понедельник, 14 декабря 2015 г.

Jurnalistikanın nəzəri modelləri

Günel İsgəndər qızı Orucəliyeva 
BDU, "Jurnalistika" Elmi-tədqiqat laboratoriyası, elmi işçi


Ən pis adamın da söz azadlığı hüququ olmayınca,
heç bir cəmiyyət tamamilə azad ola bilməyəcək.
Milosh Forman

Biz artıq böyük tarixi tərəqqilərin baş verdiyi bir dövrdə yaşayırıq və bu dövrdə bir elm sahəsi olaraq jurnalistika da önəmli inkişaf yolu keçir, yeni əsr media qarşısında yeni tələblər qoyur. XXI əsr – elektron informasiya vasitələrinin getdikcə daha sürətlə inkişafı və “informasiyalı cəmiyyət” əsridir. Elə bu səbəbdən də jurnalistika da yeni-yeni yaradıcılıq yollarının axtarışında olmalıdır. İnformasiyalı cəmiyyətdə mətbuat xalq ruhunu ifadə etməsi ilə, real həyatı, kütlələrin həyatını hərtərəfli və düzgün işıqlandırır, dövlətin, xalqın mənafeyinə xidmət göstərir, həyat hadisələrinə dərindən nüfuz edir.
Hazırda bizim müstəqil ölkəmizdə jurnalistika demokratik əsaslarla fəaliyyət göstərir. “Demokratik əsaslarla fəaliyyət göstərən ölkədə jurnalistikanın inkişafı insanın informasiya hüququnu təmin edən açıq cəmiyyətə aparır”. [1, səh. 143]

Jurnalistika bir zamanlar atadan oğula keçən ailə peşəsi sayılırdı. Gənc yaşlarından etibarən redaksiya havasını udan yeniyetmələr daha sonra atadan keçmə peşələrində ən üst pillələrə qədər irəliləyirdiər. İndi isə vəziyyət başqa cürdür. Jurnalistika təhsili verən xüsusi məkəzlər, ali təhsil ocaqları mövcuddur. Belə təhsil mərkəzlərində jurnalistika elm sahəsi olaraq daha da təkmilləşir, peşəkar jurnalist kadrları hazırlanır. “Məlum olduğu kimi ədəbiyyatın, söz sənətinin, teatrın, kinonun, elmin bütün sahələrinin nəzəriyyəsi olduğu kimi jurnalistikanın da xeyli vaxtdan bəri bir çox ölkələrdə bu sahənin alimləri tərəfindən işlənən və işlənməkdə olan nəzəri məsələləri var. Jurnalistikanın nəzəri problemləri onun peşə differensasiyasına uyğun olaraq, habelə ayrı-ayrı növləri, sahələri, janrları, dili, üslubu və s. çox müxtəlif aspektlərindən öyrənilmiş və öyrənilməkdədir. Yuxarıda qeyd etdiyimiz kimi, jurnalistika, məsələn, bədii söz sənətindən, teatrdan, musiqidən... sonra meydana çıxdığına görə onun nəzəri problemləri də nisbətən gec öyrənilməyə başlamışdır”. [10, səh. 60]

Demokratiyanın verdiyi bütün hüquq və azadlıqlardan istifadə edərək jurnalistika öz diktaturasını yarada bilir. Tanınmış publisist J.Merme medianın gücünü və onun ictimai rəyi manipulyasiya etmək bacarığını izah edərkən məhz bu fikri irəli sürür və nəticədə cəmiyyətdə “üçbucaqlar”ın yarandığını göstərir: “dövlət-massmedia-ictimai rəy”; “idrak-massmedia-bilik” və s. [2, səh. 25].

Cəmiyyətdə baş verən bütün dəyişikliklərdə kütləvi informasiya vasitələrinin, jurnalistikanın təsiri danılmazdır. Keçən əsrdə dünya elminin kütləvi informasiya vasitələri ilə inteqrasiyası elmi tədqiqatlar sahəsindəki nailiyyətlərin meydana çıxması ilə sıx bağlıdır. XX əsrin sonunda dünya informasiyalı cəmiyyətə keçid dövrünü yaşamış və artıq XXI əsrin ilk çağı bu “informasiyalı cəmiyyət” kimi qiymətləndirilir. A.Branskomb “informasiyalı cəmiyyət” anlayışını belə xarakterizə edir: “Bu elə bir cəmiyyətdir ki, burada vətəndaşlar informasiyanın yaranması, yığılması, saxlanılması və yayılması prosesində yaxından iştrak edir. Belə tip cəmiyyətdə vətəndaşların informasiya almaq hüququ cəmiyyətin və dövlətin demokratik göstəricisi kimi qəbul olunur”. [4, səh.279] 

