воскресенье, 13 декабря 2015 г.

Regional mətbuata dövlət dəstəyi

Məmmədova Günay Səməd qızı
“Jurnalistika” ETL, elmi işçi


Azərbaycan mətbuatının tarixini mütəxəssislər 4 mərhələyə ayırırlar - Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına qədərki dövr, Cümhuriyyət dövrü, sovetlər birliyi dövrü və müstəqillik dövrü. Azərbaycan mətbuatının bünövrəsi böyük maarifçi ziyalı alim Həsən bəy Zərdabi tərəfindən 1875-ci ildə “Əkinçi” qəzetinin nəşri ilə qoyulub. Böyük maliyyə çətinliklərinə baxmayaraq, “Əkinçi” qəzeti cəmi iki il fəaliyyət göstərib. “Əkinçi”nin nəşri dayandırılandan sonra da mətbuat tariximizdə önəmli rol oynayan qəzetlər, jurnallar nəşr olunmağa başladı. Cümhuriyyət dövründə isə mətbuatımız inkişaf dövrünə qədəm qoydu və “Əkinçi”nin qoyub getdiyi maarifçilik ideyalarını davam etdirdi. Sovetlər dönəmində isə bu sahədə jurnalistlərin peşəkarlığının və kadrların artması çox önəmli oldu. Sovetlər dövrünün mətbuatının birpartiyalı sistemin ideologiyası əsasında formalaşmasına baxmayaraq, o dövrdə Azərbaycan mətbuatı özünəməxsus şəkildə inkişaf edib. Məhz həmin dövrdə Azərbaycanın regionlarında qəzetlər nəşrə başladı. Bu nəşrlər tamamilə sovet ittifaqının ideologiyasını təbliğ etməklə özlərinə yaşamaq hüququ qazansalar da mətbuatın inkişafına təkan verdi. Bölgə camaatında qəzet oxumaq vərdişinin aşılanmasında bu qəzetlərin rolu böyük oldu. Qəzetlər əsasən kolxoz həyatından bəhs edirdi. Həmin dövrdə qəzetlərin adı da məhz kənd həyatı ilə bağlı idi. Müstəqillik dövründəki mətbuatın keçdiyi yolu isə iki hissəyə bölmək olar: 1998-ci ilə qədərki və 1998-ci ildən sonrakı dövr.
Müstəqilliyin ilk illərində qəzetlərin çapında problemlər yaşanır, əsasən 4 səhifədə çıxırdı. Gündəlik qəzetlər çox az idi.
Qəzetlərin sayı getdikcə artmağa, tirajı isə aşağı düşməyə başladı və beləliklə qəzet bolluğu yarandı. Həqiqətə uyğun olmayan informasiyaların artması oxucu sayının azalması ilə nəticələndi. Müstəqillik dövrünü də iki dövrə bölmək olar. 1998-ci ilə qədər mətbuat üzərində senzura var idi. Çox vaxt qəzetlərin səhifələri ağ çıxırdı. Mətbuat mətbəə çətinlikləri ilə üzləşirdi. İlk çətinliklər 2000-2003-cü illərdə özünü büruzə verməyə başladı. Mətbəələrin azlığı, kağız qıtlığı qəzetlərin inkişafına öz mənfi təsirini göstərirdi. Demək olar ki, qəzetlərin əksəriyyəti Azərbaycan Nəşriyyatında çapdan çıxırdı. Artıq müstəqil qəzetlərin maliyyə problemləri yaşanmaqda idi. Yığılıb qalan borclar qəzetlərin bağlanması təhlükəsini yaratmışdı. Həmin dövrdə qəzetlərin Azərbaycan nəşriyyatına 450 min dollar məbləğində borcu var idi. Belə bir zamanda qəzet redaktorları Heydər Əliyevə müraciət etdilər və Ulu Öndər onları qəbul edərək problemlərini dinlədi və qəzetlərin borcunun 3 il müddətinə dondurulması haqqında göstəriş verdi. Verilən müddət bitsə də, borclar ödənilmədi və demək olar ki, bir az da artdı. 3 ildən sonra isə Ulu Öndərin layiqli davamçısı İlham Əliyev tərəfindən həmin borclar silindi. Borcları silinən qəzetlər sırasında region qəzetləri də var idi. Bundan sonra da mətbuatın inkişafı daim dövlətin diqqət mərkəzində olub. Ölkə başçısının təşəbbüsilə 15 mart 2003-cü ildə yaradılmış Mətbuat Şurası da Azərbaycanda KİV-in inkişafına yönəlmiş addım idi. Şura ölkə jurnalistlərinin I qurultayında 180-dək aparıcı kütləvi informasiya vasitəsinin təsisçiliyi ilə yaradıldı. 170-ə yaxın KİV və jurnalist təşkilatını təmsil edən 400-ə yaxın nümayəndənin iştirak etdiyi qurultayda Mətbuat Şurasının rəhbər heyəti seçildi.

