воскресенье, 13 декабря 2015 г.

“Şəlalə” jurnalının nəşri tarixindən

Samir Xalidoğlu (Mirzəyev)
BDU, “Jurnalistika” elmi-tədqiqat laboratoriyası, elmi işçi

Azərbaycan jurnalistikası tarixi xalqımızın qədim və zəngin mədəniyyət irsinin ayrılmaz tərkib hissəsidir. O, tariximizi dəqiq və dürüst öyrənməyin ən mötəbər qaynaqlarından biri kimi xüsusi əhəmiyyətə malikdir. Çünki neçə-neçə nəslin fikir və düşüncəsi, arzu və istəyi, ictimai-siyasi, ədəbi və mədəni görüşləri bu və başqa formada onların səhifələrində dəyər qazanmış, tarixə qovuşmuşdur. Təsadüfi deyildir ki, klassiklərimiz mətbuat, onun xidmətləri barədə yüksək fikirlər söyləmiş, onu “xalqın görən gözü, eşidən qulağı, danışan dili” adlandırmışlar. Əsrin əvvəllərində M.Ə.Rəsulzadə yazırdı: “Mətbuat mühüm milli qüvvələrdən biridir. O, milli iqtidarda dördüncü yerdə durur... Mətbuat millət fərdlərinin, jurnalistlərin şəxsi fikirlərini cəmiyyətə çatdırandır. O, dövrünün mədəniyyət carçısıdır... Mətbuatın rolunu, vəzifəsinin əhəmiyyətini öyrənmək üçün onun tarixini nəzərdən keçirmək vacibdir” [4, s.70-71].

Azərbaycan mətbuatı tarixinin hər bir dövrü, həmin dövrdə çıxan hər bir mətbu orqanın öyrənilməsi mühüm əhəmiyyət kəsb edir. Jurnalistika tariximizdə elə mətbu orqanlar vardır ki, uzun müddət bu və ya digər səbəbdən az araşdırılmış və ya ümumiyyətlə, tədqiqatdan kənarda qalmışdır. Belə dövri nəşrlərdən biri də “Şəlalə” jurnalıdır. Jurnal 1913-cü il yanvarın 19-dan nəşrə başlamış və 1914-cü il martın 1-ə qədər fəaliyyət göstərmişdi. Bu müddət ərzində məcmuənin 56 sayı çapdan çıxıb ki, bunların da 47-si 1913-cü, 9-u isə 1914-cü ilin payına düşür. “Şəlalə” “ədəbi, ictimai, elmi, fənni məcmueyi-müsəvvərə” idi.
Jurnalın ilk üç sayı on beş gündən bir çıxırdı, 4-cü nömrədən etibarən isə hər həftə nəşr olunmağa başladı. “Şəlalə” İsa bəy Aşurbəylinin maliyyə dəstəyi ilə işıq üzü görürdü.

Bakının Sabunçu kəndində neft mədənləri olan Mehdiqulu bəyin ailəsində dünyaya göz açan İsa bəy Azərbaycan tarixində naşir, publisist və xeyriyyəçi kimi tanınır. O, “Şəlalə” ilə yanaşı bir sıra digər Azərbaycan və rusdilli mətbu orqanlara da naşirlik etmişdi. 12 səhifədən ibarət olan “Şəlalə” İ.Aşurbəylinin H.Z.Tağıyevdən icarəyə götürdüyü “Kaspi” mətbəəsində buraxılı­rdı. Jurnalın ilk redaktoru Xalid Xürrəm Səbribəy­zadə olmuşdur. O, birinci nömrədən 53-cü (6-cı) nömrəyə qədər bu işi görmüşdür. Son 3 nömrə isə Əhməd Midhət Rüfətov redaktəsi ilə çapdan çıxmışdı. Jurnalın ilk 6 sayı ağ-qara, qalanları isə rəngli formatda nəşr olunmuşdu.

