четверг, 10 декабря 2015 г.

Müasir satirik janrların sənətkarlıq məsələləri

Günel İsgəndər qızı Orucəliyeva
BDU, "Jurnalistika" Elmi-tədqiqat laboratoriyası, elmi işçi

Müasir ictimai-siyasi şəraitdə tarixi dəyərlərə münasibətin yenidən qiymətləndirilməsi zərurəti meydana çıxdığından, bu hadisə cəmiyyətin müxtəlif məfkurə sahələrində elə bil çaşqınlıq yaratmışdır. Son vaxtlar XX əsrin əvvəlləri tənqidi realizmin tarixi mövqeyi və onun müasir şəraitdəki gərəkliyi məsələsi ətrafında dövri mətbuatda aparılan mübahisələr buna canlı misaldır. 
Bədii publisistikanın güclü bir qolu olan satirik jurnalistika cəmiyyətin həyatında rast gəlinən nöqsanlara qarşı mübarizədə mühüm ideoloji vasitədir. Tənqid və özünütənqidin olmadığı, ictimai işlərdə aşkarlığın çatışmadığı yerlərdə kütlələrin fəallığına bilavasitə zərər dəyir. Halbuki, məhz kütlələrin fəallığı vətəndaş cəmiyyəti quruculuğunun mühüm qüdrət mənbəyidir.
Kütləvi informasiya vasitələri bu mühüm işdə satirik publisistikaya, onun felyeton, pamflet, satirik oçerk, şeir və s. janrlarına tez-tez müraciət edir. Tənqidin aşkarlığı, onun publisistliyi və təsirliliyi satirik jurnalistlərin fəaliyyətini müəyyən edən əsaslardır.

Məhz buna görə də satirik publisistika sənətkarlığının səviyyəsini qaldırmaq, publisistlərin peşə ustalığını artırmaq mühüm vəzifələrdəndir. Satirik publisistikaya müasir baxış da onun xüsusiyyətləri ilə bağlıdır. Rus tədqiqatçısı Y.P.Proxorov yazır ki, “Əgər nəticə etibarilə hər hansı bir əsərdə publisistika üçün ümumi olan qanunauyğunluqlar yoxdursa, onu publisistik əsər kimi qiymətləndirmək olmaz”. [11, s.288] Mətbu sözün təşəkkül və inkişaf tapdığı bütün dövrlərdə satirik publisistika aparıcı yerlərdən birini tutmuşdur. Məhz ictimai-siyasi münasibətlərlə bağlı olduğundan və bilavasitə onların əsasında meydana çıxdığına görədir ki, satira insan cəmiyyətindəki hər cür yaramazlığa qarşı mübarizədə dağıdıcı və məhvedici silaha çevrilmişdir. Bu silahdan istifadə edən sənətkarın mövqeyi həmişə aydın və müəyyəndir. O kütlələri oyatmağa, insanların şüurunu yüksəltməyə çalışır. Neqativ hallara qarşı məqsədyönlü, ardıcıl və ciddi mübarizənin mühüm siyasi, iqtisadi, sosial əhəmiyyəti vardır. Bu zərurət ilk növbədə inkişafın dialektik xarakteri ilə bağlıdır. Çünki hər bir cəmiyyətdə ömrünü başa vurmaqda olan köhnə ilə yaranmaqda, inkişaf etməkdə olan yeni arasında mübarizə mövcuddur. 