Mətbuat Şurasının məqsədi jurnalistlərin öz peşə fəaliyyətlərində qanunvericiliyin tələblərinə, peşə prinsiplərinə əməl etməsinə ictimai nəzarətin həyata keçirilməsi, dövlət orqanları və ictimaiyyətlə mətbuat arasında əlaqənin və etimadın möhkəmləndirilməsi, söz, fikir və məlumat azadlığına daha geniş imkanlar yaradılmasından ibarətdir. Şura media vasitələrinin fəaliyyət sahələrində baş verən münaqişələrin məhkəməyəqədər həlli variantlarının araşdırılmasını, redaksiya əməkdaşlarının davranışı ilə əlaqədar verilmiş şikayətlərin qəbulu, öyrənilməsi və bununla bağlı qərarların çıxarılmasını həyata keçirir.

Mətbuat Şurasının tərkibində daha yeddi komissiya fəaliyyət göstərir. Bunlardan biri regional mətbuatının inkişafı üzrə Komissiyadır. Komissiya üzvləri vaxtaşırı olaraq bölgə qəzetlərinin say və keyfiyyət göstəricilərinə dair monitorinqlər keçirir, nəticələri qruplaşdıraraq İdarə Heyətinə rəy hazırlayır. Qurum həmçinin regionlarda mətbuatın inkişafına yönələn layihələrin müəyyənləşdirilməsini həyata keçirir, ölkənin müxtəlif şəhər və rayonlarında tematik tədbirlərin təşkili məsələlərini həll edir. Dövlətin informasiya siyasətinin əsas vəzifələrindən biri kütləvi informasiya vasitələrinin fəaliyyətində şəxsiyyət, cəmiyyət və dövlət maraqlarının tarazlaşdırılmasına yönəlmiş hüquqi, iqtisadi, təşkilatı və texnoloji tədbirlərin müəyyən edilməsidir. Elə şərait yaradılmalıdır ki, KİV sosial təsisatların və cəmiyyətin obyektiv məlumatlandırılması funksiyasını səmərəli yerinə yetirə bilsin.

Dövlətin mətbuata dəstəyinin başqa bir təcəssümü də 2005-ci ildə oldu. Mətbuatın yaranmasının 130 illiyi ilə bağlı 140-dan artıq mətbuat nümayəndəsi prezidentin sərəncamı ilə fəxri adlar və digər mükafatlarla təltif olundu. Dövlət başçısı həmin ərəfədə “Əməkdar jurnalist” adını bərpa etdi. Bu adla bir çox region mətbuatının nümayəndələri də təltif olundu. Bu bölgələrdə qəzetlər arasında rəqabətin artmasına səbəb oldu. Rəqabətin varlığı isə inkişafın olduğundan xəbər verir. İllər keçdikcə mətbuatda yeni texnologiyalar tətbiq edildi. Əvvəllər qəzetlər bütün çap prosesini nəşriyyatda aparırdısa, indi hər bir redaksiyanın özünün kompüter mərkəzi var. Qəzetlərin mətbəələr baxımından da seçim imkanları var.

Ölkə başçısı mətbuatın inkişafına daha yaxından kömək göstərmək məqsədi ilə 2008-ci ildə “Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyasını” təsdiq etdi. Həmin konsepsiyadan irəli gələn məsələlərin həlli üçün 2009-cu il aprelin 3-ündə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu təsis edildi. 