“Şəlalə” mətbuat tariximizdə bir sıra xüsusiyyətlərilə diqqət çəkir. Hər şeydən əvvəl o, “Füyuzat” romantik ədəbi-jurnalistika məktəbinin davamçısı kimi tanı­nırdı. Hər iki məcmuənin dili, üslubu, təqib etdiyi məsləkləri arasında bir ümumilik, bir oxşarlıq vardı. “Şəlalə”də də elmi-publisistik yazılara, dini, tarixi və coğrafi oçerklərə, tərcümə əsərlərinə, romanlardan parçalara, hekayə və şeir örnəklərinə mümkün qədər çox yer veri­lirdi. Klassik əsərlər və müxtəlif mədə­niyyət abidələri haqqında düşüncələrdə əsasən füyuzatçıların cari ədəbi inkişafdakı mövqeyi əks olunurdu. Jurnal səhifələrində Osmanlı-türk mədəniyyətinin, elmi-nəzəri fikrinin təsiri açıq-aydın hiss olunurdu. Burada X.X.Səbribəyzadə, H.Tələt, Ə.Hikmət, R.Fəryad, Ə.Necdət, R.Tofiq, Rəbii, N.Kamal, M.Ə.Yurdaqul, M.A.Ersoy, H.Şünas, İ.Səfa, Cənab Şəhabəddin kimi türkiyəli müəlliflərin əsərləri tez-tez nəşr edilirdi. Bu yazıların sənətkarlıq xüsusiyyətləri, dil, üslub və düşüncə tərzi jurnalın ideya-bədii səviyyəsinə təsir edirdi. “Şəlalə”nin səhifələrində Osmanlı şivəsi yorul­ma­dan təbliğ olunurdu. Çap olunan məqalələrin əksəriyyəti məhz bu şivədə veri­lirdi. Yerli türkcənin əvəzinə Osmanlı türkcəsinin əsas götü­rülməsinin səbəbini şəla­lə­­çilər belə izah edirdilər: “Müxtəlif səbəblərdən müxtəlif şəkillərə düşən türk ləhcələrinin heç biri ədəbi və ümumişlək dil kimi götürülə bil­məz. Yalnız İstanbul ləhcəsi bu xüsusiyyəti daşıyır. Çünki İstanbul şivəsi bugünki türk şivələri arasında ən ziyadə işlənmiş olanıdır” [“Şəlalə”, 19.01.1913, №1]. 

Təsadüfi deyil ki, “Şəlalə”çilər də başqa sələfləri kimi “qəliz ərəb-fars tərkibli ifadələr işlətdiyinə, bəzən mövcud sosial gerçəkliyin inqilabi mahiyyətinə biganəliyinə, mövzuların seçilməsində kosmopolit mövqe tutduğuna görə elə ilk saylardan ciddi tənqidə məruz qaldılar” [5, s.134]. 

Xüsu­silə, “Molla Nəsrəddin” jurnalı və “İqbal” qəzeti “Şəlalə”nin dil siyasətini kəskin tənqid edirdilər. “Şəlalə”nin Osmanlı şivəsinə qarşı onlar yerli şivəni – Azərbaycan türkcəsini qoyurdular. Bu məsələdə göstərilən mətbu orqanlar arsında ciddi mübarizə gedirdi. Lakin ziddiyyət təkcə dil məsələsi ilə bitmirdi. “Şəlalə” bir sıra digər məsələlərdə də fərqli mövqe tuturdu. Məcmuə xüsusilə, qadın azad­lı­ğı­nın qatı əleyhdarı idi. Jurnalda qadın azadlığına qarşı yazılar verilir, çadra və hicabın faydasından danışılırdı. Onlar belə düşünür­dülər ki, qadın çadradan çıxmamalıdır. Jurnalda əli, üzü, ayaqları görünən qadın şəkli verilmiş və altında yazılmışdı: “Açıqlıq tərəfdarlarına hədiyyə”. Şəlaləçilər qadın azadlığı məsələsində bu fikirdə idilər ki, müsəlman qadınlarına azadlıq, sərbəstlik vermək olmaz. Çünki açıqlıq və sərbəstliyin zərəri Avropada görün­mək­dədir. Avropa qadınlarının etmədikləri pis hərəkətlər qalmayıb. Onlar əxlaqsızlıq girdabına düçar olublar. Şəlaləçilər belə düşünürdülər ki, bu azadlığı, sərbəstliyi müsəlman qadınları da əldə etsələr, onda onlar da bu vəziy­yətə düşə bilərlər. Əlbəttə ki, bu məsələ ilə bir çox mətbu orqanlar, o cümlədən “Molla Nəsrəddin” və “İqbal” razılaşmırdı. Bu mətbu orqanların mühərrirləri “Şəlalə”nin bu nöqteyi-nəzərini tənqid edirdilər.

