhs edən bir məqaləsində oxuculara müra­ciətlə yazmışdı: “Sən gərək onu oxuyanda bütün hissiyyatın pərişan ola (hərgah hissiyyatın varsa), ruhun inciyə (hərgah ruhun varsa), qəlbin yana (hərgah qəlbin varsa), ürəyin xarab ola (hərgah ürəyin varsa), başın ağrıya (hərgah başın varsa)!..” [6, s.455].

Üzeyir bəyin redaktorluq fəaliyyətinin təqdir olunmalı cəhətlərindən biri də A.Şaiq, A.Səhhət, H.Cavid, N.Nərimanov, F.Köçərli kimi tanınmış yazıçı və şairləri “Yeni iqbal” qəzetində iştiraka cəlb etməsi idi.

Ü.Hacıbəyli qəzetin redaktoru olmaqla yanaşı, həm də fəal jurnalisti idi. Ümumiyyətlə, ədibin publisist çıxışları 1905-ci il inqilabından sonra və xüsusən də birinci dünya müharibəsi dövründə, mətbuatın daha geniş vüsət aldığı, azadlıq hərəkatının, inqilabi mübarizənin, maarifçilik ideyalarının, maarifpərvərlik meyl­lərinin xeyli gücləndiyi dövrdə daha da müntəzəm və aktiv xarakter daşımışdır. O, Bakıda çıxan bir çox qəzetlərlə yanaşı “Yeni iqbal” qəzetinin də fəal müəl­lif­lərindən olmuşdur. Onun burada 70-dən çox yazısı dərc edilmişdir. Üzeyir bəy qəzet səhifələrində müxtəlif janrlı yazılar, o cümlədən baş məqalə, felyeton, resen­ziya, icmal, miniatür və s. çap etdirmişdir. O, qəzetdə “Filankəs”, “Üzeyir”, “Ü.”, “Saqqalı hənalı filankəs”, “Musiqiçi”, “Bir nəfər” imzalarından istifadə etmişdi. Baş məqalələrinin altında isə bəzən imza qoymurdu. Qulam Məmmədli “İmzalar” kitabında ədibin “Yeni iqbal”da işlətdiyi “Qıraxdanbaxan”, “Mizrab” [2] kimi imzalarının da adını çəkir. Amma qəzetin arxivlərdə qorunan nömrələrinə göz gəzdirərkən bu imzalara rast gəlmədik. 

Üzeyir bəy daha çox felyeton, miniatür və satirik hekayələr yazırdı. Bunları “Ordan-burdan” ümumi başlığı və ən çox istifadə etdiyi “Filankəs” imzası ilə dərc etdirmişdir. Bundan başqa o, bəzən digər imzalardan (“Saqqalı hənalı filankəs”) da istifadə edirdi. Üzeyir bəyin bir xüsusiyyəti də vardı ki, “Ordan-burdan” ümumi başlığı olan yerdə felyeton və miniatürlərinə əsas etibarilə ad vermirdi. Bu yazı­ların adları əsasən əsərin ümumi məzmunu ilə bağlı şərti adlardır: “Boşbo­ğazlar”, “Basavad və bisavad”, “Sonra görüşərik”, “Yazıq ermənilər”, “Tərəqqi və tədənni” və s. Bununla yanaşı ad verdiyi “Ordan-burdan”lar da vardı. “Heydar təpmək”, “Yetim cücə”, “Faytonçularımız”, “Azuqə və mənzil məsələsi”, “Dayaq” və s. bu qəbildəndir.