Fondun əsas məqsədi Azərbaycan Respublikasında informasiya sektorunda yeni informasiya-kommunikasiya texnologiyalarının tətbiqini stimullaşdırmaq, cəmiyyət və kütləvi informasiya vasitələri arasında səmərəli əməkdaşlığı genişləndirmək, jurnalistlərin sosial müdafiəsini gücləndirməkdir. Fondun büdcəsi ilə dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən, habelə kütləvi informasiya vasitələrinin fəaliyyətinin təkmilləşməsini nəzərdə tutan və inkişafını dəstəkləyən proqramları, layihələri və digər tədbirləri maliyyələşməlidir.(1, 2.1) Fondun fəaliyyəti üçün 1,3 milyon manat vəsait ayrıldı və mətbuata ilk yardımlar Mətbuat Günü ərəfəsində edildi. Ondan sonra redaksiyalar və jurnalist təşkilatları, həm də fərdi jurnalistlər arasında müsabiqələr keçirildi. Bu müsabiqələr redaksiyaların maddi-texniki bazasının möhkəmləndirilməsinə və jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılmasına böyük təkan verdi. Müsabiqə layihələrinin həyata keçirilməsi üçün ayrılan vəsait hesabına redaksiyalar özlərinə 50-yə yaxın kömpüter dəsti, 10-a yaxın fotoaparat, printerlər və digər texniki vasitələr aldılar. İki ildir ki, dünya maliyyə böhranı hökm sürməsinə baxmayaraq dövlət başçısının diqqəti sayəsində fondun büdcəsi 1,3 milyondan 2 milyona çatdırılıb. Fond Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Təhsil Nazirliyi ilə birgə yazı müsabiqələri keçib və müsabiqə qalibləri mükafatlandırılıb. Bu müsabiqələr həm jurnalistlərin peşəkarlığının artırlmasına, həm də jurnalistlərin maddi vəziyyətinin yaxşılaşmasına kömək edir.

Kütləvi informasiya vasitələrinə dövlət dəstəyi fondunun təşəbbüsü ilə son bir ildə mətbuata dövlət tərəfindən 4 dəfə yardım edilsə də heç bir region mətbuatı bundan faydalana bilməyib. Çünki bu layihələin əsasnaməsinə görə ən azı həftəlik çıxmayan qəzet layihə təqdim edə bilməz. Regionlarda isə qəzetlərin əksəriyyəti ayda 1-2 dəfə çıxır. Buna görə də region qəzeti fonda heç layihə də təqdim edə bilmir. Dünya təcrübəsi göstərir ki, mətbuata dövlət tərəfindən maliyyə dəstəyi olmadıqda belə, başqa formalarda qayğı göstərilir. Bir sıra dövlətlərdə qəzetlər ya əlavə dəyər vergisindən tam azaddır, bu verginin miqdarı çox aşağıdır. KİV-in inkişafına Dövlət Dəstəyi Fondu mətbuata kömək məqsədilə bir sıra tədbir keçirib. 2009-cu ildə Fond ölkədəki 40 gündəlik qəzetin və agentliyin hər birinə 10 min manat verib. Əvvəl Fond mətbuata birdəfəlik yardım verdi, daha sonra isə layihələri maliyyələşdirdi. Fondun bu il təməli atılacaq layihələrindən biri də jurnalistlər üçün yaşayış binasının tikintisidir. Iki ilə başa çatması gözlənilən bu layihə də jurnalistlərin həyat tərzinin yaxşılaşmasına xidmət edəcək. 

Jurnalist araşdırmaları mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə gerçəkləşdirdiyi “İnsan hüquq və azadlıqlarının müdafiəsində region mətbuatının rolunun artırılmasına yardım ” adlı layihə çərçivəsində bir sıra rayonlarda “Jurnalistlər və insan hüquqlarının işıqlandırılması” adlı seminarlar keçirir. 

Dövlətimizin informasiya siyasəti Azərbaycan Respublikası Konstitusiyasında əks olunmuş fikri, söz və mətbuat azadlığının, vətəndaşların informasiya əldə etmək hüququnun ardıcıl və tam təmin edilməsinə yönəlmişdir. Müasir informasiya telekommunikasiya texnologiyalarının inkişafı, cəmiyyətin sosial-siyasi və mədəni həyatında kütləvi informasiya vasitələrinin təsirinin güclənməsi həm bu sahənin infrastrukturunun yeniləşməsini, həm də jurnalistlərinin peşəkarlığının artırılmasını zəruri edir. Ölkəmizin dünya informasiya məkanına daxil olması və informasiya cəmiyyətinə keçidlə əlaqədar şəxsiyyətin, cəmiyyətin və dövlətin informasiya təhlükəsizliyinin təmin edilməsi vacib məsələlərdən biridir. Buna görə də KİV-in inkişafına və fəaliyyətinin təkmilləşməsinə dövlət dəstəyi müasir dövrümüzün tələbinə çevrilmişdir.

Kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyinin əsas məqsədi vətəndaş cəmiyyəti quruculuğu prosesində onların mühüm rolunu nəzərə almaqla fikir , söz və məlumat azadlığını inkişaf etdirmək, kütləvi informasiya vasitələrinin müstəqilliyini dəstəkləmək, redaksiyalara yardım mexanizmini təkmilləşdirmək, informasiya sektorunda yeni informasiya-kommunikasiya texnalogiyalarının tətbiqini stimullaşdırmaq, cəmiyyət və KİV arasında səmərəli əməkdaşlığı gücləndirmək,jurnalistlərin peşəkarlığının və məsuliyyətinin artmasına şərait yaratmaq , sosial müdafiəni gücləndirmək, dövlət və cəmiyyət üçün prioritet təşkil edən məsələlərinin həllində KİV-in potensialından səmərəli istifadə etməkdən ibarətdi.

"Kütləvi informasiya vasitələri haqqında" Azərbaycan Respublikasının Qanunu dövlətin kütləvi informasiya vasitələrinin inkişafına müxtəlif formalarda yardım göstərməsini istisna etmir. Kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi metodiki, təşkilati-texniki, konsultativ, maliyyə və digər formalarda ola bilər.(3) 
Metodiki dəstək kütləvi informasiya vasitələrinin fəaliyyətinin təkmilləşdirilməsi, onların informasiya əldə etmək imkanlarının genişləndirilməsi, kütləvi informasiya vasitələri nümayəndələrinin ixtisas və peşə hazırlığının artırılması üçün tövsiyələr, materiallar, məlumat kitabçaları və digər vəsaitlərin hazırlanması yolu ilə həyata keçirilir.

Təşkilati-texniki dəstək müxtəlif tədbirlər zamanı kütləvi informasiya vasitələrinin səmərəli fəaliyyətinə zəruri şəraitin yaradılması, həmçinin fikir, söz və məlumat azadlığı, plüralizm və kütləvi informasiya vasitələrinin inkişafı mövzusunda ictimai maraq doğuran seminarların, konfransların, təlimlərin və digər tədbirlərin təşkilinə dəstək göstərilməsi vasitəsilə həyata keçirilir. 
Kütləvi informasiya vasitələrinin inkişafına konsultativ dəstək qanunvericilik və digər normativ hüquqi aktların şərhi və izahında, iş metodları və istiqamətləri, dövlət dəstəyinin göstərilməsi imkanları və sair məsələlər barədə məlumat verilməsində ifadə olunur. 
Maliyyə dəstəyi kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, infrastrukturunun modernləşdirilməsi, iqtisadi müstəqilliyinin gücləndirilməsi, dövlət və cəmiyyət üçün əhəmiyyətli problemlərin həllinə yönəlmiş proqramların, layihə və tədbirlərin maliyyələşdirilməsi məqsədi ilə dövlət tərəfindən yardımlar ayrılmasını nəzərdə tutub. Kütləvi informasiya vasitələrinə
maliyyə yardımı müsabiqəli və müsabiqəsiz şəkildə həyata keçirilir.