Bütün bunlara baxmayaraq “Şəlalə” sırf ədəbi-bədii, elmi-fəlsəfi bir məcmuə idi. Jurnal səhifələrində elmi-fənni, əxlaqi-didaktik, fəlsəfi-dini yazılarla yanaşı, dünya ədəbiyyatından tərcümələrə, maarif, səhiyyə, tarix, coğrafiya və s. elm sahələrinə aid maraqlı materiallar dərc olunmuşdu. “Şəlalə”də bir sıra elmi-fəlsəfi terminlər, o cümlədən “monizm, abstraksiya, eklektizm, psixologiya, sen­sua­lizm, intellektualizm, volyuntarizm, pozitiv fəlsəfə, ekvivalent, inersiya, poten­sial enerji, spektr, infraqırmızı, siyasi antropologiya, metafizika, diferensasiya, ideyalar assosiasiyası, transformasiya, mexanizm və s. ətraflı şərh olunur, təbii elmlər, dini görüşlər və ədəbi-estetik mülahizələri birləşdirən analitik yazılar verilirdi. Ə.M.Rüfətovun jurnalın 1914-cü il saylarında yer alan “Fəlsəfeyi-müsbətə və əfkari-fənniyyədə yeni inqilablar”, “Fənnin son kəşfiyyatından”, “Tarix və həqiqət”, “Hakim millətlər”, “Fənni-tarix”, “Radium mədəni və fənni möcüzələr” məqalələrində “füyuzat”çı ideya xətti açıqca özünü göstərir. Jurnalda M.Ə.Yurdaqulun “Dəmir” şeirinin çap olunması da həmin ideya-bədii ehtiyacdan doğurdu [5, s.135].