Ümumiyyətlə, bu dövrdə Üzeyir bəyə münasibət birmənalı deyildi. Yazıçı və jurnalistlər, teatr tənqidi ilə az-çox məşğul olanlar müxtəlif illərdə yazdıqları irili-xırdalı məqalələrində, rəylərində ədibə simpatiya və antipatiya göstərirdilər. Onların içərisində “türk sənayei-nəfisə tarixini yazacaq olan müvərrix musiqi bəhsinə gəlincə, Qafqasiya türklərinə bir çox səhifələr ayırmalı və bu səhifələrin başında arkadaşımız Üzeyir bəy Hacıbəyov cənablarının fotoqrafını qoymalıdır” (M.Ə.Rəsulzadə) kimi xoş arzularla bərabər, bəstəkara qarşı yönəlmiş kinli böh­tanlar, fəsadlı qurmalar da az olmamışdır. Ədib dövrünün tərəqqipərvər ictimai xadim­ləri, yazıçı və mədəniyyət xadimləri tərəfindən təqdir edilib alqışlandığı kimi, mürtəce müasirləri tərəfindən hədə, təhqir və hücumlara məruz qalırdı. Təqlid­çilərini məzəli yumorla qarşılayan ədib, onu istəməyənləri qəzetdə çap etdirdiyi felyetonları, tənqidi məqalələri ilə kəskin satira atəşinə tuturdu. Onun “Boşboğazlar”, “Müsəlmanlıq”, “O heç”, “Küyçülük” və s. kimi felyetonları və bir neçə tənqidi məqaləsi bu baxımdan ibrətli və qiymətlidir.

Üzeyir bəy insanı yüksəldən gözəl mənəvi keyfiyyətləri müdafiə edir, insanı nüfuzdan salan, onun şərəf və ləyaqətini alçaldan mənfi xüsusiyyətləri ciddi tənqid atəşinə tuturdu. O, öz sözü, fikri, düşüncəsi olmayan adamları görmək belə istə­mirdi. Ədib deyirdi ki, insanın hər bir məsələ haqqında möhkəm inamı və etiqadı olmalıdır. Həm də bu etiqad və inam pis şeyə deyil, yaxşı şeyə olmalıdır. Məsələn, “insan deməsin ki, mənim etiqadıma görə oxuyub-yazmaq haramdır və ya zərərdir. Əksinə etiqad etsin ki, elm və mərifət insan üçün ən vacib şeylərin böyüyüdür və əgər boşboğazın biri desə ki, oxuyub yazmaq pis şeydir, cavab versin ki, xeyr boş danışırsan” [6, s.429].

Üzeyir bəy inamı, etiqadı olmayan şəxsləri kərbəlayi Əliqulunun timsalında çox gözəl göstərmişdir. Ədib öz fikri, öz sözü, öz düşüncəsi olmayan belələrini ifşa edərək yazır: “Kərbəlayi Əliquluya deyirsən ki, qatıq ağdır, Kərbəlayi Əliqulu deyir ki, doğrudur ağdır. Bir də görürsən ki, boşboğazlarımızdan biri çıxdı və dedi: “Xeyr, qatıq qaradır və onun ağlığı da məhz qaralığındadır”. Kərbəlayi Əliqulu razı olub deyir ki, doğrudur, qatıq qaradır. Sonra bir ayrı boşboğaz çıxıb onu inandırır ki, qatıq qırmızıdır. Kərbəlayi Əliqulu inanır. Deyirlər sarıdır, inanır, yaşıldır ina­nır. Qərəz Kərbəlayi Əliqulu olub bir yaş çubuq, hara əyirsən ora əyilir” [6, s.428].