Qərbin bir çox inkişaf etmiş ölkələrində medianın konkret sosial funksiyalarının tədqiq edilməsinə böyük diqqət ayrılır. Əsasən də elit təbəqə üçün nəzərdə tutulmuş, qərar qəbul etmək bacarığına malik olan “keyfiyyətli” mətbuat orqanları bu araşdırmalarda əhəmiyyətli yer alır. Amerikan jurnalistika nəzəriyyəçisi U.Şramm “keyfiyyətli” qəzetlər haqqında belə yazır: “Dövləti obyektiv tənqid etmə qabiliyyətinə malik olan bu tip qəzetlər nüfuzlu oxucuları özünə cəlb edir. Onların fəaliyyətinə heç bir mərkəzi hakimiyyət orqanı nəzarət edə bilmir”. [5, səh.119] İngilis müəllifi D.Makkveye də jurnalistikanı sosial bir institut kimi dəyərləndirir və KİV-in auditoriya ilə qarşılıqlı əlaqələrinə xsusi diqqət yetirir.

Jurnalistika nəzəriyyəçilərinin əksəriyyəti medianın hakim dairələrin fəaliyyətinə nəzarət edə bilməsini əsas gətirərək özündən əvvəlki üç hakimiyyət strukturundan (qanunverici, icra, məhkəmə orqanları) sonra “dördüncü hakimiyyət” kimi qiymətləndirirlər. “Qəzet və jurnalistlər hakim təbəqələrin üzərində həmişə az, ya çox dərəcədə nəzarət funksiyasını yerinə yetirdikləri üçün yüzillər boyunca aşağıdakı kimi adlanıblar: demokratiyanın dördüncü dayağı, dördüncü təbəqə və ya yeddinci hakimiyyət”. [9, səh.6] İsveç tədqiqatçısı Eric Bagerstam qeyd edir: “Ciddi jurnalistika hakimiyyətin problemləri ilə məşğul olur, ona nəzarət funksiyasını yerinə yetirir. Parlament – dövlətin birinci dayağıdır, hökumət ikinci, üçüncü hakimiyyət – Qərb ölkələrində olduğu kimi cəmiyyətin maraqlarını qoruyan müstəqil məhkəmə və xalq tribuasıdır, media və azad jurnalistlər isə dördüncü hakimiyyətdir”. [6, səh.3]. KİV ylnız və yalnız demokratiyanın hakim olduğu ölkələrdə cəmiyyətin siyasi və ictimai proseslərdə yaxından iştirakının mümkün olması şəraitində və cəmiyyətin etibarını qazandıqda IV hakimiyyət ola bilir. Fransız tədqiqatçısı Jan Lui Servan-Shrayber müəllifi olduğu “İnformasiya hakimiyyəti” kitabında yazır: “Dördüncü hakimiyyət anlayışına görə, demokratik cəmiyyətlərdə media idarə edilənlər adından idarə edənlərə nəzarət edən bir qrumdur. Jurnalistikanın da vəzifəsi ictimai rəyin səsi, xalqın gözü olmalı və ölkəni idarə edənləri ictimai maraqlar çərçivəsində nəzarətdə saxlamalıdır”. [3, səh.23]

Hələ ikinci dünya müharibəsi dövründə, 1942-ci ildə “Taym” jurnalının və bir çox başqa nəşrlərin sahibkarı olan Henry Lyuisin təklifi əsasında azad mətbuat məsələsi ilə bağlı Komissiya yaradılmışdır. Komissiyanın rəhbəri Çikaqo Universitetinin professoru R.M.Hatçins idi. H.Lyuis bu kommissiyanın fəaliyyəti üçün 200 min dollar maliyyə vəsaiti ayırmışdı, qrumun araşdırmaları nəticəsində Amerikada mətbuat azadlığının pozulması halları ilə əlaqədar bir çox əsaslı faktlar ortaya qoyulmuşdur. “Hərəkətə keçən Hatçins Amerika mətbuatının araşdırılmasına teoloq Reynhold Niburu və o vaxtlar Konqres Kitabxanasının direktoru çalışan şair Arçibald Maklişi cəlb etdi. Hatçinsin sədrlik etdiyi komissiya 3 il boyunca 17 iclas keçirərək Amerika jurnalistikasının axsayan yerlərini xırdalıqlarınadək incələdi və Amerika mətbuatını son dərəcə səthi, sensasiyalara meylli, zaman-zaman da şərəfsiz mətbuat kimi dəyərləndirdi. ...Uzun-uzadı çəkişmələrdən sonra komissiya qərara gəlmişdi ki, hələlik qanuni məhdudiyyətlərdən əl çəkərək öz işlərini sahmana salmağı mətbuatın özünə həvalə etsin”. [12, səh.15] Komissiyanın hesabatı 1947-ci ildə “Müstəqil və məsuliyyətli nəşr. Kütləvi kommunikasiyanın ümümi hesabatı: qəzetlər, radio, kino, jurnallar və kitablar” adı altında nəşr olundu. Komissiyanın çıxardığı nəticələr əsasında, jurnalıstlərin peşə etikası kodeksinə arxalanaraq U.E.Hokinq birinci plana peşəkarlıq etikasını çıxararaq, jurnalistikanın sosial məsuliyyət konsepsiyasını dürüst ifadə etdi.