“Şəlalə”də bir sıra maraqlı rubrikalar diqqəti cəlb edir. “Fənn” başlığı altında müxtəlif elm sahə­lə­rindən; coğra­fi­yadan, riyaziyyatdan, astronomiyadan və s. bəhs edən yazılar çap edilirdi. Bu yazıları Əbdürrəhman Şərəf qələmə alırdı. “Təbib” imzalı müəllifin isə tibbə, müxtəlif xəstəliklərə aid yazıları da maraq doğurur. Bu müəllifin yazılarına demək olar ki, hər nömrədə “Hifzüssihhə” ümumi başlığı altında rast gəlmək olardı. Jurnaldakı maraqlı rubrikalardan biri “Düvəl” (Dövlətlər) idi. Burada dünyanın müxtəlif dövlətləri, onların əhalisinin adət-ənənəsi, məişəti, mədəniyyəti və s. haqqında oxuculara ətraflı məlumat verilirdi. Hər nömrədə dərc olunan əxlaqi-tərbiyəvi əhəmiyyət kəsb edən sözlər “Cüməl hikəmiyə” (Hikmətli cümlələr) rubrikasında verilirdi: “Böyük hikmətlər qısa söz­lərdə bulunur”, “Adam adam sayəsində adam olur”, “Maarifsiz millət yaşa­maz”, “Aşkar düşmən gizli düşməndən yeydir”, “Cəsarətin ən böyüyü səbr və təhəm­müldür” və s. kimi əxlaqi-didaktik fikirlər buna misaldır. “Məşahir” (Məşhurlar) başlığından da göründüyü kimi dünyanın müxtəlif yerlərindən olan tanınmış şəxsiyyətlərdən bəhs edirdi. “Şəlalə”də bir neçə foto­müxbir fəaliyyət göstərirdi, hər nömrədə maraqlı şəkillər, bəzən də karika­turala dərc olunurdu. Karikaturaları dövrün tanınmış rəssamı Ə.Əzimzadə çəkirdi. Jurnalın 11 may 1913-cü il 14-cü sayı məşhur milyonçu Şəmsi Əsədullayevin vəfatına həsr olun­muşdu. Mərhum haqqında nekroloq, maraqlı məqalələr, şeirlər verilmiş, onun son mənzilə yola salın­masını əks etdirən fotolar dərc olun­muşdu. “Şəlalə” məcmuə­si­nin səhifə­lərində qadın müəlliflərin də əsərləri dərc olunurdu. Qeyd etmək lazımdır ki, bu qədər qadın müəllifə dövrün digər mətbu orqanlarında rast gəlmək mümkün deyil. “Şəlalə”nin qadın müəl­lif­lərindən Səkinə xanım Mənsur, Gülnur xanım, Mehrəlnisə xanım, Nafizə xanım, Nigar xanım və baş­qa­la­rı­nın adını çək­mək olar. S.Mənsurun jurnalın 20 aprel 1913-cü il tarixli, 11-ci nöm­rəsində dərc olunmuş “Biz nəyik?” adlı yazısı maraq kəsb edir. Qadınların hüquq­suz­lu­ğun­dan, cəhalət içərisində olma­larından, təhsil­sizliyindən, savadsızlığından və avam­lı­ğın­dan şikayətlənən müəllif onları bu cəhət­lərinə görə dilsiz-ağızsız heyvana bən­zədir. Gülnur xanım 4 may 1913-cü il tarixli, 13-cü nömrəsində dərc etdirdiyi “Biz” adlı yazısında bir növ Səkinə xanı­mın səsinə səs verir. O, qadınların bu vəziy­yətdə olma­larının başlıca səbəbini onla­rın öz hüqüqlarını bilməmələrində görür.

“Şəlalə” ilk növbədə ədəbi-bədii jurnal idi və buna görə də burada ədəbi-bədii yazılar, hekayələr üstünlük təşkil edirdi. “Müntəxəbat”, “Milli hekayə”, “Ədəbiyyat” rubrikaları altında hər nömrədə şerlər, hekayələr vuerilirdi. Jurnalın birincə səhifəsində bir qayda olaraq Səbribəyzadənin şeirləri dərc olunurdu. Ondan sonra isə “Osmanlı ədəbiyyati-qədiməsi nümunələri” başlığı altında klassik Osmanlı şairlərinin əsərləri çap edilirdi. M.Füzulinin məşhur “Şikayətnamə”si də bu rubrika altında oxuculara təqdim olunmuşdu. Məcmuədə həmçinin dövrün tanınmış türk şairlərinin də şeirləri verilirdi. Qabaqcıl türk ədəbiyyatından verilən bu nümunələr Azərbaycan-Türkiyə ədəbi əlaqələrini öyrənmək baxımından əhə­miy­yət kəsb edir. 