Ədib belə adamları tənqid etməklə işini bitmiş hesab etmir. O, həm də bunun səbəblərini də göstərir. Üzeyirə görə Kərbəlayi Əliqulunun yaş çubuq kimi ora-bura əyilməsinin əsas səbəbi ondadır ki, onun qatığın ağlığı barəsində nəzəri müəyyən, etiqadı dürüst və inamı kamil deyildir. O, qatığın rəngindən bixəbərdir, odur ki, hər kəs nə deyir, ona qulaq asır və axırdan axıra yenə bilmir ki, qatıq nə rəngdədir. Ədib bununla şərq aləminin geriliyini, avamlığını, savadsızlığını tənqid edir. Hər şeydən baş çıxarmaq üçün insan elm öyrənməli, çoxlu qəzet, jurnal oxumalıdır. Lakin müsəlmanlar belə şeylərdən kənardır. Çünki onlar “elm öyrən­mək, qəzet oxumaq haramdır, zərərdir” deyən din xadimlərinin sözlərinə inanırlar, buna görə də adi, elementar bir şeydən də baş çıxara bilmirlər. Heç bir məsələ haqqında fikir yürüdə bilmir, ona görə də kim nə desə ona inanırlar.

Üzeyir bəy dedi-qodu salan, savad və mədəniyyətdən uzaq olub yersiz danışan adamları boşboğaz adlandırır və onların tərifini də verirdi: “Boşboğaz camaat işlərinə zərər vuran bir para biməni vücudlardır ki, özlərinin əllərindən heç bir şey gəlmir, bişüurdurlar, bivecdirlər və bununla belə həsuddurlar, xain və xasirdirlər” [6, s.429].

Ədib bu boşboğazların hansı “məzhəbə” qulluq etdiklərini də göstərirdi: “Onu pisləmək, bunu pisləmək, bacarıqlı adamları söymək, iş görənlərə zərər yetirmək, fitnə salmaq” [6, s.429].

Üzeyir bəy belə boşboğazlarla mübarizə aparmağı hamının borcu hesab edir. Camaat onları tapıb ağızlarını açan kimi ağızlarından vurmalı, onların sözlərinə uymamalı, bu yolla da həmin adamları vurub meydandan çıxarmalı, qovmalıdırlar. Bundan ötrü də ancaq və ancaq elm öyrənmək, savadlanmaq, bu yolla da yaxşını pisdən ayırmağı bacarmaq lazımdır.

“Küyçülük” felyetonu da bir növ bu mövzunun davamıdır. Ədib yazıda “müzürr boşboğazlar”dan olan “tənqidçilər” haqqında söhbət açır və qeyd edir ki, onlar ağızlarına gələni yazır, bildiyini eləyir, bildiyini işlədir, bildiyini əmələ gəti­rirlər, yaxşını pisin ayağına, pisi də yaxşının ayağına verirlər. Onların pisə yaxşı, yaxşıya da pis deməyə insafları yol verir. Üzeyir bəy belə yalançı tənqidçiləri iki qismə bölür: “Birisi anlaya-anlaya pisi yaxşı və yaxşını pisləyir, çünki qərəzi-şəxsisi var və o qərəzi-şəxsisini hər şeydən əvvəl tutur. Birisi də anlamadığına görə pisə yaxşı və yaxşıya da pis deyir, çünki başa düşmür və ağlı kəsmir” [6, s.444].

Ədib belə qənaətə gəlir ki, bunların hər ikisinin cəmiyyətə zərəri vardır. Üzeyir bəy yazır ki, bu küyçül tənqidçilər “bir adamı pisləyəndə elə pisləyirlər ki, eşidənlər o adamdan nifrət edirlər. Amma sonra yeri düşür ki, haman adamla görüşməyə və görüşüb danışmağa məcbur oluruq, baxıb görürük ki, xeyr a! Bu adam onu pisləyənin özündən bir qədər də yaxşıdır. Bir az da ölçüb biçəndən, dərindən baxandan sonra məlum olur ki, pis adam bu deyilmiş, bəlkə onu pisləyənin özü imiş...

Həmçinin birisini tərifləyəndə, onu götürüb ərşi-fələkə qalxızırıq və özümüz də deyirik: “Dünya yaranandan bəri bu cürə adam dünyaya gəlməyib və bundan sonra da heç gəlməyəcək..” O qədər tərif və tövsif olunur ki, eşidənlər az qalırlar ki, onun kölgəsinə də salam versinlər” [6, s.444].