Hatçinsin komissiyasının ortaya çıxardığı nəticələr müasir cəmiyyətdə jurnalistikanın detalları ilə analız olunması və funksiyalarının müəyyən edilməsi sahəsində əhəmiyyətli rol oynadı. Məşhur Amerikan nəzəriyyəçiləri və praktikləri İllinoy Universitetinin professorları – Fred Zibert, Teodor Piterson və layihənin rəhbəri Stenford Universitetinin professoru Uilbur Şramm “Jurnalistikanın dörd nəzəriyyəsi” kitabını hazırlayıb çap etdirdilər. ““Mətbuatın dörd nəzəriyyəsi” kitabının müəllifləri sübut edirlər ki, mətbuat həmişə əhatəsində fəaliyyət göstərdiyi sosial və siyasi strukturun forma və rənglərini qəbul edir” [11, səh.87] Həmin bu kitaba MDU-nun jurnalistika fakültəsinin dekanı Y.N.Zasurskiy mətbuatın tənqidi və məsuliyyət məsələsinin qoyuluşu ilə bağlı 5 üsul irəli sürür: 

1. Cəmiyyət, vətəndaşlar qarşısında məsuliyyət;

2. Dövlət qarşısında məsuliyyət, hansı ki dövlət tərəfindən nəzarətin müxtəlif dərəcəsini təmin edir;

3. Naşir, sahibkar qarşısında məsuliyyət. Amma sahibkar özünün iqtisadi, siyasi və ya özgə maraqları çərçivəsində KİV-i idarə edə bilir;

4. Peşə qarşısında məsuliyyət. Bu, KİV-lə jurnalistlər arasında münasibətləri qaydaya salma baxımından həmkarlar qarşısında yeni yollar açır;

5. Auditoriya (oxucular, tamaşaçılar, dinləyicilər) qarşısında məsuliyyət;

“Jurnalistikanın dörd nəzəriyyəsi” kitabında müəlliflər aşağıdakı 4 nəzəriyyənin hər birinin ayrı-ayrılıqda KİV sahəsində tutduğu yeri və oynadığı rolu araşdırıb ortaya qoyurlar:
1. Avtoritar konsepsiya – mətbuat nəzəriyyələri içərisində ən qədimidir, XVI əsrdən başlayaraq uzun müddət qüvvədə olmuşdur. Bu konsepsiyanın əsas mahiyyəti onun hakim dairələrin diktəsi ilə fəaliyyət göstərməsi, senzuranın mövcudluğu, mətbuatın yalnız şah, imperator, fürer, hökumət qarşısında cavabdeh olmasıdır. Lakin sovet-kommunist nəzəriyyəsindən fərqli olaraq bu modeldə özəl sektor fəaliyyət göstərə bilirdi.
2. Sovet-kommunist konsepsiyası – bu modeldə jurnalistika Kommunist partiyasının və dövlətin əlində təbliğat vasitəsi, hakimiyyəti qoruyub saxlamaq üçün alət rolunu oynayır. İnformasiyanın mediada yayılmasının son məqsədi – insanların şüur və əməllərinə təsir göstərməkdir. Onu da qeyd etmək yerinə düşərdi ki, postkommunist ölkələrinin jurnalistləri adlarını çəkdiyimiz mətbuatın avtoritar və kommunist modellərini rədd etsələr də, onların çoxu hələ də Leninin “qəzet yalnız kollektiv təbliğatçı və kollektiv təşkilatçı” fikrindən əl çəkə bilmir. 
3. Libertarian (azad iradə) – “Con Milton, Con Erskin, Tomas Cefferson və Con Stüart Mill kimi filosofların fikirləri əsasında formalaşan libertarian nəzəriyyəsinə görə, həqiqəti müstəqil axtarmaq və hökumətin fəaliyyətini nəzarətdə saxlamq üçün media özəl mülkiyyət formasında yaradılmalı və hökumətin müdaxiləsindən maksimum azad olmalıdır”. [12, səh.30] Eyni zamanda KİV hakimiyyətin manipulyasiya aləti deyil, əksinə cəmiyyətin hakimiyyətə nəzarət etmək vasitəsi kimi çıxış edərək, “IV hakimiyyət” rolunu oynayır. “Libertarian modelə söykənən qəzetlər mütləq və qeyri-məhdud söz azadlığı və əməl prinsiplərini müqəddəs saydıqlarından cəmiyyətin bilmək haqqının, üstəlik, hər şeyi bilmək hüququnun müdafiəçiləri rolunda çıxış edirlər”. [9, səh.6]
4. Sosial məsuliyyət konsepsiyası – azad rəqabətə söykənən bu nəzəriyyə libertarian xəttini daha da inkişaf etdirərək jurnalistikanın cəmiyyət qarşısında sosial məsuliyyətini önə çəkir. Sosial məsuliyyət modelinə söykənərək KİV-lər cəmiyyətin hər şeyi bilmək hüququnun müdafiəçiləri kimi çıxış edirlər. Eyni zamanda bu konsepsiyanın şəxsi həyata müdaxiləsi qadağan edilir.