Rus yazıçısı Qoqolun Xlestakovun fırıldaqlarına, onun əlaltısı olanlara gülənlərə yazıçı üzünü tutub demişdi: “Kimə gülürsünüz? Özünüzə gülürsünüz!”. Azərbaycan ədəbiyyatında da eyni zamanda Qoqol realizminin, onun ifşa qüvvəsi olan satirasının ənənələrini inkişaf etdirən C.Məmmədquluzadə yazırdı: “Ey mənim müsəlman qardaşlarım! Əgər bilmək istəyirsiniz ki, kimin üstünə gülürsünüz, o vaxt qoyunuz qabağınıza aynanı və diqqətlə baxınız camalınıza”.[10] Satirik publisistikanın sənətkarlığından danışarkən, ilk növbədə onun obrazlı təsvir vasitələrinə diqqət yetirmək vacibdir. Bu da gülüşlə bağlıdır. Tədqiqatçı C.Əbdürrəhimova qeyd edir ki, “gülüş, komik hadisədəki eybəcərliyi görmək, onun eybəcərliyini dərk etmək və qiymətləndirməyin ifadəsi kimi meydana çıxır”. [6, s.15] 
Komik hadisədə bizə xoş gəlməyən həyatın eybəcər təzahürləridir, xoşa gələn isə bunu başa düşməyimizdir. Təsadüfi deyildir ki, insan eybəcərliyə gülərkən özünü mənəvi, əqli cəhətdən həmin hədəfdən üstün hesab edir. Çünki komik hadisədəki eybəcərliyi və onun nə üçün eybəcər olduğunu dərk etmiş olur. İnsan eybəcərliyə gülürsə, demək onun eybəcərliyini başa düşür və nə üçün eybəcər göründüyünü dərk edir. Bu da insanda ləyaqət hissinin artmasına kömək edir. Belə başa düşülməsin ki, gülüş bütün dərdlərin dərmanıdır. Əgər belə olsaydı C.Məmmədquluzadənin “Ölülər”, yaxud N.V.Qoqolun “Müfəttiş”indən sonra fanatizm və rüşvətxorluq gərək birdəfəlik məhv olub aradan qalxaydı. 
İctimai-siyasi hadisəyə həqiqi, düzgün qiyməti aşkara çıxarmaqla hadisəyə ictimai-siyasi münasibətin tamam dəyişməsinə, insanın şüurunun formalaşmasına, şəxsi ləyaqət hissinin yüksəlməsinə səbəb olmaq mənasında gülüş satirik publisistikada mühüm tərbiyəvi əhəmiyyət kəsb edir. Baxmayaraq ki, artıq iyirmi ildir müstəqillik şəraitində yaşayırıq, hələ də cəmiyyətdə hökm sürən haqsızlıqların bir çoxu aradan qalxmayıb. Bu haqsızlıqları ən çox “Kirpi” və “Mozalan” jurnalları öz səhifələrində tənqid edir. Amma demək olmaz ki, burada insan ləyaqətinə ləkə gətirən hadisə və faktlara qarşı yönəldilən satira, istifadə olunan yumor güclüdür. “Molla Nəsrəddin”lə müqayisədə müasir satirik media çox zəifdir. Belə ki, qəzetlərdə çox nadir hallarda satirik yazılara rast gəlmək mümkündür. 
Satirik publisistikada gözə çarpan sabit, dəyişməz cəhət, inam, cəsarət və qətiyyətdir. Bu gələcəyə inam satiriklərin yazılarında özünü parlaq göstərir. Qeyd edək ki, kinayə tənqid hədəfini tərifləyə-tərifləyə rüsvay edirsə, məsxərə onu açıq-aydın lağa qoyur, ifşa edir. Məsələn, “Ay Kirpi” qardaş, məgər mən yaza billəm ki, Milli parkda bir çaynik çay on manatdır? Yaxud, yaza billəm ki, onlar bu yazıq milləti adam yerinə qomur, nə istəyirlər onu da edirlər. Ağzını açıb bir söz desən, səni borclu çıxarırlar. Çünki bu adamların arxasında duranlar var”. [9] 