“Şəlalə”də dərc olunan yazıların çoxunu Səbribəyzadə özü qələmə alırdı. Jurnalda onun “Altun qələm”, “Səbribəyzadə X.”, “Xürrəm”, “X.” imzaları ilə xeyli sayda şeir, hekayə və məqaləsi çıxmışdır. Onun “Sarı yarpaqlar” əsəri “Naşadın dəftəri-xatiratından” başlığı altında bir neçə nömrədə dərc edilmişdi. “Beş yar­paq­dan (fəsil) ibarət olan “Sarı yarpaqlar”da mövzu gənclik həyatından götü­rül­müş­dür; gənclərin sevgisi, ailə qurmaq qayğılarını əks etdirir. Burada onları əhatə edən ictimai mühitin tənqidinə də diqqət yetirilir... Bir nəfərin sen­ti­men­tal həyat macərası fonunda geniş xalq kütləsinin sxolastik düşüncə və davranış normaları tənqid olunur [5, s.271].

Dövrün real həyat cizgiləri, həyat hadisələri ilə zəngin olan bu əsər XX əsr Azərbaycan bədii nəsrində kiçik həcmli lirik-sentimental və romantik üslublu hekayələrin meydana gəlməsinə təsir göstərmişdir. X.X.Səbribəyzadənin yaradı­cı­lı­ğında “Eşqü-həvəs” adlı iri həcmli əsəri də maraq doğrurur. Bu əsər hissə-hissə jurnalın 53 nömrəsində “Roman”, “Şəlalə”nin romanı” rubrikaları altında dərc edilmişdi. “Eşqü-həvəs” dövrünün populyarlıq qazanan əsərlərindən idi. Ailə-məişət mövzusunda qələmə alınmış bu romanda bir türk ailəsinin həyatı, dolanışıq qayğıları, onun ictimai münasibətlərdə yeri əsas götürülür. Romanda saf məhəbbət duyğularının doğurduğu lirik-psixoloji gərginlik, sentimental ovqatla ictimai-siyasi hadisələrə birmənalı qiymət vermək meyli, Avropa nəsri standartlarına uyğun gələn maarifçi-didaktik bədii təhlil və təsvir prinsiplərinin əsas götürülməsi və s. diqqəti cəlb edir. Lakin əsər tamamlan­mamış qalır ki, bunun da əsas səbəb kimi Səbribəyza­dənin Bakını tərk etməsini göstərmək olar.

“Şəlalə”də türkiyəli müəlliflərlə yanaşı yerli müəlliflərin də yazılarına yer verilirdi. Məcmuənin səhifələrində M.Ə.Rəsulzadə, S.E.İbrahimov, Ə.Hüseynzadə, M.N.Qaragö­zov, H.Cavid, A.Şaiq və başqalarının bir neçə əsəri dərc olunmuşdu. Ə.Hüseynza­də­nin dünyaca məşhur “Faust”dan tərcümələri jurnalın bir neçə nöm­rəsində dərc olunmuşdu. Bu müəlliflər arasında M.Ə.Rəsulzadə və M.N.Qaragözov fəallığı ilə seçilirdilər. Rəsulzadənin jurnalda 5 məqaləsi çıxmışdı ki, bunların mövzusu dil məsələsi idi. M.Ə.Rəsulzadə “Asan dil – “yeni lisan”, “Dil ictimai mühüm bir amil”, “Yeni lisançılar və türkçülər” başlıqlı məqa­lələrində dilin ictimai əhəmiyyətini təhlil edir, onun birləşdirici bir rol oynaya bilməsi üçün ümumi kütlə tərəfindən anlaşıl­ma­sının lazım gəldiyini irəli sürürdü. O, Cəmaləddin Əfqaninin “Dil birliyi din birliyindən daha güclüdür” tezisinə tərəfdar çıxaraq yazırdı: “Dil bir milliyyətin yeganə rüknü deyildir. Bir millət vücudə gəlmək üçün dili ilə bə­ra­bər digər iştiraklı şeylər də var­dır. Fəqət dil bunların ən mühümüdür. Dil mil­liyyət həyatının ən mütəkamil bir şək­lidir. Dil bir millətin ən qiymətli sərvəti, həyatının ən fəyyaz mənbəyini təşkil edir… Dil mil­yon­larla insan­ların və bir çox nəsillərin müştərək vücuda gətirdikləri bir möv­hibədir (nemətdir). Dil qanlı və canlı, adətən üzvi və zihəyat (diri) bir vücud­dur. Dil millətin canıdır. Dil mil­lətin məntiqi, ruhu və onun şəxsiyyəti-müştərəkəsidir… Dilsiz bir millət olma­dığı kimi millətsiz də bir dil olmaz… Bir dili öldürmək bir mil­ləti öldürmək de­mək­dir… Dil durduqca millət də durar, o öldümü millət də canın bağışlar” [2, s.390].