Xalqa xeyir verən yaxşı adamları, istedadlı sənətkarları “cəmiyyətə zərəri olan” belələrinin şərindən, böhtanından qorumağa çalışan Üzeyir bəy ədəbi tənqidi haqsevən, həqiqətpərəst, mərd adamların sənəti sayır, müasirlərini ədəbi tənqidin obyektivliyi, təmizliyi uğrunda mübarizə aparmağa çağırırdı. Ədib tənqidçidən yüksək mədəniyyət, ədəb, mərifət, haqqı nahaqdan seçmək qabiliyyəti; tənqid olunandan isə dözüm, səhvini görüb etiraf etmək, kişilik hünəri tələb edirdi.

Əsrin əvvəllərində Azərbaycan mətbuatında iri formalı musiqi əsərlərinin lazım olub-olmadığı barədə geniş diskusiyalar, ədəbi mübahisələr başlamışdı. Bu mübahisələrdə bir çox yazıçı və jurnalistlər opera və operetta kimi musiqi əsər­lə­rinin xalq üçün ikinci, üçüncü dərəcəli bir şey olduğunu, hətta əxlaqlara mənfi təsir göstərdiyini iddia edirdilər. Təbii ki, Üzeyir bəy bu cür avam və mürtəce görüşlərə qarşı çıxır, operanın, musiqi əsərlərinin xalqın tərəqqi və inkişafındakı müsbət rolunu qeyd edir, yeni yaranmaqda olan Azərbaycan musiqi teatrını bu hücum­lardan qoruyurdu. “Yazıq ermənilər”, “Opera dramın evini yıxdı” bu qəbildən olan felyetonlardandır. Operanın, musiqinin inkişafının qarşısını almaq istəyənləri, bu böyük sənətin guya xalqın adət-ənənələrinə, mənəviyyatına zidd olduğunu, xalqı pis yola saldığını, cavanlara pis əxlaqi vərdişlər aşıladığını iddia edənləri ədib bu yazılarda ağıllı, eyni zamanda öldürücü satira atəşinə tuturdu. Müəllif operanın əhəmiyyətini qanmayanları, onun əleyhinə çıxanları tənqid edib, onların cəha­lət­lərinə gülməklə bərabər başqa dərdlərə də toxunur. O dərdlərə ki, onlar yüz illərlə xalqın həyatını kədərlə, ələmlə doldurubdur. Ədib dini fanatizmdən, bu dünyanı fani hesab edən dindarlıqdan, tərki-dünya fəlsəfəsindən gələn adətləri döyəcləyərək yazırdı: “...aya, siz özünüz görmürsünüzmü, eşit­mir­sinizmi ki, Qafqaz müsəl­manları bu opera meydana çıxandan bəri necə xarab olubdular? Müsəlman nə idi, musiqi nə idi! Müsəlmanın sənəti gərək il uzunu ağlamaq olaydı... ah-vay olaydı” [6, s.435].

Ədibin “Tərəqqi və tədənni” felyetonunda Qərbin inkişafı, tərəqqisi ilə Şərq aləminin geriliyi qarşılaşdırılır. Felyeton velosipedin ixtirası barədə söhbətlə baş­layır. Mister Edvard öz-özünə fikirləşdikdən sonra elə bir şey kəşf etmək istəyir ki, adam üstünə minib yeriyə bilsin. Və o, velosipedi kəşf edir. Sonra onun həm­yerlisi Müsyö Bürje bu velosipedi təkmilləşdirərək ikitəkərli və yüngül, sürətli velosiped yaradır. Çünki Mister Edvardın yaratdığı velosiped üçtəkərli, ağır və ləng gedən idi. Sonra isə onların başqa bir həmyerlisi Her Fon Bax bu velosipedləri görür və çox sevinir, bunları təkmilləşdirib yeni minik növü – avtomobil icad edir. Ədib ikitəkərli, ağır və ləng gedən velosipeddən avtomobilin meydana gətiril­məsinə qədərki təkmilləşmə prosesini haqlı olaraq tərəqqi hesab edir.