Sənətkarlıqla yazılmış yazıda publisist ictimai qüsur və eybləri birbaşa rüsvay edir. Onu düşündürən, narahat edən məsələlər aşkar surətdə lağa qoyulur. Burada məsxərə çılpaq təqdim olunur. Əgər kinayə hədəfi tərifləyə-tərifləyə inkar edirsə, məsxərə sözün həqiqi mənasında, pisləyə-pisləyə inkar edir. Satirik təsvirin obrazlı vasitələri gülüşün və çalarına uyğun seçildiyindən, hər birinin öz qarşılığı var. Məsxərə satirik gülüş məqamında istifadə edilən obrazlı təsvir vasitəsidir, onun yumoristik gülüş məqamındakı qarşılığı zarafatdır. 
Publisistikanın müasirlik və tez təsirlilik xüsusiyyəti təbliğ olunan fikir ətrafında oxucuda canlı maraq yaradır, onu həyəcanlandırır, qəlbinin dərinliyində emosional hisslər yaradır. Biz, bu keyfiyyətləri əsasən, “Molla Nəsrəddin”də görmüşük. Çünki “Molla Nəsrəddin” üslubunu yaradanlar sıravi müxbirlər deyildilər. Onlar bədii söz sənətinin sirlərinə dərindən bələd olan şair və yazıçılar idi. Bu cəhət jurnalın ideya-bədii simasında çox açıq şəkildə öz əksini tapmışdır. Məhz bunun nəticəsində “Molla Nəsrəddin”in publisistikası yüksək bədii emosional təsir qüvvəsi kəsb etmiş, geniş oxucu kütlələrində böyük rəğbət qazana bilmişdir. 
Satirik publisistika ümumi halda ideya-sənətkarlıq cəhətdən zəngin ənənələrə malikdir. Professor Famil Mehdi yazır ki, “yüksək idealların bitkin, orijinal formada ifadəsi, aktual məzmunlu maraqlı formanın vəhdəti, cəlbedici süjet, düşünülmüş kompozisiya, fikrin obrazlı, emosional ifadəsi, konkretlik, dildə sadəlik, aydınlıq, xəlqilik, xüsusulə satirik publisistikanın priyom zənginliyi, rəngarəngliyi, faktların, hadisələrin tipikləşdirilməsi, mənalandırılması, atalar sözü, zərb-məsəllərdən, xalq obrazlarından ustalıqla, bacarıqla istifadə üsulları bu zəngin sənətkarlıq ənənələrinin tərkib hissəsidir və publisistikanın səviyyəsini müəyyən edən başlıca məziyyətlərdən hesab olunur”. [5, s.99] 
Ədəbi-bədii əsərdə üslub publisistin bədii fikrinin hərəkət forması, onun təkraredilməzliyi forması kimi çıxış edir. Hər bir əsərin formasından asılı olaraq dili və üslubu vardır. Bu da yazıçıya və jurnalistə, publisistə imkan verir ki, həyatın, hadisələrin dərin qaynaqlarına baş vursun, özünüifadə müxtəlifliyinə fikir versin, dilin zənginliklərindən bacarıqla istifadəyə çalışsın. 
Əsərlərin formasını, üslub xüsusiyyətlərini müəyyən edən həyatdır, zəmanədir. Publisistika əsərinin üslubu təhlil olunarkən birinci növbədə publisistin hansı yeni fikri, ideyanı, aktual problemi, ictimai-siyasi məsələni əks etdirməsi, müəllifin mövqeyi, hadisələrə münasibəti diqqət mərkəzində dayanmalıdır. Yenə F.Mehdiyə müraciət edək. O, gösrərir ki, fikir, ideya özlüyündə bədii, yaxud publisistika əsəri sayıla bilməz. Həmin fikrin, ideyanın müəyyən müvafiq formaya salınması, bunun üçün maraqlı süjet, kompozisiya qurulması, dilin obrazlı zənginliklərindən ustalıqla, yerli-yerində istifadə olunması ədəbi sənətkarlığın tərkib hissəsidir. 