Dövlət orqanlarının, yerli icra strukturlarının fəaliyyəti barədə ictimaiyyətin məlumatlandırılması region mətbuatının mühüm vəzifələrindən hesab olunur.Vətəndaşları iqtisadi islahatların gedişi, sosial məsələlərin həlli, ictimai və şəxsi həyatı tənzimləyən normativ hüquqi aktlar haqqında obyektiv informasiya ilə təmin etmək zəruridir. Ona görə də dövlətin informasiya siyasəti ilə ictimai tənzimlənmə arasında tarazlıq yaradılması, informasiya cəmiyyəti və plüralizmin inkişafı xətti daha intensiv həyata keçirilməlidir. Bu baxımdan region mətbuatı da həmin bölgədə baş verən hadisələri dövlətin siyasətini öz səhifələrində əks etdirməli oxuculara görülən işlər barədə aydın məlumat verilməlidir. Azərbaycanda dörd mindən çox kütləvi informasiya vasitəsi qeydiyyatdan keçib. Hazırda onlardan 600-ə yaxını fəaliyyət göstərir. Təxminən 400-ə qədər qəzet və jurnal dərc olunur, 8 ümumrespublika, 14 regional, 13 kabel televiziyası fəaliyyət göstərir. Azərbaycanda 50-yə yaxın elektron KIV, təxminən 20 informasiya agentliyi var.

Regional mətbuatın vəziyyəti ilə tanış olmaq üçün dövlət qurumları Milli mətbuatın 135 illiyi ilə bağlı rayonlarda 6 regional tədbir keçirdi. Keçirilən tədbirlərin əsas mövzusu regionlarda mətbuatın uğurları və problemləri idi. Regionlarda əsas problem maliyyə çətinliyidir. Qəzetlərin tirajı çox azdır, dövriyyəsi ayda bir-iki, ən yaxşı halda 4 dəfədir. Həmin qəzetlərin əksəriyyəti icra hakimiyyətinin tabeliyindədir.

Azərbaycan Mətbuat Şurası regional mətbuatın vəziyyətilə bağlı 2010-cu il dekabrın 21-23-də Yevlax şəhərində "Qloballaşma və konvergensiya şəraitində regional medianın vəziyyəti: reallıqlar və müasir tendensiyalar" mövzusuna həsr olunan konfrans keçirib. Şuranın Azərbaycan Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə reallaşdırdığı layihə çərçivəsində baş tutmuş tədbirdə dövlət rəsmiləri, aparıcı kütləvi informasiya vasitələrinin, ölkənin 15 bölgəsində fəaliyyət göstərən mətbu nəşrlərin rəhbərləri, yerli icra, polis və məhkəmə orqanlarının təmsilçiləri, habelə ictimaiyyət nümayəndələri və tanınmış media ekspertləri iştirak edib. Tədbirdə regional KİV-lərin vəziyyəti, onların artan ictimai tələbatlara adekvat münasibətinin formaları, bölgə qəzetlərinin maddi-texniki bazasının, yaradıcılıq imkanlarının genişləndirilməsi, ölkənin aparıcı mətbu nəşrlərində region həyatının işıqlandırılması xüsusiyyətləri ilə bağlı məruzələr səslənib. Konfransın proqramına KİV-lərin yerli icra, polis və məhkəmə orqanları ilə qarşılıqlı münasibətləri, informasiya mübadiləsi prosesindəki nəzərə çarpan neqativ və pozitiv cəhətlərin müzakirəsi də daxil edilib. Konfrans çərçivəsində bölgə KİV-nin təmsilçiləri üçün seminarlar da təşkil olunub. Ümumiyyətlə belə nəticəyə gəlmək olar bu gün region mətbuatına dövlət dəstəyi olmasa bölgələrdə qəzet nəşri də olmaz. Bütövlükdə region qəzetlərinin əksəriyyəti icra strukturlarının maddi vəsaiti hesabına dövriliyini saxlaya bilir. Hələ bölgələrdə qəzet almaq və oxumaq xüsusiyyəti tam aşılanmadığından heç bir region qəzeti öz hesabına yaşamaq iqtidarında deyil. Bütün bunlar da region mətbuatına dövlət dəstəyinin zəruriliyini şərtləndirən amillərdir.



Summary

This article talks from material handle of Azerbaijan Republic to regional press and financial aid of the Fund of State Support to mass media.

Key words: support to regional press, Fund of State Support, information politics of the state. 

Резюме

В статье повествуется о предоставлении правительством Азербайджана материальной помощи региональной прессе. Автором освещается деятельность и проекты фонда «Государственная поддержка», касающихся СМИ.

Ключевые слова: помощь региональной прессе, фонд «Государственная поддержка», информационная политика государства.



Ədəbiyyat

1. Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi
2. Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitılərinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyası
3. Azərbaycan Respublikası KİV haqqında Qanun









Комментариев нет:

Отправить комментарий