Üzeyir bəy sonra diqqəti Şərq aləminə yönəldir. Söhbəti öz müasirlərinin, həmyerlilərinin əməlinə bağlayan müəllif yazır: “Fərz edək ki, usta Vəlinin başına bir fikir gəlib. O da meydana (əlbəttə, müsəlman meydanına, çünki Avropa mey­dan­larında elə bir şey yoxdur ki, müsəlmanın fikrinə gəlib, onlarınkına gəlməsin) bir şey çıxardır. Məsələn, usta Vəli dülgərdir. Günlərin bir günü usta Vəlinin fik­ri­nə gəlir qapı qayırsın ki, özbaşına açılıb, özbaşına örtülsün. Qapını qayırır, camaata da xoş gəlir, ustaya afərin oxuyurlar, əhsən deyirlər. Dərzi Cəfər bu işdən xəbərdar olub, iynəsini qoyur yerə və o da düşür qapı qayırmağa... Qayırır, lakin qapı qapıya oxşamır. Örtülüb açılmaq nədir ki, heç yerindən tərpənmir” [6, s.434].

Üzeyir bəy burada bir məqama toxunur. Belə ki, Mister Edvardın velosipedini görən Müsyö Bürje çox sevinir. Amma o baxıb görür ki, bu velosiped üçtəkərlidir, mayehtacı çoxdur, həm də ləng gedir. Çox fikirləşəndən sonra o qərara alır ki, bu velosipedi təkmilləşdirsin. Və o, ikitəkərli, mayehtacı az olan, həm də sürətlə gedən velosiped yaradır. Sonra Her Von Bax bu velosipedi görüb, çox şad olur. Amma o görür ki, bu velosiped az adam tutur və belə qərara gəlir ki, daha çox adam tuta biləcək bir şey qayırsın. Beləliklə, o, avtomobili meydana çıxardır. Ancaq şərq aləmində işlər belə getmir. Usta Vəlinin uğurundan xəbər tutan dərzi Cəfər də qapı düzəltmək sevdasına düşür. “Bəyəm usta Vəli göydən yenibdir? Mən də qayıraram” fikrinə düşür. Camaat ona deyir ki, sən dərzisən, amma usta Vəli dülgərdir. Qoy qapı dursun, sən də get bir yaxşı çuxa tik, arxalıq biç. Lakin dərzi Cəfər israr edir və elə bir ucdan deyir ki, mənim nəyim Vəlidən əksikdir, mən də mütləq düzəltməliyəm. Beləcə o əlləşir, əlləşir axırda yorulur. Bir də görür ki, qapı qayırmaq bir yana dursun, dərzilik də yadından çıxır. Ancaq dərzi Cəfər bununla kifayətlənmir, qapını qayıra bilmədikdən sonra usta Vəliyə sataşmağa, badalaq qurmağa, orda-burda pisləməyə başlayır. Beləliklə, Qərb aləmində hər şey inkişaf edir, təkmilləşir. Bizdə isə əksinə, Cəfər kimilər nə özləri irəli gedə bilir, nə də gedənə imkan verir, ayağından dartırlar. Üzeyir bəy haqlı olaraq belə şeyləri tədənni, yəni gerilik” adlandırırdı.