Satirik publisistikada Azərbaycan dilinin üslubi imkanlarından danışarkən, digər mühüm cəhəti – satirikin yaradıcılığında söz sırasının üslubi forma kimi mühüm rolunu nəzərdən qaçırmaq olmaz. Məlum məsələdir ki, söz sırası deyərkən, sözlərin qrammatik qanunayuğunluq əsasında cümlədə müəyyən ardıcıllıqla düzülməsi nəzərdə tutulur. Azərbaycan dilinin qrammatikasına əsasən, bir qayda olaraq, xəbər mübtədadan sonra gəlir, tamamlıq baş üzvlərin arasında, zərflik bəzən cümlənin əvvəlində, bəzən isə sona yaxın bir yerdə yerləşir. Dilimizdə sabitləşən bu söz sırası üslubiyyat üçün də qanundur, lakin bununla belə, üslub nöqteyi-nəzərdən söz sırası daha geniş imkanlara malikdir, işlənmə yeri son dərəcə müxtəlif və rəngarəngdir. Müəyyən şəraitdən asılı olaraq, məsələn, məntiqi vurğunu nəzərə çapdırmaq, müəllif dili ilə personajın nitqini, dialoqları fərqləndirmək məqsədilə söz sırasında dəyişiklik edilə bilər. Felyetonun, parodiyanın janr xüsusiyyətlərindən irəli gələn bir sıra cəhətlər – fikrin obrazlı ifadə edilməsi, personajların qarşılıqlı münasibətinin təsviri, hadisəyə müəllif qiymətinin ehyamla, çox incə tərzdə nəzərə çapdırılması – söz sırasının qrammatik qanunauyğunluğunu, ehtiyac olarsa, müəyyən dərəcədə pozmağa imkan verib. Publisist-satirik, fikrini daha dəqiq, dolğun ifadə etməkdən ötrü, qrammatik cəhətdən cümlə üzvləri ilə əlaqədar olmayan, yalnız mənaca cümləyə bağlanan sözlərdən – xitab, ara sözləri, modal sözlər, qoşma və bağlayıcılardan istifadə edə bilər. 
Satirik publisistikada müəllifin obrazı ümumiyyətlə, ictimai xarakterin bir sıra xüsusiyyətləri ilə bağlıdır. Müəllifin yeniliyi qavraması, hadisələrə müasir səviyyədən qiymət vermək bacarığı, siyasi dünyagörüşün genişliyi, yazıçı mədəniyyəti, ehtiraslı, obrazlı dildə danışmaq qabiliyyəti kimi cəhətlər müəllifin obrazının xarakteri cizgilərini təşkil etməlidir. Bir qisim əsərlərdə hadisələrin nağıl edilməsi, bədii təsvir vasitələri, mübaliğə, mənalandırma bunların hamısı məhz müəllifin obrazı ilə bağlıdır. Satirik publisistika, publisistikanın ümumi funksiyasını yalnız müəyyən cəhətdən (sosial qüsur və nöqsanlara qarşı mübarizə), özünəməxsus tərzdə (gülüş vasitəsilə zərbə endirmək) yerinə yetirir. Nəticədə, satirik publisistika tənqid, ifşa və tərbiyə xüsusiyyəti kəsb edərək kütlələrin ictimai-siyasi fəallığının qüvvətlənməsində müəyyən rol oynayır. Halbuki, bədii publisistika fəal həyat mövqeyi tutan, cəmiyyətimiz üçün tipik olan müasirlərimizin təsvirini verməklə kütləvi auditoriyanı onların müsbət nümunəsində tərbiyə edir. Məhz bu baxımdan bəbii publisistik və satirik publisistik növ arasındakı funksiya-predmet fərqi özünü göstərir. 
Məlumdur ki, ideya, məzmundan doğan rəngarənglik üç əsas mərhələdə təzahür edir. İslam Ağayevə görə onlar aşağıdakılardır: 