Azərbaycan jurnalistikasında uzun müddət “Jurnalistikanın dörd nəzəriyyəsi” kitabına əsaslanaraq məhz yuxarıda adını çəkdiyimiz dörd konsepsiyanın mövcudluğu haqqında araşdırmalar aparılmışdır. 1981-ci ildə Uilyam Qahten həmin modellərin siyahısına inqilabi və irəlilətmə nəzəriyyələrini də əlavə edib. Demokratik sosialist modelini isə 1980-ci ilin ortalarında Robert Pikard açıqlayıb. Həmin mətbuat nəzəriyyələrinin də kütləvi informasiya vasitələrindəki rolu danılmazdır:

1. İnqilabi konsepsiya – bu konsepsiyanın mahiyyətini totalitar rejimlərdə çıxan gizli və əldəçap nəşrlər açıqlayır. Tipik inqilabi nəşr olan “Pravda” adlı sovet qəzeti buna nümunədir. 
2. İrəlilətmə konsepsiyası – bu model jurnalistlərə millətin maarifçiləri kimi yanaşanların baxışlarının məhsuludur. Burada mətbuata iqtisadi inkişaf aləti və milli şüuru formalaşdıran vasitə kimi baxılır. “Qəzet cəmiyyətlə bir sırada addımlamağa çalışmalı və imkan varsa, həmişə bir addım öndə olmalıdır. İki adım öndə olmaq – cəmiyyətdən qopmaq, xeyli geridə qalmaqsa, boş yerə qəzet buraxmaqdır”. [9, s.5]
3. Demokratik sosialist konsepsiyası – xalqın maraqlarını qorumaq naminə dövlətin müdaxiləsinə yol verilir. Bu konsepsiya dünyanın bir çox bölgələrində çox vaxt dövlət mülkiyyəti olan elektron informasiya vasitələrində tətbiq edilir. 

Ədəbiyyat:

1. Прохоров Е.П. Введение в теорию журналистики. М. 2000.

2. Virien F.H. La mediokratic. Paris. 1990.

3. Кашлев Ю. Массовая информация и международные отношения. М. 1981.

4. Branscomb A. Law and Culture İnformation Society. İnformation sec. N.Y. 1986. № 4. 

5. На службе монополий. Информационно-пропагандистский комплекс стран капитала. Под ред. Я.Н.Засурского. М. 1977. 

6. Багерстам Э. Свобода прессы в демократическом обществе. М. 1992.

7. Marill J. The Elite Press. N.Y. 1968.

8. Сиберт Ф.С., Шрамм У., Питерсон Т. Четыре теории прессы. М. 1998.

9. Repkova T. Yeni dönəm: Demoktatik cəmiyyətdə peşəkar qəzet buraxmaq yolları. B. 2006.

10. Məmmədli C. Müasir jurnalistika. B. 2003.

11. Məmmədli C. Jurnalistikanın müasir inkişaf meyilləri. B. 2006.

12. Media Hüququ İnstitutu. Media etikası. B. 2008.

13. Voyenne B. Le Droit a information. Paris. 1973.


Резюме 

Автор в статье рассматривает журналистку как науку и исследует основные теории журналистки.

Ключевые слова: журналистка, медиа, СМИ, функция, концепция, теория, пресса, массовая информация, коммуникация.


Summary

In this article author has approached journalism as like science area, she has investigated the theoretical conceptions of the journalism. She has cast a glance to the history of the arising and development of the press theories. 

Key words: journalism, press, journalist, function, method, information, national media.

Комментариев нет:

Отправить комментарий