“Yeni iqbal” qəzetinin bir maraqlı bölməsi var idi ki, bu da “Teatr və musiqi” adlanırdı. Üzeyir bəy bu şöbədə də arasıra yazılar qələmə alırdı. Ədəbiyyat və incəsənətdə, xüsusilə teatr və musiqidə realizmi təbliğ edən ədib eyni zamanda, böyük bir mədəniyyət xadimi, nəzəriyyəçi kimi çıxış edirdi. Bu rubrikada o əsasən müxtəlif teatr tamaşaları, operalar haqqında tənqidi məqalələr, resenziyalar yazır və onları “Musiqiçi” imzası ilə dərc etdirirdi. Ədib “Ordan-burdan”dakı felyetonları kimi “Teatr və musiqi”dəki yazılarına da xüsusi ad vermirdi. Amma yazıların ümumi məzmunundan çıxış edib onlara bu cür şərti adlar vermək mümkündür: “Arşın mal alan” erməni dilində”, “Əsli və Kərəm” tamaşası haqqında resenziya”, ““Arşın mal alan” və “Əsli və Kərəm” tamaşaları haqqında tənqidi məqalə”, ““Evliykən subay” operettası haqqında tənqidi məqalə” və s. Ədib bu yazılarda gözəl tənqidçi kimi çıxış edir. Göstərilən tamaşalar, oynanılan operalar, operettalar haqqında məlumat verir, həm də bu əsərləri, aktyorların oyun qabiliyyətlərini təhlil edirdi.

Üzeyir Hacıbəyli dövrün bəzi ictimai-siyasi hadisələrinə açıq-aşkar mənfi münasibət bəsləyir, onlara nümayişkəranə etiraz edirdi. Ədibin Bakı Duması qlasnılarını rüsvay edən “Dayaq” felyetonu bu cəhətdən diqqəti xüsusi cəlb edir. Felyetonda Dumaya qlasnı seçkisi üsulu tənqid olunur. Ədib göstərir ki, belə yarıtmaz seçki üsulunun nəticəsində seçilmiş qlasnıların “nə şəhər işlərindən, nə ümumdövlət işlərindən, nə cəmaət işlərindən, nə də ki, müsəlmanlara lazım olan iş və əməllərdən heç bir ittilai və məlumatı olmur” [1, s.65].

Bu adamlar Duma iclaslarına gəlmirlər, gəlsələr də mürgüləməkdən başqa əllərindən başqa iş gəlmir. Odur ki, belələrindən hər hansı bir fayda gözləmək ağılsızlıqdır. Bunların, yəni belə bacarıqsız, heç nədən başı çıxmayan adamların qlasnı olmasına imkan verən yarıtmaz seçki qaydasıdır. Bu seçki qaydası bacarıqlı, işgüzar adamların Dumaya seçilməsinə yol vermir. Çünki hökumətə heç nədən başı çıxmayan belə bacarıqsız adamlar sərf edir. Ədib heç nəyə xeyiri dəyməyən belə qlasnıları meyvəsiz ağaca bənzədir və belə hesab edirdi ki, bu qlasnılara dayaq vermək lazımdır, yəni onları Dumadan uzaqlaşdırıb “meyvəli”, bacarıqlı adamlarla dəyişmək lazımdır. Üzeyir bəy sonda yazır: “Mənim yadımdadır ki, ikinci Dövlət Duması qurulandan sonra orada olan müsəlman vəkillərinə “kömək” etmək lazım gəldi. Onun üçün bacarıqlı və bilikli adamlar oraya yığılıb Kazan qəzetələrinin istilahı ilə “yardım komitəsi” qurdular ki, bu komitə müsəlman deputatlarına yol göstərirdi. İndi dayaq dedigim söz – haman “yardım komitəsi” kimi bir şeydir ki, bu saat bizim şəhər dumundakı qlasnılarımız o cürə “yardıma” və dayağa yaman möhtacdırlar. O millət “bağban”ları bu barədə yaxşı fikir etsələr, çox gözəl olardı” [1, s.66].