1. Həyatı bədii əksetmənin estetik prinsiplərində, başqa sözlə, mövzu, sürət və tipikləşdirmə məsələlərində. 

2. Komik bədii üsullardan istifadə. 

3. Komik bədii vasitələrdən istifadə. [2, s.62] 

İctimai-siyasi, iqtisadi və mədəni quruculuq proseslərini diqqətdə saxlayan respublika mətbuatı mədəniyyətimizin, milli-mənəvi dəyərlərimizin təbliği istiqamətində də yetərincə fəaliyyət göstərir. Cəmiyyətin aktual problemlərini vaxtaşırı gündəmə gətirən, onların ətrafında geniş müzakirələr aparılmasına nail olan mətbuat Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Azərbaycan” qəzetində oktyabrın 2-də dərc olunmuş məqaləsində də reaksiyasını ləngitməyib. Belə ki, akademik telekanallrın ucuz şou proqramlarla Azərbaycan tamaşaçısının zövqünü korlaması, milli-mənəvi dəyərlərimizin qorunması ilə bağlı neqativ hallardan bəhs edən məqaləsində göstərilən müzakirəsi bu gün mətbuatın prioritetinə çevrilib. Akademik R.Mehdiyev “Azərbaycan efir məkanı: problemlər və vəzifələr” sərlövhəli məqaləsində yazır ki, televiziya və radio təkcə daxili ictimai rəy formalaşdırmır, həm də ölkənin simasını nümayiş etdirir, onun haqqında təsəvvür yaradır. Bu təsəvvürü həm də mətbuat yaradır. Odur ki, mətbuat milli-mənəvi dəyərlərimizi qorumalı, adət-ənənələrimizə yad olan adətləri tənqid etməlidir. Ölkəmizdə söz və mətbuat azadlığına geniş imkan yaradılıb. Senzuranın olmaması, hüquqi təhsilin koranəliyi isə bəzi əli qələm tutanlara, sözü, mətbuatı gəlir mənbəyinə çevirənlərə bir növ sürpriz olub. Təəssüflər olsun ki, bu “media qəhrəmanları” jurnalistikamızın əsrlər boyu qazandığı nüfuz və şöhrəti pillə-pillə aşağıya doğru yuvarlayır, “jurnalist” adını bayraq edərək onun kölgəsi altında öz çirkin niyyətlərini, bəd əməllərini həyata keçirirlər. 
Satirik publisistikanın qiyməti həyatın irəli sürdüyü ən mühüm məsələlərlə səsləşməsi, ətalətə, süstlüyə, laqeydliyə qarşı ciddi çıxışı ilə müəyyənləşir. Satirik publisistika konkret xarakter daşımalı, kəskin problemlərə toxunmalı, nöqsanları doğuran səbəbləri cəsarətlə açmalı, onların aradan qaldırılmasına kömək etməlidir. 


İstifadə olunmuş ədəbiyyat 

1. Axundov N., Azərbaycan satirik jurnalları (1906-1920). B., 1956. 
2. Ağayev İslam. Ədəbiyyyat, mətbuat və publisistika. B., 2008. 
3. Əbdürrəhimova C., Satirik publisistika, 1991. 
4. İbrahimov M. Böyük bəstəkar və yazıçı. Ü.Hacıbəyovun seçilmiş əsərlərinə ön söz. B., 1985. 
5. Mehdiyev F., Bədii publisitika. B., 1982. 
6. Mehdiyev F., Mətbuat janrları, B., 1995. 
7. Məmmədli C., Müasir junalistika. B., 2003. 
8. Rüstəmli A., Jurnalistika, B., 2005. 
9. “Kirpi” jurnalı, 2007, oktyabr. 
10. “Molla Nəsrədin” jurnalı, 1906, №1. 
11. Прохоров Е.П., Публицист и действительность. М., 1973. 
12. Шибаева Л., Жанры в теории и практике журналистики. M., 2007. 


Резюме 
Автор в статье рассматривает проблемы сатирических жанров в национальной медиа сруктуре, его образование и исторического развитие. Также, выделяет особенности развитие современной публисистической журналистки, затрагивает жанровые вопрсы и элементы сатирических жанров. 

Summary 

In the article author looks through genre problems in the structure of national media, development of it’s arising and history. Also, problems of development features of the modern satirist journalism, genre and elements of satirist publicistic journalism are marked. 


Açar sözlər: janr, jurnalistika, KİV, satira, tənqid, funksiya, metod, informasiya. 

Ключевые слова: журналистка, жанр, медиа, СМИ, функция, сатира. 

Key words: genre, journalism, press, journalist, function, method, information, national media.

Комментариев нет:

Отправить комментарий