Bu dövrdə osmanlıçılarla yerli şivənin – Azərbaycan türkcəsinin tərəf­dar­ları arasında mübarizə gedirdi. Rəsulzadə hər iki cərəyanı rədd edirdi. “Türklüyü bir küll olaraq qəbul etdiyi, bu küllün də dil üzərində qurulduğunu iddia etdiyi üçün Məhəmməd Əmin bəy məhəlli şivələrin müstəqil dilə çevrilməsinə tərəfdar ola bilməzdi. Eyni şəkildə heç kimin anlamadığı və türklüklə heç bir münasibəti olmayan Osmanlı lisanını da qəbul edə bilməzdi. O, sadə və təmiz türk dili tezisini dilə gətirirdi” [3, s.108-109].

Jurnalda arabir Azərbaycanın müxtəlif şəhər və rayonlarından göndərilən məqalələr, şerlər də jurnalda özünə yer tapırdı. Bu yazılar əsasən “Qafqaz lisanu şivəsilə kitab” daimi rubrikası altında verilirdi. Jurnalın ilk nömrələrində Qara bəy Qarabəyovun tərtib etdiyi “Türkcədən ruscaya lüğət”i dərc olunmuşdu. Məcmuədə həmçinin İ.Aşurbəy­li­nin “Kaspi” mətbəəsində çap etdirdiyi kitabların da siyahısı verilir, onlar haqqında qısa annotasiya xarakterli məlumatlar çatdırılırdı.

Səbribəyzadə 53-cü nömrədən sonra Bakını tərk edir. O, bunun səbəbi kimi Türkiyədə vacib işi olduğunu göstərir və bu haqda “Şəlalə”nin oxucularına məlu­mat verir. Səbribəyzadənin Azərbaycanı tərk etməsini bir çox mətbu orqanlar sevinc­lə qarşılamışdılar. “Tərcüman” qəzeti bu barədə yazmışdı: “Lisan və üslu­bu­nun ağırlığından, mündəricatının faydasızlığından və məsləkinin mühafizəkar­lığından, ya da məsləksizliyindən şikayət verilən “Şəlalə” məcmuəsi nəhayət Xalid Xürrəm Səbribəyzadənin idarəsindən qurtuldu”.

Bu hadisəni “Molla Nəsrəddin” jurnalı da özünəməxsus şəkildə qarşı­la­mış­dı. Jurnalın 5 fevral 1914-cü il tarixli, 4-cü nömrəsində bu münasibətlə Ə.Qəmkü­sa­rın “Getmə” adlı satirası dərc olunmuşdu. Səbribəyzadənin gedişindən sonra jurnalın nəşrində bir tənəzzül özünü göstərdi. Jurnal əvvəlki kimi müntəzəm nəşr olunmur, nömrələr arasında uzun fasilələr yaranırdı. 7-ci (54-cü) nömrədən etiba­rən məcmuəni Əhməd Midhət Rüfətov redaktə etməyə başlayır. Məcmuənin 7-ci nömrəsində təzə redaktorun “Şəlalə”nin irəlidəki məs­ləki” sərlöv­həli məqaləsi dərc olunur. Bu məqalə nəticə etibarilə şəlaləçilərin molla­nəsrəd­dinçilər qarşısında məğ­lubiyyətini etiraf edən sənəddir. Rüfətov “Şəlalə”­nin dil, ədəbiyyat, qadın azad­lığı məsələlərində düzgün mövqe tutmadığını etiraf etmişdi. Təsadüfi deyil ki, bu nömrədən başlayaraq jurnalın proqramı dəyiş­di­rilir. Bundan sonra dərc olunan məqalələrdə, şeirlərdə Azərbaycan türkcəsi üstün mövqeyə yiyələnir və əsasən yerli müəlliflərin əsərləri dərc olunmağa başlayır. Jurnalın səhifələrində daha çox Əhməd Midhət, Mahmud Nədim Qaragözov, Məhəmməd Sadiqin yazıları görünür. Həm də bu vaxtdan etibarən artıq jurnalda müharibədən bəhs edən analitik yazılar dərc olunur. Bu yazıları M.N.Qaragözov qələmə alırdı. Bunlardan əlavə A.P.Çexo­vun “Canlı tarix” əsəri də Ə.Midhətin redaktor olduğu müddətdə dərc edilmişdi. Lakin Ə.Midhətin redaktəsi altında jurnalın cəmi 3 nömrəsi buraxılır və jurnal nəşrini dayandırır.