Üzeyir bəyin şöhrəti artdıqca ona həsəd aparanlar, gözü götürməyənlər də artırdı. Onlar bəstəkara qarşı “tənqid” adı altında qərəzli hücumlara keçirdilər. Elm, mərifət, bilik çatışmayanda söyüş, təhqir işə düşür, onun ünvanına hər cür hədyan yağdırılırdı. Bütün bunlar bəzən Üzeyir bəyi mənən yorub, taqətdən salır, əsəblərinə təsir edirdi. Bəzən səbri tükənir, dözə bilmir, dürüst etiqadlı, tərəq­qi­pər­vər müasirlərini boşboğazların “ağzından vurmağa”, “bazarlarını kasad” eləməyə, onları “meydandan çıxarıb qovmağa” çağırmağa, hüquq və ləyaqətini çirkablardan qorumağa məcbur olurdu. Onu daha çox millətpərəst olmamaqda günah­lan­dırır­dılar. Təbii ki, ədib də cavabsız qalmırdı. Bədxahların ara söhbətini, onu millətini sevməməkdə günahlandırmaq qəsdini duyan Hacıbəyli öz opponentlərinə üz tutub demişdi: “Nahaq yerə güman edirsiniz ki, “millətpərəst” gərək mütləq dərzi məşədi Rəsulun tikdiyi bir ətəyi gödək, o biri uzun dümbiridə paltar geysin! Nə var, nə var onu usta məşədi Rəsul tikib? Xeyr! “Amma mənim paltarımın təqsiri nədir ki, dərzi Rəsula verdim, korladı – Ambarsum kirvəyə verdim düzəltdi... Millət­pərəstlik o degil ki, müsəlman əlindən çıxan pis şeyə yaxşı deyəsən. Yaxşı odur ki, yaxşıdır; pis də odur ki, pisdir. Millətpərəstliyin bura dəxli yoxdur” [1, s.33].

Bundan başqa Ü.Hacıbəylini özgə, yad mədəniyyət qarşısında pərəstiş etməkdə günahlandırırdılar. Onlar iddia edirdilər ki, opera Azərbaycanda yox, İtaliyada, Almaniyada, Fransada yarana idilər. Bununla onlar bir növ xalqımızı təhqir edir, onun bəşəri ideyaları musiqi dili ilə anlamağa qadir olmadığını hesab edirdilər. Lakin Üzeyir bəy tutarlı faktlarla onların cavabını verirdi. “Müsəlmanın bir lülə kababını yevropeyskinin min bifşteks, befstroqanovuna vermərəm. Toyuqplov hara, kotlet hara?” – deyə dolmanın, dovğanın, çayın ətri, dadı, duzu, tamından heyranlıqla danışan Ü.Hacıbəyli qibtə ediləsi səbr və təmkinlə, məzə­sin­dən doymaq mümkün olmayan bir üslubda onları susdururdu.

Üzeyir bəy Hacıbəyli “Yeni iqbal” qəzetində təkcə felyeton, resenziya, miniatürlər yazmaqla kifayətlənmirdi. O, həm də xeyli sayda siyasi məqalə, baş məqalə, icmal da yazmışdı. Ədib belə məqalələrini “Üzeyir” və “Ü.” imzaları, bəzən də imzasız dərc etdirirdi. “1916-cı il”, “Veliki knyaz Nikolay Nikolayeviç həzrətlərinin Qafqaza vürudu”, “Türk və bolqar etilafı haqqında”, “Rusiya, Bolqariya və ingilis mətbuatı”, “Balkanlarda” adlı baş məqalələri, “Zemstvo haqqında”, “Parlaq ümidlər”, “Müsəlman dəvi vəkillərinə ixtiyar verilməsi”, “Nəticə” kimi siyasi məzmunlu məqalələri bu qəbildəndir. Qəzetin 3 nömrəsində dərc olunmuş “Nəyimizin vaxtıdır?” sərlövhəli çox böyük dəyər və misilsiz qiymət kəsb edən analitik məqaləsi bu qəbildəndir. Sonuncu məqalədə dövrün bir sıra aktual və mühüm ictimai məsələlərdən bəhs olunur. Üzeyir bəy düçar olduğumuz azarları, dərdləri bir-bir sayır, bugünkü halımızı, yəni hər işdə tənbəlliyimizi, qeydsizliyimizi, həmiyyətsizliyimizi, bacarıqsızlığımızı çox doğru və çox ətraflı olaraq təsvir edir. 

Beləliklə, Üzeyir bəy M.Ə.Rəsulzadənin gedişindən sonra bir növ “başsız” qalan “Yeni iqbal”a rəhbərlik etməklə onu yenidən “diriltdi”. Onun gəlişindən sonra istər mövzu dairəsi, istər müəllif heyəti ilə qəzet dövrünün öndə gedən, milli-ictimai fikri formalaşdıran tribunasına çevrildi. Ümumilikdə, Üzeyir bəyin “Yeni iqbal” qəzetində çap olunmuş məqalələrini nəzərdən keçirərkən qeyd etmək lazım­dır ki, istər mövzu aktuallığı, istər qaldırdığı problemlərin vacibliyi, istərsə də müba­riz ruhu və yazı manerasının təravəti etibarilə onların hansı birininsə təhlilini, yaxud sadəcə olaraq qiymətləndirilməsini arxa plana keçir­mək olduqca çətindir. Bu məqalələrdə məsələnin qoyu­lu­şu, məqsəd və məram o qədər əhəmiyyətli, dil o qədər aydın, səlis və rəvandır ki, bu pub­lisistika incilərinin hər hansı birinin üstündən sükutla keçmək həqiqətən zor işdir.



ƏDƏBİYYAT SİYAHISI

1. Hacıbəyli Ü. Nəşrlərdə kənara qoyulmuş, ixtisar və “redaktə” edilmiş əsərləri Bakı, “Elm”, 2010, - 236 səh.

2. Məmmədli Q. İmzalar Bakı, Azərnəşr 1977, - 120 səh.

3. Məmmədli Q. Üzeyir Hacıbəyov 1885-1948 (Həyat və yaradıcılığının salnaməsi) Bakı, Yazıçı, 1984, - 464 səh.

4. Məhəmmədzadə M.B. Azərbaycan Türk mətbuatı Bakı, Bakı Universiteti nəşriyyatı, 2004, - 84 səh.

5. Azərbaycan mətbuat tarixi antologiyası (2 cilddə, II cild) Bakı, “Elm və təhsil”, 2011, - 440 səh.

6. Hacıbəyov Ü. Seçilmiş əsərləri Bakı, Yazıçı, 1985, - 653 səh.


Dövri mətbuat

7. “Açıq söz” qəzeti (1915-1918)

8. “Yeni iqbal” qəzeti (1915-1917) 



Summary

The article deals with the Azerbaijan’s outstanding social and political statesman, prominent composer, famous journalist and publicist Uzeyir Hajibeyli and his activities in “Yeni igbal” newspaper (“New welfare”) (1915-1917th years). His activities as an editor of the newspaper and a leading author are basis only of the problems he was touching upon but also of the investigation in which he was using his signatures and trying to solve the problems.

Key words: editor, newspaper, U.Hajibeyli, “Yeni igbal” (“New welfare”), signature, topical satire



Резюме

В статье повествуется о деятельности великого композитора, видного общественно-политического деятеле журналиста-публициста Узеира Гаджибейли в газете «Ени игбал» («Новое благоденствие») (1915-1917 г.г). Основами исследования являются работы, проделанные им как редактором газеты; проблемы, затронутые У.Гаджибейли в своих статьях и псевдонимы которые пользовал великий публицист.

Ключевые слова: редактор, газета, У.Гаджибейли, «Ени игбал» («Новое благоденствие»), подпись, фельетон


Açar sözlər: redaktor, qəzet, Ü.Hacıbəyli, “Yeni iqbal”, imza, felyeton

Комментариев нет:

Отправить комментарий