Professor Ş.Vəliyevin qeyd etdiyi kimi, “Şəlalə”nin təmsil etdiyi roman­tikada inqilabi çağırış yox idi. Burada daha çox lirik düşüncələr, sentimental ovqat, məhəbbət motivləri, romantik təbiət təsvirləri və s. üstünlük təşkil edir, ədəbi-tarixi və ictimai xadimlər haqqında məlumatlar verilir, ancaq və ancaq bədii sənətdən bəhs olunurdu. İnqilabi bir epoxada fəaliyyət göstərən bir jurnal üçün ictimai-siyasi mövzulara toxunmamaq yanlış idi və bu da “Şəlalə”nin bağlanmasını şərtləndirən başlıca amillərdən biri oldu. X.X.Səbribəyzadənin Bakını tərk etməsi, həmçinin dövrün ziddiyyətli ictimai-siyasi durumu bu prosesi daha da sürətləndirdi.

ƏDƏBİYYAT SİYAHISI

1. Azərbaycan mətbuat tarixi antologiyası II cild. Bakı, “Elm və təhsil”, 2011. – 440 səh.
2. Hüseynov Ş. Mənəvi irsimiz və gerçəklik (“Günay” səhifələrində) Bakı, “Adiloğlu”, 2004. – 526 səh.
3. Məmmədov X. Azərbaycanda milli hərəkat Bakı, 1996. – 174 səh.
4. Rəsulzadə M.Ə. Əsərləri II cild. Bakı, Şirvannəşr, 2001. – 528 səh.
5. Vəliyev Ş. “Füyuzat” ədəbi məktəbi (təkrar nəşr). Bakı, “Elm və təhsil”, 2009. – 456 səh.

DÖVRİ MƏTBUAT

6. “Şəlalə” jurnalı (1913-1914)

Резюме
В статье говорится об издании журнала «Шалале» (Водопад), которое играла своеобразную роль в истории Азербайджанской печати. На основе фактических материалов исследуется история издания журнала, тематика и деятельность основных авторов этого издания.
Указывая ограниченные возможности «Шалале» автор исследует достоинство журнала, как научно-философского, художественно-литературного печатного органа.

Ключевые слова: «Шалале», журнал, редактор, издатель, вопросы языка, женский вопрос, Х.Х.Себрибекзаде, акцент, статья

Summary
In the article is talked from problems of publication of the journal “Shalale” (Waterfall) which is been specific role in the history of Azerbaijan press. It is spoken about the history of publication, themes and main authors of journal on the basis of factual materials.
Author notes the imperfect sides of “Shalala” and investigates dignities of the journal as like pure scientific-philosophical, literary-artistic publication.

Key words: “Shalala”, journal, editor, publisher, language problems, female problems, X.X.Sebribayzada, dialect, article



Комментариев нет:

Отправить комментарий